Bu romanın qiymətli tərəfi nədir?

Qismət Rüstəmov. Şair, esseist

Qismət Rüstəmov. Şair, esseist

3 noyabr 2021
# 09:50

Kulis.az Qismətin Orxan Pamukun "Qırmızı saçlı qadın" romanı haqqında yazısını tədqim edir.

Bu roman Pamukun özünü ən tez ələ verən əsəridir. Çünki Pamukun şah əsərlərində, məsələn, “Qara kitab”da, mətləb ən müxtəlif qatların altından sayrışır, görünüb itir, amma özünü tezcə ələ vermir, daha çox sezdirilir. Ona görə həmin mətnlər birmənalılıqdan çıxır, çoxqatlı, çoxyozumlu olur.

Düzdür, bu roman da birqatlı deyil, amma belə deyə bilərik: burda qatların hamısı çox üzdədir. Düşünürəm ki, bu roman Pamukun 40 illik nəsr təcrübəsi ilə, yəni daha çox texnikanın hesabına yazılıb. Məncə, gənc romançılara, yeni başlayanlara ən çox tövsiyə olunası Pamukun elə bu romanıdır. Məsələn, “Qara kitab”dan fərqli olaraq bu kitabdan öyrənmək çox asandır.

Mətni necə qurmaq lazımdır, əhvalatlar bir-birinə necə bağlanır, fəsillər necə bölünür, finalın məntiqi necə olmalıdır - bütün bunlar çox aydın görünür.

“Qırmızı saçlı qadın”ının qiymətli tərəfi nədir? Belə deyim, biz “Rüstəm və Söhrab” əhvalatını da bilirik, “Şah Edip”i də. Ən azı, yaxşı oxucular, normal filoloji təhsili olanlar bilirlər. Doğrudan da Edip mifi kimi, təkcə ədəbiyyatda yox, məsələn, psixoanalizdə də gen-bol işlənmiş bir mövzunu götürmək xeyli risklidir. Xüsusən də Freyddən sonra populyar kültürdə də hədsiz istismar olunmuş bu mövzuda təzə söz demək çətindir. Amma məsələ odur ki, Freyd məsələyə bioloji, seksual tərəfdən yanaşırdı: bütün kişilərin şüuraltında analarına, qadınların da atalarına qarşı seksual istəyi var. Ona görə romanın tanıtımında “Şah Edip”in adını görən kimi, oxucular avtomatik düşünə bilər ki, burda mütləq erotik çalar olacaq.

Pamuk isə, məncə, Freyddən daha çox Yunqa yaxın davranır. Arxetiplərin məntiqini çözməyə çalışır və Freyd kimi seksual kontekstdə yox, “atalar və oğullar”, analoji olaraq, “dövlət-fərd” münasibətlərini önə çıxarır. Ata fiquru avtoritar dövlətlə eyniləşdirilir. Amma kifayət qədər işlənmiş bu mövzuya Pamuk bir əlavə edir, yenilik gətirir. İki rakurs qarşılaşdırılır: Şərqi təmsil edən “Rüstəm və Zöhrab” əhvalatında atanın oğulu öldürməsi və qərbi təmsil edən “Şah Edip” əhvalatında oğulun atanı öldürməsi.

Bu iki əhvalatın fonunda, önündə-arxasında, həndəvərində isə yeniləşən Türkiyə, “kentsel dönüşüm”, əfəndi-kölə münasibətləri, avtoritarizm-fərdiyyət məsələləri işlənib. Freyd isə arada bir görünüb yoxa çıxır.

Romanda tez-tez vurğulanır ki, köhnə əhvalatlar, biz oxusaq da, oxumasaq da bizim həyatımızın ayrı-ayrı anlarında sanki təcəlla edir, qarşımıza çıxır, taleyimizə yön verə bilir. Bu düşüncənin özü çox qəribədir, elə bil, mətnlə mətn arasında yox, həyatla, alın yazısı ilə mətn arasında intertekstuallıq yaradılır.

Osmanlı imperiyasını xatırlayaq, orda necə idi? “Devlet-i Aliyye”nin mənafeyi söz konusu olanda heç düşünmədən şahzadələr öldürülə bilər. Dövlətin, əslində, hakimiyyətin davam etməsi üçün övladların qətlə yetirilməsi mütləqdir. Bu dövlət modelində humanizm sultanın icazəsi çərçivəsində “mümkündür”, “fərd” ikinci dərəcəlidir. Bu, xalqa, kütləyə misli görülməmiş göz dağı vermək metodu idi: öz övladımın belə canına qıyıramsa, gerisini sizin düşünün artıq...
Burda Freydi və onun məşhur “Dostoyevski və ata qatilliyi” əsərini xatırlayaq.

Freydin Edip kompleksi modelinə uyğun düşünsək, Dmitri Karamazov da atası ilə eyni qadına aşiq olub. Freyd öz essesində Şekspirin “Hamlet”ini də yad edir.

Şərq həmişə hökmdar-atanın mövqeyindən çıxış edir, çünki məsələ təkcə mental deyil, inam belədir ki, hökmdar tanrının yerdəki elçisidir. Deməli ataya, hökmdara qarşı çıxmaq, həm də tanrıya asi olmaqdır. Qərb isə fərdiyyətçiliyi önə çıxarır. Şərqdə ata oğulu öldürür, yəni hakimiyyət, ənənə davam edir və hamı oturub ölənə göz yaşı tökür. Beləliklə, elegiya, mərsiyə, ağı başlayır.

Qərbdə tərsinə olur: oğul ataya, yəni yeni köhnəyə qalib gəlir, ənənə inkar edilir, amma burda mərsiyə başlamır, daha incə bir məqam qabardılır, Şah Edip günahına görə əzab çəkir, peşman olur, özünü cəzalandırır, özü öz gözlərini kor edir. Ona görə qərb ədəbiyyatında günah hissi, buna görə özünü cəzalandırma və bunu etiraf edə bilmək motivi həmişə qabarıq olub. Freydin essesində məncə dahiyanə məqam da bununla bağlıdır.

O, yazır ki, Dostoyevski öz ürəkkeçmə xəstəliyini qəhrəmanı Dmitriyə köçürdüb, sanki özünü qatillikdə ən çox şübhəli olanla eyniləşdirir. Belə də deyə bilərik, Dostoyevskidə atanın qətlə yetirilməsi deyəsən həm də çar iqtidarının öldürülməsi idi və atası ilə eyni qadına aşiq olan Dmitrinin arzusu, elə bil, həm də daim qadın cinsində olan ana vətənə, ana torpağa, Rusiya anaya sahib olmağı rəmzləşdirir.

Romanda ağzı bağlanmış quyunun qarşısında ata və oğul görüşürlər, köhnə məsələlər vərəqlənir, quyunun da kilidini açırlar. Oğul atanı tarix quyusunun qaranlıqlarını qaytarır. Amma final yenə də müəmmalıdır, ikibaşlıdır, bilinmir ki, atanın öldürülməsini ana ilə oğul təşkil ediblər, ya yox? Cemal Süreyanın “Ata” şeirini xatırlayırsınız? Belə başlayır: “Sizin hiç babanız öldümü? Benim bir kere öldü, kör oldum...”

# 5780 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #