Yusifin quyusuna düşən azərbaycanlılar – Orxan Həsənidən Yeni Hekayə

Yusifin quyusuna düşən azərbaycanlılar – <span style="color:red;">Orxan Həsənidən Yeni Hekayə
3 may 2019
# 17:32

Kulis.az gənc yazıçı Orxan Həsəninin “Sonuncu yuxu” adlı yeni hekayəsini təqdim edir.

On bir ulduzun, günəşin və ayın hikmətlərinə həsr olunur

...Karvan Misir torpağından ayrılanda ataları dedi: "Mən, həqiqətən, Yusifin qoxusunu hiss edirəm".

Quran, Yusif surəsi

Hər şey bir yuxuyla başladı... İki, üç və sonra hiss elədi ki, düz bir həftədir, yuxuları çin çıxır. Bu hekayə yuxulara inanan o adam haqqındadır.

***

Yusif siqaretindən dərin qüllab aldı, boz-bullanıq, gümüşü tüstünü buraxıb divardan asılı qəzet səhifələrinə baxdı. Bir neçə ayda qəzetlərdə dərc olunan hekayələrini kəsib divardan asırdı. Evində pəncərə yoxdu. Yusif səhifələrə pəncərəyə baxan kimi baxırdı.

O vaxt ki, hava qaralırdı, elə bilirdi, sözlər səhifələrdən qopub kəpənək kimi havada uçuşur. Havada uçuşan sözlərin hərəkətindən əməllicə ləzzət alırdı, belə vaxtlarda ona elə gəlirdi ki, əl atsa, o sözləri tuta bilər, tutduğu sözləri içində birləşdirib yeni hekayələr uydurar. Mənə qalsa, ömrünü bu əyləncəli oyunun əvvəlindən sonuna, sonundan əvvəlinə yük kimi daşıyardı, ancaq iş elə gətirmişdi ki, birdən-birə yuxuları çin çıxmağa başlamış, maddım-maddım divardakı qəzet səhifələrinə baxanda çoxdan gördüyü bir yuxunu xatırlamışdı.

Hava alatorandı. Axşamüstünün əli pərdə kimi günəşin qabağına keçib aləmin rəngini dəyişmişdi. O, dibsiz bir quyunun başında kimisə gözləyirdi. Qara kapyuşonlu adamı görəndə elə bildi, yuxunun içində yuxu görür. Adamın gəlməyi ilə Yusifi quyuya itələməyi bir oldu. O, kəllə-mayallaq quyuya düşdü. Bu dəm qəfildən diksinib oyandı və bir anlıq yuxu ilə gerçəyi ayırd edə bilmədi.

***

Həmin gün qəzetdəki işlərini tez-tələsik bitirib erkən çıxmışdı ki, basırığa düşməsin. Saat altıdan sonra Bakı metrosu dönüb olurdu döyüş meydançası. Basırığın içində vaxt da darıxırdı. Gün boyu uça-uça gedən zaman iki stansiyalıq məsafədə böyüyüb neçə günün ağırlığı ilə canında yer eləyirdi. Ancaq bu ağırlıq əlli qram tut arağının yanında hava kimi bir şeydi. Arağın qoxusu burnuna dəyəndə ruhu qanadlanırdı, çiynindəki qanad izlərinin yeri göynəyirdi, dünya da gözəlləşib gözünə bərli-bəzəkli görünürdü. Yenə həmənki kafeyə burulub tanış sifət axtardı. Adamlar təkəmseyrəkdi. Sifariş verdi, qollu köynəyini ustufca çirmələdi, barmaqlarını sıxıb şaqqıldatdı, baxışları bütün kafeni silib süpürdü. Elə bil, hardansa bir fit səsi gözləyirdi, çoxdan hazırlaşdığı döyüşə atılacaqdı.

Şərqo arağı gətirdi. Yusif tut arağını bir udumda içəri atdı. Gözləri işığa baxan pişik gözləri kimi par-par yanırdı. Od götürmüşdü içini, o odun hənirini bircə baxışlarından hiss eləmək olurdu. Eləcə hesabı ödədi, ağır ayaqlarını yerə vura-vura kafedən çıxdı. Çıxıb düz Xoreoqrafiya Akademiyasının qabağınacan addımladı. Kirayə evi Bülbül prospektində, Xoreoqrafiya Akademiyasından yuxarı məhəllədəydi. Hündür göydələnin altında balaca, içi-içə keçmiş iki otaqlı mənzil. Səhər erkən oyanmalı, hissə-hissə yazdığı hekayəyə düzəlişlər edib, işə getməliydi. Addımlarına elə güc vermişdi ki, səndələyə-səndələyə yeriməyinə baxsan, Bülbül prospektinin dikində miflərdən çıxma bir Sizifə rast gələrdin!

Ayaqları yeriməkdən daş kimi bərkimişdi. Yerində səndələdi. Yol fənərlərinin işığından ləkə-ləkə olmuş asfaltda qaranlıq bir dairə gördü. Ağzı açıq lük idi gördüyü. Elə bil, boz asfaltın üstünə dairəvi şəkil çəkmişdilər. Parlaq şəhər işıqları buxar kimi qalxıb göy üzünə yayılırdı. Ulduzsuz göy üzünün yerdəki şəkliydi bu dairə. Başılovlu lükə doğru yeridi. Bu dəm büdrəyib yıxıldı. Yusifin yıxılmağıyla çinar ağaclarının budaqlarında yuxulayan bir dəstə qarğa "qır" eləyib uçdu. Vahiməli səs, sanki, küçənin tozunu üfürdü.

Çənəsi lükün dəmirinə dəydi Yusifin. Ağrını yox, lükdən qalxan üfunətli qoxunu hiss elədi. Onu elə bir qüssə götürmüşdü ki, yerində tərpənməz qalmışdı.

Sərxoş, süst bədəni keyidi, sifətində qanı dondu, bilmədi ki, sözlər dilindən necə çıxdı, elə bil danışmırdı, havada uçan sözləri yığıb içində birləşdirdi. Yusif gördüyü yuxuları lükün qaranlığına danışdı. İndi bu lük şəhərin qulağı olub onun ağrılı hekayəsini dinləyirdi.

***

Gün günü qovurdu. Yuxularını lükə danışdığı gündən bircəciyi də çin çıxmamışdı. Qısa müddətdə üzündə çoxdan sönən həyat işığı köhnə lampa kimi közərə-közərə işarmış, atəşli günlərin istisi yenidən canına qayıtmışdı. Kafedən qayıdanbaş lükə baş çəkir, çənəsini dəmir halqaya dayayır, birinin üstünə beşini qoyub yuxularını hekayə kimi danışırdı. Sanasan, yuxulardan xilas olmaq deyil, daha gözəl hekayələr uydurmaqdı niyyəti.

***

Yusif günlərin bir günü kafedən çıxanda arxasında qaraltı hiss elədi. Kimsə kölgə olub dalınca sürünürdü. Kölgə tozlu küçələrin üzündən salavat kimi çəkilir, döngələri burulduqca burulur, hərdən uzanıb az qala Yusifin dabanına dəyirdi. Yusif kölgənin nəfəsini içində nəğmə kimi eşidirdi. Gəlib çinar ağacının kölgəsinə çıxdı. Qarğalar çinar ağacının budaqlarında meyvə kimi görünürdülər. O, çevrilib arxasına baxdı və kölgənin ani hərəkətindən diksindi. Geri-geri yeriyib büdrədi, ayağı boşluğu hiss elədi, düz lükün içinə düşdü. Qalxıb üst-başını təmizlədi. Ətrafa göz gəzdirdi. Tuneldən iki yol ayrılırdı. Bir ucdan it hürürdü, o biri ucdan işıq gəlirdi. Yusif it hürən tərəfi seçdi.

Tunel getdikcə böyüyür, genişlənir. Böyüyüb, genişlənib bir aləm olurdu. Sən demə, şəhərin altında da bir şəhər varmış! Yorucu yol Yusifi şəhər meydanına çıxardı. Yollar hündürmərtəbələrin arasında quş yuvası kimi dairəvi şəhər meydanında birləşir, adamlar əllərində zənbillərlə meyvə dükanlarının arasında gəzişirdi. Meyvə dükanlarının qurtardığı yerdə hündür qala qapısı gördü. Kilidi pas tutmuşdu. Fınxırtdı eşitdi. Çevrilib nə görsə, yaxşıdır? At. Sözləri tum kimi çırtlayan bir at:

– Mən at adamam. Bədənim at, ruhum insan ruhudur! – at dərindən nəfəs alıb dedi, bu qapının arxasında əbədi xoşbəxtlik var.

– Hardan bilirsən? – Yusif atı quyruğundan qulağınacan süzdü.

– Bilmirəm. İçəridə olmamışam. Xoşbəxtlik axtaran adamlar bu qala divarlarının kölgəsində ölüm orucu tuturlar. Qapı yeddi ildən bir yarım saatlıq açılır, – at adam uzun boynunu qaldırıb hündür saat qülləsinə baxdı - bir azdan vaxtdır. Sən göylərin sakinisən, aradığını tapacaqsan.

Yusif səmaya baxdı. Par-par yanan ulduzların işığı üzünə düşdü. Ətrafdakı şeylər ona tanış gəlirdi. Yalnız diqqətini toplayandan sonra bu aləmin gördüyü yuxuların əksi olduğunu hiss elədi. Ətrafdakı hər şey – nəhəng şəhər meydanı, tək gözlü uşaq, hekayə danışan başlar, hündür saat qülləsi və sair onun müxtəlif vaxtlarda gördüyü yuxuların detallarıydı. Çin çıxmayan yuxularının detalları. Hə, yuxularını lükə danışdıqca, burda bir aləm yaratmışdı.

Qapı ağır cırıltıyla açıldı. Dəmir rəzələrin arasından görünən solğun işıq Yusifin ayağınacan sürünüb onu içəri dəvət elədi. O, irəli atıldı və getdikcə gurlaşan işıq selinə qərq oldu. Balaca bir otağın içindəydi. Masada vərəqlər, divardan asılan qəzet səhifələri. Qapı ilə paralel divarda nəhəng rəf, rəfdə kitablar. Gözucu vərəqə baxdı. Yazının bircə son cümləsini oxuya bildi - birdən onu görsə, bu hekayəni danışmağı unutmasın.

– Yuxuna xoş gəlmisən – arxadan eşidilən çiy səs yumruq olub Yusifin qabırğasına dəydi.

Qadın qəhrəmanımız xırda addımlarla irəli çıxdı. Oxucularımıza aydın olsun deyə onun addımlarını, təxminən, bu cür göstərə bilərik: /.../.../.../.../.../.

Beləcə, beş xırda addım və budur, Yusiflə göz-gözə dayanıb.

– Deyirsən, bura mənim yuxumdu? – Yusif əlini cibinə yığıb dedi:

– Hə, çin çıxmayan yuxularındı. Hamısı içində səni qarabara izləyib bura yığılıblar.

– Bura yuxudusa, mən nəyəm?

– Sən də yuxusan.

Qız bircə bunu dedi və bu, onun sonuncu cümləsi oldu. Gur işıq seli otağı bürüdü və Yusif ətrafındakı hər şeyi işıq selinin içində itirdi. Bircə o qadının səsini unuda bilmədi.

Yusif qadının səsini öz içində eşitdi və düz qala qapısının ağzınacan o səsi içində daşıdı. Barmaqları sığal olub, atın xumarlı telinə çəkildi. Və eləcə gəldiyi yolla geri qayıtdı. Lükdən çıxanda ayın gümüşü işığı maşınsız, boş asfalta bəyazlıq yaymışdı. Yusif qəfil bu bəyazlığın içində kəpənək kimi uçuşan sözləri gördü və elə bildi, əl atsa, o sözləri tuta bilər, tutduğu sözləri içində birləşdirib yeni, yepyeni hekayələr uydurar. Bunu düşünən kimi canına sonsuz bir rahatlıq yayıldı və bir anda yazacağı hekayənin ilk cümləsini beynində qurdu; hər şey bir yuxuyla başladı.

***

Mən onu "Xəzər" qəzetində işləyən vaxt tanıdım. Dördüncü kursda oxuyurdum. Yazıçı olmaq istəyirdim. İşdən çıxan kimi yazıçıların, şairlərin məşhur kafesinə – "Delikates"ə gedir, içdiyimiz pivələrin sayını unudanacan ədəbiyyatdan, həyatdan, gələcək gözəl günlərdən bəs deyincə danışırdıq. Günün sonunda dünya durulurdu. Yenə həmin günlərdən biriydi. Yan masada tək oturub araq içən oydu. Masadan qalxanacan baxdım ona. Durub kafedən çıxdı, mən də çıxdım. Elə bil, kölgəydim, dalınca sürünürdüm. Tozlu küçələrin üzündən salavat kimi çəkilir, döngələri burulduqca burulur, hərdən uzanıb az qala dabanına dəyirdim. Hərdən elə bilirdim, nəfəsimi içində nəğmə kimi eşidir. Gəlib çinar ağacının kölgəsinə çıxdı. Qarğalar çinar ağacının budaqlarında meyvə kimi görünürdülər. Məndəki bu axmaq xəstəliyin səbəbi nəydi? Yazı materialı taparam deyə, harada maraqlı adam görsəm, arxasınca düşür, ona özümdən bir tale yazırdım. Sonra o taleyə görə özümü yamanlayırdım. Xoreoqrafiya Akademiyasının qarşısında dayandı. Çevrilib məni görmüşdü ki, qorxudanmı, ya nədənmi, bilmirəm, geri-geri gedib səndələdi, ayağı-ayağına dolaşdı və açıq lükün içinə düşüb bir anda yox oldu. Qorxdum. Qulağımı lükün qaranlıına dayayıb səbrlə dinlədim. Kor bir səssizlik. Bir saatdan sonra çıxdı, üst başını təmizlədi və heç nə olmamış kimi ordan uzaqlaşdı. Onu hər gün izlədim. Lükün içinə girir, bir saatlıq səssizlikdən sonra çıxıb üst-başını təmizləyib gedir. Bu hadisə günlərlə, aylarla davam elədi. Hələ də davam edir. Ona yaxınlaşmağa, lükün içinə girməyə cəsarətim yoxdur. Xahiş edirəm, kimin cəsarəti varsa, ona yaxınlaşsın, lükün içinə girsin və birdən onu görsə, bu hekayəni danışmağı unutmasın. /525.az/

# 3953 dəfə oxunub

Müəllifin son yazıları

# # #