Havada qeydiyyatdayam

Havada qeydiyyatdayam
28 avqust 2013
# 15:17

“Müharibə miniatürləri” qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapsın. Məhz həqiqətlər.

Qardaşımın qonşuları arasında çoxlu ruslar vardı. 90-cı illərin məlum hadisələrindən sonra bəziləri sadəcə qapısını bağlayıb çıxıb getmişdi ki, ara sakitləşəndən sonra qayıtsınlar. Məcburi köçkünlər belə fürsəti əldən buraxmırdılar, mən onları qınamaq fikrindən də uzağam, “düz eləyirdilər” demək də istəməzdim. Çünki sadəcə vəziyyəti dəyərləndirmək, başa düşmək, o halda “mən nə edərdim” deyə bir özündən soruşmaq qabiliyyəti olmalıdır adamda. Hər bir insan düşdüyü vəziyyətdən özünəməxsus çıxış yolu tapır, yaxud axının istiqamətində gedir. Heç kim hökm verə bilməz ki, düzgün addım məhz mən atdığımdır.

Qardaşımın mənzili ilə üzbəüz iki mənzilin qapısı bağlı idi, ruslar bağlayıb getmişdilər. Biz də ailəlikcə iç-içə ikiotaqlı dar evdə sıxışıb qalmışdıq. Biri gecə bayıra çıxmaq üçün bir neçəsinin üstündən keçməli idi. Kişili, qadınlı hamı bir-birindən utanırdı, valideyn övladın, övlad valideynin gözünə baxmaqdan yayınırdı. Gecə yerimizə paltarlı girirdik, insanın gecə paltarı da olduğunu unutmuşduq az qala. Dərin yuxuya gedə bilmirdik, tavan yuxuya həsrət gözlərin ona zillənməsindən təngə gəlmişdi.

- Papa, bəlkə biz də hamı elədiyini eliyək?

- Neyniyək?

- Hamı bağlı qapıları sındırıb girir hazır evə. Üzbəüzdə iki elə mənzil var, bilən olsa gəlib girəcəklər, özümüz sındırıb girək də?!

- Yox, bala hamı düz eləmir. Mən xalxın bağlı qapısını sındırıb girə bilmərəm.

Söhbət bununla da qapandı. Çox keçmədi hər iki mənzil “öz sahiblərini” tapdı.

Biz əmimin subaylar yataqxanasındakı otağına köçəndən sonra bir gün dərsdən, işdən gəlib gördük ki, zəngilanlı bir ailə otağın qapısını sındırıb girib yerləşiblər , çəlikli bir baba isə lap mənin yatağımda ayağını çarpayının başına qaldırıb.

Axı, burda biz yaşayırıq, biz də sizin vəziyyətinizdəyik... Cavabları o oldu ki, bizə dedilər burda qızlar yaşayır, zəhmət çəkib özlərinə ev taparlar.

Qardaşım yataqxananın komendantı ilə danışıb onlara otaq tapdı, yüklərini də öz çiyinlərində üçüncü mərtəbədən birinciyə daşıyıb yerləşdirdi. Ailənin gəlini qardaşımı tutub öpdü və dedi:

- Sağ ol, yaxşı ki, sənin kimi yaxşı oğlanın qapısını qırmışıq...

Zabit qardaşımın ailəsi artdığı üçün ona üçotaqlı mənzilin sənədini verdilər. Qardaşım sevincək ünvana getdi, məyus qayıtdı. Gedib evə şuşalıların yerləşdiyini görüb dərhal sənədləri də açarı da aparıb qaytarmışdı ki, mənim onları çıxartmağa ürəyim gəlməz. O vaxtdan bu günə qədər hələ də qardaşıma mənzil verməyiblər ki, evdən imtina etmisən.

Yataqxanada da eyni olayı yaşadıq, bir qadın iki uşağı ilə yaşadığı yan otağı bağlayıb getdi, uzun müddət gəlmədi. Bir gün kəlbəcərli ailə məskunlaşdıqları hansısa rayondan təşrif gətirib qapını sındırıb girdilər içəri.

Füzulili ailə isə əmimin onlara bağışladığı üzbəüz otağı bizə pulla satdı.

Mənim 70 yaşlı hər ikisi 45 ilin müəllimi olan valideynlərim 20 ildir yataqxanada yaşayır. Hər ikisi ürək, təzyiq xəstəsinə çevrilib. 20 ildir onları ordan qurtarmaq üçün çıxış yolu axtarışındayam, tapa bilmirəm. Hara gedirsənsə qarşıya divar çıxır, sədd çəkilir. Bilsəm ki, hər şey ədalətlə, qanunla həll olunur, bir gün onlar da ordan azad olacaqlar oturub səbirlə o günü gözləyərəm. Üzlərinə baxa bilmirəm, “mənim üçün etdiklərinizin müqabilində sizi yataqxanadan çıxardıb bu yaşınızda insan kimi yaşada bilmirəm” deyə xəcalətdən ölürəm. Ölüb qurtarmıram da. 70 yaşında insan, dörd övlad böyüdüb tərbiyə eləmiş ahıl yataqxanada yaşamamalıdır. Övladların gücü çatmır. Ömürsə gözləmir. Mən ömürlük bu əzaba məhkum olduğumu anlayıram artıq.

Dünyada nə qədər insan varsa o qədər tərbiyə, əxlaq, dünyagörüşü, xarakter var. Qaçqınlar adlı millət yoxdur. Biz də azərbaycanlıyıq. Millət kimi siz necəsinizsə, biz də eləyik. Nəhayət anlayın ki, qaçqınlar, yerlilər, naxçıvanlılar-deyə bir milləti parçalamaq düşmənə sərf eləyən işdir, özümüz-özümüzə bu qədər qənim kəsilməyək.

Qaçqınlar deyib bir zümrənin, yaralı, psixoloji durumlu, sarsıntılı insanların üstünə bu qədər gedilməz, bir anlıq özünüzü o durumda hiss edin. Birdən-birə hər şeyini itirsən, su üzündə tənha gəmi kimi, “indi fırtına məni hara atacaq” deyə vahimədə qalsan atdığın addımın cavabdehliyini düşünəcək halın qalar?

20 ildir yataqxanalarda, zir-zibilin içində yaşayan, kütləvi ümumi yaşayış şəraitində inildəyən, hər gün alçaldığını hiss edən, adından istifadə edib neçə şərəfsizin yağa-bala batdığını, amma özünün həyatın dibinə yuvarlandığını anlayan adamdan nə gözləyirsən. O, adamları psixoloji durumdan çıxartmağa çalışmaq lazımdır, yoxsa...

Heç olmasa mənim valideynlərim kimi yüzlərlə abrına, şərəfinə sığınıb oturan insanı nəzərə alıb bu qədər cılızlığa getməyin.

“Quran”a əl basaram ki, indiyə qədər nə mən, nə valideynlərim hökumət yardımı nə olan şeydir bilmirik. Heç birimiz də güzəştlə oxumamışıq. Mən şəxsən qaçqın-məcburi köçkün kimi heç bir güzəşt, yardım, nə bilim imtiyaz görməmişəm, istəmirəm də və mən, bizim ailə tək deyilik, var bizim kimiləri, ürəyimizə yara üstdən yara vurmayın... Bu dünyada nəinki evim, mülküm, heç bir yerə qeydiyyatım da yoxdur, havada yaşayıram. Ailə qurandan sonra atamgillə birgə düşdüyüm müvəqqəti qeydiyyat yerindən çıxartdılar və hələ də kirayədə yaşadığımdan qeydiyyata düşməyə yerim yoxdur.

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

Cəbrayıldan gələn son qatar

Cəbrayılın son günü

Üç qız, gecə döyülən qapı

Gənc veteranın iztirabları

Kəndə tək gedən qızın başına gələnlər

Oğlanların yataqxanasına getmək ayıb sayılırdı

# 3991 dəfə oxunub

Müəllifin son yazıları

# # #