Kulis.Az Qismətin yeni şeirlərini təqdim edir.
“Çox adi ovqatlar lüğəti”ndən fraqment.
A
Ancaq ürəyinlə getdiyin yerdən,
ayağınla çıxanda başlayır
təsəllinin qürubu.
Onda anlayırsan ki,
sənin yerin
səs-küy yox,
“sözdən özgə
yeri olmayanlar” klubu...
B
Bilirsən,
elə ki,
gecələr təkəmseyrək maşınların işığı
küçələrin havayı yerində qıvrılıb yatan
qaraşın bir uşağın gözlərinə düşür,
çaşıb ömür dediyimiz bu yaşamaq qırığı
əllərimi qanadır, bağrımı deşir...
Bilirsən,
elə ki,
paltomun dik yaxasını əymək istəyən
bir külək qopub gəlir uzaqlardan,
onda neyləsəm də əksim aynasında itir Xəzərin,
onda hara üz tuturamsa, qırmızı işıqda darıxıram,
onda hər tərəfi qürbət olur şəhərin...
Bilirsən,
elə ki,
doğmaların içində belə legioner kimi olursan,
onda düşünürsən ki, sözlər köhnəlmiş gileylərdi.
Amma vay o gündən ağlına gəlsin ki,
səni sevənlərlə sevməyənlərin səbəbləri
təxminən eyni şeylərdi...
C
Cərimə kimidi –
metrodakı göz,
dolayı çatdırılmış söz,
masaaltı diz münasibətləri.
H
Harasından vurulsa,
sol tərəfi yaralanan
adamlar azalıb.
Hələ bu harasıdı,
tərs kimi lüğətimiz:
ya “əşşi”di, ya “heç nə...”
Y
Yaxşı ki, başladı yağışlar,
yoxsa salamı da sələmə verən uzaq tanışlar
harda görsələr beş-altı axmaq sual verməmiş
buraxan deyildi bizi.
Yaxşı ki, bu çətiri aldıq,
yoxsa skamya altına sığınmış ala-bula pişiyi
görmədən kəsəcəkdik gəzintimizi.
Sələm
Şabalıd rəngli masa kağız-kuğuznan doludur.
Arxasında oturan ixtiyarın vəzni əruz.
Fəsi yoxdursa da, qəlyanı babat bol suludur,
Borca gəlmiş cavanın sir-sifəti, üz-gözü buz...
Gördü ki, getməyəcək bu fağırın oğlu fağır,
Kişi bir tüstü alıb dilləndi çar-naçar axır:
“Sənə yardım edəcəm, cəmisi üç yüzcə manat,
onu da ən uzağı bir aya qaytarmalısan...”
...Ətli barmaqların arasından
dil çıxartdı
üç qırmızı kağız parçası.
Oğlan əyildi götürsün,
düşdü qoltuğundan
Axundovun “Hacı Qara”sı...
Açıq mavi masada iki “Parker” qələmi.
Əllərini cütləyib, şişman, üzü ağ kişi.
Baxışı sonet kimi ölçülü, oynaq kişi,
Elə susub... sükutu – Dantenin cəhənnəmi...
Borca gəlmiş oğlanın əsir əli, ürəyi,
Gəlməyindən çətindi pulsuz çıxıb getməyi.
Faizlər olmasaydı... faizsiz olurmu bank?
Şişman kişi axır ki, birtəhər gəldi dilə,
Dedi: yardım edirəm, tez qaytarmaq şərtiylə.
Çeki yazıb uzatdı, dedi – “götür, min frank!”
...Tüklü barmaqların arasından
təslim bayrağı kimi göründü
şişman kişinin bəyaz çeki.
Oğlan əyildi götürsün,
düşdü qoltuğundan
Balzakın “Qobsek”i...