Məni yoxluğunun qolları sıxır...

Məni yoxluğunun qolları sıxır...
24 noyabr 2012
# 23:04
Səndən sonra kimsəyə dərdimi danışa bilmirəm, Zərdüşt. Bilirəm, məni eşidirsən, qulaq as.

***


Biz səninlə göyü bölüşdürmüşdük,
yarısı sənin çiynində idi, yarısı mənim.
İndi yüküm iki dəfə çoxdur.
Sən sükut olanda, mən səs olurdum,
indi sükut da mən olmalıyam.

Sevgilərini danışardın mənə, sarışın, qaraşın qızları,
yuxusuz gecələri danışardın,
yuxusuz gecələrdə danışardın.
Mən sənin sirrini məbəd kimi qoruyardım,
susardım.
İndi sən susursan,
danışım da...

***

Sevinmək yadımdan çıxır deyəsən...
Sinəmin üstünə qərənfil taxıb,
Dostun uyuduğu bir qəbrə baxıb,
adam anlayır ki, puçdu bu dünya...

Mən indi tövbədən qaçan günaham,
Mən indi oyunu dərdə uduzmuş,
Şahmat taxtasında tək qalan şaham...

Sevda cənnətdəki bir güldür mənə,
Məhəbbət əzabı çəkirəm indi.
Cəhənnəm əzabı yüngüldür mənə,
Mən cənnət əzabı çəkirəm indi.

Sevinmək yadımdan çıxır deyəsən...

***

Zərdüşt, yuxuma gəl, siqaret çəkək,
Adamın adama yazığı gələr...
Mələyin adama yazığı gələr...

***
Divarı dənizdən, daşı küləkdən
bir ev tikdim - məhəbbət.
Başdan-başa ayrılıq,
dərdxana, sevdaxana.

Keçdim, əziz qardaşım,
"bütün adamlar yaxşıdır"dan,
"bəziləri yaxşıdır"a keçdim.
Boş ver getsin,
biz çox yağışlar görmüşük,
ildırımlarda yandırmışıq siqaretimizi...

***
Zərdüşt, sıxır məni, sıxır bu şəhər,
küçələri sıxır, yolları sıxır.
Kitab istəmirsən, zəng eləmirsən,
məni yoxluğunun qolları sıxır.

# 3880 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #