20 ildən sonra Nərgiztəpədə tapdığım dayıoğlum - Orxan Həsəni yazır...

20 ildən sonra Nərgiztəpədə tapdığım dayıoğlum - Orxan Həsəni yazır...
15 oktyabr 2020
# 12:30

2012-cil il. 2 Oktyabr. Bu gün Xocavənd rayonunun işğalından 20 il ötür”.
Xocavənd rayonu 4 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri dərs gününə bu cümlə ilə başlayır. Bir dəqiqəlik sükutla iyirmi ilin üstündən körpü altından keçən kimi sürətlə keçib doluşuruq siniflərə. Qələm dəftərlərimiz çantamızda hazır. Ancaq məktəb direktorumuz Ülfət müəllimin uzun barmaqları bütün siniflərdə eyni inamla qalxıb yenir. “Bu gün hamımız Nərgiz təpəyə gedəcəyik”.

Təsirsiz payız günəşi buludların arxasından bir-iki dəfə gözünü yumub bağlamamış avtobuslar 4 saylı tam orta məktəbin çıxışında hazır dayanırlar. Sürücülər qalın siqaretlərini tüstülədib avtobusun təkərlərini təpikləyə dursun, gələk doğma məktəbə.

Şagirdlər direktorumuz Ülfət müəllimin uzun barmaqlarından damcı-damcı süzülən inamdan əmin idilər ki, bu gün maraqlı gün olacaq. Qəsəbə uşaqları üçün gün elə də fərqli keçmir. Düzdür, gəzmək sarıdan azaddırlar, amma harada gəzəsən, qəsəbənin bir ucundan o biri ucuna saysan iki üç kilometr deyil. Velosiped dediyin sayılı uşaqlarda var. Kitab-dəftər hərləməyənlərin say çoxluğunu da nəzərə alsaq, qalıq çayxana alınır. Dominonun, nərdin səsi qəsəbənin o başından gəlir. Elə buna görə təəccüb koridora nöqtə, vergül kimi dağılan şagirdlərin üzündə şəkil olub. Bəziləri çoxdan o yerləri görüb, bəziləri üçün dərsi yola verməyin unikal variantı. Çoxluğun arasında əlləri cibində, köynəyi şalvarından çıxıb şüşədən bal daman kimi aşağı sallaşa qalan oğlanı görməmiş olmazsınız. Tünlükdən keçirsiniz. Çalışın yuxarı sinif şagirdlərinə diqqətlə baxmayın, qanın qaynayan vaxtıdır, qanqaralıq olmasın. Koridoru bürüyən taxta-şalban qoxusu Sizi çaşdırmasın. Təkdir. Tək adamların özünü tez ələ verməyindən hələ xəbəri yoxdur. Yeniyetməliyin, yəni özünü kəşf etməyin təəccübü görən gözlər üçün aşkardır. Bu gecikmiş reportajın müəllifi həmin oğlandır. Pencəyinin döş cibindən qeyd dəftərini çıxarıb ilk cümləni yazır: “2012-ci il. 02 Oktyabr. Bu gün...”

Şagirdlərin sərin-sərin avtobusa doluşmağından istifadə edən müəllif Nərgiztəpə haqqında qısa məlumat versin. Nərgiztəpə Xocavənd rayonun şərqində yerləşən qədim yaşayış məskənidir. Əfsanələrdən, rəvayətlərdən belə hasil olur ki, sən demə Dədə Qorqud dastanında qoyun-quzu ilə ilk müdafiə strategiyasının əsasını qoyan Qaraca Çoban bu yerdə dəfn olunub. Çox hündür adam olduğundan onu iki yerə bölüb basdırıblar. Dağlıq Qarabağ ərazisinə aid olub işğal olunmamış yeganə sahədir Nərgiztəpə. 1993-cü ilin 17 Aprelində bu təpə uğrunda şiddətli döyüşlər baş verir, kiçik sahə bir neçə dəfə əl dəyişir. Nəhayət düşməndən azad olunur və zamanla qarabağlılar üçün simvolik mənaya çevrilir. Bu məlumatlar öz yerində.

Nərgiztəpəni xocavəndlilər üçün xüsusi edən əsas məsələ burdan baxanda işğal olunmuş kəndlərin bəzilərinin rahat görünməyidir. Adi gözlə də görünür, amma binoklla baxsan, elə bilirsən, divarları uçulub bünovlərləri qalmış kəndlərin it ulayan küçələrində addımlayırsan. Bu evlərin hər birində nə vaxtsa insanlar yaşayırdı və nə vaxtsa bu evlərdə yaşayan insanların hamısı bizim qohumlarımız, ailəvi dostlarımzdı.

Əvvəl top mərmiləri eşidilib, sonra təpələrdəki erməni snayperləri kəndi öz yumrusuna alıb ölüm səpələməyə başlayıb. Sonra? Sonrası məlumdur. 20 il.

Avtobus. Zarafatlar gənclərin üzündə civə kimi oynayır. Qəsəbədən çıxdıq. Avtobus hamar yolların üzündə şütüdükcə ətraf pəncərədən kino kimi görünür. Əvvəl boş sahəliklər. Sonra təkəmseyrək fermalar. Fermaların avtobusun təkərlərini gəmirməyə hazır itləri. Təkdən bir görünüb çəkilən tək ağaclar. Uçuq sökük ferma evlərinin taxta pəncərəsindən əl yelləyən uşaqlar. Sonra qəsəbə. Corabları yumrulayıb, top düzəldib tozanağın arasında futbol oynayan qəsəbə uşaqları mənə öz uşaqlığımı xatırladır. Qarşıda bizi başqa məcburi köçkün qəsəbələri gözləyir və estafetə başqa avtobuslar da əlavə olunur.

Beyləqan rayonunun boş sahələrinə heca-heca düzülən qaçqın qəsəbələrini gördükcə və o qəsəbələrdə yaşayan adamların üzünə diqqətlə baxdıqca hiss eləyirsən ki, buralarda nəsə kəmdi.
Bizim uşaqlığımız böyük əzabları səssiz-sakit dinləməklə keçdi. Nənəm qardaşının erməni snayperi tərəfindən vurulmağını öz gözləri ilə görmüşdü. Deyilənə görə adamlar şər qarışandan sonra meyitə yaxın durublar. Nənəm bu hadisəni elə soyuqqanlı danışardı ki, insanı donduran, daşlaşdıran dözümü görüb heyrətlənərdim. Uşaqlıq dostum Elnurun xalası oğlanları atalarının gözü önündə yandırılaraq öldürülmüşdü. Direktorumuz Ülfət müəllimin qardaşını güllə gözündən yaxalamışdı. Anamın əmisi oğlu müharibədə itkin düşmüşdü. Ondan geri bircə tank üstündə şəkli qalmışdı və hər dəfə ailə bir yerə yığışanda həmin şəkli ortaya qoyub ağlaşardılar. Anam illər keçməsinə baxmayaraq tank görəndə hələ də doluxsunur.

İllər sonra anlayıram ki, uşaqlığımızda bu cür əhvalatları dinləmək bizim üçün əzabları adiləşdirmiş, hislərə etinasız böyümüşdük.. İnsanları tanıdıqca, dost qazandıqca belə əhvalatların bütün ailələrdə olduğunu dərin bir qüssəylə etiraf edəcəkdim.

Biz həmin qəsəbələrdən keçdikcə avtobusların cərgəsi uzanırdı. Bu gün bütün Xocavənd şagirdləri orda olacaqdı.

Dostum Sənan yanımda oturub.

– “Nə yazırsan?” – bayaqkı zarafatların nəğməsi üzündə oxuna-oxuna sual verir.

– Heç nə. Başımı qatıram. Yol gedəndə narahat oluram – bunu səsszicə söylədim və heç bilmədik içəridəki səs-küydən eşidildimi? Deyəsən, cavabım onu qane etmədi.

– Kim yazmaqla nə qazanıb, ayə? Sevinməlisən e, öz torpağına gedirsən – hiss eləyirəm ki, bunu da zarafat damarını sıxa-sıxa deyir.

– Axşamstü Babangildəyəm. Həyətdə bir-iki iş var. Kişiyə niyə kömək eləmirsən, ay insafsız? İnvalid adamdı!

– Bütün gün yan-yörəsində gəzirəm. Deyir, səndən iş görən olmaz. Get kitabını oxu – ürəkdən gülür.

– Deyir, işini gör, elə bil, yaxşı bir amanatın var. Görən nə deyir?

– Yəqin, yenə samaqon verəcək. Sən də alkaş olmusan. Bir yarım litrə Sizif kimi dağa daş qaldırırsan!.

– Sinif kimdi? Sənnən də danışmaq olmur e.

– Boş ver. Axşama yaxşı yeyib-içməyin var. Kişi söz veribsə, tutacaq.

– Arzu ilə aran necədi? Səni dəcəl oğlaan! Ayə, nə tez bişirdin işi?

– Başın burax. Yeri deyil. De görüm, kefin necədi? Zarafatsız, Nərgiztəpəyə gedirik. Babam deyir ordan binoklla baxanda bizim kəndlər görünür. Bir az əyilsən başqa kəndlər də ayağının altındadı.

– Bikoll nədi, adi gözlə də görmək olur. Mən keçən il bu yerlərə taxıl biçinə gəldim. Bir sezon yaşadım burda. Elə hey içirdim, o torpaqlara baxırdım, içirdim o torpaqlara baxırdım. Hər dəfə rumkanı qaldıranda deyirdim, gün o gün olsun bu rumkanı qaldıraq Qaradağlıda, Əmirallarda, Muğanlıda.

– Sənin kimilər üçün o yerlər elə içib yıxılmaq üçündür – zarafata dedim, amma hiss elədim ki, sözümdən incidi. Eləcə, boş-boş sahəliklərə baxdı.

– O yerlərə baxanda, Orxan, əmimi xatırlayıram. Qəribəsi odu ki, əmimi heç vaxt görməmişəm. Elə bilirəm, əmim o yaşıllığın arasında sement rəngində bozaran, bizdən çox-çox uzaq olan yerdə mənim kimi məclis qurub yeyib içir. Aradabir bizi göstərib deyir, gün o gün olsun, o adamlar da gəlsin bizlə birgə yeyib-içsin.

– Əmin 92-də şəhid olmuşdu, hə?

Susdu. Ta ki, yolun axırına çatanacan bircə kəlmə də kəsmədi. Avtobuslar Haramı düzünə girən kimi toz torpaq içərini bürüdü. Nəfəs almaq müşkül işə çevrildi.

Haramıya ilan mələyən yerlər deyərlər. Torpağı bərəkətli torpaqlardır. Taxıl sahələri bəzi yerlərdə göz tutduqca uzanıb gedir. Avtobuslar süngər kimi tozu-torpağı canına çəkib irəlilədikcə bir ucdan da isti şığıyırdı. Hərbi mahnıları içəridəki kənar səsləri batırmışdı. Haramı ilə bağlı uşaqlıq xatirələrim aşıb daşsa da, indi orda olmaq heç vaxt yaşamadığım hadisələri yenidən yaşamaq kimi qəribə bir xatirə selinə bürüyürdü məni. Zaman keçmişi bulanıqlaşdırır. Bir zamandan sonra sənə nağıl olunan əhvalatları öz xatirələrin kimi görməyə başlayırsan. Beləcə məcburi köçkünlüyün ağrı-acılarını Haramı düzünə səpələmiş ailəmin danışdığı əhvalatları artıq zehnimdə bəzəyib canlandırmırdım, o əhvalatları sanki bu boz çöllüklərdə görürdüm.

Nərgiztəpəyə çatdıq. Payız sarılığını təpənin başına yaylıq kimi keçirib. Avtobuslardan axınla düşən şagirdlər əvvəl üst başlarının toz-torpağını çırpırlar. Sonra çevrilib sağa-sola baxırlar. Nərgiztəpə dağların bitib düzənliklərin başladığı yerdir. Bizdən bir neçə kilometr irəlidə səngərlər başlayır. Şükufə müəllimə barmağını uzadıb dağları göstərir və deyir:

“Darıxmayın, uşaqlar, vaxt gələcək mən özüm ora ekskursiya təşkil edəcəyəm”.

Səhərki buludlar dağılıb yerini hakimi-mütləq günəşə versə də, dağların sərin havasından adamın canına üşütmə düşürdü. İsti burda təsirsiz idi. Şagirdlərdən bəziləri yaxınlıqdakı arteziandan şırhaşırla axan suyu üzünə çırpırdı. Siqaret çəkə-çəkə söhbətləşən adamların arasında direktorumuz Ülfət müəllim asanca seçilirdi:

“Qardaşım 11 May 1994-cü ildə vuruldu. Səhəri günü atəşkəs imzalandı. Güllə gözündən dəymişdi”.

Sonra başqa əhvalatlar. Təsadüfi ölümlər, məğlub müharibənin acı təfərrüatları, qəhramanlıqlar... – hamısı siqaretin acı tüstüsünə bürünüb havaya yayılırdı. Bu vaxt içimdə şiddətlə siqaret çəkmək ehtirası baş qaldırdı, amma yaş o yaş deyildi, hələ adam içində siqaret çəkmək üçün iki-üç il gözləyəsi idim. Bu vaxt Sənan yaxaladı məni və elə bil ürəyimdən söz dedi.

“Gəl bura” – qolumdan çəkib məni avtobusların arxasına keçirdi.

Gördüm yuxarı sinif şagirdəri siqaretə güc gəlirər. Mən həyatımda bir də heç vaxt siqaretdən elə bir zövq almadım.

Dedilər tələsin, köynəklər paylayırlar. Hamı geyinməlidir. Şagirdlərin sayı çoxalmışdı. Rayon əhalisindən də bir xeyli adam gəlmişdi. Bu o köynəklər idi ki, hər birinin üzərində Qarabağ şəhidlərinin fotosu və adı yazılmışdı. Hər köynəkdə bir ad. Bu gün onların ruhuna minnətdarlıq günü idi.

Köynəklər təsadüfi paylanandan sonra ortalığa qəribə bir çaşqınlıq çökdü. Mənə bir qız yaxınlaşdı.

“O köynəkdəki ad mənim babamdır” – dedi – “Olar dəyişək?”.

Razılaşdım. Aradan heç beşcə dəqiqə keçməmişdi. Oğlan yaxınlaşdı.

“Qaqa, olar köynəyimizi dəyişək? Əmimin şəkli sənə düşüb?”.

Ağ köynəklərin arasında bir qədər gəzişmişdim ki, gördüm bir oğlan o biri oğlana deyir:

“Qaqa, sən canın gəl köynəklərimizi dəyişək. Məndəki sənin dayındır, səndəki də mənim bibim”.

Onlarla belə hadisə gördüm və özümü bu ağ köynəkli çoxluğun arasında hamıdan biri hiss elədim. Bu dəfə mən öz dayımı görmüşdüm. Bu oğlan yeni salınan qəsəbənin sakinlərindən biri olmalıydı. Üzdən tanış gəlməsə də, suyunda şirinlik vardı. Özümü ona çatdırdım.

“O mənim dayımdır” – dedim – “Gəl dəyişək”. Cavabı məni silkələdi.

“Əmimi deyirsən? Kimin oğlusan sən?”.

Müharibənin dəhşətindən iki qol olub ayrılan, bir-birindən xəbərsiz illəri çapıb talayan ailələrin əhvalatlarından xəbərdardım, ancaq bu məqamda belə bir tapışma gözlənilən deyildi. Ailə söhbətlərində bu oğlanın adını çox eşitmişdim. Yaşı az deyildi. Bizimkilər kənddən çıxıb Haramıya, sonradan Beyləqana köç eyləyəndə, onlar Ağcabədiyə getmiş, evsizlik, şəraitsizliklə illəri ötürmüşdülər. Sonradan Beyləqan ərazisində salınan qəsəbələrdən onlara da pay düşmüşdü və budur, ortaq dərdlərin ayırdığı, unutdurduğu adamlar, eyni dərdlərin işığında yenidən bir-birini tapmışdı. Onun nömrəsini götürdüm və təpənin həndəvərinə yaxınlaşıb rayon rəhbərliyinin nitqini dinləməyə başladım.

Əvvəl icra başçımız Eyvaz müəllim danışdı. İnsanlara ümidli və mübariz olmağı arzuladı. Sonra başqa adamlar. Qarabağ söhbətlərin görünməz damarı idi. Nitqlər davam eləməyində olsun, mən təpənin sol küncündəki qədim məzarlığa yön aldım. Nərgiz təpənin qədimliyi burdakı məzarlıqlarda gizlənmişdi. Çoxunun üzərində əski əlifba ilə yazılar yazılmışdı. Deyəsən, elə Qaraca çobanı da burda dəfn etmişdilər. Başqa ağ köynəklilər də vardı. Şəkil çəkdirdilər. Sənanı gördüm. Üzərində əmisinin şəkli olan köynək vardı.

– Bax, ora Əmirallardı, o parıltı gələn yer də Muğanlı. Seyid Lazım ağanın gümbəzinin parıtısıdır o. İllərdir işıq saçır. İşıq bizə gəl-gəl deyir e, qaqa!

Mən o yerlərə diqqətlə baxdım. Orda olmaq danışılan əhvalatlarla zehnimdə qurub düzəltdiyim xəyali şəhərlə üzləşmək demək idi. Mən zehnimdə o yerlərə yol çəkdikcə, hər adamın evini necə varsa, elə tikdikcə və o faciələri, əhvalatları elə baş verdiyi küçədə, baş verdiyi evdə yaşadıqca zaman keçmiş, hər küçə, hər adam, hər ev mənim üçün mifləşmişdi. Beləcə gündüz kiçik qəsəbəmizin geniş küçələrində gəzdiyim kimi axşamlar gözlərimin arxasında hamıdan gizlin qurub yaratdığım başqa bir şəhərin həqiqi sakini olmuşdum. O şəhərdə məndən özgə adamlar da yaşayırdı. Yaxşısı ilə pisi ilə, doğması ilə yadı ilə ömrü yelə verib həyatın adi dərdlərinə bulanırdılar İndi həmin xəyali şəhərin çıxış nöqtəsini görürdüm. Bu içimdə qurduqca-qurduğum mifləri dağıda bilməyəcək qədər kiçik, onu doyuracaq qədər böyük bir zərbə idi. Ancaq xəyal və gerçəklik arasında ortaq şeylər də duymamış deyildim. Bəzən, təsəvvürün tətmin etmədiyi zamanlarda içimdə böyütdüyüm şəhəri gerçəkdən görmək, gerçəkdən orda olmaq istəyirdim. İstəyirdim ayağımın altındakı torpağı hiss eləyə bilim, orda ağrıya bilim, bir divara yumruq vuranda əlimdə düyünlənən acını duya bilim. Ağrının təsəvvürünü yox, xoşbəxtliyin təsəvvürünü yox, özünü istəyirdim. Alınmırdı. İndi o şəhəri gerçəkdən görürdüm, ancaq yenə orda gəzə, ayağımın altında torpağı hiss eləyə bilmirdim. Hər şey görünən uzaqlıqda cərəyan etsə də, yollar bağlı idi. Ancaq bir gün mütləq açılacaqdı.

Sənan məni dürtüb oyatdı. Mən diksindim, amma gözlərimi o yerlərdən ala bilmədim. Eləcə gəzib dolaşdıq, yaxşıca söhbətləşdik. Onun atmacalarına təmkinlə cavab verdim. Bilsəydim ki, bundan bir neçə il sonra Sənan şəhid olacaq, bəlkə də, onu həmin yerdə möhkəm-möhkəm qucaqlayardım, o yerləri göstərərdim və deyərdim:

“Sən ora hamımızdan tez gedəcəksən, gözəl dostum və bir işıq olub bizə baxacaqsan, əl yelləyəcəksən, gəlin, gəlin deyəcəksən”.

Həmin gün evə ruh kimi qayıtdım. Toz-torpaq ciyərimə dolduqca canım tərg olmuşdu. Yorğunluq gözümdən salxım kimi asılmışdı. Tezcənə yaxalanıb çıxdım. Nənəmə qohum muştuluğunu verməliydim.

“Qardaşını oğlunu gördüm”– dedim– “Gözün aydın! Salam söylədi. Nömrəsini də götürdüm”.

O, un ələyirdi. Əvvəl çaşqınca məni izlədi. Sonra “bıy, başıma xeyir!” deyib unlu əllərini yaylığına çəkdi. Nənəmin qırışlı üzü mənə içimdə qurub-yaratdığım şəhərin küçələrini xatırladırdı. İndi o küçələrə qar yağırdı.

# 4139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #