32 fiziki qüsurlu oğlanın 16 yaşlı həyat yoldaşı

32 fiziki qüsurlu oğlanın 16 yaşlı həyat yoldaşı
31 yanvar 2024
# 14:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Elə bir gün olmur ki, ölkədə əcaib hadisələrə şahid olmayaq.

Hər səhər oyanırsan və öz-özünə deyirsən ki, nəhayət, bu gün normal keçəcək.

Ancaq necə deyərlər, Tanrının sənin üçün başqa planları var.

Bu gün də ənənəvi günlərdən biri oldu.

Heç nə, Baku TV “Arzunun vaxtı”nda yenə müdhişamiz bir hadisəni işıqlandırıb.

32 yaşlı fiziki qüsurlu adamla 16 yaşlı bir qız evlənib.

Vallah, hə.

Ancaq bir məqam xüsusi diqqətimi çəkdi.

Aparıcı qızdan soruşur ki, ailəndən sevgi görmüsən?

O da deyir ki, bir az.

O “bir az”ın altında nələr gizlənir, nələr...

Gözlərinə baxan kimi bilinir ki, qız tamamilə sevgisiz böyüyüb.

Düşündüklərini, yaşadıqlarını heç kimlə bölüşə bilməyib.

Ətrafında onu anlayan, başa düşən adamlar olmayıb.

Ona görə də daima tək, yalqız olub.

Nəticədə, ona azacıq qayğı göstərən ilk insanın təklifini qəbul edib.

Qızı qınaya bilərikmi?

Məncə, yox.

Hər insanı doğulduğu, böyüdüyü mühit yetişdirir.

16 yaşında qız həyat haqqında nə qədər məlumatlı ola bilər ki?

Əlbət ki, elədiyinin yanlış olduğunu bilir, ancaq yenə də eləyir.

Yəqin düşünür ki, nə qədər pis olsa da, yaşadığım ev qədər pis olmaz.

Yəqin düşünür ki, heç olmasa, burada sevgi, qayğı görərəm.

Yəqin düşünür ki, heç olmasa, burada mənə insan kimi davranarlar.

Sonuncu qapı, sonuncu yuva, sonuncu liman...

Bütün bunlardan sonra sual yaranır: efirdə bu tipli xəbərlər getməlidirmi?

Getməsə, ta olmayacaqmı?

Bizim insanlar qəribədir.

Elə bilirlər ki, neqativ hadisələr müzakirə olunmayanda unudulur.

Yoxdur belə bir şey!

Bir ara “kənd-şəhər” müzakirələri gedirdi, yadınızdadırsa...

Bəzilər yazırdı ki, əşşi, dünya hardadır, biz hardayıq və s.

Ümumiyyətlə, “dünya harda, biz harda” janrında olan söhbətləri qəti şəkildə ciddi qəbul etmirəm.

Dünya da nə vaxtsa, bu məsələləri müzakirə eləyib və bitirib.

“Toz”u xalının altına süpürdüyümüzə görə bu söhbətlər bizdə hələ də davam edir.

Mən də Arzunu və digərlərini qınaya bilərəm.

Arzu və onun kimilər bu ölkədə cəhalətin ayaq açmasına şərait yaradırlar.

Onsuz da təhsilsiz olan cəmiyyətimizi uçuruma aparırlar.

Bu tip hadisələri tirajlamağın adı nədir?

Bununla nəyə nail oluruq?

Nə qazanırıq?

Əlimizə nə keçir?

Gördünüz, mən də belə şeylər yaza bilərəm, ancaq yazmıram.

Çünki bu hadisələr, hətta daha dəhşətliləri baş verir ölkədə.

İnanın bunlar hələ ən ələgəlimliləridir.

Düzdü, Arzunun fiziki məhdudiyyətli qızla çimərlikdəki videosu məndə ikrah hissi yaratmışdı.

O videoya baxandan sonra uzun müddət özümə gələ bilməmişdim.

Onun “səmimiyyət” naminə etdiyi hərəkətlər hədsiz sünidir.

Bu o qədər açıq görünür ki, inanımıram özü hiss eləməsin.

Ancaq görür ki, alınır, yeyirsiniz, davam eləyir.

Nəsə, dediyim odur ki, belə hadisələr olub, var və belə gedirsə, olacaq.

Problemləri görməzdən gəlmək yerinə, qurtulmağa çalışsaydıq, indi başqa bir ölkədə yaşayırdıq.

# 4385 dəfə oxunub

Müəllifin son yazıları

# # #