Bu məktubu oxuma

Bu məktubu oxuma
14 dekabr 2017
# 15:18

Kulis.az “Qadın məktubları” rubrikasında şair-esseist Rəbiqə Nazimqızının növbəti məktubunu təqdim edir.

Cənab k. üçün dördüncü (beşinci) məktub


“Salamla” başlayan məktublar yaza bilmirəm. Birbaşa mətləbə keçməyi xoşlayıram, bir də... söhbətin gedişini dəyişməyi. Belədə heç bir mövzu bitmir, darıxdırmır. Zatən biz heç vaxt bir-birimizlə darıxmayacağıq. Necə ki, bir-birimiz üçün darıxmırıq. Soruşa bilərsən, o zaman bu məktub pəstahası nədən ötrüdür? Danışmaq üçün, əzizim, danışmaq üçün. Real ünsiyyətdə belə olmur. Ya da məndə alınmır...

Hərdən fikirləşirəm ki, müəlliflərin hamısı, ən azı, şəxsiyyət ikiləşməsindən əziyyət çəkirlər. Ya da bəzi müəlliflər. O adamlar ki, şöhrətin yumşaq bacgillənməsini dadıblar, doza onlara kifayət edib. Oxuculardan, rəylərdən, imzanı görmək arzusundan asılılıq yaranmayıb. Bəlkə də, bu daha pisdir. Stimul yoxdur. Belə adamların bircə azarı var: danışmaq. Gündəlik həyatda dostlar, tanışlar, qohumlarla ünsiyyət bu ehtiyacı doldurmur. Kənara üz tutmaq istəyirsən. İsgəndərin çobanı kimi. Mətn sənin quyundur. Kimi çığırır, kimi də pıçıldayır. Mənim kimi...


Yeri gəlmişkən, bu gün səsini xatırladan adamlar oldu. Daha doğrusu, aldanmaq istədim. Alınmadı. Heç birində səndəki əminlik yox idi. Hələ də anlaya bilmirəm, bir adamın səsinə bu qədər fərqli sifətlər necə sığışa bilər axı? Məsələn, məyusluqda hansı şövqdən, şəhvətdə hansı məsumluqdan, yorğunluqda hansı oyunbazlıqdan danışmaq olar axı? Olarmış. Olurmuş. Hər şey olurmuş: üz-üzə danışmaqdan, konkret, real mövcud olan adamın inboksuna bir-iki cümlə atmaqdan daha gözəlmiş belə məktub yazmaq. Səni aldatmaq istərdim, amma istəmirəm: ona görə əvvəlki sətiri redaktə edirəm, gözəl deyil, rahatdır, problemsizdir. Gələcəyi var. Daha doğrusu, istədiyim zaman yaza bilərəm. Cavablardan və ya cavabsızlıqdan zərrəcə narahat olmadan. Mənim bu cür “sevməyimin” nəyi pisdir ki? Bax, görürsənmi, mina effekti verə biləcək o sözü dırnaqda yazdım. Çünki...


İkimiz də mənim yalan danışdığımı bilirik. Bəzən yalan zəruri olur, vacib olur, hə, lap müqəddəs də olur. Mən həqiqət axtarmağı çoxdan tərgitmişəm. Düzdür, hərdən qarşıma çıxır, bir-birimizə bir az aralıdan, yüngülcə təzim edirik, sonra da hərə öz yoluyla gedir. Sanki heç qarşılaşmamışıq kimi...

Qarşılaşmaq. Yəni üz-üzə gəlmək. Və ya üz-üzə dayanmaq. İkimənalı ifadələrdir. Bəlkə də, birindən o birinə aşkar keçid var - həyatda paralel xətlər mütləq kəsişir, başqa variantı yoxdur: əvvəl rastlaşırsan, sonra hansısa nöqtədə eyni xəttin üzərində olursan və axırda da tamamilə əks istiqamətlərə gedirsiniz. Biz bilirik axı insan ömrü təkadamlıqdır, o sənin özündən başqa heç kəs üçün nəzərdə tutulmayıb. Ona görə də balaca bir nöqtə iki nəfəri uzun müddət öz üzərində - bir yerdə saxlaya bilməz. Zaman dayanmır. Lentdən, fotodan, kağızdan başqa heç yerdə dayanmır. Ötüb keçən ömürdən adama yalnız xatirələr qalır. Hələ də müəyyən edə bilmirəm, onlar bizim dostumuzdur, ya düşmənimiz. Prinsipcə, nə fərqi. Həmişə bizimlədir. Bu, kifayət edir.

Hərdən düşünürəm ki, heç kəs tək deyil, tənha deyil, dünyanın harasındasa eyni zamanda onun üçün yaranan, eyni şeyləri hiss edən, arzulayan, düşünən və sözə çevirmək istəyən adamlar var. Yəni bütün adamların tayı var. Heç kəs tək yaradılmayıb. Yox, “biz bir-birimiz üçün yaranmışıq” demirəm, demərəm də. Belə olsa, sənə yazmağa ehtiyac qalmazdı...

Sən məni adam kimi oxu, dost kimi. Sevgi etiraflarımı ciddiyə alma, necə olsa, insan psixologiyasını məndən yaxşı bilərsən. Bəzən hiss elədiyin üçün yox, hiss etmək istədiyin üçün danışırsan. Hiss elədiyini yox, arzuladığını. Bəzən “sevirəm” yalnız və yalnız “sevmək istəyirəm” deməkdir. Bunun da öz gözəlliyi var. Ya da bayaq dediyim kimi rahatlığı. Mənasız məişət problemləri, axmaq qısqanclıqlar, zəng intizarı, diqqət umacağı, ayrılıq qorxusu, maraqsızlaşmaq, xəyanət ehtimalı – bunlardan heç biri olmayacaq. Sadəcə, hər cümə axşamı sənə məktub yazacağam. Bircə xahişim var, Cemal Süreyyanın bir misrasını improvizə edib deyəcəyəm: yalvarıram, bu məktubu oxuma cümə günləri...

# 2602 dəfə oxunub

Müəllifin son yazıları

# # #