Qismət yazır...
Seymur indiyə qədər yazıbsa, demək olar ki, hamısını oxumuşam. Çünki bizim ölkədə Seymur kimi rəngli sima və mənim üçün bundan da vacibi yorulmaz kitabsevər tapmaq çox çətindir. Bir-birinə daban-dabana zidd müəllifləri, estetikaları eyni sevgiylə oxumaq, anlamağa çalışmaq, özün sevmədiyin əsərin belə ədəbiyyatdakı yerini anlayıb hamıya məsləhət görmək üçün gerçək kitabsevər olmaq lazımdır və Seymur azsaylı belə adamlardandı. Əslində, məncə Seymuru oxumaq üçün, onu sevmək üçün elə bir az onun kimi olmaq lazımdı.
Seymuru oxuyan kitabsevər bilməlidir ki, o, çox estetcəsinə ifadə olunmuş müşahidənin yanına qəfildən yanına tamam əlaqəsiz, rabitəsiz bir şey yapışdıra bilər (“Quqark” romanının səhifələrinə səliqəsizcə səpələnmiş səhnələri xatırlayın), oxuduğu kitab haqqında inanılmaz təmkinlə on ikidən vurulmuş qənaətləri yazandan sonra birdən növbəti abzasda əsəbiləşdiyi avtobus şoferinin qabırğasına döşəyə bilər (“Mənim mübarizəm” kitabındakı yazılarına baxın), öldürücü ironiyası güldüyü romantik-sentimental, nekrofil, qaramat adamların infantil cizgilərini qəfildən onun özündə görə bilərsiniz (Müsahibələrinin sətiraralarına fikir verin), amma ən gözəli odur ki, o bütün bunların fərqindədir və hamıdan qabaq özü-özünə yumorla, ironiyayla yanaşmağı da bilir. Bu müdrik xasiyyət bəlkə də Seymurun yaratdığı özünü müdafiə mexanizmidir. Təxminən belə: ehtimal olunan ironik replikaları nəzərə alıb, onlardan qabaq özünəironiya etmək və sanki bu hərəkətlə cəmiyyətə üstüörtülü belə bir sual ünvalamaq: “Mən özümə də gülürəm, bəs siz?”
Mən ən müxtəlif zamanlarda Seymur barəsində düşünmüşəm, dəfələrlə olub ki, onun portretini yazmaq istəmişəm, alınmayıb. Sonra dəfələrlə olub ki, içimdən başımdan böyük bir işə girişmək istəyi baş qaldırıb: müstəqillik dönəmində yaranan, ədəbiyyat dərsliklərini düşməyən, universitetlərin proqramına salınmayan yeni ədəbiyyat nümayəndələrinin əsərlərini analiz etmək, bir növ alternativ ədəbi-nəzəri bir ədəbiyyat tarixi yazmaq. Hərçənd bu “alternativ” sözü məndə həmişə ikili hisslər yaradır, bir yandan bu söz fərqliliyə vurğu kimi səslənsə də, o biri yandan müəllifləri sanki bu ölkənin mədəniyyətindən, ədəbiyyatından kənara itələmək istəyir, hamımızı legioner vəziyyətinə salır. Elə bil bu “alternativ” etiketi altında təsnif olunan bütün müəlliflər bu coğrafiyanın, bu mədəniyyətin, bu dilin övladı deyil, eləcə müvəqqəti müqavilə şərtləri ilə başqa yerdən transfer olunub və inanın ki, bu məni həmişə için-için yandırıb.
Bəzən mənə elə gəlir ki, Seymur bəzi şeyləri hamıdan qabaq və çox diqqətlə oxuduğu üçün qabaqcıl meylləri anlayır, amma elə buna görə də tam başa düşülmür; bəzən isə əksinə mənə elə gəlir ki, o həm də bəzi sadə şeyləri isə çox gec oxuduğu üçün bir sıra məsələlərin tarixdə öz ömrünü başa vurmasını tam qiymətləndirə bilmir. Bunların hansı doğrudu, Allah bilir. Bəlkə hər ikisi, bəlkə də heç biri.
Amma kim nə deyir-desin, bir şeyi bütün ürəyimlə hiss edir, ağlıma dərk edirəm ki, bizimki kimi cəmiyyətlərdə Seymur Baycan asan-asan yetişmir.
Seymurun yeni kitabı “Ana ürəyi”ni kitab klubundan aldım və elə həmin gün də bircə saatın içində oxuyub bitirdim. “Ana ürəyi” povesti ilə bu günlərdə oxuyub haqqında yazdığım Dodald Barthelme-nin “Ağca qız” romanı arasında qəribə bir əlaqə var. Barthelme dünyaca məşhur nağılı dekonstruksiya edərək, qara yumorla yenidən yaradıb və bütöv bir nəslinin tərbiyəsində əsas nağıllardan sayılan romantik mətnin altına sərt Amerika reallığı doldurub. Düşünürəm ki, Seymur da eyni metodla işləyib və dünyaca məşhur olmasa da, bizim cəmiyyətin xarakterini, mentallığını çox yaxşı ifadə edən məlum segahı əsərinin onurğasına yerləşdirib, həmin segahın üstündə bizim reallığımızın bir çox tərəfinə qara yumorla yanaşıb.
Mənə görə Seymur heç bir kitabında bu qədər səliqəli, bu konseptual, bu qədər estet olmayıb. Deyim ki, povestin adı belə müəllifin romantizmə estetcəsinə istehzasını, ironiyasını, həm də həmin ironiyanı doğuran əsəb gərginliyini, iztirabı əla ifadə edir. Birnəfəsə oxunan povestin ilk baxışdan adi melodramanı xatırladan hər cümləsinin altındakı gərginliyi mən tamam hiss elədim. Məsələn, küçədə bir oğrunun adamlar tərəfindən döyülməsini xatırlayan əsərin qəhrəmanı, “siçan gözü kimi girdə, qara gözlərindən” yaşlar tökən oğrunun çarəsiz vəziyyətinə, aman diləməsinə üzülür, elə bu andaca azan səsi eşidilir və Seymur əsərin parodik xarakterindən bir cümləlik kənara çıxıb, bütün vəziyyətə nöqtə qoyur: “İnsanın göz yaşlarını görməyənlər Allahın səsini eşidə bilməzlər. Bu cür xatirələrlə yaşamaq çox çətindi...”