Kulis.az Orxan Saffarinin "Həmişəyaşar Rafiq Tağı" yazısını təqdim edir.
Xallandı gül-butasında.
nər qarnında-qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında,
ölkə bilmədi-bilmədi...
Eldar Baxışın bu misralarını bilirsiniz əlbət. Mən ilk oxuduğum anda ağlıma bircə ad gəlmişdi - Rafiq Tağı.
Sanasan, Eldar Baxış bu şeiri yazdı ki, Rafiq Tağını öldürsünlər. Onun taleyinin əyninə biçilmişdi bu şeir. Talehi şeir adam. Şeir ömrü, yazı ömrü yaşayan adam.
Daha sonralar Anton Çexov oxuyanda xatırladım Rafiq Tağını. Daha dəqiq, həyatını. İxtisasca həkim Çexov. O cümlədən Villiam Porteri. Tibb işçisi idi hər üçü. Bizim Çexovumuz - Rafiq Tağı, həkim-yazıçımız.
Bunlar ortaq nöqtələrdir təbii. Amma əsərlərə görə də var oxşarlıq. Villiam Porterinin həkayələri pozitivdir, daha çox cəmiyyətin nöqsanlarını, yanlışlıqlarını ironiyalı, yumorlu tərzdə göstərir. Anton da daha çox pessimistlik var. Rafiq Tağı hekaləyəri, yazıları da eyni ilə bu cür ironik, tənqidi və o bir o qədər də pessimist yazılardır. Yaşadığı cəmiyyətin yanlışlarına biganə qalmayan bir yazıçı idi Rafiq Tağı. Bu, onun əsərlərində açıq-aydındır. Elə buna görə də taleyi gətirmədi. Sərtliyinə, cəsarətinə görə.
Ümumiyyətlə, əsərlərdən danışsaq, təhlil eləsək, gərək bu yazının sonrası kitaba getsin, romana qalxsın.
Hardan baxsan yazıdır, yazıçıdır Rafiq Tağı. Məşəqqətli həyatı, mərd, qürurlu, cəsarətli ömrü, vicdanı ilə.
Açığı, hələ də gümanım yoxdur ki, Azərbaycan ədəbiyyatına ikinci bir Rafiq Tağı gəlsin. Təcili yardımla getdiyi evə sonradan bazarlıq edən bir həkim - yazıçı gəlsin.
Nə bilim, o qədər şey var ki, danışmalı, yazmalı. Heç bilmirsən, hansını deyəsən.
Bəli, məhz ölkə bilmədi bilmədi. Heç bilmir də. Nə vaxtsa biləcək... bəlkə də... Buna adım kimi əmin olmaq istəyirəm. Bu ölkə yetərincə Rafiq Tağının qiymətini bilmir, dəyərini vermir hələ də. Səbəblər ortadadır. Şərtlər də ağır.
Rafiq Tağının həyat yolunu hamımız bilirik, təkrarlanmağa ehtiyac yox. Amma elə ağır gəlir ki... Müstəqil şəkildə fikrini dediyinə görə, sevmədiyin, cahillik bildiyin məsələlələrə görə mübarizə apar, çətinliklər gör, həbs olun, sonunda isə qətlə yetirilir, qtilin də tapılmaya.
Məhz Rafiq Tağının timsalında Azərbaycan ədəbiyyatının qanı yerdə qalıb.
Mənə elə gəlir ki, bütün cəsarətli mətnlərin arxasından Rafiq Tağı boylanır.
Mənə elə gəlir ki, Rafiq Tağının bıçaqlandığı yerdə mətnlər düşüb qalıb. Qana bulaşıb yazılar.
Artıq illərdir ki, Rafiq Tağı son mənzildədir. Heç layiq olmadığı şəkildə. Axı, yer kürəsi bəşəriyyətin təkotaqlı mənzilidir.
Bəşəri Rafiq Tağı.
Unudulmaz Rafiq Tağı.
Mənə elə gəlir ki, Rafiq Tağı hələ də sağdır. Necə ki, anası hələ də onu sağ bilir.
Mənə elə gəlir ki...
Mənə elə gəlir ki, bir gün hər şey yaxşı olacaq, çıxacaq qaranlıqlar aydınlığa. Çıxacaq ədəbiyyat duruluğa.
Mənə elə gəlmir, dəqiq elədir. Rafiq Tağı həmişə yaşayacaq...