Yaşar Nuri: “Xəstəxanaların fəxri vətəndaşıyam” - ANIM

Yaşar Nuri: “Xəstəxanaların fəxri vətəndaşıyam” - <span style="color:red;">ANIM
3 sentyabr 2017
# 10:00

Bu gün böyük Azərbaycan aktyoru Yaşar Nurinin doğum günüdür. Yaşasaydı 66 yaşı tamam olacaqdı. Kulis.az bu münasibətlə Ramilə Qurbanlının 60 yaşının tamamında onunla etdiyi yığcam söhbəti təqdim edir.

Dünən Yaşar Nuriyə Şöhrət ordeni verilib. İki gün öncə müalicəsini başa vurub evə dönən aktyor üçün bu əsil sürpriz olub. Sürpriz deyəndə ki, əslində Yaşar Nuri bir ildir ki, “Şöhrət” ordeninin gözləyir. Hələ ötən il bu barədə söhbətlər dolaşırdı. Amma söhbət elə söhbət olaraq qaldı, bu il, yəni 60 yaşının tamamı ərəfəsində reallaşdı.

- Dünən daimi tamaşaçım zəng eliyib görürəm ki, səhhətimlə maraqlanır, amma “Şöhrət” ordeni almağım münasibəti ilə məni təbrik etmir. Deyirəm, niyə məni təbrik etmirsən, soruşur ki, nə münasibətlə. Deyirəm bəs, prezidentimiz mənə şöhrət ordeni verib. Deyir ikinci dəfə? Deyirəm məgər bir dəfə almışdım, bəlkə olub, mənim xəbərim yoxdur. Deyir elə bilirəm o sənə çoxdan verilib.


- Nə əcəb, bu gün teatra gəlmisiniz, həm xəstəxanadan təzə çıxmısınız, həm də məşqiniz yoxdur?


- Mən o xəstəxanaların son vaxtlar fəxri vətəndaşı olmuşam, elə gedirəm, gəlirəm, öz evim kimi. Günahkar da özüməm. Həkim daha mənə düşmən kimi baxır, çünki o, nə deyir mən əksini edirəm. (Söhbətin bu yerində bayaqdan Yaşar müəllimlə görüşüb kənara çəkilən aktyor Cəfər Namiq Kamal bir siqaret çıxardıb yandırır. Yaşar müəllim dərhal çönüb “birini də mənə ver ”-deyir. Cəfər Namiq Kamal duruxur, sonra Yaşar müəllim, məni cinayətə cəlb edirsiniz? - deyə sual etsə də siqareti ona uzadır. Yaşar Nuri “-işində ol ”-deyib onun yandırdığı siqaretdən bir qullab alıb sözünə davam edir.) Deyir siqaret çəkmə, çəkirəm, gördü çəkirəm axırda dedi ki, mən ölüm, siqaret çəksən də heç olmasa dondurma yemə. Mən də uşaqlıqdan dondurma pərəstəm. O gün də bir oturuma bir kilo dondurmanı yediyim üçün səhər oyandım gördüm səsim çıxmır, danışa bilmirəm. Düşdüm xəstəxanaya.


- Bir oturuma bir kilo dondurma?

- Bəli, bir oturuma.

- Sabahkı ad gününüz barədə danışaq.

- Danışaq də, sabah 60 yaşım tamam olur, cavan oğlanam. Xəstəxanalardan qurtarsaq, yaxşı olacaq. Yubileyimi hələ keçirtmirəm, onu oktyabr ayında eləmək fikrindəyik, amma təbrik edənləri qəbul etməyə, təbrikləri eşitməyə hazıram. Bu gün də teatra ona görə gəldim. Həm evdə otura bilmirəm, fəaliyyətsizlik çox ağır xəstəlikdir. Həm də “Şöhrət” ordeni almağım münasibəti ilə təbrik edənləri kontur xərcindən azad etmək üçün gəldim ki, burda üzbəüz təbrik etsinlər.

Həqiqətən də Yaşar Nuri ilə bir-neçə kəlmə dodaq tərpətmək üçün xeyli fasilə verib, yenidən başlamalı olurduq. Demək olar ki, bütün teatr əhli onun başına yığılmışdı. Bir kəlmə demək istəyirdi, yaxınlaşanlarla görüşmək üçün sözünü yarımçıq kəsməli olurdu. Əlində çəlik teatrın qapısında məxsusi onun üçün gətirilib qoyulmuş stulda əyləşib hörmətlə gəlib görüşənləri qəbul edirdi. Kimisi “boss”, kimisi “ustad”, kimisi 60 yaşa eyhamla “veteran” gəlib deyirdilər. O, da hamını zarafatla qarşılayıb məzə ilə yola salırdı.

02.09.2011

# 3375 dəfə oxunub

Müəllifin son yazıları

# # #