Yəqin çoxumuz bu isti yay günlərində tez-tez “yoruldum”, “bezdim” kimi sözlər işlədir, yaxud kimdənsə eşidirik. Zehni əməklə məşğulsunuzsa, yəni işiniz yaradıcılıq tələb edirsə, məsələ lap qəlizləşir. Bəs nə etməli? Yaradıcılığı necə zənginləşdirməli?
Qeyd dəftəri tutun
Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.
Yadlarla danışın
Uşaq vaxtı çoxumuza “Tanımadığın adamlarla danışma” desələr də, yazıçılar bu məsləhəti unutmalıdırlar. Avtobusda, dükanda, parkda yad adamlarla söhbətləşməkdən çəkinməyin. Həyat təcrübəniz artacaq.
Üsulları dəyişdirin
Peşəniz yazmaqla bağlıdırsa, çalışın, ondan fərqli məşğuliyyətlər tapasınız. Məsələn, rəsm çəkin, yaxud riyazi məsələlər həll edin, yəni bir növ beyninizi başqa səmtə yönəldin.
Roman oxuyun
Pis-yaxşı, güclü-zəif əsər olmağına baxmayın, oxuyun. Mütləq başqa adamlar, başqa həyatlar, başqa fikirlərlə rastlaşacaqsınız.
“İlklər”dən qorxmayın
Yemək bişirəndə, iş görəndə, sevişəndə yeniliklərə açıq olmaq, “ilk”i sınaqdan keçirmək həmişə təzə fikirlərə qapı açır. Yeniliklərdən qorxmayın.
Filmlərin xeyri
Bəzən üçüncü dərəcəli rollar belə xəyalınızda yeni səhifələr aça bilər. Hansısa filmə baxanda vacib qərarlar verə, bəzən həyatınızdakı bəzi problemləri həll edə bilərsiniz.
Gülmək və güldürmək
Birlikdə gülə bildiyiniz dostlarınıza gözünüz kimi baxın. Vacib olan təkcə gülməyin faydaları deyil. Güldürmək bacarıqdır. O dostlarla ən adi söhbət belə içinizdə qığılcımlara səbəb ola bilər.
Musiqi dopinqi
Özünüzü xoşbəxt hiss etdiyiniz vaxtda xoşbəxtlikdən bəhs edən mahnı dinləməkdən gözəl nə ola bilər? Əmin olun ki, bu, sizə fərqli əsər yaratmaqda əvəzsiz kömək göstərəcək.
Canlanın
Yazmaq, yaratmaq insanın enerjisini fiziki işlərdən daha çox alır. Beyinə gedən oksigen miqdarını artırmaq üçün edə biləcəyiniz ən yaxşı şey idmandır. Məcbur deyil ki ağırlıq qaldırasınız, yaxud çətin idman hərəkətləri edəsiniz. Velosiped sürmək, gəzmək də işinizə yarayar.
Şəkil çəkin
Gözəl, estetik, maraqlı bir kadr tutmaq həyatın digər anlarında da köməyinizə gələcək. Gördüyünüzü dəyərləndirmək ayrı bir bacarıqdır.
Yuxularınızı yazın
Yazmasanız da, ən azından yadınızda saxlayın. Yuxuların o qeyri-real ab-havası xəyal gücünüzü artıracaq.
Tualetdə mütaliə
Aqata Kristi detektiv romanlarının süjetini qab yuyarkən tapdığını deyirdi. Görünür ən gözlənilməz yerlərdə ağlınıza yeni ideyalar gələ bilər. Məsələn, tualetə gedəndə özünüzlə kitab, jurnal və ya elə qeyd dəftəri götürməyi unutmayın.
Axırıncı dəqiqəyə saxlamaq
Bu da bir növ Mörfi qanunudur. Ən yaradıcı fikirlər hər şeydən əlini üzəndə, yəni ən son anda insanın ağlına gəlir.
Lazımsız məlumat da lazımlıdır
13 rəqəmi niyə uğursuz sayılır, gəlinliklər niyə ağ rəngdə olur, biz niyə qocalırıq...Lazımsız məlumat deməyin, oxuyun, bir gün mütləq işinizə yarayacaq.
Gizli bir işlə məşğul olun
Qanunlar daxilində əlbəttə...Özünüzə məxsus bir hobbi, məşğuliyyət tapmaq elə də çətin deyil. Bu gizli işinizi heç kimə deməyin, tək vaxt keçirməyə çalışın.
Çox gəzin
“Çox oxuyan, yoxsa çox gəzən çox bilər?” sualı az qala yumurta-toyuq məsələsi qədər qədimdir. Əlbəttə ki, hər ikisi insana əvəzsiz təəssürat bağışlayır, amma çox gəzənin gördükləri bir başqadır...Səyahət etmək sizi dəyişdirəcək. Yeyib-içdiklərinizi deyil, gördüklərinizi danışın.
Uşaqla söhbət
Dili açılmış, həyatı yeni qavramağa başlayan və suallar yağdıran bir uşaqla söhbətləşin. Səbriniz çatsa, çox şey öyrənə bilərsiniz.
Yaradıcılığın rəngi - mavi
Rənglərin enerjisinə inan insansınızsa, mavini özünüzə dost seçin. Nə qədər uşaqvarı görünsə də, ətrafınıza mavi rəngi əşyalar alın, otağınızı bu rəngə boyamaqdan qorxmayın.
Nostalgiya
İşiniz nə olur-olsun, onun keçmişi ilə maraqlanın. Dizaynerlər keçmişin dəbinə, reklamçılar köhnə reklam üsullarına, mühəndislər orta dövr çertjoylarına baxın.
Oyun oynayın
Kart da olar, Play Station da...Yetər ki məntiqinizi işlədib öz qaydalarınızı tətbiq edəcəyiniz oyun olsun. Bu cür oyunlarda qələbə qazanmaqdan daha həvəsləndirici nə ola bilər?!