Kulis.az “Şeir günü” layihəsindən Ramil Əhmədin yeni şeirlərini təqdim edir.
Pişik kölgəsindən başladı gecə
Sakit kimsəsiz küçə,
Bir pişik kölgəsindən başladı gecə...
Çatmadı köməyə
Otuz iki hərfin bircə dənəsi
Çözülmədi bu əlifba bilməcəsi...
Uçub getdi
dilimin ucundakı qışdan
Unudulmağın isti qoynuna
qaranquş sözlər...
Hanı söz?
Hansı söz?
Necə tapım o sözü?
Necə deyim həsrətimi?
Necə deyim səni sevdiyimi,
sənə öldüyümü?
Gözlədiyimi – bu ömrə gələsən deyə
Gizlədiyimi – özüm belə bilməyim deyə...
Necə, necə, necə?
Pişik kölgəsindən başladı gecə...
Susdu köksüz piano səsi,
Su qatılmış pivələrlə keçən yay da bitdi,
Sentyabrla gəldi payız
Bir halımı düşün –
oktyabrsız, noyabrsız, yalqız...
Sənsiz bir saat keçməzkən,
gün necə keçir, həftə, ay necə?
Keçir bir-birini təkrarlayan addımlar,
Keçir küçəmizdən qərib adamlar...
Bəlkə sən də gəldin,
Gəldin bəlkə, bu gecə...
Bəlkə, bəlkə, bəlkə də....
Pişik kölgəsindən başladı gecə...
Abşeron yarım adamı
Anar Hüseynzadənin “Abşeron Hekayəsi” rəsm sərgisinə ithaf
Hüzndən bədənlər yoğurdu rəssam
Meqapolisin dərviş ruhu oyandı rəsmdə.
İslandı yağışın rənginə Abşeron yarımadası,
Fatehsiz tikili kimi göründü gözümə Qız qalası.
Yalnızlığın min bir rəngi toxundu kətanda fırçayla,
sevgiliyə gül uzadan əllərin tənhalığı göründü,
İsa on iki həvari arasında yalqız,
Senatda Sezarı bıçaqlar təklədilər...
Troyalı Arqonotlar dördə böldü qayığı,
macəranın gözləriylə görüldü uzaq yaşıl adalar –
“Şimala doğru” dedi sitarələr.
Gücün qolları avarları çəkdilər –
“Cənuba doğru” dedi küləklər.
Mavi yolun sirrini çözdü xəritələr –
“Qərbə doğru” dedi biliklər.
Duayla doldu göy qübbələr –
“Şərqə doğru” dedi ürəklər.
Yolların falına baxdı qoca şaman
və bu uzun yolların alın yazısında
ikicə söz oxundu: “çıxıb getmək.”
Çıxıb getmək bu almasız nağılın yarımadasından
tərkində armudlar olan atlarla...
Çıxıb getmək bu almasız nağılın yarımadasından
çərçivəyə sığmayan İkarus qanadlarla.
Çıxıb getmək o yerə ki yolumuzu gözləyir
bir qadın, səbətində almalarla...
Almanı dişləyib qovulmaq arzusu var canımda
Abşeron cənnətindən, Abşeron təkliyindən.
Abşeron –
küçələri tənhalığın təkrarına qafiyələnmiş
qoca və yorğun şərqin almasız nağılı,
oyan bu yuxunu.
Üzüqara gecələrinə de ki,
utanmasınlar günəşi yandırsınlar,
təkliyin qaradərilisini qaranlıqla qorxutmasınlar!
Gölməçələrinə, şüşəli binalarına və aynalarına de ki,
göstərməsin əksimizi,
çoxaltmasın yalnızlığımızı,
çoxaltmasın Abşeron yarım adamlığımızı...
Rəssam, evlərinə de ki, gözləməsinlər...
Bizi sevənlər getdilər
tərkində armudlar olan atlarla
və onlar bir də qapısı açıq bu ev rəsimlərinə
dönməyəcəklər – gəlməyəcəklər.
Can sıxıntısı
Sərinliyin
yuxu kimi çəkildiyi bu şəhərdə
ən uzun küçəydi avqust!
Küçələrindən qadınlar keçməyən bu şəhərdə
Kişilər bir-birini doğmuşdu,
Kişilər bir-birindən doğulmuşdu sanki.
Bir-birlərini çoxaltmışdılar bina kölgələrinin altında
və əlbəttə mümkün bütün xanalarda...
Çocuqlarsa günəşin uşaqlarıydı
və ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!
İşsizliyin doğurduğu sərgərdanlığa hamilə kişilər keçirdi yollardan,
İnanmışdım gözləri boşluğa açılan bu kişi pəncərələrin bir-birini doğduğuna.
Maşının altında yavrularını yalayan dişi qonur pişik xatırladırdı bircə
bir qadından doğulduğumuzu!
Bircə o xatırladırdı bir zamanlar anam olduğunu,
Atasız doğulanlar olsa da anasız heç kəsin olmadığını deyirdi tarix!
Maşının sahibi bir dərisi yanmış,
sonsuz bu avqust şəhərində
dişiliyini göstərməyə başqa bir yer tapmadığı üçün pişiyi tənbehləyirdi,
vurğusu ikinci hecaya düşən miyovları sözə çevirdiyimdən gülümsəyirdim.
Adamdan daha çox
yeriyən tər damlasıydı o kişi
və hər gecə yatağındakı çiçəyi tərlə sulayırdı.
Məhəllədə hansı uşağı öpsəm duz dadırdı.
Günorta – məmurun nahar fasiləsi,
Axıb keçən maşınların qupquru cansıxıcı səsi,
Qonşu pəncərədən gələn upuzun bir sol, lya, si,
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular,
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin qadınsızlığı,
İş yorğunluğu, baş ağrısı, fanilik duyğusu və qan azlığı,
Ruhumu saran dibsiz bir can sıxıntısı
Hamısı, hamısı, hamısı, hamısı, hamısı,
İçimə gömdüyüm sözlərin ən qırmızısı,
İçimdə gömdüyüm sözlərin de
hansı ən çox yaraşar bu şeirə,
hansı, hansı, hansı, hansı, hansı?
Sərinliyin
yuxu kimi çəkildiyi bu şəhərdə
ən uzun küçəydi avqust!
Sərgərdan kişilərə hamilə yollar!
Balkona düzülmüş dibçək gülləriydi qadınlar!
Kölgəsiylə oynayan məsum uşaqlar!
Ac pişik yavrular! Ümidsiz qocalar!
Bitməyən sonsuz bir avqust şəhərində
Yetir məni vüsala avqustun sentyabra həsrətindən!
Ey küçəyə səpilən günəş şüası
Qucaqla məni bədənimin D vitamin əksikliyindən!