Kulis.az Ülkü Tamerin şeirlərini təqdim edir.
Gecə yarı
Gecə yarı, qaranlıqda
suya atdım mən səsimi.
Türkü oldu birdən-birə
dənizindən keçən gəmi.
Gecə yarı, qaranlıqda
gülümsədim buluda mən,
Saçlarına düşən yağış
göy qurşağı oldu birdən.
Gecə yarı, qaranlıqda
ulduz tutdum göy üzündə.
İşığını sənə verdim,
bir gül açdı ürəyində.
Yuxu
Mənə çiçək göndərmə,
bir quş ağacı göndər.
Budaqlarında gəzsin
kül rəngli göyərçinlər.
Qonsunlar yastığıma,
yatızdırmaqçün məni.
Bellərində quş tükü,
dimdiklərində nənni.
Qaldırıb yatağımı
uçursunlar göylərə,
Özümü ulduzlarda
görüm mən, birdən-birə.
Mənə çiçək göndərmə,
bir quş ağacı göndər.
Alnıma toxunanlar,
"yaxşılaşıb" desinlər.
Ağı
Bu torpaqda qalır adın
toxumların arasında.
Yaşılında tarlaların,
başaqların sarısında.
İllər keçsə də, aradan,
Qopar, gələr bulaqlardan.
İşıq saçar güllələnən
dostlarının yarasında.
Bir gün gələr, dağa çıxar,
ulduzlardan şeir sıxar,
qanımızı silər, yuyar
suların ən durusunda.
Bir anadır, bir qardaşdır,
düzənlərdə bir atəşdir,
sıra gəlir, həyat verir,
ölüm verir sırasında.
Bayraq olar bizə yarın,
rüzgarıyla ilk baharın,
dalğalanır gənc qızların
gözlərinin qarasında.
Nəfəs
Dağın yuxusuna, quşun gözünə,
sabahın səsinə köçürdüm səni.
Kərəmin yaralı, kövrək dizinə,
çayların yasına köçürdüm səni.
Canımı canının içindən duyan,
canımın içinə köçürdüm səni.
Alma qabığında, nar dənəsində,
gizlənən gülləyə köçürdüm səni.
Gecənin hördüyü gün qəfəsində
dolaşan kədərə köçürdüm səni.
Canımı canının içində duyan
canımın içinə köçürdüm səni.
Arının yayına, qışın otuna,
yarpaq payızına köçürdüm səni.
Ürəkdən-ürəyə yollar toxuyan
sevginin köçünə köçürdüm səni.
Canımı canının içindən duyan
canımın içinə köçürdüm səni.
Günəş topla mənim üçün
Səhər yeli, get dağlara,
günəş topla mənim üçün.
Xəbər yolla dörd diyara,
günəş topla mənim üçün.
Ümidlərin arasından,
kirpiklərin qarasından,
döşdə bıçaq yarasından
günəş topla mənim üçün.
Yaydan, qışdan, ilk bahardan,
məhbəslərdə dörd divardan,
çılğın, dəli sevdalardan
günəş topla mənim üçün.
Səhər yeli, yar gözündən,
havadakı quş izindən,
gecə yarı göy üzündən
günəş topla mənim üçün.
Qıranlara salam olsun
Salam olsun, dağa-daşa,
yoldaşlara salam olsun!
Meşədəki qurda-quşa,
ceyranlara salam olsun!
Dünya özü qara zindan,
boynumuzda yağlı urgan*,
gəlib-keçən dost-tanışdan
soranlara salam olsun!
Ölüm - canın can yoldaşı,
tikan gülün gönüldaşı,
qar altında dəniz düşü*,
quranlara salam olsun!
Kağızımız zibildir,
kəfənimiz buluddur,
peşəmizsə ümiddir,
qıranlara salam olsun!
Urgan* - Qədim türkçədə kətandan,
pambıqdan hazırlanan möhkəm ipə deyilirmiş.
Düş* - xəyal, arzu, yuxu və s.
Daş əsgər
İlk oyuncaq nə idi?
Gildən hazırlanıbmış,
yoxsa görən, qamışdan?!
Daşdan əsgər düzəltdim,
qurtarsın deyə, atamı.
Sonra boyadım onu
yağışla.
Əsgər, dağları aş, bu gecə,
O böyük kişinin mağarasında get,
Küncdə dayanan atamı gətir.
Gətir mənə
Qoy, yay bitsə də bitsin,
işti qış gətir, mənə.
Yuxumda qucaqlamaqçün,
sonsuz yuxu gətir, mənə.
Qarda gül açarmı, demə,
günəşini əsirgəmə,
ək yağışı ürəyimə,
bir damla yaş gətir, mənə.
Bəslər məni sənin sevdan,
əlimi tutduğun zaman,
bir buludun qanadından,
balaca quş gətir, mənə.
Şah damar
Ey, sevgilim, gülüm, yarım,
can içində şah damarsan.
Fərmansan sən bu dünyaya,
nəyə baxsam, sən varsan.
Yola düşdüm, ay batarkən,
dərələrdə tapdım səni.
Uzaqlarda sanar ikən,
yaxınımda tapdım səni.
Qanadları gümüş seyran,
sürülərdə tapdım səni.
Çiçəklərə gün daşıyan
arılarda tapdım səni.
Çörəyimi dördə böldüm,
yarılarda tapdım səni.
Ölülərdən xəbər aldım,
dirilərdə tapdım səni.
İçimdəki alovlarda,
çölümdəki adətlərdə,
bilməzsən sən, haralarda,
haralarda tapdım səni.
Bazar ertəsi
Öz-özünə dilxor olan uşaq,
film bitəndə böyük ekranda.
Kovboyların hamısı getdi,
səni kim qurtaracaq?
Kim qurtaracaq səni
güllələrdən, ağrılardan?
Sözlərdən?
Nitq
Aman, özünü asıb yüz kiloluq bir zənci,
üstəlik, gecə çöküb, səs də gəlmir ki, damdan;
mən olsam, utanaram, bu necə tələbədir?!
Həm dərslərini bilmir, həm də, kökdür hamıdan.
Yaxşı nişan alırdı özünü asan zənci,
pivə içməz, ağlardı, atası dəyirmançı,
sizdən yaxşı olmasın, boşanmada birinci,
ürəyim çox sıxılır, quş vuraq, istəyirsən.
Dilimizə uyğunlaşdırdı: Nilufər Hacılı