Kulis.az Orxan Saffarinin "Avtoşlar" yazısını təqdim edir.
"Mən oğlanın ürəyin sürüşündən bilirəm"
“Salam, ay məhlə uşağımız, qaqaş, avtoş, səninlə fəxr edirik biz hamımız”.
“Avtoş gəlir, yolu yoldu, avtoş gəlir, sağı soldu”
“Yenə avtoşlar eşalonla sürür...”
Yəqin, hamınızın yadına düşdü bu mahnılar. Bakı küçələrinin bir vaxtlar əvəz edilməzləri, avtoşları. Bir əli rolda, bir əli pəncərədən çöldə təkər qaldıran qaqaşların "Pioner"lərindən səslənən bu mahnılar artıq nostaljiyə dönüb. Gecələr şəhərin küçələri sözün əsl mənasında bir başqa olurdu. Döngələrdə, kruqlarda driftlər, iki təkərlər, qəzalar, həyəcanlı anlar. Onda adamların da həvəsi çox idi. Adam tanıyıram, hər gün gedirdi "beşbərtəbə"yə ki, gecə yarısından sonra cayıllar çıxacaqlar sürməyə, onları alqışlasın.
Uşaqlığıma təsadüf edən bu dövrlər əməllicə beynimə qazınıb. Elə bil, rəhmətlik Cabir "Vaz 2107" ilə yeri "zmeykalayıb", təkərlər də yanıb. İndi həmin günləri düşünəndə elə o günlər maşın kimi gözümün önündən "ciuu" eləyib keçir.
"Beşmərtəbə", Kubinka, Yasamal, Əcəmi avtoşları.
Yollarda yanmış təkərlərin izləri həm də alın yazısı idi. Allah rəhmət eləsin, Smert Tofiq, Cabir 012. Məşhur avtoşlar idi.
Hələ Hamlet var idi, Hamlet 079. Rol arxasına oturub-oturmayan hamı ən azı bir dəfə də olsun Hamletin adını eşidib.
Zeynal 123, Tərlan 038, Rasim RT 097 – daha kimlər, kimlər. İndi Bakı küçələri səssiz-səmirsizdi. Düzü, demirəm ki, bu, doğru bir şeydir, amma həm onlar tərəfdən, həm də bir balaca yan tərəfdən baxanda haqq da verirsən.
Məsələn, mənim üçün avtoşluq etmək bir az da sənətdir, adrenalindir, tərzdir. O cümlədən idmandır. Avtoşluq Bakı küçələrinin rallisi idi. Məncə, çoxdan yaranmalı idi bizdə bu idman.
Avtoşluq barədə özüm də bir xatirəmi danışım. Yeniyetməlikdə belə bir həvəsə düşmüşdüm. Atamın maşınını oğurlayıb, gizlincə asfalta çıxardım. Çox vaxt şeşələnmək üçün dostlarımı da götürərdim. Sonuncu dəfə, olardı 15 yaşım, "qai" düşdü arxama. İndi özümü nə tərifləyim, bəndənizi yarım saat sonra təsadüf nəticəsində tutdular. "Qai"ni öz aləmimdə azdırdım 20-ci sahənin ara küçələrində, bir qırağa verib saxladım. Bir neçə dəqiqə sonra maşını çıxartmağa gələndə də gördü. Getməyibmiş ərazidən. Sutkalığa qədər aparırdılar, atam sağ olsun, gəldi həll etdi. Odur-budur, elə etmirəm. O avtoşluq həvəsi ötəri oldu, onunla da getdi.
Amma ömrünün sonunadək, həyatına belə bu risklə son qoyacaq adama, adamlara buna görə qıyğacı baxmaq da bir şey deyil.
"Bir var maşın sürəsən, bir də var maşını sürüyəsən. Maşını sürüyənlər avtoş adlanır, qanunla onlara avtoxuliqan deyilir. Bu ada dırnaqarası baxmaq da düzgün deyil. Onlar müəyyən hörmətə malikdir, bu hörməti qazanmaq da hər oğulun işi deyil. Yəni avtoş olmaq." (C)
Hər dövrün öz estetikası olduğu kimi, 2000-lərin əvvəlinin estetikası da bu idi. Zarafatsız, onların dövranı yadıma düşəndə gülümsünür, indi onlar olmadığı üçün darıxıram. Görəsən, özləri yığışdırdılarmı, ya sərt tədbirlər belə etdi, bilmirəm. Sonradan da davam eləmədi bu ənənə. Elə sürət maşını kimi gəlib keçdi. Amma necə də maraqlı günlər idi. Bəlkə də, bütün bunlar bu həyatı az da olsa xoşladığım üçündür, ya içimdə tam ölməyəm həvəsdir. Məsələn, mən yenə də istəyərəm ki, ara-sıra o avtoşlar girsin ara məhəllələrə, öz aləmlərində yol polislərini azdırsınlar, yollarda yenə təkər izləri olsun. Nə bilim, belə də, şair demiş, "Mən oğlanın ürəyin sürüşündən bilirəm".