Tərs kimi cibimdəki çay pulu da ağladı - Qəşəm Nəcəfzadənin yeni şeirləri

şair Qəşəm Nəcəfzadə

şair Qəşəm Nəcəfzadə

1 aprel 2024
# 19:33

Bu gün şair Qəşəm Nəcəfzadənin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir onun yeni şeirlərini oxuculara təqdim edir.

Tərs kimi

Tərs kimi yağış da yağmadı,

Tərs kimi külək də əsmədi.

Tərs kimi ürək də darıxmadı,

Tər kimi zəng də gəlmədi…

Tərs kimi çayxanada bir adam da yoxuydu.

Tərs kimi çayxanada Dayandur da yoxuydu.

Tərs kimi sındırdığım stəkanı

Çayçı yadıma saldı.

Tərs kimi məni ağlamaq tutdu…

Dedim payızda sınan şeyləri

Heç adam adamın yadına salar?

Tərs kimi çayçı da ağladı.

Smovar da ağladı,

Çaynikdə ağladı,

Tərs kimi cibimdəki çay pulu da ağladı…

Şəklim...

Öləndən sonra istəyirəm bir şəklim qalsın,

O şəkli heç kəs oxuya bilməsin,

Ortasını qat kəssin,

O şəkil sandıqda olsun,

Sandığın içində bir qara çantada olsun.

Çantanın içində albomda olsun,

Albomun içində bir qara kağza bükülmüş olsun...

Bir qara kağızın içində

Bir barmaq izinin altında olsun...

Mənə bəs eləyər bu ağırlıq,

Sonra heç kəs məni xatırlamasın...

Ölüm

Ölüm unutmaqla başladı,

Ən birinci oğlumu unutdum,

İşlərinə qarışmadım,

Nə yazdığını soruşmadım...

Azaldım bir oğul, oğul.

Günəşi böyük hərflə yazmaq həmişə xoşuma gəlib

Sonra günəşin gözəlliyi çıxdı yadımdan,

Kiçildim bir günəş, günəş.

Sonradan gördüm, anladım, demədim heç kəsə,

Qadın da, sevgi də, qənd də, qəndin şirinliyi də

Bir uydurmadı.

Yaşıllıq və gözəllik göz önünə çəkilmiş bir pərdədi

Ömür bir ucu harasa bağlanmış ipdi,

Qırıldı, çəkildi...

Sonradan ip də çıxır adamın yadından...

Maşınım da, çıxdı yadımdan, şeirim də...

Evə qayıtmağım da çıxdı yadımdan bir gün.

***

İstəyirəm stolun üstünə

bir məktub yazım qoyum,

Yuxudan oyanmasam, oxusunlar.

Havanı yara- yara qaçım dan üzünə tərəf,

Fikirdən ayılmasan, çağırsınlar.

Bilirsən, nə qədər kədərlidi,

Axşam yazdığın məktubu

Səhər durub özün oxuyasan,

Küsub gedəndə-

Bir adam səni çağırmaya,

Utanana – utana

Evinə özün qayıdasan.

Anan səni çağırsa

Qağam (atam) rayona gedəcəkdi, həkimə. 5 yaşım vardı, məni aparıb qoydu sürünün qulağına. Dedi, bu gün sən otaracaqsan. Sonra ətrafda nə gördüsə, məni onlara tapşırdı. Örüş fermadan çox uzaqda idi.

Ay quş, Qəşəmə yoldaş ol

Qoyma qorxsun, hərdən – hərdən səs elə.

Ay daş, Qəşəmin ayağını çox əzmə,

Bir əzdinsə, əzməyini bəs elə.

Gəl Qəşəmin bacısı ol, ay çiçək,

Onu qoyub ayrı səmtə boylanma.

Ay yovşanlar ilanları tez qovun

Qəşəm qorxur ala- bula ilandan.

Hərdən sən də “hav- hav” elə, ay köpək,

Kütləri “hap” edərsən,

“Luk luk”la yal içərsən.

Söyüdün altında mürgüləyən su,

Sən də tərpən balıqların səsinə.

Qoyun minmə, daha yekə kişisən,

Atlar kişnər, qoyun ürkər,

Qəfil yerə dəyərsən.

Anan indi evi alıb başına,

Qəşəm deyib çağırsa,

Qaça -qaça gedərsən.

Düyməcik

Milli Məclisin binası nə vaxtsa sökülsə,

Tək bir istəyim olacaq:

Mənə kirli, könhəlmiş

Düyməciklərin birini versinlər.

Barmağımı üstünə qoyub

Onu val kimi oxudacam:

“Mən harda asılmışam?

Mən harda acından ölmüşəm?

Mən harda unudulmuşam?

Mən harda tapılmışam?”

Daş

Əlimi cibimə qoyub gedirəm,

Cibinin dibini oyub gedirəm.

Bir fikrim var, yeyib doyub gedirəm,

Küçədə,

Bir balaca daşı diyirləyə-diyirləyə...

Gözümlə bir vergül atıram, göydə oynayan quşa,

O vergildən sonra gəlir başqa bir quş da...

Daş sevinir,

Elə bilir bu saat onu göyə qaldıracam...

Göydən ötrü ölür daş...

Bir təpik atıram

Ayağıma dolaşan küləyə,

Küləyin ağzından

Saralmış bir yarpağı düşürməyə...

Gedirəm ayağımla

Yarpağı oynada- oynada...

Yarpaq da oynayır mənimlə

Qız nəvəm kimi hərdən qalxır başıma...

Aha, bu top kimindi?

Qapı bilib girib bir çuxurun içinə,

Təpik vururam

Topun yuxusuna,

Səksənir hardasa bir uşağın mürgülü ayaqları.

Gedirəm işə,

Yenə daşı diyirləyə- diyirləyə,

Axşam işdən çıxanda,

Qayıdıram o daşla,

O da qayıdır

Fikrində göyə uçmaq

Qədim bir istəyi ilə...

Üzük

Üzük boş olanda quyu olur,

Dolu olanda düyün,

Ya da ürəyin mühasirəsi...

Həyat ömür boyu

O düyünün açılmasıdır,

Ya da mühasirənin

Yarılmasına cəhd...

Əlil arabası

Bulvarda

Həyatın şəkilinə bax,

Əlil arabası ilə uşaq kolyaskası,

Yanaşı addımlayır...

Görəsən kim çəkib bu şəkli,

Haradan, nə vaxt, özü də saat neçə də...

Gör nə qədər dəqiq hesablanıb

Əlillə körpə arasındakı

Məsafə,

Vaxt,

Zaman,

Dəqiqə...

Indi təkər ayaqlar,

Bir – birlərini keçmək fikrində deyillər əsla.

Eləcə cüt addımlayırlar

Əlili nəvəsi aparır,

Körpəni anası...

İkisi də gülümsəyir

Bu mənzərəyə,

Bir – birinə,

Hərdən də

Ayaqlarına...

Ötüb keçənlər də maraqla baxırlar,

Ayaqları qıdıqlayır

Təbəssümləri.

Birdən uşaq kolyaskadan

Düşüb qaçır

Qırmızı topa sarı,

Ondan da qabaq çatır topa

Əlilin olmayan

Ayaqları...

Uşaq köynəyi

Mən şeirlərimi müharibə uçqunlarının üstünə sərilərək,

Dodaqlarımı beton piltələrin arasında tapılmış uşaq köynəyinə söykəyərək,

Yazıram.

Şeirlərimin hecaları uşaq əynindən yıxılmış damalı köynəklərdi

Münsiflər hec vaxt damalı köynəkləri görə bilmir, Turalım.

Göynəyin xatirəsinə bax,

Kürəyimdə bir əlçim Günəş şəfəqi vardı

Əvvəl işiqlandırdı uçqunun dərinliklərini

Sonra söndü.

Çayçı Zöhrab

Zöhrab Yevlaxdandı,

Gəlib şəhərə,

Ucuz çayxanada çayçi işləyir.

Həmişə havanı məndən soruşur:

Sabah gün olacaq, yoxsa kı, yağış?

Stoldan stola uçur quş kimi,

Sanki darıxmağı bir az kiriyir.

Elə ki, Yevlaxdan danışır bizə,

Darıxmağın ətri tutur hər yeri.

Əlində stakan, çaynik, nəlbəki,

Elə bil stola qucağı düşür.

Elə ki, bir damcı dəyir üzünə,

Yadına sonbeşik uşağı düşür.

Deyir islanacaq ot tayaları,

Dünən səhərəcən yağıb deyirlər.

Soyuqlar düşsəydi, çıxıb gedərdim,

Ala inəyimiz doğub deyirlər.

Hərənin bir dərdi var çayxanada,

Hərənin köksündə bir dağ yaşayır.

Şəhərə bir damcı düşsə, deməli,

O damcı altında Yevlax yaşayır.

Tələsə- tələsə düşür yarpaqlar,

Zöhrab da yarpaqtək elə tələsir.

Çayniki həmişə qaynar gətirir,

Çay da soyumağa belə tələsir.

Bulvara getmişdim bu axşam çağı,

Adamı yüz yerdən sükut çağırır.

Deyəsən Yevlağa gedibdi Zöhrab,

Zöhrabın yerinə yağışlar yağır.

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #