"Dünya nə mənalıdır, nə mənasızdır, o sadəcə var, vəssalam". Alan Rob-Qriye
Şəhərdə tez-tez yeni kinoteatrlar açılır, çox gözəl, çox pakizə. Bəs görəsən nə vaxt bu kinoteatrlarda öz istehsalımız olan filmləri görmək səadəti bizə nəsib olacaq? Cavab, əslində, çox sadədir : öz filmlərimiz çəkiləndə. Film çəkilirmi ölkəmizdə? Deyilənə görə çəkilir, mən rast gəlməmişəm, rastıma çıxanlar isə filmdən başqa hər şeydir. Həzərat, nə vaxt bu millətin dosta-düşmənə göstəriləsi, üzə çıxardılası adam balası kimi yazıçısı, diringə yox, çağdaş musiqi bəstələyən bəstəkarı və nəhayət nə vaxt bu millətin çağdaş tendensiyaları, meylləri mənimsəmiş, istifadə tarixi keçmiş mövzularda deyil, öz reallığımızın problemlərindən danışan rejissoru olacaq ? Deyim nə vaxt : nə vaxt ki, qalstukunu həqiqəti deməyə mane olacaq qədər sıxan sənətçi libasına bürünmüş istedadsızlar aradan çəkiləcək, nə vaxt ki, vətənpərvərliyin arxasına piştaxta kimi keçib al-ver edən psevdo-vətənsevərlər yox olacaq, nə vaxt ki, Oruel qələminə layiq əxlaq bəkçiləri təqaüdə çıxacaq, nə vaxt ki, oxuduğu kitabı, baxdığı filmi başıyla yox, gündəyməziylə anlayan adamlar vızqırdıb öz işiylə məşğul olmağa gedəcək, bax onda bəlkə nəsə eləyə bildik.
Köşə yazısında, müsahibəsində, süfrə başında "af-uf"larla, "kitayski" dərdlərlə yazdığı kitaba, çəkdiyi filmə həyatilik dəyəri qazandırmaq istəyən, oxumaqdan, əziyyət çəkməkdən, zəhmət çəkib yeni meylləri izləmək məcburiyyətindən danışanda eyni bəhanələri - "iş vaxtımı çox alır", "əsas səmimi olmaqdı", "mən az oxusam da, yaxşı oxumuşam" - utanmadan təkrarlayan milli ziyalılarımızın özünü aldatma prosesi nə vaxt başa çatacaq görəsən ?!
Vaxt gedir, işimizə baxaq.
***
XX əsr qəribə əsr idi. Bir yandan baxanda ağıl, zəka yolu ilə yer kürəsində cənnət yaradacağına inanılan, ilahiləşdirilən, böyük hərflərlə yazılan İNSAN milyonların məhv olmasına səbəb olan iki müharibə törətdi, o biri yandan bu qarmaqarışıq, soyuq, qanlı-qadalı zaman diliminin içində və sonrasında ağılasığmaz kəşflər etdi. XX əsrin 60-cı illərindən etibarən dünya High-tech, yəni yüksək texnologiyalar erasına qədəm qoydu. Bir vaxtlar Jül Vernin qəhrəmanlarının 80 gündə dolaşdığı yerlərə getmək üçün artıq saatlar kifayət edirdi. Telefon, televizor, kompüter kimi vasitələr fərdi, yaxud kütləvi şəkildə sonsuz informasiya əldə etmək imkanı əldə edən insan, bu qəribə, sürətli inkişafın içində nədənsə əbədi fitrətindən - tənhalığından xilas ola bilmədi, əksinə, get-gedə onun yalqızlaşması, tənhalaşması böyüdü, çoxaldı, bütün dünyaya yoluxdu. Bu, modernizmin qırılma nöqtəsi, postmodern vəziyyətin zühur etməsi idi.
Jan Fransua Liotarın "Postmodern vəziyyət" dediyi bu ovqat ümumdünya mədəniyyət qarışdığı, beynəlxalq mədəni sərhədlərin əriyib yoxa çıxdığı, dünyadakı bütün insanları istehlakçıya çevirən bir durumdur. Postmodernlə birlikdə bəzi yerlərdə orta əsrlərdəki din anlayışına oxşayan geridə qalmış dindarlıq xortlayıb ortaya çıxdı, bəzi yerlərdə isə dini inanc sistemlərinin xarabalıqları üstündə uzaq şərf fəlsəfəsinə, kosmik inanclara, okkultizmə, mistisizmə qədər gedib çıxan yanaşmalar cücərməyə başladı. Bu yeni dünyada astronomiya ilə astrologiya, elmlə sehr-cadu /magiya, akademik tibblə alternativ tibb, texnologiya ilə təbiətçilik bir yerdə yaşamağa başladı. Əsrin sonlarına doğru əvvəllər tabu şeylər üçün sərhədlər bir az da açıldı. Məsələn, klassik qərb musiqisinin özünəməxsus ifaçıları olan pianist Pekinel qardaşları Baxı caz ritmində çaldılar və bu çox normal qarşılandı. Əvvəllər yalnız pop musiqi ifa edilən məkan olan diskoteka və barlarda artıq türkülər, milli oyun havaları, aşağı mədəniyyət hesab edilən öz fəaliyyət səviyyəli mahnılar da ifa edilməyə başlandı. Ənənəvi modernist dəyər sisteminin həmişə ikinci plana atdığı düşüncələr, yanaşmalar, qruplar, postmodern mühitdə heç bir aşağılanma hissi olmadan, köhnələrin dəyərli dedikləri şeylərlə yanaşı yaşamağa başladı. Postmodern dönəm elitarlıqla kütləvinin, kitçlə hörmətli sayılan ədəbiyyatın bir yerdə olduğu, "baboçka"nın cins şalvarla geyinildiyi bir dönəmdir.
XX əsrin 50-60-cı illərində postmoderni qloballaşmanın yaratdığı post-imperializm kimi dəyərləndirənlər də oldu və polemika sənət söhbətlərinə də aid edildi. 60-cı illərdə başlayan polemika 80-ci illərdə lap qızışdı. Məsələn, ABŞ-da İrwing Howe və Harry Levin son vaxtlar yaranan ədəbiyyatın (80-ci illər nəzərdə tutulur) Yitslərin, Eliotların, Poundların və Coysların möhtəşəm ədəbiyyatlarının yanında rəngsiz,quru, mənasız olduğunu elan etdilər. Vəziyyəti ifadə etmək üçün görünür ən xarakterik hadisə 80-ci illərin əvvəlində Fransanın ünlü mətbu orqanı "Le Monde Dimanche"-ın verdiyi manşetdir : "Avropada bir ruh, bir xəyalat dolaşır - onun adı postmodernizmdir."
O illərdə sənətdə, xüsusilə ədəbiyyatda sosialist baxış hakim idi və yeni tendensiya olan postmodernizm, onun demokratik, azad manerası mühafizəkarlar tərəfindən sənətçinin məsuliyyətsizliyi, estetik deqradasiya kimi qiymətləndirilirdi. Məsələn, Türkiyə Orxan Pamukun "Qara kitab" romanı ətrafındakı müzakirələrə jurnalistlər, tibb professorları, ədəbiyyatçılar, kamalistlər, solçular, əxlaqçılar və s qoşulmuşdu. Kamalistlər mətndə Atatürk əleyhinə yazılmış hissələr axtarır, sosialistlər Marksizmə uyğun gəlib-gəlmədiyini araşdırırdılar.
İdeologiyalarla nəfəs alan sosio-mədəni modernizm üçün bütün ziddiyyətlərin bərabər, bir yerdə olması fikri qəbulolunmaz idi. XX əsrin 60-cı illərində və sonrasında Derrida, Fuko, Bart, Lakan, Levi-Ştraus, Liotar və Bodriyar kimi fikir adamları elmi-mədəni sahələri postmodern baxış bucağından analiz etməyə başladılar və bunun nəticəsində get-gedə modernizm sönükləşməyə başlayır.
***
Postmodernizmin əcdadlarından hesab edilən Nitşe deyirdi : "Həqiqət, həqiqətin illüziya olduğunu unudanların illüziyasıdır:" Nitşe hər şeyi baş-ayaq çevirmək istəyən, başqa cür baxan, dəyərləri yenidən dəyərləndirən yanaşması ilə özündən sonrakı əsrlərə xeyli təsir etdi : "Bütün dəyərləri tərsinə çevirmək olmazmı ? Bəlkə yaxşı elə pisin özüdür, ola bilməz ? Bəlkə tanrı sadəcə kəşfdir, şeytanın uydurmasıdır ? Bəlkə hər şey nəticə etibarilə səhvdir, ola bilməzmi ?"
Postmodern romanın əsas inkişafı İkinci Dünya müharibəsindən sonra başladı. XX əsrin 50-ci illərindən etibarən fransız romançılığında yeni bir anlayış ortaya çıxdı. Bu yeni anlayış özünəqədərki klassik roman anlayışını, yəni Balzak romanı deyilən roman anlayışına müxalif oldu. Bu yeni roman anlayışının tərəfdarlarına bəzi tənqidçilər "anti-romançılar" dedi, lakin "Yeni roman", "Yeni romançılar" sözü daha çox dillərə düşdü. Balzak romanı deyilən roman anlayışına qarşı çıxan bu qrupun əvvəlcə konkret müəyyənləşmiş prinsipləri yox idi. Sonralar "postmodern roman" da adlanacaq bu anlayışın əsas müddəalarını müəyyənləşdirən iki əsər vacib hesab edilir : Natali Sarrotun 1956-cı ildə çap etdirdiyi "L Ere du Soupçon"(Şübhə erası) və Alain Robbe-Grilletin 1963-cü ildə yazdığı "L Ere Nouveau Roman" ( Yeni roman ) adlı əsərləri. Qrupun lideri Grillet köhnə romanda əleyhinə çıxdığı bütün xüsusiyyətlərin yerinə nəyi təklif edirsə, hamısını öz əsərlərinə tətbiq etdi. Sarrotdan və Grilletdən başqa bu müxalifliyi Michel Butor, Claude Simon, Robert Pinget, Claude Ollier öz əsərlərində davam etdirdilər. Bu qrupun roman anlayışları tamamilə eyni olmasa da, birləşdikləri, həmfikir olduqları nöqtələri belə ümumiləşdirmək mümkündür :
1. Balzak romanı deyilən ənənəvi romandakı ( həyəcanlı səhnələri) süjetləri rədd etmək.
2. Reallığa çox yaxın olan, həyatda gerçəkdə var olan roman qəhrəmanı yaratmaq imtina etmək.
3. Ənənəvi psixologiya anlayışının rəddi. Bu anlayış romançını ittiham edən, hökm verən vəziyyətə gətirirdi.
4. Romanda mərkəzə otuzdurulan, hər şeyi bilən, hər şeyə hakim olan romançı anlayışını rədd etmək.
5. Ənənəvi romandakı dilin yağlı, bəlağətli, gözəl istifadəsindən imtina, onun yerinə dilin təbiiliyinə üstünlük vermək.
6. Yeni roman anlayışının əmələ gəlməsi üçün nəzəri fəaliyyətdə olmaq.
Ardı var...