Ağac... Yağış... Pivə... Öpüş... – Orxandan yeni hekayə

Orxan Həzəni yazıçı

Orxan Həzəni yazıçı

19 oktyabr 2021
# 09:01

Kulis.az “Hekayə günü” gənc yazar Orxan Həsəninin “Qırmızı “Mersedes” hekayəsini təqdim edir.

İçimdə kədərdən özgə heç nə yox idi. Üstəlik yağış sərin-sərin çisələyir, boz pencəyimin çiyinlərini isladırdı. Asfalta vuran yağış palçıq olub damalı şalvarımın balağına yapışırdı. Eynəyimdən su damcılayırdı. Bu eynəklə iki addımlığı da görmək olmazdı. Nə etmək olar? Yağışa düşdünsə, taleyin acı hökmünə boyun əyməli, razılaşmalısan. Eynəyimi əlimdə hərləmək əhvalımı tamam təlx etmişdi. Bir əlim çiynimdən ağır-ağır asılan çantaya yapışmışdı, o biri əlim eynəkdə. Görəsən, Allah insanı niyə iki əl ilə cəzalandırıb? – mən düşünürdüm – üç əlim olsaydı, əhvalım belə təlx olmazdı.

Eynəksiz zəif görürdüm. Xüsusilə, gecələr zəif gözlərim qarışqanı fil, fili qarışqa kimi göstərirdi. Hər an naməlum qaranlığa ilişib yıxıla bilərdim. Parlaq şəhər işıqları gözlərimi yandırırdı. Yağışdan xilas olmaq üçün “Hüseyn Cavid” parkının hündür ağaclarından birinin gövdəsinə söykəndim. Yaş asfalt şəhər işıqlarını əks etdirirdi.

Yağış səsi elə bil, nəyinsə səsini batırmaq istəyirdi. Həvəslə buluddan ayrılıb yerə düşən canlı damcılar təmasdan yüz il qocalır, asfaltın qırışlarından qırış alır və ağır-ağır süzülüb bir yerə yığılırdı. Söykəndiyim ağacın lap yaxınında uşaqlar üçün maşınlar gözə dəyirdi. İşçilər onların üstünü mavi çadırla örtmüşdülər. Arxa-arxaya, üstü-üstə yığılan xeyli maşın çadırın üstündən çəkilən bir neçə kəmərlə sıxılmışdı, kəmərlərə naşıca düyün vurulmuşdu. Belə düyünü əsasən qəssablar kəsəcəkləri heyvanın ayaqlarına vururlar.

Maşınlardan yalnız birini – qırmızı “Mersedes”i aydın görmək olurdu. Onun soyuq üzü çadırın altında tərləmişdi. “Mersedes”in biçimli təkərlərinə, nömrəsinə, yalançı şüşələrinə diqqətlə baxdım. Arxa-arxaya, üst-üstə yığılan oyuncaq maşınlar mənə qucaqlaşıb şirin-şirin yuxulayan körpələri xatırlatdı.

Ax, görəsən, bu yağışlı gecə mənim Hüseyn Cavid parkında nə işim var? Heç bilmirəm, zəng gələcəkmi? Düzü, Kərəmlə çoxdandır görüşmürəm. Yəqin çox dəyişib. Bəlkə mən daha çox dəyişmişəm. İnsan gənc olanda sürətlə dəyişir. Fikirləri, düşüncələri arxasında qoyur, adamları, xatirələri ötüb keçir. Sonra görür ki, daha ötüb keçməyə heç nə yoxdur. Geri qayıtmaq da olmur. Eləcə gözləyir ki, ötüb keçdiyi nə varsa, ona çatsın. Ancaq fikirlər, düşüncələr, adamlar, xatirələr heç vaxt eyni yolda getmir. Hamısının öz istiqaməti, öz yolu var. Bəs indi nə olacaq? Mən kimi gözləyirəm? Niyə gözləyirəm?

Əlbəttə, bu şeylər üçün çox zaman var. Yaxşısı axmaq fikirləri başından atmaqdır. Heç vaxt çata bilməyəcəksə, axı insan nə üçün keçmiş xiffəti çəkməlidir?

Çoxdandır siqaret çəkmirəm. Burda, bu ağac gövdəsinin yarıqaranlığında sərin-sərin çisələyən payız yağışını izləyəndə hiss elədim ki, içimdə kədərdən özgə heç nə yoxdur və bunu düşündükcə siqaret çəkmək istəyirəm. Bir anlıq siqaretin canıma yayılan rahatlığını təsəvvür etdim. Zövqlər çiçək kimi açıldı. Təsəvvürümdəki tüstü məni dumanlı xəyal adasına apardı. Sinəmdə göynəyən şirin qıdığa səbəb bu idi. Sürətlə döyünən ürəyim, dönən başım mənə həyatı xatırladırdı. Gözlərimi qapayıb özümü təslim etdim. Yağış güclənmişdi.

Məndən azı yüz metr irəlidə duran köşkün işıqları yaş asfaltın üzünə bulanıq şəkillər çəkirdi. Siqareti oradan ala bilərdim. Getməyə ürək eləmirdim. Ağacın altından çıxsaydım, daha çox islanacaqdım. Arada sərin-sərin əsən külək isə heç yerinə düşmürdü. Yaş bədənimə vuran küləkdən soyuqlaya bilərdim. Soyuqlasaydım, kim idi mənə isti xörəklər bişirən? Sulu xingal və toyuq supunun dadını duymasam, sağalmağa necə həvəs yaradacaqdım? Təzə bazardan kim mənim üçün heyva arağı alacaqdı, süfrəni tutmalarla bəzəyəcəkdi, həkim reseptindəki səliqəsiz xətti başa düşmək üçün mübarizə aparacaqdı? Bəli, o, Kərəm olmayacaqdı, ancaq indi onu gözləyirəm və içimdə kədərdən özgə heç nə yoxdur.

Çiynim ağacın gövdəsinə əməllicə sıxılmışdı. Xoşbəxtlikdən ağac da məni möhkəm qucaqlamışdı və sıx budaqlarından mənim üçün yaxşıca çətir düzəltmişdi. Yağış suyu beşcə metr uzaqda kiçik sel olub aşağılara axırdı, məni bircə damcı da tutmurdu. Başımı qaldırıb ağacın uzun gövdəsinə baxdım. Əlimi puçurlu üzünə çəkib “halal olsun sənə” – dedim – sən olmasan, nə edərdim? Yoxsa çoxdan islanıb soyuqlamışdım. Nə yaxşı dünyada sənin kimi tənha insanların dadına çatan gözəl ağaclar var. Budaqların necə bərkdir. Yəqin, mənim kimi çox adamı öz çətirinə yığıb yağışdan xilas etmisən. Sevgililər sənin budaqlarının arasında gizlənib öpüşüblər. Onların sirrini açmamısan. Torpağı elə möhkəm qucaqlamısan ki, istəyirəm mən də səni belə qucaqlayım. Əziz ağac, sənin yer üstündəki kökün olmağa hazıram”.

Mən həm ağacı tərifləyir, həm də əlimi, üzümü ağacın puçurlu gövdəsinə sürtür, onu məhəbbətlə oxşayırdım. Uzaqda qaraltı kimi görünən adamlar təlaşlıydılar. Onlar, yəqin ki, islanmışdılar. Çaşqın addımlar o tərəf-bu tərəfə yön alır, daldalanmağa ağac axtarırdılar. Bütün ağaclar tutulmuşdu. Gör, mən necə bəxtəvər adamam! Kərəm bundan sonra yüz il də gəlməsin! Daha məni heç nə bədbəxt edə bilməz.

Qanadlarını çırpıb səs çıxaran quş idi. Yoxsa elə biləcəkdim, ağac mənlə danışmaq istəyir. Demək, isti ölkələrə uçan quşlar yağışdan xilas olmaq üçün bu ağacda gecələmək fikrinə düşüblər. Doğrudan da bu, mənim ağlıma heç vaxt gəlməyib. İsti ölkələrə uçan quşlar yağışa düşəndə ağacların budaqlarında gecələyirmişlər. Hər halda quşları da başa düşmək lazımdır. Yağış hamını karıxdırır.

Tezliklə quşu unutdum. Axı nə üçün quş haqqında düşünməli idim? O qədər dərdim var! Bircə quşum çatmır.

Çiynimi yenidən ağacın gövdəsinə söykədim. Yağış kəsməsə, səhərəcən burda qalacaqdım. Gözləməkdən özgə nə edə bilərdim? Əlimdən nə gəlirdi?

Birdən boynumdan belimə balaca bir həşəratın daxil olduğunu duydum. Onun xırda və soyuq ayaqları bədənimi qıcıqlandırdı, belimdəki incə tükləri oynatdı. Boz pencəyimin boynundan bədənimə daxil olan həşəratın istiliyini duyduqca üşüdüyümü düşündüm. O, addımlarını belimdə ehtiyatla atır, maneələrdən ustalıqla keçir, qalın paltarın təmasından narahat qalmırdı. Elə bil, tanış yol ilə gedirdi.

Diksinib sağ əlimi kürəyimə çəkdim. Yerimdə ikiqat oldum. Qarnımı gah qabağa, gah arxaya, gah sağa, gah sola atıb xırda addımlara mane olmaq istədim. Həşərat bədənimdə dolaşdıqca canıma işləyən şirin qıdıq məni qeyri-ixtiyari güldürür, hərəkətə gətirir, kefimi açırdı. Zəif çiynimdən ağacda meyvə kimi asıla qalan çantam sürüşüb düşdü. Şüşəsi yam-yaş eynəyi gözümə taxıb əllərimi bədənimdə gəzdirdim. Mən əlimi atan kimi həşərat dayanır, nəfəsini dərir, güc yığırdı. Beləcə fikrimdəki yerini unudurdum. Sonra yoxluğuna alışmağa imkan tanımır, yenidən ayaq açıb bədənimin “Hüseyn Cavid” parkında dolaşmağa davam edirdi. Yaş bədəni indi qurumuşdu. Paltarımın təması onun zəif bədəninə sığal kimi çəkilirdi.

Mən isə özümü güclə saxlayır, gülüşüm dodaqlarımda sıxılıb qalırdı. Həşərat indi sinəmdəki tüklərin arasında idi. Onun yerini hiss eləyir, sinəmdəki tüklərin arasında dolaşarkən necə çətinlik çəkdiyini duyurdum. İndi həşərat üçün sinəsində tük olan adamlar necə də qəddar görünür.

Əlimi sinəmə çəkdim. Onu bu dəfə də itirdim.

İndi yaxınlıqdan adamlar keçirdi. Yağış onların pencəklərini isladır, şalvarlarının balağına palçıq kimi düşür, eynəklərindən süzülüb axırdı. Adamlar pencəklərinin yaxasını boyunlarına çəkmişdilər. Elə bil, hansısa həşəratın yolunu kəsmək istəyirdilər.

Mən isə daha özümü tuta bilmədim. Doğrudan da gülməmək üçün özümü yaxşı saxlamışdım. Nə edə bilərdim? Qıdığa dözümüm yoxdur. İnsan öz xasiyyətini, qorxularını, sevinclərini, vərdişlərini seçsə idi hamı ideal olardı. Ancaq belə deyil. Xasiyyətlərimizi, qorxularımızı, sevinclərimizi, vərdişlərimizi özümüz seçmirik, tale onları bizə bağışlayır və gözümüzü açıb görürük ki, aha, demək, bizim qıdıqlanmaq kimi axmaq vərdişimiz var. Bundan necə xilas olum? Bu daşı sinəmdən necə atım? Mümkün iş deyil.

Qəfil pıqqıltıyla güldüm, dizlərim qatlandı, ancaq oturmadım. Gülüşüm yağışa dəyib geri qayıdırdı. Mən güldükcə sanki həşərat da gülür, bədənimdə rabitəsiz dolaşırdı.

Telefonuma zəng gəldi.

- Hardasan? - səs dedi.

- Parkdayam, Kərəm. Sən hardasan?

- Gəl, “Liman” restoranına. Gözləyirəm.

Ağacı yenidən qucaqladım. Onun yaş gövdəsini dərin-dərin süzüb vidalaşdım. Yola çıxdım.

Küçələr maşınsızdı. Külək yağış suyunun soyuğunu öz soyuğuna qatıb canıma sıxırdı. Xəstələnəcəkdim. Həmişə sədaqətli insan olmuşam. Dostlarımın bir dediyini iki eləməmişəm. Buna da dözərik! Xəstələnmək nə böyük dərd olub?

Yağış, küçə fənərlərinin gözlərimi yandırması, “Hüseyn Cavid” parkının yağış vuran hovuzu, küçələrdən qayğısızca aşağı sürünən sel, Bakı Dövlət Universitetinin binası, dönərçilərin sinələrini çəkə-çəkə naməlum nöqtəyə zillənməsi, “Akademiya” kitab evinin önündə ölən pişiyin bəyaz dişləri məni dəhşətli dərəcədə kədərləndirirdi. Ölü pişiklər diri pişiklərə bənzəyirlər. Amma ölü insanla diri insan heç bənzəmir. Mən öz babamı basdıranda bu həqiqəti dərk etdim. Ona görə hələ də onun ölümünə inana bilmirəm.

Burnumu çəkməyə başlamışdım. Bilirdim, uzağı sabah xəstəlik boynuma minəcək. Səhər oyanan kimi internetdə isti yeməklərin hazırlanması üsullarına baxmalıyam, “Təzə bazar”a burulub özümə heyva arağı almalıyam, həkim reseptlərinin üzünü köçürməliyəm. Axı bu həşərat haradan çıxdı? Bir canı bədənimdə güclə gəzdirirəm! Bu da iki.

Həşərat elə bil yorulmuşdu. Toqqamın bədənimə sıxılan yerində çiyni qarnıma söykəli hərəkətsiz qalmışdı. Yağışdan bircə o xilas olmuşdu, bircə o. Bütün şəhər su içində üzürdü. İndi yerini aydın bilirdim, ancaq toxunmur, yuxudan oyatmaq istəmirdim. Arada balaca ayaqları hərəkətə gəlir, elə bil, gördüyü yuxunun dəhşət pərdəsini xırda ayaqları ilə cırmaq istəyirdi.

Restorana burulan kimi Kərəmi qarşısında iki parç pivə ilə gördüm. Üç nömrəli masada əyləşmişdi. Saçı yaş idi, yağış suyu köynəyindən süzülüb tüksüz sinəsinə axırdı. Dişləri erkən çürümüş, qaralmışdı. Yeməyi əziyyətlə yeyirdi. Deyəsən, arxadakı kötük dişlərindən bir-ikisi salamat qalmışdı. Saçaq pendiri ağzında xeyli gəzdirib arxada salamat qalan bir-iki kötük dişin ixtiyarına buraxırdı. Kərəmin dişləri bayaq gördüyüm pişiyin muncuq kimi bəyaz dişlərinə gözəllik müsabiqəsində necə də amansızcasına uduzurdu.

Biz xeyli söhbətləşdik. O dedi ki, mən belə yağışı axırıncı dəfə Antalyada görmüşəm. Gənc idim, işləməyə getmişdim. Rus dilini bilməyim köməyimə çatdı. Tezliklə “Aura” otelində işə düzəldim. Müştərilərin çoxu ruslar idi. Rusların arasında işləmək asandı. İnsanlar kübar, səliqəli. Hər sualıma nəzakətlə cavab verirdilər. Günlərin bir günü oteldə istirahətdə olan bir ailəyə gözüm sataşdı. Ailə ata, ana və qızdan ibarət idi. Ana çox səliqəli geyinir, səliqəli danışırdı. Olduqca ciddi sinirlərdən toxunan üzünə baxanda işgüzarlığın və romantikanın necə ahəng yaratdığını asanca duymaq olardı. Ata da ondan geri qalmırdı. Tez-tez foyedə qızı ilə şahmat oynayırdı. Onları həvəslə izləyirdim və qızın kobud səhvlərinə gülümsəyirdim. Ata həmişə qalib gəlirdi, qız da balaca çənəsini alma kimi ovuclarına alıb dodaqlarını büzürdü. İllər keçib, ancaq mən Aleksandranı hələ də belə xatırlayıram. Əbədi itirdiyimiz insanların yaddaşımızda bir mənzərə ilə qalması necə də kədərlidir! Pivəni iç. İsitmə.

Bir gün Aleksandraya yaxınlaşdım. Dedim, gəl şahmat oynayaq. Oynadıq. Ağ daşların atı itmişdi. Yerinə qənd qoyduq. O, mənim atımı vuran kimi qəndi götürüb ağzına atdı.

Bilərəkdən uduzdum. Qollarını açıb məni qucaqladı. Yəqin, bilərəkdən uduzmağımı hiss eləmişdi.

Sonra dedim ki, bir az şəhərdə gəzişək. Atasından icazə almalı imiş. Getdik. Məni diqqətlə dinlədi. Özümü olduqca səliqəli aparırdım. Saçımı daramış, ən təmiz paltarlarımı geyinmişdim. Ata və ana otağa keçib xeyli söhbətləşdilər. Söhbət zamanı Aleksandra zillənib mənə baxır, dırnaqlarını yeyirdi.

- Saat 12-ni keçməyin! – ana eynəyinin arxasından bizi süzdü.

Xoşbəxtlikdən uçurdum.

Sahilə çıxdıq. Bahalı dondurma aldıq. Ona rus dilində şeirlər oxudum. Aleksandra şeiri sevmirdi. Ancaq məni diqqətlə dinləyirdi.

Sonra qayaların arasında oturub xeyli öpüşdük. Əlimi sinəsinə apardım. Bu vaxt elə bir yağış başladı ki, hər tərəfi sel-su götürdü. Dəniz kükrədi. Dalğalar böyüyüb bizi ağzına almaq istədi. Qayalar tərəfdən çəkildik. Yağışın bizə dəxli yox idi. Küçələrdə doyunca dolaşır, sevincimizdən hoppanıb düşür, mahnılar oxuyurduq. Saat on ikiyə hələ çox vardı.

Kərəm dayandı. Ətrafa baxdı. Filtrsiz “Xırdalan”la dolu parçı başına çəkdi. Dodağını əlinin tərsi ilə silib dedi:

- Mən heç vaxt belə balaca və yumşaq sinəyə toxunmamışam!

Mən iki-üç qurtum pivə içib boğazımdan çıxaracağım sözlərin yolunu islatdım.

# 7056 dəfə oxunub

Müəllifin son yazıları

# # #