Gicələk Salamon - Ömər Xəyyam

Gicələk Salamon  -  <span style="color:red;">Ömər Xəyyam
8 noyabr 2014
# 09:41

Hekayə

Bilmirəm, ilk dəfə niyə mənə “qəhrəman” adı verildi, amma həmin andan başlayan həyatımdan çox narazıyam. Onsuz da mənim qəhrəman və ya hamı tərəfindən tanınmaq fikrim yox idi. İstədiyim bir şey var idi, özüm üçün normal saydığım - hamı üçün neytral bir həyat yaşamaq. Hər şey neytrallıq valına oturub, normal şəkildə hərəkət etdiyi bir vaxtda həyatımın uçurum nöqtəsi qarşıma çıxdı. İlk dəfə onu qısa çəkən iş müsahibəmdən sonra gördüm.

Yaxşı yadımdadı, 30 yaşlarında olan gənc menecer məndən müsahibə götürmək istəyirdi. Haqqımda oxuyub, çox passiv və neytral biri olduğumu deyəndə laqeyd şəkildə cavab verdim:

- Kişi saç telinin diametri qadın saç telinin diametrindən 2 dəfə böyükdür.

Keçəlləşməyə başlayan firma meneceri bunu təhqir kimi qəbul edib, məni otaqdan qovdu. Çölə çıxanda təsadüfən onunla toqquşdum və axmaq hind filmlərindəki hər şeyi dəyişən toqquşma səhnəsini canlı şəkildə yaşadım. Amma bizdə bir fərq var idi: hər ikimiz kişi idik və ona gələcəkdə nifrət edəcəkdim.

- Bağışla qəhrəman - gülə-gülə dedi. Bununla da lənətlənmiş qəhrəman sözü həyatıma daxil oldu.

- Maraqlıdır, insan bədənində ən böyük hüceyrə yumurtalıq olduğu halda, ən kiçik hüceyrə spermadır.

- Yaman zarafatcılsan, amma heç nə başa düşmədim.

Gülərək əlini çiynimə qoydu.

Cavabımdan sonra məyus olduğum üçün yavaşca dedim:

- Heç nə olmaz. Sadəcə fakt söylədim.

- Lap əcəb elədin. Çox xoşuma gəldi.

Onun bu cavabı elə bil ki, içimdəki “statistikin” lap ürəyindən oldu.

- Bilirsiz, sinəsi tüksüz kişilər tüklü kişilərlə müqayisədə daha çox qaraciyər serrozuna tutulurlar?

Əlini xəfifcə tüklü sinəsinə aparanda, xətrinə dəydiyimi düşündüm, amma tez cavab verdi:

- Onda meymunlar rahat yata bilər. Mənə Mak deyə müraciət eləyə bilərsən - üzündə yenə təbssüm var idi. Çəkinə-çəkinə özümü təqdim etdim:

- Salamon… Salamon… Maraqlı adın var - deyib, bir-iki cümləlik qımıldandı.

Beləcə orta boylu, 35 yaşlı, başı günəş şüalarını əks etdirə biləcək şəkildə dazlaşan kabusumla tanış oldum.

Bir qədər özümdən danışım, onsuz da burda bekar qalmaqdan ürəyim sıxılır. 28 yaşım var, arıq və hündür boylu axmaq bir tipəm. Normal halda az danışmağı, hətta susmağı sevirəm, danışanda içimdəki “statistik”i susdura bilmirəm. Bəlkə buna görə hələ də sevdiyim yoxdu. Düzü bunda passivliyimin də rolu az deyil. İçimdəki “statistik” bəzən qeyri-iradi olaraq, mənə tabe olmadan danışır. Dediyi məlumatların hardan gəldiyini bilmirəm. Evimdə bir televizor var, alandan bəri işlətməmişəm. Sonuncu dəfə dostumun təkidi ilə işə salanda yandı və mən buna çox sevindim. Əsl səssizlik dəlisiyəm. Evdə olanda səssizliyimi Ani xalanın sutka boyu işləyən radiosu pozur. Divarların kağız kimi olması qonşuluqda yaşayan həmin yaşlı, tənha qarının mənimlə eyni evdə yaşadığı hissini yaradır. Deyilənə görə, o radio həmişə eyni dalğanı tutur və hər gün eyni şeyləri danışır. Düzü mən buna heç fikir verməmişəm. Səsini eşitsəm də, orda gedən söhbətlərlə maraqlanmamışam.

Makla tanış olduğum günün sabahı dayanacaqda səhvən gənc və yaraşıqlı bir qızın ayağını tapdaladım. Başımı qaldırıb utana-utana üzr istəyirdim ki, dilim idarəni ələ aldı:

- Bir dəqiqəlik gülüş 12 dəqiqəlik qaçışa bərabərdir.

Qız əsəbi halda və təəccüblə mənə baxıb dedi:

- Başa düşmədim! Bu yeni tanış olma metodudu?

- Dünyada hər 12 nəfərdən biri Hepatit C və B virusunun daşıyıcısıdır və bəzi növ soxulcanlar ac qalanda özlərini yeyirlər.

- Nə? Axmağın biri axmaq! Buna bax sən! - qız əsəbi şəkildə qışqırdı. Rəfiqəsi qolundan tutub onu kənara çəkdi

- Aaaz, idi suda. Dəlidi də. Prosta ni abraşay v nimaniyu.

Qızın mənə dəli deməsi elə bil, beynimin hansısa sönmüş hissəsinə toxundu. İlk dəfə idi normal olmadığımı həqiqətən anlayırdım. Deməli, mütəxəssis yanına getmək vaxtı çatmışdı.

Həmin gün günorta yaxınlıqdakı klinikalardan birinə nevroloq yanına getdim. Uzun gözləmədən sonra həkim məni içəri çağırdı:

- Buyurun içəri! - Onun üzündə təbəssüm var idi. Mən başa düşə bilmirdim ki, Hippokrat andı içmiş bu həkim nə üçün potensial xəstə görəndə belə şad olur.

- Salam. Dünyaya ən yaxın ulduza maşınla saatda 100 kilometr sürətlə getməyə çalışsaq, ona 26 milyard il sonra çata bilərik.

- Belə təfərrüatlara ehtiyac yoxdu, Salamon.

- Bilirsiz, həkim, mən bəzən nitqimi idarə edə bilmirəm və nəticədə belə statistik faktlar deyirəm. Amma bunları nə hardasa oxumuşam, nə də eşitmişəm.

Bu sözlər mənim üçün dəlilik etirafı kimi bir şey olsa da, tibbi cəhətdən belə deyilmiş. Bir neçə test verəndən sonra öyrəndim ki, sağlamam. Buna görə həkim məni psixoloq yanına göndərdi. Tərslikdən psixoloqla görüşdə mən heç bir statistik məlumat səsləndirmədim. Psixoloq isə bunun səbəbinin mənim cəsarət və qəhrəmanlıq istəyimin basdırılması olduğunu dedi. Nəticə kimi ürəkli olmağı tövsiyə etdi. Axşam evə qayıdanda yolda Makla rastlaşdıq.

- Oho, qəhrəman, necəsən? - Əhvalı yenə də yaxşı idi.

- Sağ ol. Bilirsən ki, arılar olmasaydı digər canlılar maksimum 4 il yaşaya bilərdi?

- Yox bilmirəm. Həm də nəyimə gərəkdi? Əsas odu ki, sən bilirsən.

Mehribanlıqla qolumdan tutub mənə yoldaşlıq etdi. Yol boyu ona xeyli maraqlı faktlar dedim, görünür bəyəndi, yoxsa mənimlə getməzdi.

Həmin gecə Mak təkbaşına araq içib, sərxoş halda mənim evimdə yatdı. Mən içmədim, ümumiyyətlə spirtli içkilərlə aram yoxdu və qoxusu pis təsir edir. Səhər iş tapmağa kömək adı ilə mənimlə birlikdə şəhərə getdi. Yolda psixoloqla görüşümdən danışdım. Söhbəti bitirəndə “5 mərtəbə” adlanan yerə çatdıq. Yaxınlıqdakı binanın ətrafına çoxlu adam yığışmışdı. Başqa vaxt olsaydı buna nəzər salmadan başımı sallayıb gedərdim. Bu dəfə Mak mənə bilmədən təsir edirdi. Zahirən rusa oxşayan bir kişi binanın damının düz kənarında durub səssiz-səmirsiz aşağı baxırdı. Deyirdilər, özünü atmaq istəyir. Bunu eşidən kimi qayğıkeş Mak başladı:

- Hə, qəhrəman, irəli. Bu da sənə özünü doğrultmağa şans.

Bir əli ilə elə hey kürəyimə döyəcləyirdi.

- Axı, mən... mən bacarmaram...

- Necə bacarmaram? Lap əla bacararsan! Psixoloq nə demişdi, yadına sal!

Uca səslə əlavə etdi: ”Millət, çəkilin, bu adam bu işin ustasıdır. Gəlin imkan verək öz işini görsün.”

Bunu eşidən kimi hamı çəkilib mənə yol verdi. Geriyə yol yox idi, bunu mütləq etməli idim. Həm də geri dönüb getsəydim, hörmətsizlik olardı. Birtəhər binaya keçib 5-ci mərtəbəyə qalxdım, böyük çətinliklə dama çıxdım. Kişi mənə tərəf baxırdı. Bu yerdə nə isə deyib onun diqqətini çəkməli və xilas etməli idim, amma nə deməli olduğumu bilmirdim. Bu da məni həyəcanlandırırdı.

- Son 3500 ilin sadəcə 230 ili sülh içində yaşanıb, qalan vaxtlar müharibə olub.

Təlaşlı olduğumdan dilimi dayandıra bilmirdim. Kişi axmaq-axmaq üzümə baxırdı.

- Bir kişi həyatının 3350 saatını üz qırxmağa sərf edir və ən böyük piramida Xeops piramidasıdı.

Bu statistikanın bu kişi üçün heç bir önəmi yox idi.

- Çinlilərin hamısı eyni vaxtda hoppansa, dünyanın oxu öz yerini dəyişər.

Son dediyim söz elə bil kişiyə işarə oldu. O sağa tərəf dönüb, binanın digər ucuna getdi, yavaşca yaxınlaşıb əlini tutdum dərindən nəfəs aldım:

Burnuma kəskin spirt qoxusu dəydi və mənim dəxilsiz reaksiyam nəticəsində hər ikimiz uçmağa başladıq. Deyilənə görə, havada necə olubsa mən kişinin altına düşmüşəm və bu şəkildə aşağıdakı cipin üstünə yıxılmışıq. Sərxoş kişiyə heç nə olmasa da mənim belim, qollarım, ayağım, burnum və çanaq sümüyüm əldən getdi. Sərxoş kişi müsahibə zamanı deyib ki, o, aşağı düşə bilmirmiş və mən ona düşməyə kömək etmişəm. Yıxılanda isə onun qayğısına qalıb, özümü alta vermişəm. Beləcə mənə sakit yaşamaq istəyimi təhlükə altına atacaq “QƏHRƏMAN” statusu verildi. Tez-tez yanıma gəlib sınıq qollarımla məndən avtoqraf istəyənlər olur.

Palata yoldaşım Cim əsl müasir tacir idi, onun nə satdığını siz yatıb yuxuda da görməzsiniz, çünki, özüm heç vaxt belə yuxu görməmişəm. Cim “amazon.com” satış saytında sidik alveri ilə məşğul idi. Hə, sidik… Əmin olun ki, burda heç bir yanlışlıq yoxdu. O, adi sidik satırdı - əsasən də öz sidiyini. Cimin dediyinə görə, bu sidik narkomanlara analiz üçün lazım olur. Onların polisə verdiyi bu sidik analizlərindən narkotika istifadə etmədikləri ortaya çıxırdı. Dediyinə görə gəlirli peşədir.

Gözləri çox zəif görən o biri palata yoldaşımın isə, həm də ruhi problemləri vardı.

Bir gecə kiminsə yatağıma yaxınlaşdığını hiss etdim. Gözümü açanda mənə sarı uzanan əlləri gördüm. Bu yekə əllər bir neçə dəfə boğazımı sıxıb, buraxdı. Çox qorxdum və əlimə keçən ilk şeyi götürüb ona bir neçə zərbə endirdim. Çığırtıya növbətçi həkim gəldi və hər şey aydın oldu. Üstümə gələn gözü zəif görən ruhi xəstə palata yoldaşım idi. O, sistem dayanacağını adama oxşadıb qorxmuş, məni yuxudan oyatmağa gəlibmiş. Vurduğum zərbələrdən qulağında bir neçə dəlik açılmışdı.

Həmin gecə onu başqa yerə köçürdülər və mən “təhlükəli” olduğum üçün palatada tək qaldım. O gecə heç alışmadığım qədər sakit oldu və mənim tavana baxmaq şansım yaransa da qaranlıqda heç nə görə bilmədim. Bütün bu sakitlik günortaya qədər çəkdi. Günorta bir dəstə jurnalist gəlib şəklimi çəkməyə başladı. Nə olduğunu anlaya bilmirdim. Gecəki hadisəyə görə məni cani saydıqlarından şübhələnirdim. Hər tərəfdən sual verən jurnalistlərə yalnız bir cavab verə bildim.

- Hər gün internetdə göndərilən 160 milyard məlumatın 97 faizi spamdır.

Bundan sonra baş həkim gəlib onları çölə çıxartdı. Bütün olanlardan bir gün sonra xəbərim oldu. Qəzetlərdə “Qəhrəmanın Xəstəxana Qəhrəmanlıqları” kimi başlıqlar var idi. Gecə baş verən hadisə əslində mən düşündüyüm kimi olmayıbmış. Vurduğum zərbələr onun qulağına daha dəqiq desək – görmə akapunktur nöqtələrinə dəyibmiş, beləcə gözlərinin zəifliyi aradan qalxıb. Qəzetdən oxuduğuma görə dəniz quldurları gözləri yaxşı görsün deyə qulaqlarını həmişə deşdirirlərmiş. Bununla da mən yenə məşhurluğun mərkəzinə düşdüm. Jurnalistlərə deməyə macal tapdığım axmaq statistika isə, yumor triumfum kimi qeyd olunurdu.

Evim və Ani xalanın radiosundan gələn mənasız səslər üçün darıxmışam. Mak o gündən sonra gözə dəymir. Belə yaxşıdı, çünki ona nifrət edirəm.

Salamonun evində yenə ənənəvi səslər əks olunurdu. Qulaqları pis eşidən Ani xalanın radiosunda bir diktor bağırırdı:

- Son 3500 ilin sadəcə 230 ili sülh içində yaşanıb, qalan vaxtlar müharibə olub. Bir kişi həyatının 3350 saatını üz qırxmağa sərf edir. Ən böyük piramida Xeops piramidasıdır. Arılar olmasaydı digər canlılar maksimum 4 il yaşaya bilərdi...

# 3814 dəfə oxunub

Müəllifin son yazıları

# # #