Müxtəlif əsrlərdə fərqli ölkələrdə yaranan ayrı-ayrı ədəbiyyatların tarixinə nəzər salanda bir şey həmişə diqqətimi cəlb edib.
Az-maz fərqlər istisna olmaqla, demək olar ki, hər yerdə ədəbiyyat eyni qəliblərdən əziyyət çəkib, ədəbiyyatçılar eyni sıxıntılı taleyi bölüşüblər.
Düz yanımızdakı Türkiyədə ötən əsrin 30-cu illərindən etibarən çox mütərəqqi meyllər aktivləşməyə başlayıb və biz nədənsə sovetlərin tərkibində olanda da, elə indinin özündə də ordakı ədəbiyyatı ya qeyri-ciddi elan etmək istəmişik, ya da xala xətrin qalmasın yanaşmışıq.
Hər iki halda anormaldır. Bu mənada deyim ki, “Elm Çində də olsa, onun dalınca gedin.” – deyən klassik məsəli həmişə sevmişəm və mənə görə necə baxmaq, necə oxumaq və ən əsası necə öyrənmək lazım olduğunu bilən hər bir adam, əgər varsa, Maldiv adalarında yaranan ədəbiyyatdan da nəsə tapa bilər, o ki, qaldı Türkiyə ola.
Türk düşüncə sistemində bir xətt var ki, o həmişə dominant olub: aşırı millətçilik, dövlətə aşırı sahiblənmə hissi. Yəni ki, dövlət batıb gedir, məhv olur, onu ancaq bizim düşüncələrimizlə qorumaq, xilas etmək olar.
Tutalım, Cumhuriyyət illərindəki intellektual tipi ilə 60-cı illərdə önə çıxan sol düşünərlər arasında nə qədər fərqlər olsa da, hətta onlar belə həmin dövləti sahiblənmək istəyini fetişləşdirirdilər.
Buna görə də sənət əsərləri sərhədləri müəyyənləşdirilmiş, qəlibləşdirilmiş bir dilin içində yaradılırdı. “Doğu-batı” jurnalının köhnə nömrələrindən birində Ferhat Kentel və Murat Belgenin türk intelegensiyası haqqında söhbətində belə bir məqam var:
“Türkiyədə tipik intellektual fiquru əsasən hansısa tərəfin intellektualıdır, yəni ya dövlətin, ya müsəlmanların, ya Şərqin, ya Qərbin, ya “x”, ya da “y” ideologiyasının.”
Maraqlı qənaətdir. Bu kontekstdə, qəlibləşmiş, məhdudlaşdırılmış dildən fərqli yolla gedən sənətçilər heç bir kateqoriya içində dəyərləndirilməyiblər, əksəriyyəti ya ictimai həqiqətlərə, ideologiyaya arxa çevirməkdə, ya da anlaşılmaz, qarmaqarışıq olmaqda ittiham ediliblər.
Ayaq basmağa doğulduğu, böyüdüyü, yaxşı-pis təhsil aldığı coğrafiyadan, vətəndaşı olduğu dövlətdən başqa yer tapa bilməyənlərə cəmiyyət həmişə əvvəlcədən müəyyənləşdirdiyi öz ictimai-siyasi missiyasını yükləmək istəyib.
Belə olanda, nə baş verib? Xarakteri, individual zövqü və qənəatləri etibarilə apolitik olan sənətçilər belə, Türkiyədə tez-tez siyasi mövqe nümayiş etdirməyə zorlanıb.
Kəsəsi, hər iki yolda da aşırılıq əndrabadi görünüb: bir yanda iqtidar mexanizmi ilə həmrəy olan, gücün yanında olmağın yaratdığı yekəxanalıqla ağzına və ağlına gələn hər şeyi danışan, danışdığını mütləq, yeganə sayan tərəf; o biri yanda iqtidardakılarla müxtəlif səbəblərdən münasibət qura bilməyən, buna görə də gücün qarşısında olan və əslində qətiyyən bəyənmədiyi, mədəniyyətini mənasız hesab etdiyi, illər boyu tanımaqdan qaçdığı xalqa ağıl vermək istəyən tərəf.
Bu cür aşırı ucların olduğu, hamının hər şeyə cavabdeh olmaq istədiyi bir zamanda Oğuz Atay ilk romanı “Tutunamayanlar” romanı ilə ortaya çıxdı və türk sənət mühitində az qala tabu olan bir şey dedi: fərd əvvəlcə öz həyatına cavabdeh olmalıdır, öz həyatına cavabdeh olmayan adamın başqalarına cavabdeh olmaq iddiası gülməlidir.
Bu, modernist düşüncənin “fərdin öz daxili dünyasının hüquqlarını tələb etməsi” fikrinin türk dilində tamam fərqli olan ilk ifadəsi idi.
Əlbəttə, modernizmin meydançasında oynayan Ahmet Hamdi Tanpınar da və Yusuf Atılgan da eyni düşüncənin daşıyıcılarıydı, Oğuz Atayla isə təkcə modernizmin yox, postmodernizmin də qapıları açıldı.
Türk ədəbiyyatının dönüm nöqtələrindən sayılan “Tutunamayanlar” romanı 1970-ci ildə “TRT ROMAN YARIŞMASI”nda mükafata layiq görülür. Amma deyilənə görə, Atayın anlaşılmaz romanını qiymətləndirən, mükafat qazanmasında böyük rolu olan şəxs - jüridə söz sahibi, dövrünün geniş mütaliəli, dünya ədəbiyyatını yaxından izləyən tənqidçisi Adnan Benk olub.
Benk yarışma ilə bağlı yazdığı icmalda romanları üç başlıq altında dəyərləndirdiyini yazıb: ümidqırıcılar, ümidvericilər, uğurlular. Həmin icmalda “Tutunamayanlar” belə qiymətləndirilir:
“İç monoloqdan xarici təsvirə ustalıqla keçə bilən Atay hər şeydən əvvəl romanda bütövlük yaradan, bioqrafiya, məktub, nəğmə və s. kimi formaları birləşdirməyi, bir-birinə pərçimləməyi bacaran yazardı. Lakin James Joyce-un təsirinin hədsiz hiss edildiyi parçalarda bu uzun roman bir az yorucu olur.”
Uzun müddət haqqında susulacaq olan bu romana verilən ilk qiymətdə Joyce təsiri mənfi şey kimi məxsusi vurğulanır. Halbuki o dövrlə çox maraqlı bir statistika Atayın öz dövründən nə qədər qabaq olduğunu göstərir.
Ahmet Oktay yazır ki, “Tutunamayanlar”ın yeniliyi qarşısında bizim ədəbiyyat şoka düşmüşdü. O dövrdə Joyce-un “Uliss” romanını həqiqətən oxuyanları adbaad tanıyırdıq. Saymışdıq on nəfərdən çox deyildilər.”
Ahmet Oktayın “həqiqətən oxuyanlar” dediyi - orijinaldan oxumaq idi, çünki “Uliss” türk dilinə Atayın ölümündən 19 il sonra çevriləcəkdi və ədəbi mühitdə bayram kimi qarşılanacaqdı, hətta o dövrdə artıq dünyada tanınmağa başlayan Orxan Pamuk sevincək ünlü xarici dərgilərdən birinə “Uliss artıq türk dilində” başlıqlı bir məqalə yazacaqdı.
“Tutunamayanlar” romanı mükafat alsa da, Oğuz Ataya maraq göstərən tapılmır. Dalbadal bütün nəşriyyatlar romanı çox uzun və anlaşılmaz hesab edib geri qaytarır. Bu roman qarşısında türk ədəbiyyatı həmişəkindən (ya tərifləyib göylərə qaldıran, ya da darmadağın etməyə çalışan) fərqli davranır: hamı susur və elə bil təkcə susmur, həm də gizlənir.
Yıldız Ecevitin dili ilə desək, Oğuz Atay üçün hansısa ədəbi qüvvənin tərəfində olmaq hansısa terror qruplaşmasına qatılmaq kimiydi. Buna görə də Atay romanı çap olunanda, onu tanıtmaq üçün heç bir çaba göstərmir, çünki bilirdi ki, hamı susacaq.
Bircə utancaq-utancaq özünə yaxın bildiyi Yusuf Atılqandan reaksiya gözləyirdi. Ənənəvi ədəbiyyatın hakimi-mütləq olduğu bir mühitdə sınmamaq üçün, duruş gətirmək üçün, həm də eyni estetik prinsipləri aid biri kimi Yusuf Atılqana imzalı kitabını göndərir.
Sonrasını Yusuf Atılqanın dilindən oxuyaq:
“Kənddəydim, bir gün “ilginizi umarak” imzalı bir kitab gəldi: “Tutunamayanlar”. Çox bəyəndim, amma bunu Oğuz Ataya bildirməyə ehtiyac görmədim. Bu cür gözəl bir roman yazmış adam haqqında çoxlu yazılar yazılacağını düşünmüşdüm. İllər sonra bir tanışımdan eşitdim ki, mənim barəmdə “romanımla maraqlanmadı” deyibmiş. Bunu eşidəndə çox pis oldum, sağ olsaydı, nə olur-olsun onu tapıb romanı haqqında söhbətləşərdim.”
Ədəbi mühitdən tamam uzaq gəzən, kənddə bir növ münzəvi həyatı yaşayan Yusuf Atılqan yanılmışdı, həmin gözəl roman haqqında hamı susmuşdu.
***
Oğuz Atay “Meydan Larousse” ensiklopediyasının heyətində olanda radikal solçularla daim konflikt halında olub. Atay onları ədəbiyyatla solçuluğu bir-birinə qarışdırmaqda günahlandırır və onlardan həmişə uzaq gəzirdi. Onlar da fərdiyyətçi, formalist və romantik hesab etdikləri Atayın romanları haqqında sözləşib susurdular.
Oğuz Atayın ölümündən sonra çap olunan və böyük maraqla qarşılanan gündəliyindən çox sevdiyim, əhəmiyyətli saydığım manifestal xarakterli bir parçaya baxaq. Çevirmədən türkcə paylaşıram:
“Türk romanının sorunu kişiliktir. İnsanımızın kişilik kazanma savaşının önemini henüz kavramamış olmasıdır. Kendisiyle hesaplaşma diye bir kavramın varlığından habersiz oluşundandır. Bunun için romanımız düzmecedir. Diyalektik bir gerçekten büyük kavramların gerisine sığınan cüceler ordusu oluşundandır. Köylünün sefil yasayışı olgusu büyük roman yazmayı gerektirmez. Buna benzer sözler söyleyenlerin de aslında sözlerinin anlamını kavramamaları da daha acıklı bir durumdur. Halka büyük doğrular adına yalan söylemekten kurtulamamaktır sorunlardan biri. Kültürsüzlüktür. Ve en önemlisi ne kendini ne gerçeği sezememektir. Sezgisizliktir. Duyarsızlıktır. Kültür kopukluğudur. Kendinden yirmi yıl önce yaşamış bir romancıdan yirmi yıl ilerde olduğunu düşünme yanılgısıdır. Kötü romanları, büyük sözlerle yutturacağını sanma yanılgısıdır. Bir iki toplumsal gerçeği bir yerden duyan insanın başka şeyleri duymamasından ileri gelen bir cahillik coşkunluğudur. Bir edebiyat çetesine yaslanmanın verdiği yıllar boyunca bir arpa boyu ilerleyememenin zavallılığıdır. Derinlikten, derinliğine ilerleyememekten korkmanın böcekce korkusudur. Havuz edebiyatıdır. Yüzeyde çırpınmanın verdiği korkunun edebiyat heyecanı sanılmasıdır, böcek yanılgısıdır. Öyle bir çıkmazdır ki düzenden yana olanın da, düzene karşı olanın da aynı sularda çırpınmasıdır. Haksız olana karşı çıkanın da haksız olduğu bir ortamdır.
Bunları yazmanın da bir yararı yoktur aslında. Kişilik kazanmamış bir yarı aydınlar ortamında kimsenin yarım yamalak düşünce ve duygu “muktesebatı”ını irdelemeye, kendi edinimleriyle hesaplaşmaya niyeti yoktur çünkü.
Herkes kendinden o kadar memnundur ki, bütün endişesi esnaflığını nasıl sürdürebileceğidir, dükkanda mallar eksik olmasın, reklam da iyi yapılsın yeter. Bu mal, köylünün sefaleti, işçinin direnmesi, ya da küçük burjuva aydınının bunalımı olabilir fark etmez. Esnaf ve tezgahtar için bütün mallar satılabildiği ölçüde makbuldur. Köy romanı piyasasında durgunluk mu var, biz de şehire taşınırız olur biter. Esnaf için, yani malı üretmeyen için, yani acıyı, sevinci, duyarlılığı, insan derinliğini yaşamayan için hepsi birdir.”
***
Oğuz Atay “Tutunamayanlar”dan sonra bütün yazdıqlarında ilk romanındakı özünəməxsus mövzular yenilənir, fərqli rakurslardan analiz edilir.
Bu mənada, fikrimcə, ayrı-ayrı romanlarından danışmaqdansa, həm türk ədəbiyyatındakı yeri baxımından, həm də yaradıcılığındakı bütün xarakterik cizgilərin aydın görünməsi baxımından “Tutunamayanlar”dan danışmaq daha doğru olar.
Ənənəvi ədəbiyyatın xarici aləmi olduğu kimi, birəbir təsvir etməyə fokuslanmış estetikası XX əsrin əvvəlində ortaya çıxan modernist ədəbi əsərlərlə kökdən dəyişdi.
Bu yeni estetik xətt Aristoteldən bu yana davam edən mimetik (təsvir, əks etdirmə) və etik, ideoloji,psixoloji məqsədlərə fokuslanan katarsisçi (təmizlənmə, arınma) baxış bucağından fərqlənirdi.
Artıq realizm ədəbiyyatın yeganə dominant istiqaməti deyildi, sənətçi əsrlər boyu təsvir edilən xarici aləmdən, iç aləmə, daxili dünyaya meylləndi. Beləliklə, sənətçi insanın daxili aləmindəki xəyalları, istəkləri, qarmaqarışıqlığı, yəni bir növ abstrakt sayılanı konkretləşdirməyə girişdi.
Ənənəvi ədəbi estetikanın mərkəzində əsrlərdi hökmranlıq edən, sadəcə, səliqəli dillə mövzunu nəql etməyə söykənən yanaşma öz yerini formanın hakimiyyətinə buraxdı. Modernizmlə birlikdə fərqli ifadə vasitələri, fərqli forma axtarışları dominant oldu və bu axtarışları əsrlər boyu daşlamış qəlibləri dağıdıb, yeni yollar açdı.
XX əsrin ikinci yarısında daha bir ədəbi-estetik inqilab oldu: postmodernizm. Artıq ədəbiyyat xarici, ya da daxili aləmi, konkret, yaxud abstrakt reallığı yox, özü özünü ifadə etməyə keçdi. Daha mətn qəhrəmanları təkcə ətdən-sümükdən yox, həm də daha çox DİLDƏN əmələ gəlmiş insanlar oldular. Bekketin sözləri ilə desək, homo logos, yəni sözdən-adam.
Bu mətnlərdə artıq roman özünün yazılma prosesini özünə mövzu kimi götürür və roman qəhrəmanının həyatı (qəhrəman demək olarmı?) bu yazma prosesinin qurulması sırasında aşkarlanır. Bu, artıq metafiction-dir.
Türk romanında modernist/postmodernist yenilikləri ilk tətbiq edən adam Oğuz Ataydır.
Atayın romanındakı yeniliklərə keçmədən öncə, qısaca “Tutunamayanlar” romanının məzmununa baxaq.
Gənc mühəndis Turqut Özbən yaxın dostu Səlim İşığın intihar xəbərini qəzetdən öyrənir və sarsılır. Bu intiharın səbəblərini araşdırmağa qərar verir.
Araşdırmaya Səlimin dostları Mətin və Əsəddən başlayır və onlardan Səlim haqqında fərqli bilgilər əldə edir. Sonra Səlimin çox sevdiyi əsgərlik dostu Süleyman Karqının yanına Ankaraya gedir və Süleyman ona Səlimin yazıb öz həyatından bəhs etdiyi 600 misralıq uzun şeirini verir.
Turqut araşdırmalarına davam edir və Səlimin sevgilisi Günseli ilə tanış olur. Bu qaradinməz qız Turquta Səlimin intihar etməmişdən əvvəl ona yazdığı nöqtəsiz-vergülsüz uzun məktubunu verir.
Turqut araşdırdıqca başa düşür ki, Səlim cəmiyyətə özgələşibmiş, özünü yad hiss edirmiş və bunu anladıqca özü də dəyişir. Buna görə Turqut da ailəsindən, dostlarından, burjua həyat tərzindən uzaqlaşıb “tutunmamağı” seçir və qatardan qatara minərək avara-avara gəzməyə başlayır.
Romanın yazmağa çalışdığım ümumi məzmunu budur, lakin bu romanın məzmununu ifadə etmək çətindir. Çünki “Tutunamayanlar” romanı o əsərlərdəndir ki, onun yeniliyindən, fəndlərindən danışmaq mümkün olsa da, məzmununu danışmaq çətindir, onu ancaq oxumaq lazımdır.
Haşiyədən çıxım. Bizim ədəbi mühitdə çox adamın bildiyi “gülməli” bir əhvalat var. Yazar dostlarımızdan biri Bakının ən ucuz kitab evlərindən olan “Qız qalası”nın yanındakı Elman dayının dükanında tanınmış şairlərdən biriylə rastlaşır. Yazar şairə Markesin sovet vaxtı tərcümə olunmuş “Gözlənilən bir qətlin tarixçəsi” kitabını göstərib deyir ki, bunu al oxu, dəyərli kitabdır, üstəlik ucuzdur. Şair həmən cavab verir: bunu mənə danışıblar!
Qayıdaq haşiyəyə. “Tutunamayanlar” romanı Turqut Özbənin intihar edən dostu Səlim İşıqla bağlı topladığı materialları bir qəzet redaktoruna göndərilməsiylə qurulmuş mətndir. Romanda 1949-da başlayan hadisələr,Turqutun 1970-ci il tarixli məktubu ilə bitir.
Romanda üç ana xətt var: 1.“Tutunamayanlar” kitabının hekayəsi, 2.Turqut Özbənin hekayəsi, 3.Səlim İşığın hekayəsi.
1-ci xətt xarici qatdır: Turqutun araşdırması, araşdırdıqca danışdığı adamlar və romanın əvvəlindəki açıqlama ilə sonundakı məktub.
2-ci xətt roman qəhrəmanlarının yazdığı mətnlərdi: Nəğmələr, şərhlər, gündəlik qeydlər, ensiklopediya parçaları və s.
3-cü xətt daxili dünya: Xatirələr, iç monoloqlar.
Bütün bunlar romanda iç-içədir. Oğuz Atay o günə qədər forma baxımından vərdiş olunmamış bir roman yazıb, ön sözlər, son sözlər, nəğmələrə şərhlər, şahidlərin dinlənməsi, ensiklopediya maddələri, dastanlardan, qədim mətnlərdən, İncildən, Qurandan iqtibaslarla parodist metodla tamam yeni bir əsər yaradıb.
Oğuz Atay xüsusilə bütün müstəvilərə ironiyası ilə qiymətlidir. İroniya onun üçün əsas silah idi: “İsimler birbirinden farklı yaratıkları ayırt etmek içindir; bizleri değil. Biz aynı türün örnekleriyiz. Kayamehmetturgutgillerdeniz.”
Atay köhnə dildən istifadə ilə yeni dildən istifadənin fərdin həyatında uşaqlıqdan qarmaqarışlıq yaratmasına diqqət yönəldir:
“Okulda ilk öğrendiğim gerçeklerden biri de babamın- sonra peder oldu- beni yanlışlıkla mektep yerine okula gönderdiği oldu. Önümüze alfabe adında anlaşılmaz bir kitap koydular. Babam ona da elifba dedi. Okulla babamı uzlaştırmaya imkan yoktu.”
“Dün, bugün, yarın” başlıqlı hissədə vəznli-qafiyəli şeirlər və 40-cı illərdə yayılmağa başlayan sərbəst şeirlərə parodiya edir. Birinci nəğmədə heca vəzniylə Səlimin həyatı nəql olunur, ikinci nəğmədə Atay sərbəst şeirə keçir və Nazim Hikmət üslubunu parodikləşdirir :
“Ve büstlerinden yalnız göğsüne kadar tanıdığım Atatürk
Kabartmalı ve yüksek
Bir mermerin üstüne çıkmıştı atıyla
Böylece tanışmış oldum heykel sanatıyla.”
“Tutunamayanlar” romanında sosial tənqid də xüsusi şəkildə işlənib. Atay qəhrəmanı Səlimin universitetdəki inqilabı doqmatikləşdirən, az qala din elan edən dostlarını barmağına dolayır. Dini heçə sayan bu inqilabçılar özləri elə bir manifest hazırlayır ki, bu da başqa bir dindir. Atay bu yerdə İncilin və Tövratın formalarından istifadə edərək ironiyasını işə salır :
“İLMİHAL
BİRİNCİ KİTAP
HİLKAT
BAB I
1. Bidayette cemiyyet vardı. Cemiyet, ne halkedilmişti, ne de halkedilmemişti.
2. Cemiyyetin müessisleri, yedi esas müeyyidenin meş’alesi, kur’unu vüstası mütemadiyen münevver ve mütenekkiren peygamber, Ulu Orkan, Ulu Durman, Ulu Salgan, Ulu Gökçin, Ulu Yılgın, Ulu Kutbay ve Ulu Düzgen idi.
3. Cemiyyetin kamilen müesses nizamının esrarı ve ondan neş’et itmiş tali müesseselerinin anahtarı, işbu yedi azizin etvarında mündemiç idi.
4. Şöyle ki: Ulular ulusu ve beşeriyyetin fikriyatının banisi Okran Yalvaç, cemiyyetin uzviyetinde dimağ yerine kaimdir. Her kim ki tefekkürle iştigal
etmiştir ve edecektir, içtimai nizamda hangi müessese vardır ki idari vecibelerle mahmuldur, işte onun derununda Orkan Aziz-i Kebir’in mübarek mevcudiyetinin asarı mevcuttur…”
Çox uzun hissədən bir parçanı sitat gətirdim.
Realist/naturalist romanların dilinə də ironiya edir Atay:
“Turgut’un oturduğu apartman, büyük şehrin kuzey doğusunda, enlemi kırk bir derece sıfır sıfır dakika kuzey ve kırk bir derece sıfır sıfır dakika ve bir saniye kuzeyle boylamı yirmi dokuz derece on iki dakika doğu ve yirmi dokuz derece on iki dakika bir saniye doğu olan noktalar üzerine sıkışan bir arsa üzerine kurulmuştu.”
Oğuz Atay zorla türkcələşidirilməyə çalışılan sözləri də, adları da ironiyasına tuş edir. Məsələn, fəlsəfəyə - özbilgelik, cəbrə - zorbilim, metafizikaya – doğaötel, gəncə - yaşsız, qəzetə - günlükbetik deyərək gülür.
Tərcümə romanlarının dilini də ilişir: “Lagranj, Lökok’a sert bir nazar atfetti. Aşağı Löretanya’nın bu iki muannit serserisi için mutavaat kabul etmez bir vaziyet hasıl olmuştu. Her ikisi de müthiş bir halet-i ruhiyenin esiri olmuşlardı. Lökok, nevmidane konuştu: -Hissiyatına mağlup oluyorsun. Mersiyer bu elim vaziyetten bilistifade, Margöriti avucunun içine, o menfur arzularına ram etmek üzere ve gayri kabili red bir şekilde bu toprakların üzerinde bize hayat hakkı tanımayarak alacaktır.”
Xalq şeirini də yaddaş çıxartmır :
“Numanoğlu Selim derler adımız
Gürültüye geldi her feryadımız
Nedense tamamdır itikadımız
Dikilen her kumaş bol gelir bize.
Çocukken güneşin tadın bilmedik
Büyüdük kadının adın bilmedik
Bizi anlayacak kadın bilmedik
Sevgisiz bir hayat çöl gelir bize.”
Oğuz Atay ironik üslubundan nəsibini alan adamlar, hadisələr bir yazıya sığmayacaq qədər çoxdur.
***
Atası üç dönəm Kastamonu millət vəkili olan Oğuz Atayın sağlığında heç bir kitabının heç ikinci nəşri də olmayıb.
Atay böyük susqunluqla qarşılanan ilk romanından sonra yazmaqdan soyumayıb, əksinə Ximenesin sözləri ilə desəm, “ucsuz-bucaqsız azlıq üçün” yazmağa davam edib.
Bir-birinin ardınca “Tehlikeli oyunlar” (roman), “Korkuyu beklerken” (hekayələr), “Bir bilim adamının romanı” (prof. Mustafa İnanın həyatı haqqında bioqrafik roman), “Oyunlarla yaşayanlar” (pyes). Ölümündən sonra “Günlük” adıyla gündəliyi və yarımçıq romanı “Eylembilim” çap edilmişdir.
Oğuz Atay 1977-ci ildə, 43 yaşında beynindəki şişdən dünyasını dəyişəndə, ondan dünyada bənzərsiz kitablar və yazmaq istədiyi böyük projesi “Türkiyənin ruhu” kitabından xırda-para qeydlər qaldı.
Oğuz Atay fiziki olaraq yaşadığı zamanın ölçülərinə mismarlanmış, amma düşüncəsilə gələcəyə sürgün olunmuş romançı idi və mənə görə bugünkü modern türk ədəbiyyatı xeyli dərəcədə, yalnız ölümündən sonra sayısız araşdırmalara mövzu olan, barəsində kitablar yazılan, romanları dəfələrlə nəşr olunan, zamanını çox qabaqlamış bu bənzərsiz adamın gülüşünün və iztirablarının məhsuludur.
Ara-sıra Oğuz Atayın romanlarını təsadüfi bir yerindən açıq oxuyuram, gülürəm, qəlibləşmiş ədəbiyyata qarşı içimdə immunitet yaranır, amma həm də çox aydın şəkildə onun hüznünü,iztirabını hiss edirəm və onda onun bir cümləlik məşhur sualını xatırlayıram, gözlərim dolur:
“Mən burdayam, ey oxucu, sən hardasan?”
Oxuzalı.az