Oyandınsa, yuxulara inanma… – Səddamdan yeni şeirlər

Oyandınsa, yuxulara inanma… – Səddamdan yeni şeirlər
5 noyabr 2021
# 17:35

Kulis.az Səddam Laçının yeni şeirlərini təqdim edir.

İlayda


Yığıb qəpiklərimi
iti addımlarımla
metroya tələsirəm...

Arxadan bir səs gəlir-
"Sevdiyin qızın canı..."
Bilirəm, dilənçidir, qızın sözün kəsirəm.

Pul istəyir deyəmi
Pulum qədər susuram?

Nə deyəcəm bilmirəm.
Gözlərinə baxıram
və birdən soruşuram:

-Mənim sevgisiz qızım,
nə bildin sevdiyim var?
sevdiyim qızın canı,
əllicə qəpiyim var.

Mənim qaraçı qızım,
Səni sevən olub ki?
Kim isə sevdiyinin
canına and verəsən?

Mənim balaca qızım,
Kimsə sənin canına
And verəcək görəsən?

Başım dolu, cibim boş
Nə verəcəm sənə mən?

Nə deyəcəm, qara qız?
on qəpik dilənməsəm,
Gecə evə ayaqla
Gəlməyi düşünürəm.

Mənim payız bənizlim,
Çıxar, sən on qəpik ver,
Bu aralar onsuz da
Ölməyi düşünürəm.

Balaca, nəyi var ki, bəxş edə əmin sənə?
Böyüklük səndə qalsın,
Sən adını bəxş elə,

De görüm, adın nədir?
- İlayda

- Adını deyə-deyə
Necə gülə bilirsən?
Adına qurban olum,
Mənasını bilirsən?

İlayda - su pərisi!

Günə bax, saata bax,
Ada bax, həyata bax,
Qəpik-quruş hərisi
Dilənən su pərisi!
Əl açıb diləndiyi
Qafiyə dilənçisi...

Ehh, mənim kömür qızım
Bəxtinləmi yarışır gözlərinin qarası?
Əlləri boş qalanım, qəpik-quruş yuvası
Balaca əllərinə...
Gözlərinin xətrinə şeir yazım, bağışla.

Gözün kimi bax ona,
Ovuclarında gizlət,
Silinməsin yağışla...


Adsız qız

Biz tərəflər nə qəribə yerlərdi belə...
Burada eşitmədiyi adını təmiz saxlamaq üçün yaşayan qızlar
Bətnlərində uşaq, çiyinlərində uşaqlıq daşıyan qadınlar var

Burada qızlara adları sadəcə şəxsiyyət vəsiqəsi boş qalmasın deyə qoyurlar
Burada qızlara heç adları lazım da olmur
Onları tanıyanlar da adları ilə deyil
Filankəsin böyük qızı, bəhmənkəsin ortancıl gəlini kimi tanıyırlar
Birinin anası, birinin arvadı kimi hörmət edirlər

Biz tərəflər nə qəribə yerlərdi belə...
Burada anası qocalar evində olanlar üçün də
Ən ağır söyüş ana söyüşüdür

"Biz hər şeydən cütlər ( erkək və dişi) yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız"
Biz tərəfdə ateistlər belə Allahın bu kəlamına iman gətirir
Hətta xəyanətin belə erkəyinin, dişisinin olduğuna inanırlar

Kişilər xəyanət edəndə ayıb olsun,
Qadınlar xəyanət edəndə ölüm olsun deyirlər

Biz tərəflər nə qəribə yerlərdi belə...
Nələr demirlər ki, burada
Sonu hamı kimi ölüm olan qadınlara doğmursa "sonsuz"
Doğursa onsuz da bir söz tapıb deyirlər


***

Nə olardı, İlahi
İllərdi gördüyümüz
Yuxumuz çin olaydı
Sevincimdən uçaydım
Ürəyim qanadlanıb
Ağ göyərçin olaydı
Budağına qonmağa
"Yenə o bağ olaydı"
Bu dəfə "otuz yeddi"
Bizdən uzağ olaydı

Yenə o bağ olaydı
Bu dəfə eşqimizi
Doyunca yaşayaydıq
Mənim şeirlərimi
Sənin cehizlərini
"O bağ"a daşıyaydıq

Bu dəfə "otuz yeddi"
Bizdən uzağ olaydı
O ölüm gətirənlər
Nə biz tərəfdən keçə
Nə də sizə gələydi
Kaş onların yerinə
Götürüb Müşkünazı
Cavid bizə gələydi

"Arzuya bax, sevgilim
Tellərdindən incəmi?
Söylə, ürəyincəmi?

Bu dəfə "otuz yeddi "
Bizdən uzağ olaydı
Əcəlin qorxusundan
Barı bizdən yazanlar
Doğru kəlam yazaydı

O tayda Şəhriyarım
"Heydərbaba"-ya salam
Bu taydan Əhməd Cavad
Ona salam yazaydı

Bu dəfə "otuz yeddi"
Bizdən uzağ olaydı
Yanvarın yeddisini
Səkkizini görəydim
Ağarmış saçlarını
Dilbər, özüm hörəydim
Ölsəm də, Nargində yox
Qollarında öləydim.


***

Yum gözünü, bəlkə hər şey düzəldi?
Bir yuxu ki, gerçəyindən gözəldir,
Oyanma.

Oyandınsa, yuxulara inanma.
Bir yuxudur gerçək olan, bir həyat
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.

Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla düzəlir,
İnanma.

İnandınsa, ağla qızım, utanma.
Bir eşqi ki, qurban verdik bir səhvə,
Yüz dəfə də "gəlmə" desəm, bir dəfə
Gəl, amma
Bil ki, səni gözləyən var
yubanma.

***
Əcəlin də öz vaxtı var
Öldürməklə adam ölmür
Sözün də bir söz vaxtı var
Öl deməklə adam ölmür

Adam ölür dərd çəkəndə
Adam ölür qəm çəkəndə
Adam ölür bir gülüşə
Kirpikləri nəm çəkəndə

Birdən birə adam ölmür
Adam ölür ayrılanda
Adam ölür bir yuxuda
Adam ölür ayılanda

Əkdiyini biçə-biçə
İçə-içə ölür adam
Başın tutub qaça-qaça
Küçə - küçə ölür adam


***
Sən mənim Günəşimsən,
Cazibən qoymur dağılmağa,
Bir arada tutur bütün zərrələrimi ...

Sən mənim Ayımsan,
Məndən ayrılsan da
Mənim üçün yaranmısan,
işıq tutursan gecələrimə...

Sən mənim karbondioksidimsən
Sən olmasan dağılar dünyam...
Nə günəş, nə də Ay
lazım olar...

Sən bağrımı dələn astroid yağışısan
Həyat verirsən yandıra - yandıra...
Mən isə sənin Allahınam
Tapınırsan məndən başqa hər şeyə...

***
Bir gün nabələd birisi döyəcək qapımı
"Allah qonağıyam" - deyib gözlərimin üstündə yer edəcək
Nəyim var, nəyim yox sərəcəm önünə
Doymayacaq.

Ölümə susamış adam gözlərimdən su içəcək
Bir gün bütün olmazlar olacaq
Kirpiklərim qovuşacaq
ciyərlərim ac qalacaq .

Bir gün son dəfə yük olacam çiyinlərə
Və bir gün gedəcəm bütün əzəmətimlə
Heç kimin haqqı qalmayacaq üstümdə
Hamısını artıqlaması ilə qaytaracam .

Torpağa cismimi, Allaha ruhunu geri verəcəm.
Heç nəsiz, heç kimsiz ortada qalacam .
Və bir gün cəhənnəmdə görüşmək ümidi ilə
Dünya ilə vidalaşacam.

"Sevgi zad boş şeydi" dediyin yerdə
Allahın acığı tuta göydə

Bir qadın səsi eşidəsən uzaqdan
Digər bütün səslər boğazında düyümlənə
Ağzına gələni danışasan ...
heç kim heç nə anlamaya

Sözün bitsə də
Gözlərin sevincdən dola
Qulağların ətrafda onu axtara
Üzünü görməmiş səsinə
Özünü görməmiş kölgəsinə vurulasan

Yavaş-yavaş başını yuxarı qaldırıb ,
Qalanları, gedənləri ...
Kölgələri kölə edənləri görəsən

Hansı zalıma vurulduğunu
Hansının kölgəsində öləcəyini biləsən

Tanımadığın birinə görə tanıdığın bütün qadınları siləsən
Sevəndə də şair kimi sevəsən.

# 9286 dəfə oxunub

Oxşar xəbərlər

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
Gecələr yuxuma girərdi Allah - Günün şeiri

Gecələr yuxuma girərdi Allah - Günün şeiri

14:00 20 noyabr 2024
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

18:40 16 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

12:40 16 noyabr 2024
Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

Tanrıyla yan-yana gedirdi o qadın - Günün şeiri

18:43 15 noyabr 2024
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

18:40 13 noyabr 2024
# # #