Nə xoşbəxt imişəm bir zaman, Allah! - Əli Kərim

Nə xoşbəxt imişəm bir zaman, Allah! - Əli Kərim
21 avqust 2024
# 13:05

Kulis.az Əli Kərimin "Nə xoşbəxt imişəm bir zaman, Allah!" hekayəsini təqdim edir.

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış.

Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?!

# 912 dəfə oxunub

Oxşar xəbərlər

İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri

İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri

09:00 19 yanvar 2025
Nəyə lazım hamı bilə, sevirəm səni - Günün şeiri

Nəyə lazım hamı bilə, sevirəm səni - Günün şeiri

17:20 16 yanvar 2025
Ayrıldıq qəribə hədiyyələrlə - Nəbi Xəzrinin şeirləri

Ayrıldıq qəribə hədiyyələrlə - Nəbi Xəzrinin şeirləri

16:09 15 yanvar 2025
Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

Sərxoş gəlmişəm qapına - Şaiq Vəli

16:42 14 yanvar 2025
Könlümə tək Kəbə yapdım səni mən - Günün şeiri

Könlümə tək Kəbə yapdım səni mən - Günün şeiri

11:40 14 yanvar 2025
Dərdli, yağışlı gecə - Ələddin Əzimlinin şeirləri

Dərdli, yağışlı gecə - Ələddin Əzimlinin şeirləri

17:34 10 yanvar 2025
# # #