Yelkən – dor ağacına bərkidilən və külək vurduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçasıdır.
Bu, yazımda bəhsi keçən "yelkən" sözünün qısa tərifi...
Keçək, "Yelkənsiz" tərəfinə.
Söhbət Fərhad Amurdan və onun "Yelkənsiz qadınlar" romanından gedir.
Roman iki ildir ki, kitabxanamda yer alsa da oxumamışdım. Unuda bilmədiyim qadın kimi... Həmişə görürsən, ancaq toxunmaq yasaq.
Romana gəlincə... Nəhayət, tilsimi qırıb yaxınlaşa bildim.
***
Əsər haqqında tərif və tənqidlərimin üfüqi genişdir. Amma çalışacam ki, çürükçülük eləməyim, qısa və konkret yazım.
Hərdən qadınlardan incikliyimiz olur. Qadınsız olmadığı kimi bəzən qadınla da olmur. "Yelkənsiz qadınlar" romanının sonuna çatanda həmin o, "olmayan qadınlar"ı xatırladım. Məncə, romanın sonu alınmayıb. Alınmayıb deyəndə göydə qalıb. Natamamlıq var sanki, həm də sevgi romanı olması nəsə ürəyimcə deyil. Bu, artıq mənim məsələmdir. Oldum-olalı, yazdım-yazalı, oxudum-oxuyalı sevgi romanlarını sevmədim. Müəllif özüm belə olsam...
Bu, roman haqqında ümumi tənqidim də deyil. Tənqid üçün gərək ayrı bir yazı da yazam. Lakin elə bu yazıda kiçik tənqid hissəsi verməklə istəyirəm tərifə də keçim. Neyləyim, adam var könlündən dəli bir ağlamaq keçir, mənimki də belə.
Fərhad Amurun "Yelkənsiz qadınları" romanını ümumi belə analiz edə bilərik: hisslərin qarışıqlığı, duyğusallıq, aşırı sentimentallıq, sarsıntılar...
Söhbət sevgidən, qadınlardan gedirsə, məsələ qarışıqdır. Əslində, istər sevgi romanlarında, istər real həyatda sevgidən əziyyət çəkənlər daha çox kişilərdir kimi görünsə də, məncə, belə deyil. Qadın kişidən yaxşı sevir, daha çox sevir. Bu gün günümüz əsas müzakirə mövzuları belə qadınla bağlıdır. Qadınlar haqqında yazılmış bütün romanları, hekayələri, şeirləri - ən başda Fərhad Amurun "Yelkənsiz Qadınlar"nı göz önünə gətirib tez-tez işlətdiyimiz cümləni təkrarlaya bilərik:
- Qadın ədəbiyyatın xammalıdır!
Romandakı obrazların bəziləri əslində, müasir ədəbiyyatdan tanıdığımız yazıçı-şairlərdir. Bunların bəziləri açıq şəkildə, bəziləri də üstüörtülü verilib müəllif tərəfindən.
Kitabı oxumadığım dönəmlərdə Fərhaddan həmin obrazların kimlər olduğunu soruşanda onu artıq oxuyub bilmək lazımdır demişdi. Məhz bu səbəbə görə bu barədə geniş danışmaq istəmirəm. Hər şeyi mən yazası deyiləm ki. Orasını da özünüz oxuyub öyrənin.
Roman sevgi romanıdır, dramdır. Əsərdəki obrazların hər birinin öz hekayəsi var və hər bir obraz sevgi oyununun içindədir. Və də onlar düşdüyü situasiyalardan qurtulmağa çalışırlar.
Romana həm də avtobioqrafik roman da demək olar. Ona görə ki, sanki ümumi yaşantılar müəllifin özünün yaşadığı hallardı. Əgər belə deyilsə, texnikası yüksəkdir.
Başda etdiyim tənqid əslində romanı oxuyan zaman dialoqlarda ağlıma gəldi. Hərdən bayağılıq, şablonluq da hiss etdim. Amma bir tərəfdən sevgi elə həm də bayağılıqdı.
Azərbaycan ədəbiyyatında üç-dörd sevgi romanı var ki, yenilik kimi təqdim etmək olar. Mövzusuna görə aşağı-yuxarı hamısı eynidir, eyni formada yazılıb. Amma “Yelkənsiz qadınlar”da mənə elə gəlir ki, forma başqadır. Tanış deyil bir növ. Romandakı keçidlər, ümumi texnika bunu deməyimə əsas verir. Qeyd etdiyim nüanslar oxuduğumuz digər sevgi romanlarındakı kimi deyil.
Fərhad Amurdan bundan əlavə bir neçə hekayə oxumuşluğum var.
Açığı, müəllifin yazı dilinin gözəl olmasını romandan çox, hekayələrində hiss elədim. Yəni hekayələrdəki peşəkarlığı romanda o qədər də hiss olunmurdu. Ya da mən hiss etmədin.
Ən çox da "Versiya 1" hekayəsində Fərhadın yazıçılığına olan şübhəm aradan qalxdı.
Bu kiçik həcmli hekayədə də iki obraz var və onlardan biri də qadındır. Deyəsən, qadınlar zamanında müəllifi yaman incidiblər.
"Dünya yeni işıqlıdır" hekayəsində artıq sujet dəyişir və bütün bunlar fonunda Yelkənsiz qadınlar-Yelkənli yazıçı Fərhad Amuru "yaradır".