Kulis.az Xalq yazıçısı Natiq Rəsulzadə ilə müsahibəni təqdim edir.
- Söhbətimizə pandemiyadan başlamaq istəyirəm. Karantin günlərini necə keçirdiniz?
- Belə pis çıxmasın, karantin günləri mənim üçün xeyirli oldu. Çünki bir povest yazdım.
- Nədən bəhs edir?
- Karantindən deyil. Karantin mənə təkan oldu ki, otur, işlə. Sərbəst olanda adam çox tənbəlləşir.
- Çexov da “6 Nömrəli” palata” əsərini pandemiya günlərində yazmışdı...
- Bəli. Povestdən başqa hekayələr də yazdım. Karantin yumşalandan sonra həvəsdən düşdüm (gülür).
- Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. İstərdim, bu haqda danışaq...
- O illərdən çox şey danışa bilərəm. Azərbaycanda oranı çox görkəmli yazıçılar bitirib, bilirsiniz. Nəbi Xəzri, Cabir Novruz, İsa Hüseynov kimi şəxsiyyətlər. Çox maraqlı İnstitutdur. Məktəbi 17 yaşımda bitirəndə getdim o zaman Politexnik İnstitutunun memarlıq fakültəsinə qəbul olundum. Beşillik təhsil idi. Dörd il oxuyandan sonra təhsilimi tamamlamadan getdim Moskvaya. 60-cı illərin axırları idi. Diplomu olmayan oğlana qız vermirdilər o vaxtlar.
- Nə dəyişdirdi fikrinizi ki, yazıçı olmaq istədiniz?
- Mən uşaqlıqdan yazırdım. Hətta məktəbdə axırıncı sinifdə “Azərbaycan gəncləri” qəzeti ilə əməkdaşlıq edirdim. 16 yaşımda cızma-qara yazırdım, şeir yazırdım. O vaxt qəzetdə işləmək istədiyimi deyəndə mənə güldülər. Şöbə müdiri tapşırıq verdi ki, get, Fəvvarələr meydanında köhnə inqilabçılardan reportaj yaz. Mən getdim ora. Qocaları dinlədim, qeydlərimi apardım, yazdım. Qəzetdəkilər yazımı oxuyub şaqqanaq çəkdilər. Dedilər, sən poema yazmısan. Bizə faktlar lazımdı (gülür). Sonralar yaza bildim. Ümumiyyətlə, qəzet mənə yaza bilməyim üçün çox şeylər öyrətdi.
- Sizcə, yazıçı ədəbi institutdan keçməlidirimi?
- Qətiyyən. Yazıçıya, ümumiyyətlə, institut lazım deyil. Yazıçının içində əgər o institut varsa, özü yazacaq.
- Belinski deyir, öz həyatından yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsa uşaqlıq xatirələriniz sizi yazmağa məcbur etdi?
- Belinski qələt eləyib elə deyib. Görünür, bu sözləri deyəndə, cavan olub. Həyatda yaşadıqca, yaşa dolduqca, başa düşürsən ki, qətiyyətlə deyilən söz çox azdır. Həqiqət “yox və hə”nin arasındadır. Elə yazıçı ovar öz həyatından yazmayıb. Çox hamar bir həyat keçirib. Burda büdrəyən bir şey yoxdur. Yazıçının dostları, qohumları onun üçün hekayələr danışa bilər, materiallar verə bilər.
- Yazıçı ziyalı olmalıdırmı?
- Mütləq. Yazıçı fəhlədirsə, o demək deyil ki, o, ziyalı deyil.
- Sizi həmişə ədəbi söz-söhbətlərdən kənar görmüşük. Heç nəyə qoşulmursunuz. Niyə? Maraqlı deyil sizə?
- Hərdən qoşuluram, hərdən qoşulmuram. Ziyalılığı onda görmürəm. Ziyalılıq bilirsiniz, nədir, ziyalılıq odur ki, gərək vətəninə xidmət edəsən. Bizim gözəl Milli Məclisimiz var, deputatlarımız orda ağıllı sözlər danışırlar. Danışanda da, yazanda da, yaradanda da gərək təsiredici olsun. Yazdığın oxucunu silkələsin, ürəyindən xəbər versin. Onu da deyim ki, nitq qabiliyyətim yoxdur, bəlkə buna görə orda-burda çox açıqlama vermirəm.
- Sosial şəbəkələrlə aranız necədir? Elə də aktiv profil deyilsiniz...
- Feysbukda fəal deyiləm. Virtual dünya bizim real dünyamızın güzgüsüdür. Real həyatda səviyyəsiz, ağılsız, düşüncəsiz insanlar çoxluq təşkil eləyir. Ağıllı, düşüncəli, istedadlı insanlar qat-qat azdır. Bu, təkcə Azərbaycana aid deyil. Dünyanın hər yerində o cür adamlar var. Ona görə feysbukda da elə insanlar çoxdur. Açıram, baxıram, bir də görürsən ki, elə əttökən söhbətlər edirlər, şit zarafatlar, mənasız statuslar yazırlar. Onda bağlayıram feysbuku.
İstənilən halda internet, feysbuk həyatımıza daxil olub. Müdaxilə eləyib həyatımıza. Ondan qaçmaq olmaz.
- Natiq müəllim, niyə dünyaya çıxa bilmirik? Ən azından rus, türk ədəbi mühitlərinə də lazımınca çıxa bilmirik? Bu yaxınlarda 29 yaşlı gənc bir niderlandlı Buker qazandı. Biz necə edə bilərik ki, heç olmasa bu kimi müsabiqələrdə iştirak edək?
- Azərbaycanda istedadlı adamlar var, az da deyil. Yazıçılar içində də var. Məsələn, Rusiyanı götürək, 150 milyonluq ölkədir. Tək Moskva Azərbaycandan iki dəfə böyükdür. Təbii ki, Moskvanın içində iki dəfə çox istedadlı insanlar var. Bəlkə üç dəfə. İndi təsəvvür edin, min nəfərin içindən 5 nəfər istedadlı adam tapmaq asandırmı, yoxsa yüz nəfərin içində?
- Əlbəttə ki, min nəfərin içindən...
- Bütün dünyada da belədir. Azərbaycan uzun müddət sovet dövründə yaşayıb. Ömrümün yarısı o dövrlərdə keçib. Sovet vaxtlarında eybəcər hallar olsa da, müsbət tərəfləri çox idi.
- O dövrdə də Azərbaycan yazıçıları dünyaya çıxa bilmirdilər...
- Sovet yazıçılarını çox az tanıyırdılar. Qapalı ölkə idik. Çıxanı da başından qapazla vururdular. 70-ci illərin axırı idi. Məni bir təşkilat görüşə çağırdı. Azərbaycan yazıçılarının xaricdə çıxan kitablarına nəzarət edirdilər. Eyni zamanda, qonorar da verirdilər. Təşkilatın adı yadımda deyil. Təşkilatın sədri mənə dedi ki, sizin kitabınız Macarıstanda, Budapeşt şəhərinin nəşriyyatında nəşr edilib. Avropada ən böyük nəşriyyatdır. Onların mətbuat orqanları yazmışdılar ki, Qafqazda Kafka əmələ gəlib (gülür) Sədr mənə bir-iki kağız imzalatdı, dedi, get, qonorarını götür. Gülünc bir məbləğ ödədilər.
- Niyə?
- Sovet dövründə xarici ölkədən sənin qonorarın sərhədi keçən kimi dönüb olurdu 13 faiz. Müəllif 13 faiz alırdı, dövlət 87 faiz. Mən də cavan idim, dilimi saxlaya bilmirdim. Dedim, bəyəm bu əsəri mən hökumətlə bir yerdə yazmışam?! (gülür) Sonradan Macarıstanda beş kitabım çap olundu. Hər il bir kitabım çıxırdı.
- Siz rus dilində yazan Azərbaycan yazıçılarındansınız. Bəzən başqa dildə yazan yazıçılara münasibət birmənalı olmur. Deyirlər, o, rus dilində yazırsa, rus ədəbiyyatının nümayəndəsidir. Siz necə düşünürsünüz? Hansısa başqa dildə yazan yazıçı o dilə aid ədəbiyyatın nümayəndəsi hesab oluna bilərmi? Yoxsa, əsas yazdığınız coğrafiyadır?
- Əlbəttə, dil vacib amildir, amma birinci növbədə deyil. Əsas odur ki, istəyirsən rus dilində yaz, fransız dilində yaz, istəyirsən Nizami kimi fars dilində yaz, sən Azərbaycandan yazırsan. İstedadlı yazıçısansa əsərində ölkənin vətənpərvərliyini, mərdliyini, qonaqpərvərliyini, gözəl tərəflərini göstərirsən. Azərbaycanı göstərirsən. Deməli, sən azərbaycanlı yazıçısan. Rəhmətlik İmran Qasımov da rus dilində yazırdı. Hətta AYB-nin də sədri vəzifəsində çalışmışdı. 250 milyonluq Sovet ölkəsində çox məşhur yazıçı idi. Ondan sonra İbrahimbəyov qardaşları gəldi. Daha sonra gəldi Ramiz Fətəliyev, mən, Çingiz Abdullayev. Bu adamlardan hansı istedadsızdır? Hansı Azərbaycanı təmsil etməyib? Hansı Azərbaycanı qoyub Amerikadan yazıb? Hamısı burda yazıb. Bu bir. İkincisi ondan ibarətdir ki, bu dil məsələsi çox çürük söhbətdir. İndi də bu cür düşmənçilik edənlər var. Deyir, bu bizim yazıçı deyil. Mən böyük həvəslə, rəsmi deyirəm, sizin yazıçı olmaq istəmirəm. İstəyirəm dünyaya məxsus yazıçı olum.
Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev – bunların hamısı rusdilli idi. Hələ çoxdur. Ən məşhurlarının adını çəkdim. Onların arasında elə ziyalılar var ki, heç Azərbaycan dilində danışa bilmirdi. Amma misal üçün, Azərbaycan təsviri sənətini dünyada nümayiş edəndə hamı deyirdi, Tahir Salahov Bakıdandır.
- Azərbaycan dilində nə vaxtsa yazmısınızmı?
- Əlbəttə. İndi də yazıram. Azərbaycan dilində konstruktiv əsərlər yazıram.
- Ssenarilər də yazırdınız. Yeni ssenarilər yazırsınız?
- Bəli, bəzən pyeslər də yazıram. Bildiyiniz kimi, nazirlikdə rəhbərlik dəyişib. Kinoya rəhbərlik edən məmur də dəyişib. Mən onunla danışdım. Dedim, sizdən əvvəlki şəxs mənimlə yola getmirdi. Ən azı 6-7 layihəm orda yatıb qalıb, amma aktuallığını itirməyib. Elə əsərlərdir ki, 20 ildən sonra da ekranlaşdırmaq olar. Dedilər, yaxşı, işlərinizə baxacağıq.
- Siz də qeyd etdiyiniz kimi, bizim rusca yazan çox sayda yazıçılarımız olub, indi də var. Çingiz Hüseynov, Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov. Oanlar haqqında təəssüratlarınızı bölüşməyinizi istəyərdik. Sizə daha çox hansı yazıçı yaxındır?
- Sadaladıqların elə kifayət edir. Rus dilli yazıçılar elə də çox olmayıb. Rəhmətlik İmran Qasımovu da saysaq elə bu qədərdirlər. Çingiz Abdullayev siyasi-detektivlər yazır, Çingiz Hüseynov fəlsəfi romanlar yazır. Yazıçı kimi mənə yaxın Maqsud İbrahimbəyovdur. Amma tam da yox. Üslub olaraq özünəməxsusam. Bu yazıçıların hamısı çox istedadlıdırlar. Yazıçıların arasında xaricdə ən çox Azərbaycanı tanıdan elə adını saydıqlarımız yazıçılardır. Şübhəsiz, Azərbaycan dilli yazıçılar da var. Sözün əsl mənasında deyə bilərəm ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır. Elə bir ölkə yoxdur, onun kitabları orda çap olunmasın.
- Çingiz Abdullayevlə münasibətiniz necədir?
- Çingizlə dostam.
- AYB-nin sədri Anar qurultayda yenidən sədrliyə namizəd olacağını demişdi...
- Oğuz, bir dəqiqə. Mən, Azərbaycan Yazıçılar Birliyindən uzaq olan bir adamam. Ona görə yox ki, danışmayacam. Vəziyyəti bilmirəm. AYB-yə gedib-gəlmirəm.
- İctimai bir təşkilatda 33 il sədr olmaq necə bir işdir? Dünyada analogiyası varmı bu hadisənin?
- Olsun da. 27 yaşımda Yazıçılar Birliyinə üzv olanda fəxrlə sevinmişdim, amma indi elə yaşdayam ki, Yazıçılar Birliyindən çıxmaq lazımdır.
- Siz indi üzvisiz?
- Bəli. Çıxmamışam.
- Qurultayda Anarı dəstəkləyəcəksiniz?
- Qurultaya getməyəcəm.
- Sizcə bu quruma hələ də ehtiyac varmı?
- AYB-nin üzvləri səhv eləmirsəmsə iki mindən çoxdur. Yazıçılıq fərdi sənətdir. Elə insanlar var ki, Yazıçılar Birliyindən heç xəbərləri yoxdur.