Kulis.Az gənc şair Ramil Əhmədin yeni şeirlərini təqdim edir.
A. üçün
Zevsin qəzəbinə tuş gəlmiş Atlas kimi
çiyinlərimizdən ata bilmirik taleyimizi.
O yükün ağırlığından uça bilmirik.
Bu ağrıya təsəlli kimi uydurmuşdu Nyuton
cazibə qüvvəsini...
Hamı öz formulunu yaradır,
məsələn, bir qız kosmonavt şəkilləriylə bəzəyir
otağının divarını...
Dünən gecə sabahacan ildırım çaxdı –
dünən gecə səhərəcən dağların arxasındakı Prometey
yandıra bilmədi simurqun ona verdiyi lələkləri...
O sabah günəbaxanlardan savayı heç kim
baxa bilmədi günəşin gözlərinə.
Öpülməyən yaralar
Qadınların küçə boyu
salıb itirdikləri hüznü,
kişilərin yorğunluğunu,
uşaqların boğulan oyuncaq sevdasını
qaldırıb yerdən
öpüb gözləri üstə qoyan məsum çocuq,
barmağının ucundan yuxarı qalxa bilməzsən.
Sən kimdən öyəndin
torpaqdan yemək bişirməyi?
Torpaqdan, çamurdan insan olar,
qadın olar, kişi olar,
uşaq olar, qoca olar.
Ancaq Tanrı yemək bişirə bilər
torpaqdan, uşaq.
Sən necə zövq alırsan
olmayan fincanlarda içdiyin
olmayan çaylardan?...
Kim öyrətdi kuklalarına analıq etməyi?
Analıq etdiyin kuklalar qədər
sevgiyə möhtac uşaq...
Bütün analar uşaq olub nə vaxtsa
bütün anaların ilk övladları olub
balaca, şirin, sevimli kuklalar...
O qədər yıxıldın
heyf tez böyüyəcəksən,
amma...
anaların hörmədiyi qız saçları uzanmır
öpülməyən yaraların sağalmadığı kimi....