Azərbaycan tarixinin "Avesta" problemi - Nizami Cəfərov yazır...

Nizami Cəfərov

Nizami Cəfərov

26 iyul 2022
# 12:40

Kulis.az Nizami Cəfərovun yazısını təqdim edir.

İnsan idrakının (və dünya mədəniyyətinin) ən möhtəşəm abidələrindən biri olmaqla yanaşı, ətrafında iki min beş yüz ildən artıq beynəlxalq miqyaslı hadisələrin baş verdiyi, söz-söhbətin getdiyi "Avesta" Azərbaycanla o dərəcədə bağlıdır ki, azərbaycançılığın böyük ideoloqları (və azərbaycanşünaslığın görkəmli mütəxəssisləri) yüz ildən çoxdur hər nə qədər, tamamilə haqlı olaraq, ondan imtina etməyə çalışsalar da, həmin abidə-əsər Azərbaycan tarixinin hüdudlarını nəinki tərk etmir, hətta ən müxtəlif münasibətlərlə bu tarixin fundamentində dayanmaq iddiası nümayiş etdirir. Və iş o yerə çatır ki, "Avesta" Azərbaycan xalqının tarixi kontekstində nəinki azərbaycançılığın əsaslarını təşkil etməsi şübhə doğurmayan müsəlmanlıqla ("Qurani-Kərim"lə), hətta türkçülüklə ("Dədə Qorqud"la) belə konkurensiyaya girmək istəyir.

Heç bir şübhə yoxdur ki, Zərdüştün peyğəmbər olaraq öz dinini təbliğ edib yaydığı zaman və məkan nə qədər mübahisəli olsa da, İran - Turan münasibətlərinin (və ya münaqişələrinin) hüdudundan kənara çıxmır. Və görünür, "Avesta" həmin münasibətləri kifayət qədər geniş təfərrüatı ilə əks etdirən ilk mötəbər mənbədir.

Abidənin müxtəlif dillərdəki nəşrlərinə əlavə edilmiş xüsusi adlara aid həcmcə o qədər də böyük olmayan sözlüklərində (onomastikon) bir sıra "türkizm"lərə rast gəlinir: Azəcataspa, yaxud Ərcasp (hun türklərinin başçılarından olduğu güman edilən, Zərdüştün himayədarı Şah Viştaspanın düşməni), Arəzoşamana (iranlı qəhrəmanın öldürdüyü cəsur döyüşçü), Asabana (turanlı bir nəsil, tayfa), Aştaaravant (Zərdüştün himayədarı Şah Viştaspa qarşı olan şəxs), Danu (turanlı qəhrəman), Darşinika (Zərdüştün himayədarı Şah Viştaspanın əleyhdarı, onun öldürdüyü şəxs), Fəryana (turanlı din rəhbəri), Franhrasyan (Turan hökmdarı Alp Ər Tonqa - Əfrasiyab), hyaona (hunlar), Kanha (İranın şərqində ölkə), Kaza (Asabana nəslindən olan turanlı döyüşçü), karapanlar (Zərdüşt dininin əleyhdarları), Kersavazda (Keyxosrovun düşməni, Franhrasyanla - Alp Ər Tonqa ilə birlikdə Keyxosrovun atasını öldürən), peşena (Şah Viştaspa qarşı olanlar, müq.et: peçeneq), Tantriyavant (Şah Viştaspın rəqibi), tur (iranlı əkinçilərin düşməni olan köçəri xalq - turanlı), Vandarmanış (Arəcataşpanın qardaşı), Vara (Asabana nəslindən olan turanlı əsgər), Varna (işğalçı hökmdarların idarə etdiyi, Zərdüştə qarşı çıxanların yaşadığı ölkə), Vareşava (turanlı döyüşçü), Vayesaka (turanlı döyüşçü) və s.

Əlbəttə, "türkizm"lik bu sözlərin etimologiyasından daha çox, onların ifadə etdikləri ideya-məzmundadır ki, bütöv bir sematik sistem - konsept təşkil etməkdədir. Həmin semantik sistem-konsepti biz "Avesta"nın, yaxud Zərdüştün düşmənləri və ya əleyhdarları" adlandıracağıq. Və olduqca səciyyəvidir ki, yetmiş yeddi yaşlı Zərdüştü öldürən də məhz turanlı bir əsgərdir: Brak Rokreş.

Artıq öz tarixi missiyasını başa vurmuş ahıl bir insanı qətlə yetirməkdə bir turanlını - türkü günahlandırmaq İran mifologiyasının (eyni zamanda zərdüştçülüyün nəyinə lazım idi?.. Başqa sözlə, bu iddia nə dərəcədə gerçək ola bilər?.. Görünür, belə bir təsəvvürün meydana çıxması olmuş hadisəni qeydə almaq ehtiyacının nəticəsi deyil, İran - Turan münaqişəsi zəminində təşəkkül tapmış epik təfəkkürdən gələn kifayət qədər əsaslı (və inandırıcı) bir uydurma-obrazdır.

Heç bir şübhə yoxdur ki, Zərdüşt öz yeni dinini yalnız iranlılar deyil, hindlilər və turanlılar (türklər) arasında da yaymağa cəhd göstərmişdir. Və o da şübhəsizdir ki, çoxallahlığa - bütpərəstliyə qarşı olan yeni din nəinki turanlılar və hindlilər, iranlılar tərəfindən də müəyyən müqavimətlə qarşılanmışdır. Ancaq təbii ki, İran mifologiyasına, etnik-mədəni sisteminə əsaslanan (artıq qeyd edildiyi kimi, eyni zamanda İran-Turan münaqişəsindən də yararlanaraq İran təəssübkeşliyini qabardan) "Avesta" ideyaları türklər arasında çox da geniş yayıla bilməzdi.

Türküstan türklərinin (manixey uyğurların) tarixi təcrübəsi göstərir ki, zərdüştlük qeyri-İran mühitində necə varsa o cür yox, əhəmiyyətli "redaktələr"lə, eyni zamanda müəyyən bir dövr üçün qəbul olunmuş, həmçinin geniş yayılmayıb yalnız ayrıca bir zümrəni əhatə etmişdir.

"Avesta"nın (və Zərdüştün) turanlılara (türklərə) münasibətinin nə qədər kəskin, amansız olduğu görkəmli tədqiqatçı Azər Turanın "Alp Ər Tonqa - Turanın qurucusu" məqaləsində ("Ədəbiyyat qəzeti", 9 iyul 2022-ci il) bütün təfərrüatı ilə öz əksini tapmışdır... Türklərin (turanlıların) "Avesta"ya (Zərdüştə) münasibətinə gəldikdə isə bu barədə elə bir yazılı mənbəyə (iranlılarda olduğu kimi) təsadüf etməsək də, məsələ öz-özlüyündə aydındır: türklər nə zərdüştçülüyün təşəkkülü (e.ə. VII - V əsrlər), nə yenidən dirçəldilməsi (III-V əsrlər), nə də sonrakı dövrlərdə ona rəğbət bəsləməmişlər... Azər Turan sözügedən məqaləsində Əli bəy Hüseynzadənin milli bir ideoloq olaraq bu barədəki mövqeyini xatırladır: "Füyuzat"ın tutduğu yol türklük, müsəlmanlıq və avropalılıqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniləşmək deyildir".

Azərbaycan xalqının tarixi (və taleyi!) üçün çox səciyyəvi (və ibrətamiz!)dir ki, ölkədə türkçülüyə, müsəlmanlığa və avropalaşmağa - azərbaycançılığa qarşı müxtəlif ideoloji mövqelərdən (bolşevizm, rusizm, iranizm...) cəbhə açıldığı illərdə zərdüştlüyü hətta Azərbaycanın milli ideologiyası səviyyəsinə qaldırmaq iddiası meydana çıxmışdı. Və bu iddia, çox təəssüf ki, bu günə qədər elmi-ictimai düşüncəmizi hədələməkdədir. "Azərbaycan tarixi" çoxcildliyinin birinci cildinin ("Elm" nəş., 1998) "Giriş"ində (müəllif akademik İqrar Əliyevdir) yazılır: "Avesta" mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini-fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən xeyli artıq olan uzun bir dövr ərzində yayılmışdı. Bizim "Avesta"ya diqqətimiz də bununla izah olunur. "Avesta"nın kanonlaşdırılmalarından biri, şübhəsiz ki, Atropatenada bu məmləkətin Sasani səltənətinin dövlət ziyarətgahı olduğu dövrdə baş vermişdir"... Burada nə deyildiyini, çox çalışsaq da, anlaya bilmədik. Və ona görə də keçdik kitabın birbaşa "Avesta"dan ("Atropatenanın maddi mədəniyyəti və dini" fəsli) bəhs edən hissəsinə. Mərhum akademik burada öz fikrini kifayət qədər aydın ifadə etməyə çalışır:

"Sonrakı zərdüştilik ənənəsi iddia edir ki, Zərdüşt əslən Cənubi Azərbaycandan idi. Orta əsrlərin bir çox müsəlman müəllifləri də Azərbaycanı inadla peyğəmbərin vətəni adlandırırlar.

Zərdüştün vətəninin Azərbaycanda lokallaşdırılmasının səbəbini Sasanilər monarxiyasının bu vilayətin ehkamçı zərdüştilik tarixində oynadığı mühüm rolla izah etmək lazımdır. Müxtəlif sarsıntılara baxmayaraq, Sasanilər dövründə bütün İranın başlıca, dövlət əhəmiyyətli müqəddəs yerləri (şahın ziyarət etdiyi Adurquşnast atəşpərəstlik məbədi, hökmdarın və hərbçilər zümrəsinin məbədi) Cənubi Azərbaycanda yerləşirdi... Güman etmək olar ki, Avesta kanonunun qəti surətdə formalaşdırılması da burada baş vermişdir. Və nəhayət, Sasanilər dövründə bu vilayət zərdüştlüyün və zərdüşti kahinliyinin dayaq məntəqəsi idi. Bütün bunlar göstərilən dövrdə, bəlkə də, erkən zamanlarda zərdüşti Cənubi Azərbaycanın (yəni zərdüştlüyə sitayiş edən Cənubi Azərbaycanın - N.C.) böyük rolunu və əhəmiyyətini təsdiq etsə də, lakin hər halda bunlar Azərbaycanı zərdüşti Avesta təlimlərinin vətəni kimi tanımağa imkan vermir".

Dərhal sual meydana çıxır: Əgər "Avesta"nın (və Zərdüştün) Azərbaycana (istər Cənubu, istərsə də Şimalı olsun) əsaslı bir aidliyi yoxdursa, "Azərbaycan tarixi"nin birinci cildində - Atropatenanın tarixindən bəhs edilən yerdə onun nə işi var?.. Mərhum akademikin mövqeyi türkmənşəli Azərbaycan xalqının sadəcə hisslərinə toxunmaqla qalmır, məlum məqsəd güdür ki, hər kəsə aydındır:

"Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsi Yaştlardır ("pərəstiş", "tərif"). Yaştlar İran mədəniyyətinin müxtəlif tanrılarına həsr olunmuş tərif səciyyəli 22 himn-duadan ibarətdir. "Avesta"nın, bəlkə də, ən qədim hissəsi olan Yaşlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səslənən çoxsaylı etnik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir".

Və öz ixtisasına - Azərbaycan xalqının ona etibar edilmiş tarixşünaslığına yuxarıdan aşağı baxmaq cəhdinin nəticəsidir ki, türk mənşəli bir etnosu İran mənşəli etnosun "dəyərləri"lə təqdim etməyə çalışır, Azərbaycan xalqının buna heç bir ehtiyacı olmadığı halda "Avesta"nı ona sırıyır... Və "Avesta"ya "daha dərindən" yiyə durmaq istəyən Azərbaycan alimlərini də təhqir edir:

"Qeyd etmək lazımdır ki, "Avesta" hərdənbir bizdə səslənən bəyanatların əksinə olaraq heç bir zaman hər hansı qeyri-İran dilində yazıla bilməzdi. Onun sonralar guya İran dillərindən birinə tərcümə olunması haqqında fikirlər də alimnümalıqdan başqa bir şey deyil"...

Biz düşünmürük ki, ağlı başında olan kimsə "Avesta"nın əvvəlcə türkcə yazılmış olduğu barədə nəsə desin... Tutaq ki, hansısa zırrama "Avesta"ya (və Zərdüştə) o qədər aşiq olub ki, belə bir şeyi haradasa yazıb... Bunun da günahkarı Zərdüştü (və "Avesta"nı) Azərbaycana sırıyanlardır. Bir tərəfdən deyirsiniz ki, "Avesta" sizin deyil, başqa tərəfdən, onu oturdursunuz Azərbaycan tarixinin göbəyində...

"Avesta" özü deyir ("Şahnamə"də təsdiq edir) ki, türklər onların düşmənidir, mərhum akademik nə deyir?.. Yəni doğrudanmı, Zərdüştdən (və onu təsdiq edən Firdovsidən) çox bilirdi?..

/ədəbiyyat qəzeti/

# 2503 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #