Bakirə Məryəm

Bakirə Məryəm
11 fevral 2013
# 15:24

İşıqlı günlərə xəbərdarlıq kimi tökülən sarı yarpaqlar borclarını - canlarına hopmuş sarı rəngi - günəşə qaytarmışdılar, qaranquşlar da gəlmişdi. Köynəklərin qolu qısalmış, şalvarlar nazilməyə, satıcılar meyvə-tərəzi yavaş-yavaş içəri rəflərdən dükanın ağzına çıxarmağa başlamış, pivəxanaların qabağında stol-stul peyda olmuşdu. Sonrası köhnə-külüş bir əhvalatdı...

***

Məryəmin 14 yaşı vardı, ayaqları yerə dəymirdi, elə bil uçurdu. Daşa baxsa, daş çiçəkləyirdi, yolların üzünü güldürürdü; əsl sehrbaz vaxtıydı, canı şirələnmişdi, gözləri işıldamağa başlamışdı, səsi məlahətlənmişdi. Hansı oğlana baxsa, salam versə, gülümsəsə, həmin oğlanın içində nəsə titrəyirdi və o oğlan tezcə siqaret yandırırdı, dostlara xəbər göndərirdi ki, axşama məclis var, dəmlənməliyik.

Bütün qızlar, kifir-gözəl, bütün qızlar Məryəmlə rəfiqə olmaq, onun yanında görünmək istəyirdilər; fikirləşdirdilər ki, işdi-qismətdi, bir də gördün bəxt-xuda üzümüzə güldü və Məryəmə zillənən baxışlardan bizə də pay düşdü.

Məryəmin isə heç kimin bilmədiyi bir sevdası vardı : yuxarı sinifdəki Kərim. Sonrası bekara bir əhvalatdı...

***

Kərim məktəbin həyətində görünəndə, şaqqanaq çəkib güləndə, ədalı-ədalı siqaretini yandıranda, Məryəmin bağrının başında nəsə oynaşırdı, qulaqları qızarırdı, əlləri soyuyurdu, ürəyi gum-gum döyünməyə başlayırdı.

Günlərin bir günü tale onları məktəb yolunda rastlaşdırdı. Məryəm qabaqda gedirdi, Kərim arxada, sonra necə oldusa, Kərim addımlarını yeyinlətdi, qabağa keçdi. Ayaq saxlayıb bir siqaret yandırdı, dönüb arxadan gələn Məryəmə baxdı, gülümsədi. Məryəm utandı, sevindi, əriyim muma döndü. Kərim düz məktəbəcən arxaya çöndü, ona baxdı, baxdı...

Sonrası adi bir əhvalatdı...

***

Kərim sonralar hər gün Məryəmin qabağınca getməyə, arxaya boylanmağa başladı. Məryəm hər gecə sabahkı günü, məktəbə getməyi arzulamağa başladı, bəlkə də məktəbi yox, məktəbə qədərki yolu...

Bir gün Məryəmin gözləmədiyi ( əslində gizlin-gizlin arzuladığı ) bir şey oldu, Kərim onun yanınca getməyə başladı, salam verdi, hal-əhval tutdu, havadan-sudan danışdı. O gündən sonra hamı onları qoşa gördü.

Məryəmin dərsdən yorğun-arğın evə gəldiyi günlərdən birində, evdə heç kim yox idi. Evi bir az səhmana salandan, qab-qacağı yuyub qurtarandan sonra, təzəcə divana uzanıb mürgü vurmağa başlamışdı ki, qapı döyüldü. Gələn Məryəmin əmisi idi. Əmisi qardaşıqızını bağrına basıb görüşdü, içəri keçdi. Bir-iki elə-belə sual verdi, amma nəsə sözlü adama oxşayırdı; nəsə demək istəyir, sözü fırladır, mızıldanır, sonra yenə susurdu. Gözlərinin dibi qızarmışdı, rəngi isə avazıyıb olmuşdu ağappaq. Məryəm başa düşmüşdü ki, əmisi yenə hardasa boğazını yaşlayıb, çünki onu belə halda çox görmüşdü.Əlqərəz, xoş-beşdən sonra, Məryəm əmisinə çay gətirmək üçün mətbəxə gedir, azca keçmir ki, əmisi onun dalınca mətbəxə gəlir , arxadan onu qucaqlayır və...

Sonrası qəzetlik əhvalatdı...

***

Kərim səhər nə qədər gözləyir, Məryəm həmişəki saatda, həmişəki yerdə görünmür. Üçüncü siqaretdən sonra, məyus-məlul, ürəyindən qara qanlar axa-axa məktəbin yolunu tutur. Fikirləşir ki, yəqin qız xəstələnib, amma axırıncı dərsdə direktordan o məşum xəbir eşidəndə, inanmıra, elə bilir ki, bu kimsə yad bir adam haqqında xəbərdi, elə bilir ki,kimsəyə heç nə demədən bu dünyada köçən Məryəm onun birdənəsi, qaragözlüsü yox, başqa Məryəmdi...

Başqa vaxt axtarsa, bəlkə də o andıra qalmış kəndiri tapa bilməzdi Məryəm.Amma bu dəfə necə olmuşdusa, əlini atan kimi əlinə o kəndir keçmişdi. Qucaqlayıb ağlamışdı kəndiri Məryəm. Gözünün qabağına gah atası-anası gəlmişdi, gah məktəb yolunda siqaret yandıran Kərim, gah da əmisinin yaxınlaşan-uzaqlaşan görüntüsü...

Gözündən tökülən mirvari dənələri otağa səpələnəndən, mətbəx döşəməsinin soyuqluğu belindən çəkiləndən sonra, Məryəm kasıb evlərinin köhnə çilçırağından asmışdı özünü...

Sonrası... sonrası... əhvalatdı.

# 5433 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #