Kamal Abdulla: “Eko Bakıya səfər təklifini müsbət qarşıladı”

Kamal Abdulla: “Eko Bakıya səfər təklifini müsbət qarşıladı”
22 dekabr 2014
# 16:21

Ramilə Qurbanlı

Həftəsonu məmnuniyyətlə bir “mühazirədə” oldum. BSU-nun yaradıcılıq fakültəsində Kamal Abdullanın dərsi idi. Auditoriyası yaradıcı insanlardan ibarət olan bir mühazirəyə həmin auditoriyaya yalnız qonaq qismində təşrif gətirə bilən bizləri – bir neçə jurnalist və ədəbiyyatçını dəvət eləmişdi. Bizə şərəf verib belə bir ifadə də işlətdi: “İstədim dünyanın məşhur bir yazarı, filosofu ilə görüşümün təəssüratlarını sizlərlə - dostlarımla bölüşüm. Dəvətlilərdən kimsə gəlməyibsə, bilsin ki, sonradan bunları onun üçün ayrıca danışmayacam” - deyə bir zarafatla başladı söhbətinə.

Söhbətin ana xətti isə Azərbaycan yazıçısı Kamal Abdullanın dünya miqyaslı Umberto Eko ilə görüşü idi.

Fikir verdinizsə, Kamal Abdullanı müəllim və yazıçı kimi təqdim elədim, vəzifələrini, titullarını artırmadan. Birincisi, həmin gün çox sevindim ki, qarşımda hər zaman mühazirəsini dinləmək arzusunda olduğum Kamal müəllim idi. Bütün səmimiyyəti, anlayışı, mütəvazi görünüşü ilə.

İkincisi isə məni maraqlandıran başqa bir nəsnəyə cavab tapacaqdım. Ola bilər ki yox, təbii ki, Kamal Abdulla Umberto Eko ilə görüşünə müxtəlif aspektlərdən yanaşa bilər. Görüş vaxtı yazıçı, müəllim, vəzifə adamı, dövlət xadimi, sadə azərbaycanlı – vətəndaş qismində çıxış etmək imkanlarından yararlanar. Yaxud, yalnız öz şəxsi marağı - yazıçı iddiasını təmin etmiş olar, hər bir halda onun öz haqqıdır. Məni marqlandıran o idi ki, görəsən, Kamal müəllim Eko ilə görüşən bəlkə də ilk azərbaycanlı kimi Azərbaycan üçün bunu nə dərəcədə əhəmiyyətli edib? İndi neyniyim, düşüncəm yəqin bura qədərdir, kimsə bundan daha yüksək mətləblər barədə düşünüb maraqlana bilər. Məni bu maraqlandırırdı.

Cavabı sizinlə birgə müəllimin öz söhbətlərini dinləməklə tapacayıq. Söhbətə isə birbaşa Umberto Ekodan başlamadı, əvvəlcə başqa mətləblər barədə təəssüratlar vardı. Çalışacam, hamısını olmasa da müəyyən təəssüratları verə bilim, bəlkə bir az dağınıq, qırıq-qırıq olar, amma maraqlıdır. Başladıq.

İstanbulda kitab yarmarkalarına olan axın Bakıda yalnız paltar dükanlarınadır

“Son illər bir neçə kitab yarmarkasında iştirak eləmişəm. İstanbul kitab fuarı, Litva kitab fuarı, bir də bu - Roma. Fantastik bir təəssüratdır. Təsəvvür eləyə bilməzsiniz ki, balaca Litvada kitaba bu boyda məhəbbət necə yaranıb, əsrlərlə, illərlə, yoxsa ana südü ilə keçib bunlara. İstanbulda kitab yarmarkalarına axını Bakıda yalnız paltar dükanlarına axınla müqayisə etmək olar. İnsanlar nə qədər mütəvazi, isti, mən bunu kitaba münasibətlə əlaqələndirdim.

İtaliya kimi paltar brendlərinə liderlik eləyən bir ölkədə mən kitab yarmarkasına axın gördüm. Hamısında da bu kitab vardı. (“Yarımçıq əlyazma”dan söhbət gedir.) Hələ bu kitab varsa orda, görün başqa nələr var”.

Bunlar kitab yarmarkaları barədə ümumi təsəvvür idi. İndi keçək Kamal Abdullanın orda kitabının müzakirəsi, təhlili ilə bağlı təəssüratlarına.

“Bizim ədəbi təhlillər eskizlərdən ibarətdir”

“Kitabım İtaliyada çıxandan sonra müxtəlif təqdimatlara dəvət aldım. Vatikan Universitetində keçən tədbirdə bir gənc xanım mənim kitabımdan danışdı, təhlil elədi. Elə bildim aspirant olar, sən demə, alimdir. Bizim araşdırmaçılar, tənqidçilər girirlər bir kitabın içinə ordan çıxa bilmirlər. Müqayisə apara bilmirlər ki, bu kitab heç uzağa gedib xarici ədəbiyyatla yox, 10 il əvvəl, yaxud 10 gün əvvəl özümüzdəki filan müəllifin oxuduğum filan əsərini xatırlatdı. Bizim ədəbi təhlillər eskizlərdən ibarətdir. Bu insan kitabın üstündəki şəkillərdən tutmuş, ən son nöqtəsinə qədər təhlil elədi. Mənim üçün də çox xoş oldu ki, İtaliyada bu kitabla bağlı çox maraqlı tədbir oldu. Bizim oxucunun yanaşması ilə İtaliya oxucusunun yanaşması tam fərqlidir. İtaliya oxucularını bu əsərdəki şərqşünas qız çox maraqlandırmışdı. Mənə belə bir sual verdilər ki, siz özünüzü o romanda hansı personajla eyniləşdirmək istərdiniz? Çox qəribə hiss keçirdim, kimi deyim çox düşündüm. Lələ, vəzir, Dədə Qorqud, Xətai? Beynimdən ildırım kimi bir fikir keçdi, özümü öz romanımda tapdım. Axırda bir yer var e, qoca Rəmmal deyir ki, bu göydə uçan quşlar ölən adamların ruhlarıdır, uçub-uçub yorulacaq və çıxıb gedəcəklər. Mən özümü öz romanımda bu şəkildə tapdım”.

“Dəngəsi düz adamdır”

“Kitabı Umberto Ekoya göndərmişdilər, oxumuşdu və demişdi ki, müəllif İtaliyaya gələndə mən onunla görüşmək istərdim. Umberto Eko İtaliyada bəlkə Papa qədər hörmətli adamdır. O, təkcə yazıçı deyil, yüzlərlə elmi əsərin müəllifidir, filosofdur, semiotikdir. Dəngəsi düz adamdır, hər şeyi bilir, bilmədiyini də bilir ki, bilmir. Son dərəcə əlçatmaz adamdır, heç kimlə görüşmür, ölkələr var ki, onların nazirləri onunla görüşmək istəyir. Mənə dedilər ki, görüşmək istəyir, çox sevindim, naşir məndən də çox sevindi, çünki sayəmdə ona da qismət oldu Eko ilə görüşmək. Düz saat yarım oturduq söhbət elədik, qəhvə içdik, yeni kitabını bağışladı mənə “Aldanışların tarixi” adlı. Bunun evində şəhər kitabxanası boyda bir kitabxana var, minlərlə kitabı. Pəncərəsindən Milanın qala divarları görünür. Bizi bütün kitabxanasını gəzdirdi, bir bölümü əlyazmalardan ibarətdir.

Dümanın “Üç müşketyor”u ilə bağlı Ekonun semiotik tədqiqatı var. Üç müşketyorun heç biri parisli deyil, hər biri Parisdə müxtəlif yerlərdə ev tutub yaşayırlar. Aramisin, Atosun, Partosun, Dartanyanın evlərinin marşrutunu cızıb. Onların yaşadıqları evlərin tarixi ilə çox maraqlı sonluqlara gəlib çıxıb.

Esseistika adlı bölümdə özünün yazdığı və bütün dünyada çap olunan esseləridir, əsərləridir. Özü onu yumorla belə ifadə elədi ki, bunlar da mənim cəfəngiyatlarımdır”.

Kamal Abdulla ilə Umberto Ekonun bir-birini tamamladığı məsələ

83 yaşı var Umberto Ekonun, amma çox qıvraqdır, beyni qıvraqdır. Latın-yunan dillərinin filoloq üçün əhəmiyyətindən danışdıq. Mən vaxtilə akademiyadan ölü dilləri öyrənmək üçün mütəxəssislər göndərmək istəyirdim. Sən demə, Eko da bütün ölü dillərin Universitetlərdə öyrədilməsini bir tələb kimi qoyub qarşıya. Bu məsələdə bir-birimizi çox maraqla tamamladıq. Əvvəlcə mənim romanımı təbrik elədi, dedi ki, “offoşenante” italyan dilindən tərcümədə məftunedici kimi tərcümə olunur. Onu da bildirdi ki, çox çətin oxunan əsərdir, çimərlikdə oxumaq mümkün olmaz. Bir maraqlı sual da verdi. Dedi sizdə də tapdığın əlyazmanı neynədin?-sualını verəcək idbarlar tapıldı?

O, da deyir ki, bəzən oxuduğum səhifələri geri qayıdırdım. Soruşdum ki, Dədə Qorqudu oxumamağınız sizə bunu oxumaqda maneə olmurdu ki? Dedi yox, mən bunu ayrıca roman kimi oxudum”.

Umberto Ekonun Kamal Abdullaya verdiyi məsləhət

“Türk mədəniyyəti ilə bağlı suallar verdi, çox böyük maraqla. Məsələn, adlarla bağlı suallar verdi mənə. Məsləhət verdi ki, üçmərtəbəli adlardan qaç, çalış adlar birfadəli olsun. Bunu sizə deyirəm ki, həm də siz yararlanın bu məsləhətdən. Adın mürəkkəbliyi deyir bəzən əsərin qavranmasına maneə törədir. Deyir, fransızlar kimi müqəddəs Pyotru Pyer kimi vermək də düzgün deyil. Mənim üçün ad tapmaq çox çətin məsələdir. Həsən, Hüseyn, Elnur kimi adi adlar mənim aləmimdə əsəri adiləşdirir.

Ona Dədə Qorqud haqda geniş məlumat verdim, ədəbiyyatda, tarixdə, mistikada kimdir, ümumiyyətlə, kimdir. Dedi ki, Şərq artıq Qərbi onu yaxşı tanımağında üstələyib. Şah İsmayıl haqda məlumat istədi, danışdım. İzah elədim ki, Şah İsmayıl Füzuli ilə birlikdə Azərbaycan ədəbiyyatı üçün Dantenin 13-cü əsrdə İtalyan ədəbiyyatı üçün elədiyini eləyib”.

Dağlıq Qarabağ, ermənilər, gürcülər barədə danışdıq. Ermənilər barədə qısa dəqiqələr içində nə demək olardısa dedim. Multikultralizmdən danışdıq. Dağ yəhudiləri ilə maraqlandı, o barədə danışdıq. Gürcülərlə maraqlananda 12-ci əsr zəlzələ vaxtı, camaatın zəlzələdən əziyyət çəkdiyi vaxt, gəlib Gəncə qapılarını aparmaqlarını dedim.

M. F. Axundov haqqında danışdım, latın əlifbası əsnasında. “Yarımçıq əlyazma”nı bəlkə elə bütün dünya tarixinin bir sevgi məktubu olması kimi ifadə etməyim məncə xoşuna gəldi.

Gözlərinin parıltısı yerində olan, yaşlı olmasına rəğmən, intellektini saxlayan, qarşısındakını intellektinin basqısı altına salmayan bir insandır. Bizim aramızdakı fərq Azərbaycanla İtaliya arasındakı fərq qədərdir, amma basqı yox idi. Bir də gördük saat yarım keçib”.

Nəhayət, yekun informasiya - Umberto Eko Bakıya gələcək

“Bakıya dəvət elədim onu, dedi məmnuniyyətlə gələrəm. Azad Məmmədov onun əsərini tərcümə edir indi. Bir əsərini tərcümə etdirib, təqdimata dəvət eləmək olar. Dedi ki, naşirimlə əlaqə saxlayın, əlbəttə sizdən ingilisdən, fransızdan tələb etdiyim qonorarı istəməyəcəm, simvolik rəqəm olacaq. Hər halda, gəlmək həvəsini ifadə elədi. Bir nəzakətli, həlim fransız əsilli bir xanımı var, onun vasitəsi ilə də həmlə etdim (gülümsəyir) dedim ki, gəlin, Bakı çox gözəl şəhərdir, o da dəvətdən məmnunluğunu ifadə elədi.

O gün təsadüfən oxudum ki, hələ yarım il əvvəl Umberto Eko deyib ki, bundan sonra yalnız ağıllı adamlarla görüşəcəm (gülümsəyir). Belə dəvəti, kitabının üstünə “dostluq əlaməti olaraq” ifadəsi yazıb bağışlaması, saat yarımlıq söhbət, dəvətəmi qəbul etməsi xoş duyğudur mənim üçün”.

Belə.

# 2233 dəfə oxunub

Müəllifin son yazıları

# # #