Kukla Teatrinin baş rejissoru vəfat etdi

Kukla Teatrinin baş rejissoru vəfat etdi
16 mart 2013
# 15:48

Kukla Teatrinin baş rejissoru Rəhman Əlizadə dünyasını dəyişib. Bu barədə Kulis.az-a Teatr Xadimləri İttifaqından məlumat veriblər. Rejissorun ailəsi də məlumatı təsdiqləyib. Onlar bildiriblər ki, Rəhman Əlizadə dünən axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Səhər vəziyyətinin ümidsiz olduğundan həkimi xəstənin evə aparılmasını məsləhət görüb. Rejissor bu gün günorta radələrində dünyasını dəyişib.

Rəhman Balarza oğlu Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultəsini bitirib.

1968-ci ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrında rejissor işləyib. İşlədiyi müddət ərzində «Xırs quldurbasan», «Müsyö Jordan və dərviş Məstəlişah» (M.F.Axundov), «Ölülər» (C.Məmmədquluzadə), «Jorj Danden», «Zorən Nigah» (J.B.Molyer), «Əvvəlinci şərabçı» (L.Tolstoy), «Pəri Cadu» (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb.

1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq qələmə aldığı «Sindibadın xoşbəxtlik adasına səyahəti», «Tıq-tıq xanım», «Bilqamıs əfsanəsi», «Keçəlin toyu», «Dəli Domrul», «Damdabaca», «Maymaq», «Eramızdan milyon il əvəl», «Ay dəli», «Ələkbər əmi gülüş planetində», «Dəcəl çəpişlər, belə-belə işlər» pyeslərinə quruluş verməklə yanaşı «Kuraj ana» (B.Brext), «Pırpız Sona» (C.Məmmədquluzadə), «Qızıl xoruz» (A.S.Puşkin), «Göyçək Fatma» (K.Ağayeva) və s. tamaşaları hazırlayıb.

O, 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında hazırlanmış 32 tamaşanın quruluşçu rejissorudur. 1983-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 28 oktyabr 2000-ci ildə Əməkdar İncəsənət xadimi fəxri adı ilə təltiflənib, 2002-ci ildən Prezident mükafatçısıdır.

2006-2009-cu illərdə Azərbaycan Gənclər teatrında baş rejissor işləyib. Orada «Mürafiə vəkilləri» (M.F.Axundov), «İblis» (H.Cavid), «Dünyanın axırı» (R.Əlizadə), «Tülkünün uçuşu» (A.Şaiq), «Saraxatun» (H.Saraclı), «Su pərisi» (F.Mustafa) tamaşalarını hazırlayıb. 2009-cu ilin aprel ayından yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına baş rejissor təyin olunub. V.Şekspirin «Yay gecəsində yuxu» ,Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında "Xeyir və Şər" tamaşalarını hazırlayıb.

Bir dramaturq kimi 25-dən artıq pyesi dövlət teatrlarında tamaşaya hazırlanıb. 2008-ci ildə «Komediyalar», 2009-cu ildə isə «Pyeslər» kitabları nəşr olunub.

# 4274 dəfə oxunub

Müəllifin son yazıları

# # #