Heç bir əyləncənin, yeyib-içməyin, səyahətlərin, qadınların onu söndürməyə gücü çatmayacaq. Bu səbəbdən də artıq heç vaxt, ölüm həyatımı sonsuz, zülmət qaranlığa qərq etməyincə, mən ondan qurtula bilməyəcəyəm.
Tomas Vulf “Mələk"
Nəsildaşlarım haqqında yazmaq mənim üçün hər zaman çətin olub. Səbəblər bəs deyincədir. Düzü, müasir ədəbi proseslərin qaynar atmosferində nəsil, generasiya bölgüsü aparmağın mənasızlığını çoxdan duymuşam. Yəqin, müqayisə, bölgü predmeti estetik kriteriyalar, mövzu, ideya və ya ola bilsin, akademik oxşarlıqlar üzərindən işlənsin. Bənzər təxəyyüllər və təxəyyülün maddi forması – yazı sinfi dolduran təkcənə kriteriyadır. Olsun! Daha vaxtın, zamanın burda elə bir tafotu yoxdur.
Ötən illərdən birində yaşlı bir şair ilə, təxminən, bu ladda təsadüfi söhbətin düz ortasında düşmüşdüm. O, qırış basmış, qara xalla naxışlanmış yaşlı əllərini əti sallaq çənəsinə çəkib söyləmişdi ki, “oğul, qarğa ilə qartal, eyni yaşda ola bilər, ancaq qarğa qarğadır. qartal da qartal”. Xub!
Bu mənada Məhəmməd Tanhu, Orxan Saffari, Məlik Rza ilə aramdakı ortaq nəsr təxəyyülünün və bu təxəyyülün maddi formasının – yazının bayraq olub əsdiyi bənzərliklər mənim ədəbiyyatın bütövlüyü ilə bağlı düşüncələrimin nəsil, generasiya çəpərindən estetik bənzərliklər və dünyagörüş oxşarlığına hoppanmasına səbəb oldu.
Ədəbiyyat tariximizdə generasiya müqayisələrinin aparılmasının hələ də buxovundan çıxa bilmədiyimiz sovet tənqidçiliyi ilə müstəsna əlaqəsi var. Ədəbiyyatı siyasi canfəşanlığa xidmət edən dialektik prosesin parçası kimi görmək, hakim və qəddar ideologiyaya könüllü-könülsüz quyruq bulamaq, onun kölgəsi olmağa məcbur qalmaq! Bəli!
Hamı üçün aydındır ki, müəllif dövrün havasını nəfəsindən, canından çıxarmalı, zamanla ayaqlaşmalı, yazdığı əsəri dövrün ruh köynəyindən keçirməli, o köynəkdə heçdən bir ilmə olmağı bacarmalıdır. Belə deyək, müəllifin qələmi öz dövrünün xəttində yazmalıdır. İctimai-siyasi məsələlərə bədii münasibət də bura daxil.
Məhsulun dövr, politik mühit ilə əlaqəsi, məncə, böyük bir əhəmiyyət kəsb edən bu tezisdən o tərəfə keçməsə yaxşıdır. Gerçək əlaqə, gerçək bağ rəsmi üslubun quruluğunda axıb keçən politik həyat ilə münasibət deyil, ortaq ədəbiyyat hovuzunda bütün dünya üçün açıq qalan qaynar və müstəsna sənətkarlıqladır. Yəni, bu mənada bir ayağın dövrün, hadisələrin, analogiyaların üstündə olmalıdır, digər ayağın bütün dünya üçün açıq qalan ortaq ədəbiyyat hovuzunun içində. Birinci səni statik zamana, konkret siyasi və sosial halətə əsir edirsə, digəri sonsuzluğun və genişliyin ölü dənizində üzdürür.
Stalinin ölümündən sonra Sovet reallığının dəyişməsi, bunun sənətə müsbət təsirini göstərməsi, doğrudan da, yenilərin köhnələrdən fərqlənməsi şərti olaraq dövrün sənətkarlarını eyni qutunun içinə atıb, loqosuna da eyni sözün yazılmasına səbəb oldu: “Altmışıncılar”.
“Yetmişincilər”, “Səksənincilər” də birincinin məntiqəuyğun davamı olaraq ad qazandı. Anarın bayağı sentimentallıqlarla dopdolu yüklənən şəhər nəsri ilə Əkrəm Əylislinin kənd nəsri arasına hansı bərabərliyi qoymaq olar? Heç nə!
Orxan Saffarinin bu yaxınlarda nəşr olunan “Hüznsov depressiya” adlı hekayələr kitabı məni kiçik mənada dövrün hekayələri, böyük mənada ədəbi zövqlər, nəsildaşlar mövzusu haqqında düşündürdü. Gəlin əvvəl essenin başında söylədiyim “nəsildaşlar haqqında yazmaq çətindir” arqumentinin qara qutusuna bir nəzər salaq, görək, nədir qarnımın ağrısı?
1. Yaşın azlığı ədəbi istiqamətin, intellektual vərdişlərin müəyyənləşməsi üçün ciddi implus, hətta siqnal olsa da, gerçək budur ki, gəncliyin sağ-solu bəlli deyil, daha doğrusu, qaynar həyatın, coşğun ruhun dumanı arxasında gənc müəllifin Kamal Abdulla demiş “birununu” barmaq eləsək də, “əndərununa” çata bilmirik. Neynək?! Bu belədir və qafası qarışıq esseist üçün ciddi əngəldir.
2. Müəllif haqqında yazarkən əvvəl-əvvəl onun bütövlüyünü, tamlığını, ədəbiyyata münasibətini duymaq gərəkdir. Beləcə, açıq və parlaq xəritə üzərində işləmək, yolunu tapmaq məqsədə asan çatmağına, az yanacaq buxarlamağına səbəb olacaq. 23-28 yaşlı gənclər üçün bu həqiqətlərin bütövlüyü, etiraf etməliyik ki, sual altındadır.
Çətinliyin qırmızı yanaqları bu dəm gülümsəyir.
Gələcək zamanda danışmağa məcbur qalırsan. Çünki əlindəki maddi faktların (konkret əsərlər) azlığı səni buna vadar edir.
Vəhyçi intonasiyadan hər zaman zəhləm gedib.
3. İlk kitab - ilk eşqdir, xoş təsiri kimi zədəsi də böyükdür. İlk kitablarından imtina edən müəlliflərin sayını yazsan bitməz, oxusan ağzın yorular. Yaxın ayların birində istedadlı nasir Cavid Zeynallının, təxmin edirəm, ilk romanına təkrar nəşr üçün təklif gəlmişdi. İstedadlı nasir Cavid Zeynallı nəşriyyatdan möhlət istəmişdi ki, romanı silkələyib yoxlasın, göz atsın, görsün iyirmili yaşlarda köynəyindən keçirdiyi əsər otuzlu yaşlarda nə deyir, nə umur? Beləcə, kitab yenidən redaktə olunmuşdu. Mən redaktə olunmuşdu deyirəm, siz yenidən yazılmışdı eşidin. Çünki bircə cümlə belə dəyişsə, bir çaya iki dəfə girmək həlbət olmaz. Bu mənada ilk kitablara istənilən halda ehtiyatlı davranmağa məcbur qalırsan. Bu da bir dərd!
Orxan Saffarinin lap yaxın günlərdən birində çapdan çıxan “Hüznsov depressiya” kitabındakı hekayələr mövzu olaraq bir-birindən fərqlənsə də, oxşar ideyaları qovuşdurur. Hadisələr oxşar məkanlarda baş verir, oxşar adamların taleyindən keçir. Müəlliflin həyatı və xatirələrinin əl-ələ verib Bənövşə oynadığı bu hekayələrin isti ruhu həmən duyulur. Nəsrdə təhkiyə və təhkiyəçi məsələlərinin məni eksperimental cəngəlliklərin sıx ağaclığında azdırmağından hər zaman izahsız zövq almışam. Bu, yəqin, analitik zəkalara heyranlığımın özünü ifadəsidir. Olsun. Nəsrdə dörd əsas təhkiyəçi vardır:
1. Sadəcə kənar müşahidəçi kimi təəssüratlarını nəql edən.
2. Hər xarakterin nələr hiss etdiyini bilən, müşahidəçidən çox, hekayənin axarından da xəbərdar olan, hamının beyninə girib çıxa bilən Tanrı kimi biri.
3. Birinci şəxsin təkində müşahidələrini, yaşadıqlarını və ətrafında baş verənləri danışan.
4. Hadisələri balaca personajlardan birinin gözündən təsvir edən.
XX əsrin əvvəllərində 2-ci bənddəki “hər şeyə hakim olan, hər şeyi bilən təhkiyəçi” romanın, hekayənin realist inkişafı ilə ziddiyət təşkil etdiyi üçün öz yerini birinci şəxsdəki (3) təhkiyəçiyə verdi.
Hakimi-mütləq “mən” Orxan Saffarinin hekayələrinin də mərkəzində şeşələnib gəzir, hekayənin duyğu və düşüncələri müəllifin hakimi-mütləq “mən”inin dilindən oxuculara əyan olur. Süjeti dartqısına dolayıb çəkən, rahat və tələskən dil birinci şəxsin nəfəsindən süzülür. Olsun! Birinci şəxsin dilindən danışmaq müəlliflərə sərf edib. Haqqında danışdığın mövzunun şəxsiləşməsi ona uzanan konsentrasiya tellərini dik saxlayır. Özgə adamın həyatına şahidlik hissi şəklənən qulaqlar deməkdir. Ancaq Orxan Saffarinin nəsrindəki birinci şəxsin reallığı eyni zamanda hekayələrin dinamikliyinə, publisistik dil çaparaqlığına, bəzi hissələrdə şeir havasına düşməyinə səbəbdir.
Müəllifin kitabı on üç hekayədən ibarətdir. Kitabdakı on üç hekayəni mən əvvələr də ayrı-ayrılıqda oxumuş, münasibət bildirmişdim. Bu arada “Hüznsov depressiya” kitabında oxucuları yeni hekayə gözləmir. Müəllifi onlayn platformalardan izləyən oxucular üçün bu hekayələr tanışdır. Ancaq mütləq söyləməliyəm ki, kitabın çətirinə yığlan hekayələr arasındakı mücərrəd əlaqə ardıcıl oxu prosesindən sonra faş ola bilər. Beləliklə...
Qollarını açıb Bayılın gecə qondu məhəllələrindən, küçə həyatından, təhlükəli uşaqlığından, dost münasibətlərindən, cinayətlərindən, xəyanətlərindən, təsadüflərindən, münəccim inamlarından yapışan hekayələrin dadı mənə çox sevdiyim Lyosanın “Los jefes / los cachorros” (hərfi tərcümədə “Boslar və balalar”) hekayələr kitabını xatırlatdı. Kiçik dünyaların kiçik nizamlarının əksinə gedən adamlardan bəhs edən hekayələr kitabını həyacan və sevinclə oxuyub qafamda uçuşan analogiyaların ulduzundan ləzzət almışdım. Fərqli aləmlərin unikal sənətkarlıqla işlənməsi, sözə çevrilməsi məni hər zaman həyacanlandırıb. Lyosa mətnlərindəki hiyləyər və sınıq qəlbi ilə, rahat və barmağı tətikdə saxlayan gərgin üslubu ilə hekayə janrında gəzişsə belə, atmosferlə bərabər, alternativ dünya yaratmağa çalışır və oxucuları unikal sənərkarlıqla hörülmüş alternativ dünyaya qonaq edir. Beləcə, ayağının birini ortaq ədəbiyyat hovuzunda sərinləyərkən tapırsan. Dünya gözəlləşir.
Yüksək sənətkarlıq süjeti brendləşdirir. Orxan Saffarinin hekayələrində də Lyosanın dünyası ilə üst-üstə düşən məqamlar az deyildi. Orxanın hekayələri də balaca dünyaların balaca nizamlarına əks gedən, tənha, məğlub, bataqlığa saplanmış insanların taleyindən möhkəm yapışır.
“Lotu Arzu” hekayəsinin bir qolu kriminal aləmin məşhur simalarından birindən, digər qolu isə adi və zəif bir insanın teleyindən bəhs edir. Hər iki obrazın adı eynidir, ancaq adların xarakterlərə heç bir dəxli yoxdur. Çünki insan adı yox, ad insanı yaradır. Bu mənada Orxanın obrazları canlıdır, özlərindən əvvəl qurulmuş qaranlıq nizamın parçası olasalar da, bu qaranlıq, acımasız nizamın havasında hislərdən və emosiyalardan arınmayıblar və onları insan edən əlamətlərin hislər, emosiyalar olduğunu gözəl bilirlər.
”Mərcan xala və polipləri” hekayəsi ölüm və həyat arasındakı vəhçi xarakterə sahib yaşlı qadının hekayəsini nəql edir. Hekayənin əsas obrazı Mərcan xalanın təsəvvürləri bizim üçün hadisələri nəql edən “mən”in yaddaşını süfrə kimi açmasından sonra məlum olur. O, tək yaşayır. 200-dən çox kuklası və bir pişiyi var. Əlbəttə, onun əri də arada-bir gözə dəyir, ancaq tez-tez itir. Təhkiyəçi Mərcan xalanı xatırladıqca qəfil uşaqlığın nostalgiyasında itir, orda eləcə özü üçün gəzib-dolaşır və niyyət bu nostalgiya qurşağının arxasında görünməz qalır. Mərcan xala günlərin bir günüdə öləcəyini söyləyir. Mən, elə bilərdim ki, ancaq fillər ölümünü belə dəqiq hesablaya bilər. Görünür, elə deylmiş.
“Qəbir əzabı” hekayəsi sənətkarlıq və klassik mətnlərlə əlaqə konteksində olduqca maraqlıdır. Quranın “Fəth” surəsi ilə başlayan hekayə sonrakı hissələrdə dini motivlərə toxunacağını lap əvvəldən işarə verir. “Mehdi” obrazı Şərq reallığında gözlənilən və hər an gəlməsi məqbul xilaskarlıq missiyasını çiyinlərində daşıyan obrazdır. Biz Mehdini “Qəbir əzabı” hekayəsində görürük. O gəncliyində atası ilə bitib-tükənməz mübahisələrdən baş götürüb qaçıb. Anası Zərnişan xanım onu illərlə gözləyib. Xəbər çıxmayıb. Və müəllifin də söylədiyi kimi “Mehdi anasının ölümünə yaxın zühur elədi”. Hadisələrin gərgin atmosferi Zərnişan xanımın ölümündən sonra cərəyan edir. Bu əcəl ölümü idi, yoxsa qətl? Polis işi araşdırmağa başlayır və hekayəni detektiv gərginlik bürüyür. Ancaq müəllifin gücü çevrəni eyni gərginliklə qapamağa çatmır. Orxan Saffarinin hekayəsində Mehdinin “zühuru” xilaskarlığa deyil, şərə xidmət edir. O şər tərəfini öz profesionallığının arxasında gizləyir. Ancaq sondakı gülüş özünü ələ verir. Polislərin yox, oxucuların qarşısında...
Orxan tənha və qaranlıq insanların, cinayətkarların, bomjların, avtoritetlərin sənət və ədəbiyyat üçün xərclənə biləcək nüvəsinə enir. Əlbəttə, onu da deməliyəm ki, Orxan Saffarinin hekayələrindəki “mən”in müəllifin şəxsiyyəti ilə iç-içə olması təsadüfi deyil. Hadisələr bir-birini əvəz edən quru fakt yığını yox, müəllif üçün həyatın özüdür. Hekayələrin gizli kodlarını müəllifin tale dəftərinə baxıb asanlıqla oxumaq olar. Bu fakt müstəqil mətnləri tematikləşdirir.
Ədəbiyyatı həyatın güzgüsü deyil, alternativi hesab etdiyimdən ensiklopedik xarakterə malik müəlliflərin xırdaçılığından çox şey öyrənəcəyimizi düşünürəm. Bu xırdaçılıq müəllifdən özünü irrasional həqiqətlərə təslim etməsini, onun kölgəsi olmasını tələb edir. XIX əsrin aristokrat xanımları çəkilərini sabit saxlamaq üçün soliter adlı parazit udurdular. Parazit orqanizmdə dolaşır, xanımların yedikləri ilə qidalanırdı və nəticədə orqanizm nə qədər qida qəbul etsə də, sabit qalırdı. Artıq çəki gözəllik vurğunu xanımların qanını it qanı eləmirdi. Yedikləri hər nə varsa, bilirdilər ki, özləri üçün deyil, orqanizmdə dolaşan hiyləgər parazit üçündür.
“Gənc romançıya məktublar” kitabında bu hadisəni xatırlayan Lyosa, sözügedən xanımlara heyranlığını gizlətmir, bütün var-yoxunu gözəlliyinə qurban verənlərə ehtiram bildirir və yazıçılığın da bədənində “soliterlə” gəzməyə bənzətməyin məntiqliyini vurğulayır. Nə pis!
Bu, amansız bir geçəkdir! Yazıçılıq, bəlkə də, yaşanması mümkün olmayan bir dünyada yaşamaq istəməkdir. Bəli, o dünya yoxdur. Ancaq sən intəhasız bir ehtirasla o dünyanı istəyirsən, xəyali iplərindən tutub özünə çəkirsən və beləcə onu kərpic-kərpic inşa edirsən. Əlləri qabarlı iradə və zəhmətlə. Sonra o dünyanın yalqız sakininə çevrilirsən. Bu yaratmaq ehtirası bədənində durmadan hərəkət edən soliter deyilmi? Yaşadığımız hadisələri, emosiyaları, xatirələri, eşqləri, dostluqları, oxuduğumuz kitabları, baxdığımız filmləri onun yolunda xərcləmirikmi? Xərcləyirik!
Bu mənada Orxan Saffarini, Məhəmməd Tanhunu və Məlik Rzanı nəsildaşlarım deyil, estetik silahdaşlarım hesab edirəm. Bədənimizdə dolaşan parazitin qardaşlığına inanıram. Reallıq dəryazlarını çəkib üstümüzə gələn həyata qarşı bu birlikdən savayı hansı təsəlliyə güvənə bilərik?
“Bədii uydurma – arxasında böyük həqiqət gizlənən yalandır” – Lyosa deyir.
Bu yüzdə yüz qatıldığım fikirdir.