Bu gün görkəmli fransız şair Pol Verlenin doğum günüdür.
Kulis.az Mahir N. Qarayevin tərcüməsində onun "Qadına sonetlər"ini təqdim edir.
Qəribə bir yuxudan əzab çəkir ürəyim –
Dinclik vermir sevdiyim naməlum qadın mənə.
Məni sevən, anlayan, adını bilmədiyim
O qadın gah dəyişir, gah özü olur yenə!
Tək o qadın bilirdi ürəyimin sirrini,
Ah, o məni nə qədər dərindən anlayırdı!
Acı göz yaşlarıyla soyudurdu dərdimi,
Mənim ağır halıma yalnız o ağlayırdı.
Əsmərdi, sarışındı, ya kürəndi? – Bilmirəm.
Bəlli deyil adı da. Hardan bilim mən axı?
Heç yadıma da gəlmir saçını oxşamağım;
Bildiyim tək odur ki, çox incədir, bir də ki
Baxışı heykəllərin baxışını andırır,
Səsi də çoxdan susan qədim bir nəğmə təki.
***
Cavanlıq ehtirası! O sevgili qadınlar!
Saçın qızılı rəngi, gözün mavi çaları!
Çiçək kimi ətirli, tər və sütül bədənlər!
Ürkək nəvazişlərin şirin çırpıntıları!
Qəfil hara yox oldu o şən günlər görəsən,
Axı o saf sevgilər hayanda itdi-batdı?
Yoxsa sağ çıxmadılar payızın nəfəsindən,
Sonra da peşmanlığın, həsrətin qışı çatdı?
Son gününü gözləyən tənha qocalar kimi.
İndi təkəm büsbütün! Qəmgin və qaşqabaqlı –
Kimsəsiz bir yetimtək qalmışam gözü yaşlı.
Heç zaman heç bir kəsin qəlbini sarsıtmadın,
Ana təbəssümüylə hərdən alından öpən –
Ürəyi sevgi dolu sən ey mehriban qadın!
***
Yazdığım bu şeirlər sizədir, yalnız sizə:
O şirin xəyalların hərdən-hərdən güldüyü,
Hərdən də ağladığı iri gözlərinizə!
Bir də saf qəlbinizdi sizdə könül verdiyim!
Müqəddəs ruhunuza üz tutub yazıram mən,
Hazıram ürəyimi sizə hədiyyə edim!
Amma dərdim böyükdür! Məni daim izləyən
Canavar sürüsütək artır qorxum, dəhşətim!
Mənim bütün həyatım qana bulaşıb, nədir?!
Çəkdiyim bu dəhşətli iztirabın yanında
Cənnətdən qovulmuşun naləsi şən nəğmədir!
Və sizin kədəriniz bu nalənin önündə
Günortalar uçuşan qaranquşlara bənzər
Göy üzündə, gözəl bir sentyabr günündə!
***
Sən ey həzin xatirə, nədir məndən umduğun?
Payız qaratoyuğun sanki durub qəsdinə;
O yazıq da astaca gəlib qondu bir hovur
Küləyin titrətdiyi boz ağacın üstünə.
Təkcə biz ikimizdik. Arzuların əsiri.
Külək də nazlanırdı onun gözəl saçında.
Birdən çevirib mənə öz nigaran üzünü,
Təlaşla soruşdu ki: «Sən xoşbəxtsən haçandan?»
Bu mehriban sədanın, bu təlaşlı baxışın
Yalnız gülümsəməklə verdim cavabını mən
Və kirimişcə öpdüm o ağ, incə əlindən.
– Siz ey erkən çiçəklər, necə ətirlisiniz!
Onun dodaqlarından “Hə” cavabı çıxanda
Siz ey ilahi səslər, mənə xoş gəlirsiniz!
Bir az incə davran, coşma, əzizim!
Cilovla öz cılğın ehtirasını;
Hətta əyləncənin qızğın çağında
Sakitcə dəf elə ehtiyacını.
Qoy bir az süstləşsin bu nəvazişlər,
Aramla nəfəs al, sakitləş bir az;
Lap yalan da olsa, uzun öpüşlər
İsti ağuşunu heç cür soyutmaz.
Bilirəm, ürəyin pıçıldayacaq:
Vəhşi ehtirasın gur çıxır səsi!
Qoy bunu fahişə söyləsin ancaq.
Əlini əlimin üstə qoy yenə –
Sabah pozacağın vədlər ver mənə,
Sübhədək ağlayaq, şıltaq qızcığaz!
***
Ey Təbiət, heç nəyin məni vəcdə gətirmir:
Nə bu taxıl zəmisi, nə o çoban nəğməsi;
Nə sökülən dan yeri ürəyimi titrədir,
Nə də gözəl qürubun kədərli mənzərəsi.
Həm Sənət, həm də İnsan gülünc görünür mənə,
Gülürəm Nəğməyə də, Şeirə də ürəkdən;
Qəşş edirəm ucalan yunan məbədlərinə,
Xeyir-Şər də gülüncdür, Azadlıq-Köləlik də!
Tanrıya inamım yox, Şüuru rədd edirəm,
Qədim ironiyadan, Sevgidən söz düşəndə
Bir daha onlar haqda eşitmək istəmirəm.
Yaşamaqdan bezmişəm, ölümdən də qorxuram.
Fırtınalar içində azan bir qayıq kimi
Ruhum atılıb düşür bu qorxunc dalğalarda.
***
Quru saman çöpü tək alışdı bir qıraqda,
Üzümüzə şam kimi yandı ümid çırağı.
Al şəfəqlər süzülür tövlədəki yarıqdan,
Masaya dirsəklənib yatsan pis olmaz axı.
Ah, yazıq! Bizə verdi çeşmə buztək suyunu –
İç, sonra da yuxula! Mən burdayam ki, hər vaxt
Arzunu, hüzurunu, dincliyni qoruyum –
Sən yenə oxuyasan, yuxuya getmiş uşaq!
Günorta zəngi. Lütfən bizi tərk edin, madam!
O yatır, hələ yatır. Neyləyim ki, mən yazıq,
Biz qadın ayağının səsinə çox həssasıq?
Tapşırdım döşəməyə bir az su çiləsinlər.
Ümid bizə yarğanda işaran çaxmaq daşı.
Günorta zəngi. Di yat! Yuxula yaxşı-yaxşı!
***
Nəhəng qobelenlərin dəhşət ağırlığından
Dörd divarın dördü də sanki büküb qəddini.
Zülmət, bir də dəbdəbə əsir alındığından
Otaq içi sirr dolu gizli çadır kimidi.
Köhnə mebel elə bil Nuh əyyamından qalıb:
Rəngi solmuş parçalar, sınıq-salxaq çarpayı;
Burda kədər hər şeyə sirli bir kölgə salıb,
Az qalır gözə girsin divarların çatlağı.
Nə heykəl var, nə tablo, nə kitab, nə piano,
Qaranlıq küncdə yalnız bircə şeydi görsənən –
Təpədən dırnağacan ağ bir qadın fiquru.
Qatran qoxulu müşkün təsiri altındadır –
Odur ki, anlaşılmaz qədim toy mahnısına
Qəmli təbəssümüylə cavab verir o qadın.
***
Qudurğan yay hər şeyə kor-koranə qəsd edib,
At oynadır nə vaxtdı öz isti-bürküsüylə;
Bekar despotlar kimi yorğun-yorğun əsnəyib,
Seyr edir işgəncəni qızmar günəşlə birgə!
Ağır, dəhşətli mürgü girinc qoyub hər kəsi,
Nə torağay oxuyur, nə külək var, nə bulud.
Hara çəkilib görən Göyün mavi pərdəsi?!
Hər şey dərin yuxuda, hər tərəfdə lal sükut.
Hara çəkilib görən coşqun çayların suyu?!
Bürküdən heysiz qalıb çəyirtkələr çəməndə,
Rəngbərəng daşlar üstdə çeşmələr də quruyub.
Zərif ipəkdir yalnız uzaqda göz aldadan.
Və bir də vızhavızla uçub gedir harasa
Qara-sarı arılar bizi saya salmadan...
***
Ölən günümə qədər yaddan çıxmaz o axşam,
Yaddaşımdan silinmir necə sakit yatmağın:
Hər şeyin puçluğunu o sükutda duymuşam,
Hər yanın boşluğunu onda bilmişəm axı!
Ey sevgim! Sənə bənzər ilahi möcüzənin
Erkən çiçəklər kimi bir baharlıqdı ömrü!
Qara qorxu, boğuldum zülmətində mən sənin!
Sən yat, mənsə oyağam. Durma hələ, yat görüm!
Mənim zavallı sevgim! Bu nə kövrək həvəsdi!
Yuxulu gözlərindən ölüm boylanır sənin,
Nəfəsin də elə bil çəkdiyin son nəfəsdir.
İçində ağrı dolu hönkürtülər gizlənən
Sən ey yuxulu gülüş! Söylə görüm, düzdümü?!
Oyan, mənə cavab ver: ruhlar ölümsüzdümü?
***
Xeyir-şər qaynağıdır qadının gözəlliyi,
kədəri, solğun əli, odlu gözləri hətta;
Qarşısında qorxudan zalımın da əsdiyi
hər nə varsa, yandırıb kül eləyər həyatda.
Analıq nəvazişi əskik olmaz səsindən
dili çaşıb qəfildən yalan söyləsə belə;
Ya xeyirdən bir nişan, ya həzin nəğməsində
qaranlığa qarışıb can verən hönkürtülər!..
İnsanlar necə zalım! Həyat yenə viranə!
Keşkə orda bizimçün nəsə xoş şey qalaydı
Bütün bu öpüşlərin, savaşların yerinə;
Məsum uşaq qəlbitək sadə ürəyimizdə
Doğulan mərhəmətdən və şərəfdən savayı
Özgə nə qalacaq ki, öləndən sonra bizdən?