Layihə: Qismətin təqdimatında “Dünyanın ən gözəl şeirləri”
Deməli belə, bundan sonra hər çərşənbə günü Kulis.Az-da dünya poeziyasının ən möhtəşəm örnəklərindən birinin tərcüməsini diqqətinizə çatdıracağıq. Əvvəlcə bu projeyə xronologiya üzrə, yəni antik dövrdən çağdaş dövrümüzə gəlməyi düşünsəm də, sonra bu fikirdən daşındım. Düşündüm ki, qoy xronologiya zənciri qırılsın, həmin anda ürəyimə, fikrimə hansı şeir düşürsə, sizinlə onu bölüşüm.
Odenin sizə təqdim etdiyim “Qaçqın blyuzu”nu və bir neçə başqa şeiri illər öncə virtuoz poeziya bilicisi, şair Səlim Babullaoğlunun gözəl tərcüməsində oxumuşdum, sonradan bəndəniz də həvəslənib Uiston Hyu Odenin bir neçə şeirini və essesini dilimizə çevirdim, elə həmin vaxtdan Odenin şeirlərini sevdim, adı harda rastıma çıxdısa, mütləq ayaq saxladım.
Bəri başdan deyim ki, təqdim edəcəyim poeziya nümunələrini heç bir tərcüməçilik iddiası olmadan, eləcə bölüşmək, tanışlıq xatirinə həyata keçirmək niyyətindəyəm. Bu mənada deməliyəm ki, bu tərcümələrdə formanı qorumağa çalışsam da, yəqin ki, orjinalla üst-üstə düşməyən nələrsə olacaq.
Oden “Qaçqın blyuzu”nu 32 yaşı olanda-1939-cu ildə yazıb. Oden “Qaçqın blyuzu” şeiri yazılan il Tomas Mannın kiçik qızı Erika ilə evlənir, lakin bu, “razılaşdırılmış” evlilik idi, məqsəd Erikanın nasist Almaniyasından qaçıb Britaniya pasportu alması idi.
Uinston Hyu Oden (1907-1973)
Qaçqın blyuzu
Bu şəhərdə ən azı on milyon qəlb döyünür,
Kiminin sarayı var, kimi it ömrü sürür:
Fəqət bizə yer yoxdu, canım, bizə yer yoxdu.
Bizim də bir zamanlar vətənimiz var idi,
Oranı xəritədə tapa bilərsən indi.
Gedəmmərik biz ora, əzizim, gedəmmərik.
Kənddəki məzarlığa kök salmış qoca çinar,
Yenə yaşıl geyinib, bəzənəcək bu bahar:
Köhnə xarici pasport bunu eləyə bilmir, canım, eləyə bilmir.
Konsul masanı döyüb belə dedi düppədüz:
“Pasportunuz yoxdusa, qanunən ölüsünüz!”
Amma biz yaşayırıq, əzizim, yaşayırıq.
Qaçqınkoma yollandım, yaman mədəniydilər,
Hörmətimi tutdular, “gələn il gəl” – dedilər.
Bəs bugün hara gedək, əzizim, hara gedək ?
Mitinqdə natiq dedi: “Onlara arxa dursaq,
Səhər bunlar hamısı loxmamıza cumacaq.”
Bizdən danışırdılar, canım, bizdən danışırdılar.
Avropanın başında qıyya çəkən şimşəklər,
Sən demə Hitleriymiş, deyirmiş: “Gəbərsinlər!”
Bizi deyirmiş, gülüm, bizi deyirmiş, bizi.
İt gördüm koftasından bər-bəzək saçılırdı,
Pişik gördüm üzünə qapılar açılırdı.
Onlar cuhud deyildi, gülüm, alman cuhudu.
O gün getdim limana, balıqlar üzürdülər,
Baxdım üzən balıqlar, azaddılar, hürdülər.
Cəmi on addımlıqda, gülüm, on addımlıqda.
Meşəyə gedib gördüm quşlar yuva hörürlər,
Siyasət yoxdu deyə şənlənirlər, gülürlər.
Quşlar insan deyillər, gülüm, insan deyillər.
Yuxuda bir ev gördüm, evlərin ən yekəsi,
Min dənə qapısı var, min dənə pəncərəsi:
Heç biri bizim deyil, əzizim, bizim deyil.
Təlim meydançasına gəlinlik qar yağırdı,
On min əlisilahlı yanımda çığırırdı.
Bizi axtarırdılar, gülüm, bizi axtarırdılar.
Tərcümə: Qismət