Dialoqsuzluq

Dialoqsuzluq
2 iyun 2014
# 14:39

Qismət yazır...

“Başqaları cəhənnəmdir” sözünü hər eşidəndə, nədənsə qeyri-ixtiyari yadıma Dante düşür, çünki o, Sartrdan neçə əsr əvvəl “başqaları”nı öz əsərində artıq cəhənnəmə vasil etmişdi. Əlbəttə, Sartrın məşhur frazasının da, Dantenin “İlahi komediya”sının da, öz müstəvilərində fərqli şərhləri var. Mən isə bu “başqaları” məsələsindən yola çıxıb, bir az ayrı mətləblər barədə söz açmaq istəyirəm: dialoqsuzluq və bunun yaratdığı, günü-gündən sürətlə artan sevgisizlik, üstəgəl mətləbsizlik barəsində.

Əgər insanlar arasında dialoq məkanı nəinki real şəkildə, heç fikrən belə yoxdursa, onda başqaları avtomatik “başqaları”na çevrilir və beləliklə, cəhənnəm sözünə heç ehtiyac qalmır. Çox müşahidə etmişəm, zaman-zaman bizim sənət mühitində bu şüursuz ötəkiləşdirmə məsələsi hədsiz qabarıqlaşır. Başqa sayta yazanlar, başqa qəzetdə işləyənlər, başqa kitabları oxuyanlar, başqa cür yazanlar...

Yalnız sonuncunu – başqa cür yazanları istisna etmək şərtilə (o da yalnız müəyyən şərtilik daxilində), qalan variantlar dialoqsuzluq uçurumunu böyütməkdən başqa heç nəyə yaramır. Mən nəyə görə müəyyən şərtilik daxilində “başqa cür yazanları” istisna etdim? Çünki bu, artıq estetik ayrılıqdı, bizdə hələki oturuşmuş şəkildə estetik sərhədlər olmasa da. Bu kontekstdə, birbaşa sənət məsələlərinə aid kimi görünməsə də, son ayların müşahidələrindən birini bölüşmək istəyirəm.

Hansısa şirkətə işə düzəlmək, dövlət qulluğuna girmək istəyənlər, universitetə hazırlaşan müxtəlif yaş qruplarındakı adamların hamısı əllərindəki materialı kor-təbii əzbərləyir. Metodları anlamırlar, mətləbi dərk etmirlər, eləcə tutuquşu kimi əzbərləyirlər və nəticədə statistik bilginin (oxu: faydasız bilginin) həcmi o qədər çoxalır ki, dərketmə, qavrama get-gedə yaddaşın çox dərin, əlçatmaz yerinə atılır. Peşəkarların azlığı və niyə yaranmaması sualının, mənə görə, cavablandırandan biri də budur, ən azı birinci fazada belədir.

Birinci haşiyə: Məktəbdə bir kimya müəllimimiz vardı, lövhəyə düsturlar, cədvəllər çəkərdi və yazdıqlarını köçürüb, yaxşıca əzbərləməyimizi istəyərdi. Özü isə mənə indiyə qədər qəribə gələn diplomatını açıb, evdən gətirdiyi təamlardan nuş edərdi. Mənim bu vaxtacan, nə elementlərin dövrü cədvəlindən, nə o düsturlardan heç nə yadımda qalmayıb, amma ara-sıra şəhərdə diplomatlı kimisə görəndə, üzümə təbəssüm qonur, elə bilirəm ki, ciddi görkəmli, şıq geyimli bu adamların hamısının diplomatında nəsə yeməli şeylər var. Bəlkə bədii mətn üçün müəyyən impuls ola biləcək detaldı, amma bütünə baxanda, faydasız informasiya qırıntısıdır.

Sual: Niyə biz axı ayrı-ayrı cəbhələrdə olmağı, fərqli dünyabaxışının tərəfində çıxış etməyi heç vaxt kəsişməyən paralel xəttlər kimi başa düşürük? Razıyam ki, savadsız adamla və mənə görə etik heysiyyətdən məhrum adamla dialoq çox vaxt çətin olur, amma bəlkə bəzən danışmaq yox, susub səbrlə qarşıdakını dinləməklə dialoq yaratmaq mümkündür? Bəlkə üzbəüz olmasa da, yazışmaqla mümkündür dialoq yaratmaq, şəffaf, zərif də olsa da, insani körpülərin təməlini atmaq. Əlbəttə, tərs effektdən də sığortalanmamışıq, öz təcrübəmdən deyim ki, mənim bir çoxları ilə aramdakı körpülərin tamam yanmasına səbəb, təkcə fikir ayrılığı, heysiyyət məkanına müdaxilə yox, həm də dialoqsuzluq olub. Günahı həmişə başqasında görmək ən böyük ədalətsizlikdir.

İkinci haşiyə: Pol Elüar 57 illik ömründə bir neçə dəfə tərəddüd keçirmişdi. İkinci Dünya müharibəsi illərində Fransa almanlaın işğalı məruz qalanda, “Dirəniş” hərəkatına qatıldı, yurdu üçün çalışdı. Məşhur “Azadlıq” şeiri də həmin günlərdə yazıldı. Həmişə şərin qarşısında, insanların yanında olan, müxalif ruhlu Elüar 1952-ci ildə öləndə, bütün Fransa matəmə büründü. Şairin ölümünün Fransanı necə kədərə boğduğunu belə ifadə edilər ki, hətta Elüarınkına tamam zidd düşüncələrdə olan, sağçı Fransua Moriak belə qəzetlərdən birində yazmışdı: “Fransa böyük bir dəyərini itirdi. Nə durmuşuq, niyə ümummilli yas saxlamırıq?”

Tanış mənzərədi. Elə bil “... bu cavan yaşımda ölümmü indi?” – deyən Əli Kərimin səsini eşidirəm. Sağlığında dialoq yaratmadığımız adamların arxasınca dediklərimiz elegiyadı və elegiya xarakter etibarilə özünü dialoq kimi aparmaq istəyən monoloqdur. Və sonda Oskar Uayldın neçə gündür içimdə dolaşan bir fikrini bölüşməliyəm: "Hər kəs bir dostun ağrılarını bölüşə bilər, amma yalnız çox dərin şəxsi keyfiyyətləri olanlar bir dostun uğuruna sevinə bilər..."

# 2785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #