Kulis.az Nicat Həşimzadənin “Pol Osterin “Qaranlıqdakı adam” ı” yazısını təqdim edir.
Pol Oster 1947-ci ildə ABŞ-ın Nyu Cersi ştatında doğulub. Ədəbiyyata gəlişi təsadüfi olmayıb. İngilis, Fransız və İtalyan ədəbiyyatı üzrə təhsil alıb. “Qaranlıqdakı adam” romanı ən məşhur əsərlərindən sayılır.
Avqust Bril 72 yaşlı bir kitab tənqidçisidir. Arvadı Soniya vəfat edib, qızı və nəvəsi ilə birlikdə yaşayır. Qəza keçirir, ayağından xəsarət alır, qoltuq ağaclarından istifadə etməli olur. Xatirələrini bölüşmək üçün kitab yazmaq istəyir. Həmişə xatirələri haqqında, keçmişdə baş verənlər haqqında düşündüyü üçün iztirablar yaşayır. Xatirələrdən xilas olmaq məqsədiylə gecələr hekayələr uydurur, xəyallara qapılır. Bəzən paralel dünyaların mövcudluğu haqqında düşünür. Bir gün Avqust Brill Ouen Brek adlı xəyali obraz uydurur. Ouen bir gün yuxudan oyananda özünü qapalı bir məkanda görür. Ouen Brekə deyirlər ki, Amerika İraqla müharibə aparmır, Amerika Amerika ilə savaşır və 11 Sentyabr hadisələri olmayıb. Oueni həmçinin tarixi gedişatların arcıdıllığı və mahiyyəti düşündürür. Ouenin Flora adlı arvadı olsa da, o eyni anda Virciniyanı da sevir. Əsərin əsas mahiyyəti Lou Frisk ilə Ouen arasındakı dialoqda göstərilir, Frisk izah etməyə çalışır ki, paralel dünyalar mövcuddur və eyni anda müxtəlif dünyalarda müəyyən hadisələri yaşaya bilərsən. Bu zaman Ouen hədəfin dəyişdiyini öyrənir, öncə ona Blenk soyadlı birini öldürmək tapşırığı verilmişdi, indisə Avqust Brillin fotosu göstərilir. Bəli, düz anladınız, məhz həmin 72 yaşlı kitab tənqidçisi Avqust Brill. Ouenn obrazı da, bütün bu hadisələr də bütövlükdə Brillin öz xəyal məhsuludur. Sanki Ouen Brillin varlığını əlindən almış, şüuruna hakim kəsilmiş obrazdır. Ouenn Brillin qətiyyətini əlindən alıb.
Sonra həyat davam edir, Ouenn Çexov, Kalvino və Kamyunu oxuyur. Bir gün Frisk yenidən gəlir. Ouenn Brilli öldürməyəcəyini söyləsə də Frisk ona bir həftə vaxt verildiyini bildirir. Bu qədər yazdım amma, “Ouenn Brilli niyə öldürməlidir” sualına dəqiq izah vermədim. Brill öldürülsə Amerika Amerika ilə vuruşmayacaq, müharibə bitəcək. Bu, dəqiq müəyyən edilməyib, sadəcə ehtimaldır. Amerikanın Amarika ilə müharibə etməsi məsələsi çox maraqlıdır.
Romanı oxuyarkən biz postmodern romanlara xas olan şəxsiyyət ikiləşməsinin, və ya şəxsiyyətin ikidən daha çox hissələrə bölünməsinin şahidi oluruq. Ouenin yeganə istəyi evinə qayıtmaqdır. Şərtlərə əməl etmədən bunun mümkünsüzlüyünü başa düşən Ouen Brill haqqında məlumatlar öyrənmək istəyir. Səbəbin nə olduğunu konkret demək çətindir. Ancaq romanda daha bir maraqlı məqam odur ki, Avqust Brillin arvadı ölüb, Brillin qızının əri 5 il öncə onu tərk edib, nəvəsinin sevgilisi həlak olub. Pol Osterin romanının qəhrəmanlarını tənhalığa tərk edib sanki. Brill xəyalında başqa hekayələr uyduraraq Ouendən özünü xilas etməyə çalışsa da cəhdləri uğursuz olur.
Romanı oxuyarkən Bodriyarın bir fikrini xatırladım. Bodriyar postmodernist nəzəriyyəçilərindən biridir.
“Mütləq həqiqət yoxdur, o hissələrə bölünüb və biz indi bu hissələrlə oynayırıq”.
Yapon əsilli Amerika alimi Fukuyama insanın xoşbəxtliyə və kamilliyə qovuşmasını tarixin sonu adlandırırsa Bodriyar hesab edir ki, bəşər övladı heç zaman xoşbəxtliyə və kamilliyə qovuşa bilməz. Tarixin sonu məsələsinə gələndəsə zənnimcə tarix daim yenilənir, mahiyyətini, hadisələrini, proseslərin gedişatlarını dəyişir. Ancaq sona çatmır. Bu mənada biz Pol Osterin müxtəlif ziddiyətlərə malik şəxsiyyətlərə parçaladığı obrazın hansısa ülvi bir məqsəd axtardığını, mütləq həqiqətə qovuşma ehtiyacını hiss etmirik.
Avqust Brill 72 yaşlı yazardır. Onun istəyi ruhi rahatlıq tapmaqdır. Onun zehni yorğunluğunun səbəbi uydurduğu hekayələrin qurbanına çevrilməsidir. Romanın bir hissəsində Avqust Brill uydurduğu hekayəni unudub Katya haqqında düşünməyə başlayır. Romanın bütün məzmunu danışmaq istəmirəm. Xalq dilində desəm, hamsını danışsan, nağıl qalmaz sabaha. Oxucular kitabı oxumaq istəməzlər. Kitaba olan marağı öldürmək istəmirəm. “Qogenin ikinci qadını” adlı kitabımda bu səhvi etmişəm. Yazdığım resenziyalarda kitabın məzmununu izah etmək istədiyim halda sonluğu da, bütün hadisələri də qısaca ifadə etmişəm.
Pol Osteri dəqiq başa düşmək çətindir. Çünki onun əsərlərində ifadə etdiyi fikirləri, təsvir etdirdiyi obrazların xarakterlərini müxtəlif formalarda anlamaq olar. Pol Osterdən oxuduğum ilk kitab oldu “Qaranlıqdakı adam”. Digər kitablarını oxuduqdan sonra bu yazının ikinci, bəlkə üçüncü hissələrinə də yazacam.