Kulis.az Qismətin "Söyüşün qısa tarixi" yazısını təqdim edir.
Afaq Bəşirqızıyla bağlı facebookda belə bir stasus yazdım:
“Afaq Bəşirqızı da sovetdənqalma nepotizm örnəklərindən biridir. Nepotizm - peşəkar keyfiyyətlərə görə yox, qohumluq-tanışlıq əlaqələrinə əsasən kimisə qabağa çəkməkdir. Afaq xanım da Bəşir Səfəroğlunun qızıdır, xüsusi bir talantı, intellekti yoxdur, təntənəli ortabablıq nümunəsidir, "delovoy, diribaş xala" obrazıyla səhnədə də, həyatda da dolanır. "Afaq gülür, güldürür" kimi ucu-bucağı görünməyən zövqsüz işlər görüb, son aylarda isə özünü sosioloq, xilaskar, həqiqət carçısı kimi aparmağa başlamışdı. Burda artıq İncil motivi işə düşür, xoruz banına qədər həqiqəti satmağa başlayıb...”
Birbaşa və dolayı reaksiyalardan hiss etdim ki, mövzunu bir az da açmağa ehtiyac var, həmişəki kimi.
Cem Yılmaz müsahibələrinin birində deyir ki, səhnədə söyüşlə danışdığıma görə məni qınayanlar çöldə məni görəndə yaxınlaşıb ən biədəb anekdotları danışmağa başlayırlar və utanıram.
Məsələ nədir? Cem Yılmazın səhnədəki söyüşcül obrazı Türkiyə yumor ənənəsindəki Məddah kültürünün İstanbulun küçə jarqonuyla birləşməsindən yaradılıb, yəni o, doqmatik, tabu olanı söyüşlə neytrallaşdıran, həqiqəti faş edən personajdır. Bir dəfə də belə demişdi: Mənə təlxək deyirlər, qürur duyuram, təlxək krala barmaq eləyən yeganə adamdır.
Cemin yaratdığı tip türk kinematoqrafiyasında Sadri Alışıkla başlayır. Cem Yılmaz bu personajın (maskanın) arxasından öz monoloqonu deyir və özünün dediyi kimi, biletin üstündə qiyməti də var, məzmunun açıq-saçıqlığıyla bağlı xəbərdarlıq da. Söyüş eşitməkdən rəncidə olursansa, bilet alma. Açın, baxın, görün, Cem Yılmaz səhnədən kənar qonaq olduğu müzakirə proqramlarında (şou yox) nələrdən danışır, hansı filmləri, kitabları tövsiyə edir.
Görünür, çox sadə başqa bir məqamın da izaha ehtiyacı var. Sənətşünaslıqda müəlliflə oxucu, rejissorla tamaşaçı arasında xəyali bir müqavilə təsəvvür olunur, yəni müəllif kitabını roman kimi təqdim edibsə, avtomatik şəkildə həmin kitabı alan oxucu ilə arasında xəyali bir müqavilə, razılaşma işə düşür: oxumağa hazırlaşdığın kitab tarixi gerçəklik deyil, fiksiyadır, bədii gerçəklikdir. Volterin “İctimai müqaviləsi”ndən bu yana həmin prinsip başqa-başqa sahələrdə özünəməxsus şəkildə təzahür etdi. Filmlərin üstünə yazılan yaş və məzmun xəbərdarlığı da (tutalım, "Netfliks"də baxmağa hazırlaşdığın kontentlə bağlı “narkotik maddələrdən istifadə, seks, şiddət və s. tipli xəbərdarlıqlar var), elmi məqalələrin əvvəlində istifadə olunan “açar sözlər” prinsipi də təxminən eyni təzahürdür – oxucuyla, tamaşaçıyla xəyali bir kontrakt bağlamaq, onu daxil olmağa hazırlaşdığı dünyanın “oyun qaydaları” ilə tanış etmək.
Mən xaraktercə nadir hallarda söyüş söyürəm, amma bu olayda məsələ söyüşün kontekstidir. Neçə illərdir xeyli sənətçimizin dilindən eşidirik ki, “səhnədə söyüş söymərəm, elə rolda çəkilmərəm, camaatın anası-bacısı var” və s. İndi isə məlum olur ki, hələ oynamadığı rolların əxlaq bəkçiliyini edənlərin (fiktiv personajın namus-qeyrətini qorumaq da ayrıca yazılası fenomendir!) çoxu artıq klişeləşmiş “səhnə həyatı” ilə “həyat səhnəsi” ifadələrinin məntiqini belə başa düşmürlər, ya da necə sərf edirsə, elə qavrayırlar. Bir balaca arxayınlaşan kimi, dəstək görən kimi, canlı yayıma zəng edib söyüş söymək, təxminən, nüfuzundan istifadə edib kafelərdə qoçuluq edən feodal-patriarxal Fatih Tərim kafasıdır.
Ekonun dediyi kimi, pornoqrafiya açıq-saçıqlıq yox, pis yazmaqdır.
Ədəbiyyatşünas Melissa Mohr “Söyüşün qısa tarixi” kitabında yazır ki, söyüş dilin alət çantasındakı çəkicdir. Melissa xanımın bu maraqlı kitabı şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata qədər söyüşün istifadə formalarına nəzər salır. Alim yazır ki, XVII əsrdə Ranterlər adlı dini qrupun üzvləri insana xas olan bütün instinktlərin ilahi mənşəli olduğuna inandıqları üçün “söyüşlü dualar” oxuyurdular, onlara “vızqırd getsinçilər” də deyirmişlər, indiki dillə desə, “çox da şey eləməyэnlər.”
Ziqmund Freyd “Gündəlik həyatın psixopatologiyası” kitabında məşhur “dil sapmaları” tezisini ortaya atıb, el dilində desək, “dil çaşar, düzünü deyər.” Freydin fikrincə, cəmiyyətdəki tabular, qadağalar şüurlu şəkildə qarşılanmayanda təhtəlşüurda gizlənir, arxivlənir, sonra isə müxtəlif faktorların təsiri altında çaşıb dilə gəlir. Bu tezis bu günə qədər mübahisəli olsa da, görünür, bəzi vəziyyətləri izah etmək üçün hələ də effektivdir. Feministlərin şüarındakı qadın cinsiyyət orqanının adına görə xalqdan üzr istəyən aktrisa canlı yayıma zəng vurub maskulin, fallosentrik nitq irad edirsə, adamın yadına Viktor Pelevinin məşhur “Ziqmund kafedə” hekayəsindəki refren düşür: aha, aha.