Kulis.az Qismətin “Seymur nirvanada niyə qışqırır?” yazısını təqdim edir.
“Məni təzədən geri çağırırlar, amma mənim iməkləməyə həvəsim yoxdur.”
Volterin Russoya cavabından.
Sosial şəbəkələrin pikselli torpaqlarında emoji meyvəsi bitməyəndə layk yağışı üçün “Yeni media tanrısı”na hər gün bir virtual qurban verilən qəddar əsrimizdə Seymurun smart-donos xarakterli cızma-qarasına reaksiya verməmək, beləcə ötüşdürmək də olardı: 45 yaşlı yazıçının “ürəyi istəyən qədər boşboğazlıq” etmək haqqı varsa, mənim də ürəyim istəyən qədər tərif yazmaq haqqım var. Amma görünür, normal cavab olmayınca, xeyli adam son istifadə tarixi keçmiş söhbətləri cəsarət kimi başa düşür; üstəlik, suyun dayaz yerində hələ özünü tapmamış yeniyetmələr də xarici dil öyrənmək, dünyaya çıxmaq, təmsil qabiliyyəti olan fərdlərə çevrilmək əvəzinə, yolundan sapır, nimdaş söhbətlərin təsirinə düşürlər, ömürlərindən gedir. Demək, arabir bu cür lotuluqlara cavab vermək olar, yoxsa elə bilərlər, çəkinirik, deməyə sözümüz yoxdur.
Spirtlənin, başlayırıq.
Günü bu gün “28 May”dakı “Göyçay” kafesinə gedib ürəyimizdə bir rəqəm tutsaq, Tiflisin Rustaveli küçəsində həmin rəqəmi hiss etmək kəraməti olan ultra-həssas yazıçı Seymur Baycan mənim Əjdər Olun vətənpərvərlik şeirləriylə bağlı yazdıqlarımı bəy tərifi adlandırıb, “ayə çəkilin Bəşir gəlir” səviyyəsində hədə-qorxu da gəlməyə çalışıb, eyham vurub ki, yəqin nəsə umacağım var. Bütün arqumentsiz fanatiklər kimi tez-bazar populizm küçəsinə burularaq məsələnin mənəvi-əxlaqi tərəfindən də dəm vurub.
Birincisi, “525-ci qəzet”də həmin mətn gedəndə, neçə vaxtdır nazirlikdə yox, Yazıçılar Birliyində işləyən Əjdər Ol artıq həbs olunmuşdu. Nəsə umacağım olsaydı, nazirlikdə işləyəndə yazardım. Məsələnin əsas mənəvi-əxlaqi tərəfi elə budur.
Zəruri olmayan qeyd: Əjdərdən yüz dəfə imkanlı qohumlarım var, dilənçilik eləyəsi olsam, özümünkülərdən edərdim.
İkincisi, Seymurun birin-birə darısqal dünyagörüşündən fərqli olaraq dünyada ədəbiyyatçılara “Super Men”lər kimi baxmırlar deyə, onların həyatıyla yazdıqları arasında mütləq bərabərlik işarəsi də qoymurlar. Norveç xalqı Nobel mükafatını faşistlərə hədiyyə edən Knut Hamsuna etiraz edəndə, evinin qabağına gül dəstəsi qoymuşdu; Ezra Paund yəhudiləri söyəndə, Mussolinini dahi elan edəndə, həbs olunanda, dəlixanaya düşəndə heç kim ona haqq qazandırmadı, amma şairliyini də silib atmadılar. Və nəhayət Seymurun ədəbi əcdadlarından biri olan, mənim heç cür sevə bilmədiyim Qorki. Bu həmin Qorkidir ki, Stalinin dəvətiylə bığını da götürüb SSRİ-yə qayıdandan sonra “Solovki” adasındakı konslageri gəzib ordan tərifli oçerk yazmışdı, bizim həmvətənlərimizin də öldürüldüyü həmin ölüm düşərgəsində hər şeyin standartlara uyğun olduğunu demişdi. Sonra ona, indiki dillə desək, villa da təsis edildi, bütün qapılar üzünə açıldı. Qorkinin ölümündən bir il sonra 37-nin repressiyaları başladı... Amma heç kim onun milyonların ölümünə qol qoymasına haqq qazandırmadığı kimi, onu ədəbiyyatdan da atmadılar. Mövzuyla maraqlananlar bu kitaba baxa bilər: Dmitri Bıkov, “Был ли Горький?”
Vaxtilə Seymur “Qorki qayıdır” adlı yazısında belə yazırdı:“Qorkinin əsərləri nifrəti yeniləmək üçün verimli mənbələrdir.”
Üçüncüsü, yazı bəy tərifi deyil, definisiyadır (qorxma, termin adama heç nə etmir), yəni tərifləmək yox, tərif etmək, xarakteristika verməkdir. Məsələ çox sadədir, fərz edək ki, elə Seymurun hekayələriylə bağlı qəzet bir açıqlama istəyib və biz belə yazmışıq:
“Seymur hekayələrində bər-bəzəksiz, təmtəraqsız, sadə təsvirlər və dialoqlara üstünlük verir. Publisistikasında da, bədii mətnlərində də xalq deyimlərindən, atalar sözlərindən gen-bol istifadə etməyi sevən müəllifin əsas məqsədi oxucu ilə birbaşa təmas qurmaq, onu ədəbi oyunlarla yox, söhbət havasında mətnə çəkməkdir. Müəllif “Puqaçov üsyanı”, “Fərqanə” kimi hekayələrində bu məqsədinə nail olub.”
Bu nə tənqiddir, nə də tərif, çünki ikisi də bir abzasla ifadə olunmayacaq qədər ciddi şeylərdir.
Dördüncüsü, yazısında qarşısına mənim harda səmimi olduğumu aydınlaşdırmaq kimi əndrəbadi məqsəd qoyan dostumuz oppenentinə qarşı əlində əsaslı arqument olmayanda, ucuz gözdənsalmaya keçir, iki sözdən bir insan hisslərindən dəm vursa da, qəfil metamorfoz keçirərək çəkicli-oraqlı bolşevikə çevrilir. Əcəb məzəli işdir. Axırıncı dəfə belə şeyi Ağcabədidəki bir orta məktəb müəllimindən eşitmişəm; sarı filter siqaretinə dərin bir qullab vurub düz alınımın ortasına elə beləcə də demişdi: “Əmoğlu, mənə görə Zəlimxan Yaqub Şekspirdən daha səmimi şairdir...” Həmin gün günəş özünü qızmar bir metro jetonu kimi uzaqlardakı naməlum boşluğa atmışdı, bulud buludla döllənmiş, üzümgiləsi bir yağış başlamışdı və mən özümə gəlmək üçün o narın yağışın altında islanıb qalmışdım (Bu lirik təsvir də ad günü hədiyyən olsun.)
Beşincisi, Gecə-gündüz insanı anlamaqdan danışan dostumuz nədənsə adi bir həmkar jestinin arxasında fırıldaq axtarır, onu tez-bazar ittiham obyektinə çevirir. Həmin anketdə iştirak edən Səlim Babullaoğlu da, Seyfəddin Hüseynli də ləyaqətli, ədəbiyyatın bugününü və gələcəyini quran, konkret əməli iş görən şəxsiyyətlərdir.
Altıncısı, özümlə belə bağlı bu cür ifadələri dilləndirməyi ayıb bilsəm də, məcburam deyim: Azərbaycanda poeziya ilə bağlı mənimlə ciddi söhbət edəcək barmaqsayı adam var, Seymur burda heç uzun siyahıya da düşmür.
Yeddincisi, xalqın sərvətini yiyəlik hal şəkilçilərindən yeməyə başlayan çoxdilli məmurlar qədər məhlə dükanındakı satıcıya “mənə siqaret ver” yox, “dayıya siqaret ver” deyən adamın özünü özgə kimi təqdim etməyindəki basdırılmış amiranəlikdən, latent vəzifə istəyindən də xəbərim var, amma mən bilən ədəbiyyat bizə oğurluq eləyən Jan Valjanın, qatil Raskolnikovun və onlarca bu cür personajın timsalında öyrədir ki, insanlar səhv edə bilər, amma onları ömürlük damğalamaq olmaz.
Bağışlamağın qapısına kilid vuranda, mərhəmət çöldə, nifrət içəridə qalır.
Səkkizincisi, hər şeyi bircürləşdirmək istəyən sovet dövründə görkəmli ədəbiyyatşünas Mixail Baxtin məşhur “Dostoyevski poetikasının problemləri” kitabının nəşrindən bir az qabaq həbs edilmişdi. Əgər bunun əsas səbəbi Baxtinin marksist-leninçi metodologiyanı qəbul etməməsi idisə, mənə görə, azı onun qədər əhəmiyyətli başqa bir səbəb də “polifonik roman” nəzəriyyəsinin demokratikliyi idi – hər personajın öz mövqeyi var, müəllifin mövqeyi bunlardan fərqli olan üçüncü mövqedir. Ədəbiyyatın bu cür plüralist şəkildə təqdim edilməsi hər şeyə nəzarət etmək istəyən sovet ideologiyası üçün təhlükə idi. Seymur öz fikrinə uyğun gəlməyən hər şeyi repressiyaya məruz qoyanda yadıma ömrü sürgünlərdə keçən, ayağı amputasiya edilən, əvvəl-axır bəraət alan Baxtin düşdü.
Doqquzuncusu, tənqidi düşüncənin hamıya məlum faydalarından başqa bizdə heç vaxt müzakirəsi getməyən təhlükələri də var; tənqidi düşüncə sağlam elmi arqumentasiyadan, çoxtərəfli baxış bucağından məhrum olanda hazırlıqsız adamların ürəyini daşlaşdıran nifrət aparatına çevrilir. Tarix belə nümunələrlə doludur.
Elə bilirəm, yazının bura qədərində böyük tapıntıymış kimi məni iki yerə (səmimi, qeyri-səmimi) ayıran həmkarıma izah edə bildim ki, məqsəd bölmək olsaydı, şaqqalarınacan ayıra bilərdim, amma bu, ədəbiyyat söhbəti, ədəbiyyatçı işi deyil.
***
Yazının ikinci blokuna keçərkən vacib bir məqamı nəzərdə tutmağınızı istərdim. Üslubi baxımdan hər cümlədə işlətmək mümkün olmur deyə, lütfən bu yazıda deyilən hər fikrin qarşısında “məncə, mənə görə, fikrimcə” kimi sözlər təsəvvür edin.
Seymurla bağlı bir epizodu xatırlayıram. Təxminən on il bundan qabaq “Baksovet”də, Axundov bağının yanındakı “El Toro” kafesində, əlində əsgər sədaqətiylə hər həftə yazdığı “Reytinq” qəzeti, gözlərində şeytani təbəssüm, dilində sevincə bulaşmış eyni cümlə: “Yenə hürəcəklər!” Seymur nə qədər həssaslıqdan, saflıqdan, iztirabdan danışsa da, deyəsən, onun üçün meyar, ölçü həmişə bu olub: öz kimsəsizliyini başqalarını cırnatmaq hesabına ovutmaq.
O, nə qədər özünü guşənişinliyə vursa da, ancaq küçə itləri dostluq etdiyindən danışsa da, özünü ali həqiqətə çatmış, ayağını nirvana nərdivanına qoymuş kimi göstərsə də, əslində, bizim yazıçılarımız arasında öz ədəbi kimliyini başqalarının qəzəbli reaksiyasına ən çox hesablayan elə odur. Bir müsahibəsinin başlığı belə idi: “Onların nifrəti mənim ilham mənbəyimdir.” Buna görə də Seymurun dili çox vaxt ədəbi-bədii yox, siyasi-ideolojidir.
Məncə, hər tənqidi mövqeni hansısa problemin ifadəsi kimi başa düşmək yanlışdır, burda düşmənlə yaratmaqla problem qaldırmağı ayırd etmək lazımdır. SSRİ dağılandan sonra Con Apdayk ironiya ilə soruşurdu ki, soyuq müharibə yoxdursa, Amerikalı olmağın nə mənası var? Bu fikirdən itələnib demək olar ki, bədii mətn yazıçının daxili işlər nazirliyidir, əgər daxildə problem varsa, yazıçı problem qaldırmaq adı altında öz kimliyini diri tutmaq üçün fasiləsiz şəkildə düşmənlər yaratmağa məcburdur. Bu, məncə, ayırd edilməli incə xətdir və özünü ən çox dilin xarakterində göstərir. Vaxtilə əzizlər əzizi Lyosa Borxeslə bağlı essesində boşuna yazmırdı ki, Sartrdan yoluxan nifrət gözümü tutmuşdu. Kalvino boş yerə bədii ədəbiyyatı siyasi ideologiyaların yedəyində görən düşüncəyə “dünyanın cəsədləşməsi” demirdi.
Qəribədir, Mirmehdi Ağaoğlu Salman Rüşdiylə bağlı Milan Kunderanın essesini xatırladanda, Seymur cırnayır, halbuki burada həqiqətən bir paradoks var. Seymura hansısa dünya yazıçısından misal gətirəndə özündən çıxır ki, niyə kiminsə fikri mənim üçün əsas olmalıdır, amma özü hökmlərlə, maksimalarla danışır. Əgər kiminsə tiraji, şöhrəti ölçü deyilsə, deməli elə bizim mühit miqyasında məşhur olan Seymura da fikir verməmək olar. Lyosa Borxesi, Kundera Rüşdini yüksək qiymətləndirirsə, niyə biz biri Nobel mükafatçısı, o biri dünyanın azsaylı intellektuallarından sayılan (elə Seymurun da bəyəndiyi) müəlliflərə yox, bir arqumenti o biri arqumentinə uyğun gəlməyən saqqallı uşağa inanmalıyıq? Dediklərindəki paradoksu görməyəcək qədər özünə qapılan dostumuz hətta romanı nəşr edən naşirə də nifrin yağdırır.
Neçə illərdir içi Seymur qarışıq hamımız nəşriyyat sisteminin normallaşmasından, ədəbi mühitdəki repertuarın yenilənməsindən, dünyayla ayaqlaşmaqdan danışırıq, indi isə Seymur qarğış tonunda deyir ki, kaş bu kitab çap olunmayaydı. Səbəb: çünki xoşum gəlmədi! Təklif: Qayıdıb Ordubadini oxuyaq. Ordubadi demişkən, Seymur “Dumanlı Təbriz” romanıyla bağlı yazdığı məqaləni belə bitirir:
“Ordubadinin “Dumanlı Təbriz” əsəri ilə paralel olaraq Ceyms Oldricin “Diplomat” əsərini də oxuyurdum. Bu iki əsər qəribə də olsa bir-birini tamamlayır. Hər iki əsər, həm “Dumanlı Təbriz”, həm də “Diplomat” əsəri İranı tanımaq, İranda yaxın gələcəkdə baş verə biləcək hadisələri güman, ehtimal etmək istəyənlər üçün qiymətli əsərlərdir.”
Tutaq ki, razılaşdıq. Amma eyni şeyi Aqşin Yeniseyə irad tutaraq deyir: “Əvvəla, mənə Hindistanın tarixin oxumaq lazım gəlsə, gedib etibar etdiyim, inandığım bir mənbədən oxuyaram.” Nə gözəl məntiq! İranı tanımaq üçün Ordubadini oxumaq olar, amma Hindistanı tanımaq üçün Rüşdini oxumaq olmaz, çünki Seymurun xoşuna gəlmir.
Bir yandan deyir ki, adam gərək bildiyini yazsın, o biri yandan deyir ki, Orxan Pamuk burjua həyatından yazır. Sakın onun da bildiyi burjua həyatı olmasın.
Seymur son vaxtlar öz həqiqətindən başqa gözü heç nəyi görməyən fanatiklər kimi danışmağa başlayıb. Ümumiyyətlə, niyəsə ona elə gəlir ki, belə əsib-coşaraq cavanların gözünün odunu alacaq; halbuki, bu gün Seymurun tənqidinə tuş gələn Mirmehdi də, Əli Novruzov da, Cavid Ramazanov da, adı çəkilməyən Rəşad Səfər də maraqlı, faydalı və müasir məqalələr yazırlar. Mən onların yazısında indiyə qədər nəzakətsiz heç nə görməmişəm.
***
Seymur Baycan üz qabığına sviterli-vodolaskalı şəkillərini vurduğu kitablarında birpartiyalı mövqedən çıxış edir. Onun tənqid metodunu bir futbol analogiyası ilə izah etməyə çalışaq. Bu metodu istənilən adam öz sahəsinə tətbiq edərək yoxlaya bilər.
Seymurun birpartiyalı tənqid metodu təxminən belədir:
“Messinin, Kriştianu Ronaldonun oyununa baxanda bir daha başa düşdüm ki, reklam, təbliğat istedadsız adamları necə böyük futbolçu kimi təqdim edə bilərmiş. Adamı yandıran odur ki, bizim dostlarımız titullarına aldanıb onları göylərə qaldırırlar. Nolsun ki, Messi dəfələrlə “Ballandor” mükafatını qazanıb, Ronaldo dəfələrlə Çempionlar liqasının qalibi olub, bu şöhrətin, təbliğatın parıltısına aldanmaq olmaz. Messi də, Ronaldo da bir qəpiklik oyunçular deyil. Futbolçu Qabeliya idi, Şengeliya idi, Rinat Dasayev idi, səmimi və həyati kepkası ilə Lev Yaşin idi, Maşallah Əhmədov idi. Messi kimdir, a kişi? Kataloniya futbol məktəbində yetişmiş, surroqat burjua təmsilçisi. Ronaldo kimdir? Reklamdan varlanan meşşan. İndi tutaq ki, Şəhriyar del Gerani, Fərid Hüseyn cavandır, başa düşmür, bəs Aydın Bağırova, Elçin Cəlilova nə gəlib ki, durub Messini, Ronaldonu bəyənirlər?! Qurtarmaq lazımdır bu komediyanı. Analizə başlayıblar mənim üçün, nə bilim, 4-4-2, 5-3-2 taktikası belə gəldi, Panenka penaltisi elə getdi, rabona zərbəsi, elastiko, nə bilim, “park the bus” filan. Bunlar hamısı bər-bəzəkdir. Futbolçu gərək topu hiss eləsin, topa olmasa da, heç olmasa boşluğa zərbə vurmağı bacarsın. Məsələn, Tərlan Əhmədov, bir də gürcü futbolçu Şota Arveladzedə bu var idi, boşluğa toxuna bilirdilər...”
Bu ritorika ilə heç bir məsuliyyət daşımadan, öz sözləriylə desək, nə qədər istəsən boşboğazlıq etmək, hamını saxtalıqda ittiham edərək özünü pirü-pak, orqanik, təndir çörəyi kimi təbii və saf elan etmək olar.
Ümumiyyətlə, Seymurun hərəkətləri, çığır-bağırı, özünə əl qatması, yetənə yetib, yetməyənə bir daş atması qəribə şəkildə fantastik filmlərdə keçmişdən gələcəyə düşən adamın isterikasına bənzəyir. Bu filmlərdə keçmişdən gələcəyə düşən personajlar yüz il əvvəlki şeylərin dəyişdiyini görəndə, çaş-başlıq içində dəlisov hərəkətlər etməyə başlayır, adamların üstünə hücum çəkirlər.
Seymurun tənqid lüğətini tərtib etsək, belə bir şey alınır:
Tənqid lüğəti: “surroqat, cansız, banal, burjua əxlaqı, cəfəngiyyat, saxta, enerjisiz, ruhsuz, zülm çəkdim, söz tapmıram, uydurma, zibil qutusuna atılmalı, niyə nəşr olunub?” və s.
Burda bircə “rupor” və “antipod” sözləri çatışmır, onlar da olsa, əsl 30-cu illərin proletar tənqididir.
Yüz il bundan qabaq Eliot impressionist (“təəssüratçılar”) tənqidçilərə irad tutaraq belə yazırdı:
“Onların həssaslığı obyekti dəyişdirir, amma yeni bir şey əmələ gətirmir; reaksiyaları isə emosiyaları inkişaf etmiş sıravi insanın reaksiyalarıdır. Bu sıravi emosional adam bir sənət əsəriylə qarşılaşanda, yaradıcı və tənqidi reaksiyaları bir-birinə qarışdırır. Bu reaksiyaların içində onun müşahidələri və fikirləriylə yanaşı, şəxsi həyatına tətbiq etdiyi yeni emosiyalar da var. Bir sənət əsəri qarşısında təsadüfi şəxsi assosasiyalardan xilas ola bilməyən və sənət əsəriylə heç bir əlaqəsi olmayan emosiyalara qapılan sentimental şəxs yarımçıq sənətçidir.”
Çox təəssüf ki, müzakirələrdə heç kim Seymurun hansı ədəbi-bədii istiqamətə aid olduğunu, nəyi yarımçıq bildiyi üçün səhv saldığını təyin etmək istəmədi. Görünür, belə şeylər bizim mühit üçün lazım deyil.
Seymurun “saflıq, təmizlik, təbiilik və sentimentallıq” vurğusunun humanitar fikirdəki adı Russoizm, yaxud russoçuluqdur. Jan Jak Russo bizim Seymur kimi ziddiyyətlərlə dolu bir adam olub. O, “Yeni Elioza”, “Emil və ya tərbiyə haqqında” adlı romanlarında və “İnsanlar arasındakı bərabərsizliyin mənşəyi” məqaləsində təxminən belə bir tezisdən çıxış edirdi ki, insan təbiətdəki təbii halında yaxşıdır, onu pozan elm və mədəniyyətdir. Russo, belə deyək ki, təbiətdəki vəhşi, yabanı, mədəniyyət öncəsi insanı burjua insanına qarşı qoyurdu. Russonun bu qənaətə gəlməyinin kökləri onun içində yetişdiyi, protestanlığın bir qolu olan kalvinizmlə bağlı idi; kalvinistlər xristianlığın yeganə mənbəyini “İncil” hesab edirlər və bər-bəzəkli həyat sürməyi, ləl-cəvahiratdan istifadə etməyi, tənbəlliyi günah sayırdılar. Kalvinistlər dünyaya bizim Seymur kimi ağ-qara rakursdan baxırdılar: insanlar qurtuluş üçün seçilmiş və ya seçilməmiş olaraq doğulurlar, təxminən, dastanlardakı kimi, bir yanda mərdlər var, o biri yanda namərdlər, orta yoxdur, başqa çalarlar yoxdur. Russoçuluğun ikinci mənbəyi Puritanizmdir, çox dərinə getmədən deyim: ingiliscə purity - saflıq, təmizlik sözündən gəlir.
Nabokov Dostoyevskiylə bağlı məşhur mühazirəsində sentimentallıqla həssaslığı bir-birindən fərqləndirəndə elə bunu nəzərdə tuturdu:
“Sentimentallığı” “həssaslıqdan” ayırmaq lazımdır. Sentimental adam şəxsi həyatında həddən artıq qəddar ola bilər. İncə hissiyyatlı adam isə heç vaxt qəddar olmur. Proqressiv bir ideya üçün hönkürüb ağlamağa qadir olan sentimental Russo, öz övladlarını müxtəlif uşaq evlərinə və iş evlərinə paylaşdırmış, sonralar onların taleyində heç bir rol oynamamışdı. Sentimental qarımış qız tutuquşusuna ləziz yemlər verə və qardaşı qızını zəhərləyə bilər. Sentimental siyasətçi heç vaxt “Analar günü”nü ötürməz və öz rəqibinin öhdəsindən amansızlıqla gələr. Stalin uşaqları sevirdi. Opera, xüsusilə,“Traviata” Lenini hönkürtü ilə ağlamağa vadar edirdi.”
Bu, Seymurun yaradıcılığını araşdırmaq istəyənlər üçün xırda bir girişdir. Əsaslı yazı yazmaq istəyənlər Russonun nəyi düz, nəyi səhv dediyini, sentimentalizmin 80 il gecikməklə Rusiyada Karamzinə, Amerikada Henri David Toroya, 250 illik gecikmə ilə bizim ədəbiyyata necə keçdiyini, hansı transformasiyalara uğradığını, bugünə salamat keçən, yarıyolda məhv olan tərəflərini həvəsləri olsa, araşdıra bilərlər.
Madam ki, söhbət səmimiyyətdən düşüb... Mənim onunla bağlı qənaətim əvvəl də, indi də belə olub: Seymur ləyaqətli publisistdir, çox-çox zəhmət çəkərək öz obrazını yaratmış adamdır; ancaq elə bil son vaxtlar özünü təkrarlamağı özünü yeniləməklə qarışdırır, çox vaxt mütaliə ilə savadı, sadə yazmaqla bəsit yazmağı qarışdırdığı kimi.
Yazılarında asıb-kəsməyinə baxmayın, ondan üç küçə aralıda dava düşsə, qorxusundan aylarla oralardan keçməz.
Onun Elçibəy haqqında yazdığı “Don Kixot” essesi müstəqillik dövründə yazılmış ən gözəl yazılardan biridir; o, şən, zarafatcıl, rəngli simadır, yorulmaz kitabsevər, xirtdəyəcən kompleksli adamdır; məncə, ədəbiyyat yazıları arqumentsizdir, yazıçı sözündən çox, təzə başlayan oxucu rəyinə bənzəyir, mətnlərinə həmişə rabitəsiz şeyləri qarışdırır deyə çox vaxt onluqdan vurduğu dəqiq təsbitləri də sönük qalır. Fikrimcə, Seymur tələbə yataqxanası kimi səs-küylü və səliqəsiz “Quqark”dansa, “Ana ürəyi” povestində tapdığı ironiya və hiss tarazlığını saxlaya bilsəydi, bu gün onun bədii mətnlərindən daha çox danışardıq. “Ana ürəyi” əsərinə görə çox sevinmişdim.
Mən bizim balaca mühitimizin rəsmi (bir-iki sayt, qəzet və jurnaldı) və ya qeyri-rəsmi ortamlarında (maaşın üstünə qonorar da gələndə baş tutan xudmani məclislərdi), tutalım, Şərifin hekayələrindən bütöv hissələri şeir kimi əzbərdən deyən adamlar görmüşəm, Mirmehdinin, Mübariz Örənin, Ataqamın və başqalarının hansısa hekayəsindən tənqid, yaxud təqdir müstəvisində bəhs edənlərlə rastlaşmışam. Amma nəinki rəsmi, heç qeyri-rəsmi söhbətlərdə belə Seymurun hansısa hekayəsini heç tənqid belə edən ciddi ədəbiyyat adamına rast gəlməmişəm, uzağı belə bir lirik epizodu misal çəkirlər: vağzalda darıxan qadın yaylığını təzədən açıb bağlayır...
Bilmirəm, bəlkə də o, özündən əmin, qətiyyətli görünsə də, əslində, ürəyinin dərinliyində bədii yaradıcılığıyla bağlı şübhə içindədir, buna görə dünyada heç bir yazıçının etmədiyi bir şeyə əl atır: hər yazısında, hər müsahibəsində öz hekayələrini təklif edir, amma yenə xeyri olmur.
Mən onu çox istəyirəm, arzu edirəm ki, tezliklə onu sevənlərə qürbət yox, vətən daşları atsın. Bundan sonra da mənimlə bağlı nə istəsə yaza bilər, yüz sözünə yüz bir cavabım olsa da, daha cavab verməyəcəm.
Məncə, Seymuru hamı çox istəyir, o isə hey qışqırır. Kim bilir, bəlkə də ən çox ehtiyacı olan şeyə – sevgiyə inamını itirdiyi üçün belədir.
Burdan o yana artıq sükutun ərazisidir.