Son döyüş

Son döyüş
5 fevral 2013
# 16:31

Nurşən Quliyev

Zakirlə səngərdə tanış olmuşdum. Jurnalist kimi cəbhəyə gəlmişdi, mən də onda hərbi xidmətdə - müharibədəydim. Eşitmişdi ki, əsgərlərin arasında jurnalistikanın tələbəsi, gələcəyin jurnalisti, həmkarı var, gəldi, tapdı məni. Mənimlə dost kimi, qardaş kimi, həm də elə həmkar kimi görüşdü. Bu, həm də Əfqanıstan döyüşçüsü ilə Qarabağ döyüşçüsünün görüşü idi.


Növbəti dəfə bizi Qulu görüşdürdü – çoxlarını tanış eləyən, çoxlarının dostluğunun səbəbkarı olan Qulu. Qulu Zakirlə bir yerdə işləmişdi, bizi tanış eləyəndə isə mənimlə bir yerdə işləyirdi. Zakir məni, mən Zakiri tanıdım. Yenə də dost kimi, qardaş kimi, həmkar kimi görüşdük. İlk görüşümüzü, müharibəni, səngəri xatırladıq.


İllər keçdi, Zakirlə ara-sıra görüşdük, telefonla danışdıq, amma o mənim üçün çox doğma idi. Bu doğmalığı ilk görüşdə mehribanlığı ilə o yaratmışdı – səngərdə görüşüb ayrılanda “Başına dönüm, özünü qoru” deməsiylə.

Sonuncu dəfə “Əfqanıstan uçurumu” kitabı çıxanda zəng elədim ona, təbrik eləmək üçün. Səsimi eşidən kimi “Ay Nurşən, bilirsən, səsini eşidən kimi səngərdəki Nurşən gəldi gözümün qabağına – voin, döyüşçü Nurşən...” Zakir də döyüşçü olmuşdu, ona görə də döyüşçülərə, hərbçilərə, əsgərlərə xüsusi münasibəti vardı.

Təbrik elədim, səhhətini soruşdum. “Babatam” dedi.

Kitabı dünən oxudum bitirdim, bu gün zəng edəcəkdim təşəkkür üçün – bütün döyüşçülərin həyatından kitab yazdığı üçün... Ölüm xəbərini aldım.

Əfqanıstan əjdahasının uda bilmədiyi döyüşçü Zakir xərçəng adlı əjdahadan qurtula bilməmişdi, nə yazıq ki...

Allah sənə rəhmət eləsin, behiştlik qardaşım!!!

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

# # #