Cümhuriyyətlə eyni gündə doğulan qadın

Cümhuriyyətlə eyni gündə doğulan qadın
27 may 2015
# 12:30

Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə… Bu sıranı qadın adıyla tamamla desələr, ilk sıralarda bir ad da çəkərəm – Sona xanım Vəliyeva. Azərbaycana, onun ədəbiyyatına, tarixinə, mədəniyyətinə və mətbuatına, maarifçiliyə bu qədər bağlı və sadiq adam indi barmaqla sayılan qədərdir. Ona görə də istedadlı şairə, tanınmış elm adamı Sona Vəliyeva mənim üçün daha çox maarifçilik ənənələrimizin layiqli davamçısı olan yaxşı jurnalistdir. Fəaliyyətə müxbir kimi başlayan, bu gün rəhbərlik etdiyi media orqanında Zərdabi yolunu davam etdirən yazar xanım.

Onun “Mirzə Cəlil ən böyük azərbaycançı kimi” məqaləsini dəyişib özünə rahatlıqla aid etmək olar. Yəqin bu ona görədir ki, hələ uşaqlıqdan Mirzə Cəlil qələminin məhsulu olan “Poçt qutusu”, “Saqqalı uşaq”, “Quzu”, “Usta Zeynal” hekayələrini anasından nağıl yerinə dinləyib.

Ona görə də vətən və azərbaycançılıq Sona xanımın istər yaradıcılığında istərsə də elmi fəaliyyətində ana xətt kimi keçir. “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası” elmi işinin adıdır. Şerilərində isə bu mövzu öz əksini belə tapır:

İtər qəlb istisi, canı isinməz
Nə yesə, ağzının dadı bilinməz
Yüz də biz diləyək, Tanrı bitirməz
Torpağı, vətəni əsir olanın.

Rəhbərlik etdiyi “Kaspi” qəzetində də əsas mövzu vətəndir. Azərbaycançılığa xidmət edən maarifləndirici bir mətbu orqandır.

“Allaha min şükür, hər sahədən xoşbəxt qadınam, amma hər birimizin içində müşkül bir dərdimiz var, torpaq bütövlüyü. Bu məni ana kimi də narahat edir, qadın kimi də, vətəndaş kimi də. Bəlkə çoxlarına qəribə gələcək, bu dərddən çox danışılıb, çox deyilib, amma hər birimiz onu yaşayırıq. İşimdə də, həyatımda da nailiyyətlərimi azaldır, tamlığıma xələl gətirir”.

Cümhuriyyətimizin yaşına hazırlaşdığımız bu günlər həm də bu vətənsevər, müstəqil Azərbaycanı göz-bəbəyimiz kimi qorumağı ən ümdə tövsiyyə bilən maarifçi xanımın ad günüdür. Yaxşı anadır, güclü qadın və həyat yoldaşıdır, qayğıkeş nənədir, mehriban qayınanadır, alimdir, yazardır. Ən ümdəsi isə milli-mənəvi dəyərlərə sadiq vətənpərvərdir. Elmi araşdırmalarınız, şeirlər kitabınız bol olsun, həyatınızda, könlünüzdə və ruhunuzda-Azərbaycanımızda bütövlük olsun, Sona xanım.

Dayan, ay qapı bağlayan

Bu yandan açarı mənəm,

O yandan kimdir bağlayan?

Tanrı əliylə açıram,

Dayan, ay qapı bağlayan.

Kimi bir salama yozar,

Kimi taleyinə yazar.

Bu nə dərddi, bu nə azar,

Bəsdir, ay qapı bağlayan.

Kimisi bir hayla açdı,

Kimisi duayla açdı,

Kimi də ah-vayla açdı,

Kimsən, ay qapı bağlayan?

Bu qapının cırıltısı

Min ilin qəlb sızıltısı...

Dərbənd, ya Gəncə ağrısı

Gəl açaq, qapı bağlayan.

Bu qapı gözüm qapağı,

İçin Vətənin torpağı.

Ürəyim yağı tapdağı,

Sən də bax, qapı bağlayan.

Keçmədim qapı varsa da,

Dərdi düşmən çarasında.

Torpaq, qapı arasında

Can verir, qapı bağlayan.

Aç, keçək, görüm yol hanı?

Ovut qəmdən oynayanı.

Gözümdə qapı dabanı

Öldüm, ay qapı bağlayan.

O ağ şallı kimdir, gəldi?

Duası haqqa yüksəldi.

Yağışdan açar ələndi -

Götür aç, qapı bağlayan.

II

Bu nə möcüzə…

Bu nə eşq sevdası, necə möcüzə,

Fəslinmi yubanıb, ağlınmı çaşıb?

Şirin sözə möhtac qadın kimisən

İçin çiçəkləyib çölünə çıxıb.

Üzün bəxtəvərlik saçır beləcə

Duanmı, tövbənmi çatıb göylərə?

Ya dərviş payısan, ya haqq qisməti,

Ya da çiçək dolu şeytansan elə.

Payız xəzanından qorxmayıb belə,

Bu çiçək ömrünə hayandan gəldi?

(Ey bulud bacılar, şimşək qardaşlar,)

İçimə bir ulduz sevda göndərin.

Görüm ağac kimi çiçəklərəmmi?

Mən ağac dilində çiçəkləməsəm

Bunun günahını soruşaq kimdən?

İçimdə çağlayan dərddir, ilahi,

Hər gecə ruhumu məhşərə çəkən.

Ömrün nə məqamı, ilin nə vaxtı,

Bu alma qisməti necə gözləyək?

Saçından asılan gözəlsə ömür,

(Ağacın verdiyi qalsın o yana)

Alma göydən düşsə nəyimə gərək?

Hər şeyin yeri var vaxt axarında,

Gəlmişəm ömrünə dumanın, çənin.

Bəlkə də nənəmin nağıllarında

Sən göydən düşməyən payımsan mənim.

# 2351 dəfə oxunub

Müəllifin son yazıları

# # #