Səni cırıq-cırıq eləyərəm...

Səni cırıq-cırıq eləyərəm...
12 avqust 2015
# 16:34

Kulis Qismətin "İkinci şəxsin təkində" essesini təqdim edir.

"Səni cırıq-cırıq eləyərəm, sən bilirsən mən kiməm ?!"

Yağış pəncərini döyəcləyir və sən avtobusun birnəfərlik oturacağından çölə boylanıb, yolu keçən, evə tələsən adamlara baxa-baxa yorğun günün son akkordu olan bu qəzəbli vətəndaş nidasına qulağını tıxamaq istəyirsən, alınmır. Sürücü maşını saxlayıb düşür, tutaşırlar, söyüşürlər, yağışınsa bütün bunlar vecinə deyil. Sən fikirləşirsən ki, niyə yağış kimi ola bilmirsən?

"Səni butulkada otuzduraram."

Camaat çölə tökülüşür, sən yerindən tərpənmirsən, tərpənmək istəmirsən, gözlərini yummaq istəyirsən. İstəyirsən gözlərini yumub-açasan və görəsən ki, gördüklərin yuxuymuş, alınmır. Gözlərin yumub-açırsan ki, əməkdar eynəyin burnunun üstündədir, həmin yerdəsən – o sınıq-salxaq avtobusun birnəfərlik oturacağında. Düşüb metroya minmək istəyirsən, amma fikirləşirsən ki, bu saatlarda metroda dəhşət qələbəlik olur, həm də düşünürsən: axı niyə düşməliyəm? İyirmi qəpiyimi verib sakitcə evimə getmək istəyirəm. Olmazmı?

"Nəslindəki bütün oturub i...."

Ürəyin köksündə çırpınmağa başlayır. Düşüb düz maşın yolunun ortası ilə qaçmaq istəyirsən, qışqırmaq istəyirsən. Qışqırmaq istəyirsən ki, susun!

Telefonuna mesaj gəlir: "Gələndə çörək al." Bu üç cümləlik mesaja baxırsan, baxırsan və nəsə sənə elə gəlir ki, tez bu mesajı silmək lazımdı; silmək lazımdı ki, çörək sözü kirlənməsin. Tez mesajı silirsən, sonra özünə gülməyin gəlir.

"Sənin ananı..."

"Sənin nəslini..."

"Sənin ağzını..."

Gülüşünün ömrü çox çəkmir. Eşitmək istəmirsən, gözlərini yolun o tayındakı binaya zilləyirsən, eyvanda bir kişi məhəccərə söykənib siqaret çəkir. Balası yanına gəlir, kişi uşağın başını tumarlayır, birazdan əlində idman köynəyi bir qadın da gəlir eyvana. Köynəyi kişinin çiyninə atır, uşağı içəri aparır. Gözlərin dolur. Səbəbini bilmirsən. Dava səngiyir, adamlar təzədən içəri doluşur, şofer deyinə-deyinə sürməyə başlayır. Kələ-kötür yollarla gedirsiniz, yağışsa etinazsızca yağmağa davam edir. İki sərnişinin söhbətinə qulaq müsafiri olursan.

"Uşağın dişi çıxıb? Hədik bişirin."

Hədik sözünü eşidən kimi uzaq dünənlərdəki biri günü xatırlayırsan. Bir həyət xatırlayırsan, bir gecə xatırlayırsan. "Saxla" – deyirsən şoferə, düşürsən. Sonra birdən ayılan kimi olursan, baxırsan ki, evə hələ bir dayanacaq var. Siqaret yandırıb dərin bir qullab vurursan. İçində bir şeirin cücərdiyi hiss eləyirsən. Tez özünü bir kafeyə verirsən, yalandan nəsə sifariş edirsən, bir ömür kimi uzun gələn on dəqiqəyə yazırsan içindəkini.

Evdə yadına düşür ki, çörək almalıydın. Qayıdırsan, çörəyi alırsan, yağışda ləzzətlə bir siqaret də çəkirsən.

Evdə yeməyini yeyən kimi düşürsən kitabların canına. Gecə yarıya qədər oxuyursan, sonra yorulursan, amma yuxun da gəlmir, pəncərədən baxmağa başlayırsan.

Mətbəx pəncərəsindən baxanda şəhərin işıqları ucuz teatr dekorasiyasına bənzəyir və bu dekorasiya, bu solğun işıq topası sənə həmişəkindən uzaq, çox uzaq görünür. Düşünürsən ki, beş yaşın olanda bəzi gecələr taburetin üstünə çıxar, pəncərədən şəhərin işıqlarına baxardın və onlar sənə daha yaxın, daha doğma, daha isti gələrdi; sonra get-gedə böyüdün, boyun uzandı, taburetə ehtiyacın qalmadı və nədənsə şəhərin işıqları sənə yaxınlaşmaq əvəzinə günbəgün uzaqlaşmağa başladılar. Onda – beş yaşın olanda gözlərində işaran, baxa-baxa xəyal qurduğun şəhərin işıqlarını sən ağ pişik balasına bənzədirdin və dodağının altında “gəl, pisi-pisi” deyə-deyə o işıqları daha yaxına çağırmaq, tumarlamaq istəyirdin. İndisə, bax, elə bu gecə, o işıqların sənə bu qədər uzaq görünməsinə heyrətəbənzər hisslər keçirsən də, elə bil bu uzaqlığa sevinirsən; çünki qorxursan, qorxursan ki, birdən işıqlar beş yaşındakı kimi sənə yaxın olsalar, sən onları tumarlamaq yox, ağlaya-ağlaya, söyə-söyə yumruqlamaq istəyərsən. Amma çox da dərd eləmirsən, bilirsən ki, bu qorxunu içindən qovmaq üçün bir yol tapmısan: bir az içən kimi pəncərəni açır, şəhərin işıqlarına baxa-baxa siqaret çəkməyə başlayırsan və özünü inandırmağa çalışırsan ki, o uzaqdakılar işıq deyil, sənin kimi mətbəx pəncərəsindən şəhəri seyr edə-edə siqaret çəkən yuxusuz və sərxoş tənhaların siqaretlərinin közərən yeridir.

# 1367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #