Kulis.az İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.
Söz
Dülgər taxta yonur mən söz yonuram,
Misranı göz qıyıb milləyirəm də.
Çörək bişirənlər sac külləyəntək
Kədərdən qələmi külləyirəm də.
Şair kimdir deyən yanıma gəlsin,
Söz necə qayıdır mənzilə görsün.
Arını çiçəklə görən gözünüz
Eynilə şairi söz ilə görsün.
Sözlər qat-qat olur – bəzisi ruhdan,
Bəzisi ağıla bilikdən gəlir.
İliyə işləyən sözlər ki var ha,
Yol alır şeirə ilikdən gəlir.
Sözünkü odur ki, qanad verəsən,
Sonra da durnatək səfə salasan.
İlahi lütfüdür bir şair kimi
Şeir havasında nəfəs alasan.
O gün kitabımı oxuyan biri
Necə dolanırsan? – məndən soruşdu...
Nə bilsin şeirlər qanım bahası,
Alıcı yanında qəpik-quruşdu.
Rəhmlə xəsislik qırır bir-birin,
Gəl indi onları ayır cibimdə.
Nadanın cibinə milyonlar axır,
Siçanlar oynayır şair cibimdə.
Qələm miyanadı, qələm dartınır,
İstəyir arada söz sözdən düşə.
O uca cəlalın xətrinə, Allah,
Qoyma bu ölkədə söz gözdən düşə!
Xalam oğlu Köçərinin ölümünə
Oğlan, xan yerişin vardı,
Çiyinə qalxmağın nəydi?!
Hamını çarəsiz görüb
O məzlum baxmağın nəydi?!
Həkəri üstü sırsıra,
Mərkizin başı çən olsun!
Narlarını doğradılar
Mağarın yeri gen olsun.
Məni bağışla narından
Bir budaq da mən kəsmişəm.
Bacımı tək qoyub getdin,
Zalım, ta səndən küsmüşəm.
Səni tanıyan kim olar -
Üzündən yaşı axmasın?!
Bilirik niyə tələsdin -
Zaman orda darıxmasın.
Nazim cavan heyvan aldı,
Hər kəs ehsanından yesin.
İsi dayı dizə çöksün,
Xalam laylanızı desin.
Hələ yolunu gözləyir
Dikdə “Laçın pavilyonu”.
İki oğul böyütmüşdün,
Edə bilmədin toyunu?!
Qəşəng güllər becərmişdin,
Qaldılar boynubükülü.
Mağarından asmışdılar,
Zamanla qoşa şəklini.
Gedər
Hər bahar gələndə bizim dağlara
Daşdanar el yolu sürülər gedər.
Təpilər sürüyə qismət dalınca,
Mübarək üzüylə börülər gedər.
Eşqin yarasına nə əlac eylər?!
Ayrılıq aşiqi naəlac eylər.
Arılar çiçəklə izdivac eylər,
Pətəkdə şan ağzı hörülər gedər.
Ocaqda yaş odun hey ətəklənər,
Dost qorxaq olarsa, igid təklənər.
İlham, xeyir-şəri bir gün yüklənər,
Səninlə divana hürülər gedər.
Aksiom
Buğdanı şuma at, sünbülə dönür,
Şüşəyə qara çək, güzgü yaranır.
Kəklik ovlanırsa, azuqə olur,
Ürək ovlanırsa, sevgi yaranır.
Əzrayılla çilin-ağac
Xeyli vaxtdır Əzrayılla
Çiling-ağac oynayıram,
Gah toxmaq vurur, gah yanqu,
Mən də çiling sanayıram.
Mizan eynidi hər kəsə,
Kara gəlməyir pul, maya.
Çilingi uzaq düydürür,
İstəyi bu – tapılmaya.
Bir yetişmiş meyvə kimi,
Gözləyir düşəm budaqdan,
Ölüb dirilirəm, demək
Bağım kəsilməyib Haxdan.
Arada gözümə görünür,
Deyir axır günü qabğar.
Dədə-nənəsiz yetiməm,
Məni öldürməyə nə var?!
Hər gözümə görünəndə
Canıma vic-vicə düşür,
Asta-asta gəlir, deyir -
Sakit ol, salma hay-həşir!
Mən də sərvaxt olum deyə
Duz üçün barmaq yarıram,
Çilingi uzaq vursa da
Hələ tapıb qaytarıram.
Eylə
Özün bağlıda qalsan da
Ruhunu azad quş eylə!
Sevgi qapısı açılsa,
Sən də çəkinmə nuş eylə!
Nə yaşasan – üç gün, beş gün,
Bircə sevgiyə ol düşkün...
Qəmi də gözəldi eşqin,
Hərdən gözünü yaş eylə!
Sözə dad verən mənadı,
İpdən rəng alan hanadı,
Hər şey sevgidən yanadı,
Ölümə də göz-qaş eylə.
Olsa
Bəxtin gülər sən can desən,
Can deyən yoldaşın olsa!
Fərq eləməz o ağbəniz,
Ya elə qaraşın olsa!
Tanrıdır verən butanı...
Tutasan gözün tutanı,
Olar könlünün sultanı,
Öz rəyin, öz xoşun olsa.
O dayıdı, bu əmidi,
O qayıqdı, bu gəmidi,
Sevişmək döyüş kimidi
Öpüşlərin qoşun olsa!
Laçına getsəm
Şərif Ağayara
Laçına gedə bilsəm,
evimizin daşları tanıyar məni
Qarnıma güc verib
bir-bir dəzgaha qaldırmışam.
Çəpərimiz tanıyar məni
Kolunu qırıb
yabada vələsini daşımışam.
Ağaclar tanıyar məni
Dəhnədən arxını vurub
suyunu gətirmişəm.
Körpə olanda Həkərinin
ovcumdakı suda üzən
balıqları tanıyacaq məni.
Həmərsin kollarına
doğma gələrəm
Güllərini qoxlayanda
tikanı qanıma batıb.
Yolda arxası üstündə düşəndə
çevirib uandına qoyduğum tısbağalar,
axşamlar işığa gələn qurbağalar
tanıyacaq məni.
Orda qalan bir uşaq,
bir uşaqlıq var,
Suyum şirin gələr,
şübhəli nəzərlərlə üzümə baxar,
“bu odur, o deyil?!” – deyə
Bəlkə o məni tanımaya,
heç mən də
özümü isnad verəcək halda deyiləm.
Bircə Laçına getsəm...
Durnalar
Çayın sahilində, göl qırağında
Bölüklənər beşər, üçər durnalar.
Təkcə dünən deyil, günü-bu gün də
Səf tutar vayğamdan keçər durnalar.
Bəzəyi minnətsiz – telin meh darar,
Boynu yol əyrisi, ayaq şax durar,
Gahdan incə süzər, gah ləngər vurar,
Dünyanı boydan-boy uçar durnalar.
Gözləri keşikçi, dimdik yarağı,
Vaqifdən, Zakirdən gəlir sorağı.
Nənələr yandırar “durna çırağı” –
Gecələr səmtini seçər durnalar.
Çox tərif deyiblər- İlham nə yaza?!
Qulağım acıyar o xoş avaza...
Gündüz gödələndə üzü payıza
Qalxar cığırına köçər durnalar.
Ya eşq
Gözündə, qaşında, kirpiklərində
Sən cəllad qəmzəsi becərdin, xanım,
O qürur taxtından aşağı düşsən
Mən həyat taxtımdan keçərdim, xanım.
Ləl kimi bahasan eşq bazarında
Sən olan bazarda ucuzdu bu can.
Haçan, Ya eşq!, deyib mərcə girdimsə,
Bəxtimdən tərs kimi uduzdu bu can.
Nə qədər dil tökdüm sən inad etdin,
Mən öz qabımdayam, sən öz qabında.
Sən mənim adımın üstdən xətt çəkdin,
Mən yazdım adını könül qapımda.
Kim baxsa, könlümə məəttəl qalar,
Xaraba içində oda salmısan.
Deyir soruşmusan – “ölüb, ya durur?”,
Şad oldum nə yaxşı yada salmısan.