Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Nodar Dumbadzenin "Teymurləng" hekayəsini təqdim edir.
Soğanlıqlı Əli Osman oğlu təsadüfən Tarağay oğlu körpə Teymurun qıçını sındırdı. Dalınca dabanbasaraq gələn qarayaxa uşaqlardan canını qurtarmaq məqsədilə əl ağacını tolazladı, ağac düz Teymurun dizinə dəydi.
Tarağayın oğlu ağrıdan fəryad qoparır, səsi gəldikcə bağırır, özünü ora-bura çırpırdı. Adama elə gəlirdi ki, çığırtısı qurtarmayacaq.
— Başını kəs, bəlkə kiridi, - qonağı Mustafa məsləhət gördü.
— Sən nə danışırsan, bədbəxtə yazığım gəlir, - kefi pozulmuş ev sahibi cavab verdi, sonra Teymuru qucağına götürdü, sınmış qıçına alabəzək yaylıqdan möhkəm sarıq vurub eyvana buraxdı.
— Ona bax, gözləri qan çəkib! Əgər böyümək qismət olsa, əlbəttə, axsayacaq, amma çətin ki, onun öhdəsindən gələn tapılsın! – Süleyman sözünü tamamlayıb qonağı içəri dəvət elədi.
***
— Levan! – Qışqırtı gəldi.
— Buyurun, möhtərəm Nutsa! – Nanuli qonşu qadının səsini tanıdı.
Həyətə iri çanta, şagird dəftərləri və qızılgül dəstəsiylə yüklənmiş bir xanım içəri soxulub, bambuk çardağın kölgəsində yerini rahatladı.
— Möhtərəm Nutsa, hər gün niyə narahat olursunuz, - kiş, lənətəgəlmişlər, - hər gün qızılgül gətirirsiniz, - yox olun sizi!
— Nə danışırsınız, - kiş, a toyuq! – narahatlıq nədi, əzizim Nanuli! Kiş! Kiş! Onları ağzıbirə salmaq lazımdı, yoxsa bütün göyərtinin axırına çıxacaqlar, cəhənnəm ol, a toyuq!
— Hə, ağzıbirə salırıq, lənətəgəlmişlər yenə də yol tapırlar... Kiş! Kiş!
— Quyruqlarını yolmaq, qanadlarınısa kəsmək lazımdı, əzəz Nanuli, - cəhənnəm ol! Bir xoruza bax! Bunun qovmağına bax, yaramaz! Gör necə də gözəldi!
— Onlara baş qoşmağa vaxtımmı var! – Arvadım əlini yellədi.
— Bu həftə çətin ki, vaxtım ola, gələn bazarsa, yatan kimi, onları yoluşduraram.
— Kömək eləyin, möhtərəm Nutsa, bizi bu yırtıcılardan qurtarın! – Nanuli yalvardı, dərhal da nəzakətlə xəbər aldı. – Bəs siz necə, bütün günüq məktəbdə yorulmursunuz?
— Özü də necə, – Möhtərəm Nutsa köksünü ötürdü, - bir görün nə qədər dəftər var! Onları oxuyub yoxlamaq lazımdı! Budur,
Tsiklauri yazır ki, iki dəfə iki dörd də eləyir, beş də! Apsiauri artıq dördüncü sinifdədi, zırrama hələ yeddi dəfə beşin neçə elədiyini bilmir! Amma soruşsan, kosmonavt olmaq istəyir!
“Yeddi dəfə beş – bu neçə eləyir?” – Beynimdən keçirdim. Qızardım. Bu nə rüsvayçılıqdı! Dayan, dayan! Üç dəfə beş – on beş... on beşlə on beş – otuz... Daha bir – yeddinci beşlik qaldı... Otuz, üstəgəl yeddinci beşlik - otuz beş... Yeddi beşlik alınır... Yaxud beş yeddilik? Dəli olmaq olar! Yox, ey, yeddilik yox! Otuzla beş – otuz beş eləyər!.. Alnımın soyuq tərini silib həyətə çıxdım.
— Siz belə narahat olmayın, möhtərəm Nutsa, lazım gələndə sizin Apsiauri hər şeyi gözəl hesablayacaq.
— Oy, Nodar Vladimiroviç! Salam! Necəsiniz? Tfu, tfu, göz dəyməsin, indi əvvəlkindən yaxşı görünürsünüz! Gizlətməyin yeri yoxdu, keçən burda hamımız qorxduq ki...
— Təşəkkür eləyirəm, möhtərəm Nutsa, indi özümü pis hiss eləmirəm...
— Allah sizə ömür versin... Hə, gedim, bazar günüsə, əziz Nanuli, sizin tuyuqlarla məşğul olaram.
— Sağ olun, sağ olun, möhtərəm Nutsa. Salamat qalın!
Qonaq durub həyətdən çıxdı, doqqazı arxasınca örtdü.
***
Onun haqqında xoşagəlməz şayiələr dolaşırdı, amma Tamerlan elə də şəhvətli əxlaqsız deyildi. Tarağayın oğlunun həyatın cəmi on ik arvad nəşələndirirdi. Əmirlər, xanlar, şahlar və sultanlardan özgə kim bu qədər hərəm saxlayırdı? Tamerlanın cəmi on iki arvadı vardı – günəşüzlü, təsvirəgəlməz gözəllər, amma cəmi on ikicə nəfər idilər. Onların səkkizi xalis gürcü cinsiydi, Pasanauri bazarından almışdıq; doqquzuncunu uruslar məmləkətindən Nina Kuropatkina gətirmişdi; onuncusu Kiyev getmanı Yana Kuritsanın varisiydi; on birincisi Monqol cinsinin ömrünü uzatmaq məqsədilə uzaq Çində əldə edilmiş iridöşlü, uzunboyunlu gözəlçə De-Da-Liydi; on ikincisisə Hokkaydo adasındakı yapon samuraylarının törəməsi, miniatür, olduqca mütənasib bədənli, qəşəng və çəpgöz Si-Si-liydi*.
Vəssalam. Ömrünün axır gününəcən Tamerlanın başqa arvadları olmayıb, ayrılarını almaq fikrinə də düşməyib; istəsəydi, qüdrətli Tamerlanın şəhvəti qarşısında kim duruş gətirə bilərdi?!
Amma həqiqətdə türkləşmiş monqol şeytanının qaniçən əxlaqı vardı! Onu da deyək ki, bu axsaq gavur, gəlmə məxluq qansız-qadasız naz-nemət, qızıl və mirvari içində üzən on iki günəşüzlü məxluqdan ibarət cah-calallı hərəmxananın yiyəsi ola bilməzdi.
O, qonşu məmləkətlərin on hökmdarından və sərkərdəsindən dördünü qırdı, büsbütün müflis elədi. Dava meydanında dördünün başından tacı öz əlilə qopardı, sonra uşaqlıqda sınmış ayağında parıldayan iri, tiyə kimi iti caynağıyla qarınlarını rəhmsizcəsinə parçaladı, devrilmiş rəqiblərini toz-torpağa bulaşmış içalatlarıyla gözlərində Allah işığı sönənəcən qovdu.
İndi Tamerlanın düşərgəsi Araqvi dərəsində salınmışdı, o sevimli arvadlarının əhatəsində, füruzəyi rəngli ipək çadırının qabağında, Gürcüstan günəşinin ilıq və mehriban şüaları altında gələcək qanlı çarpışmaların intizarını çəçə-çəkə nazlanırdı.
Həmin bazar Saquramodakı evimə bəzi şəxsi və ictimai işlərini yoluna qoymaq üçün populyar rus şairi* gəldi. Günortayacan İlya Çavçavadzenin malikanəsinin həyətində gəzişə-gəzişə dünya ədəbiyyatının altını-üstünə çevirdik.
Nanuli nahar süfrəsini bambuk çardağı altında açdı. Rus dostum “Odessa”nən vurğunuydu, indi bu gözəl içkini ləzzətlə içirdi, mənsə həkimlərin xüsusi mərhəmətilə çex pivəsindən bir-iki qurtum aldım.
Birdən hardansa iri xoruzumuz masanın üstündə peyda oldu. Əlbəttə, adət elədiyimə görə buna fikir vermədim, amma qonağım təəccübündən dik atıldı. Xoruz onu nəzərdən keçirdi, sonra mənə sarı döndü: “Bu kimdi?”
— Dostum, rus şairi Yevgeni! – Qonağı təqdim elədim.
Xoruz ona bir də baxıb qanadlarını elə bərk çırpdı ki, kağız salfetlər bəyannamələr sayaq havada uçuşdu, boğazını uzadıb var səsilə banladı, yenə gözlərini mənə dikdi, Yevgeniyə işarə eləyib göz vurdu: “Bir ona bax!” – Elə bil, onun bütün əsərlərini əzbərdən bilirdi; sonra boşqabdan dana ətindən çəkilmiş kababın ən iri, ən yağlı tikəsini götürüb masanın ütündən yerə atıldı, asfalt yolla axsaya-axsaya çıxıb getdi.
— Bura bax, bu kimdi? – Özünü itirmiş qonağım soruşdu.
— Tamerlan, - deyib pivədən bir qurtum aldım.
— Kim?
— Dedim də, Tamerlan!
— Adamyeyəndi, nədi?
— Bütün tiranlar və diktatorlar kimi, - xoruzun acgözlüyünə haqq qazandırdım.
— Topal olmasaydı, mən o çığırqanı Şalyapin adlandırardım, - qonağın səsində həsəd duyuldu.
— O da düzdü, Şalyapinə daha çox oxşayır, təbii ki, Mefistofel rolunda, amma neynəmək olar, topaldı... – Mən razılaşdım.
— İlahi, necə də gözəldi! – Qonaq heyrətlə dilləndi. – Tamerlan haqqında Qoqla* necə deyib?
— “Qoy məhəbbət məni Tamerlanın qılıncı kimi çapıb parçalasın”, - misranı söylədim.
Tamerlansa yanını basa-basa, qızıl taclı başını dik tutub, Günəşin şəfəqləri altında göyqurşağının bütün rənglərinə çalan libasında, uzun, fəvvarə kimi bərq vuran quyruğunu dik tutub, xoşbəxt və vüqarlı görkəmlə hərəmxanasına, gözəl və sevimli arvadlarının yanına qayıdırdı.
Tamerlan o gecəni hərəmxanada keçirdi. O, gözəl arvadlarını doyunca əzizlədi, hər birinə nəvaziş göstərdi, onların təşəkkür əlaməti kimi, sahiblərinin qüdrəti və böyüklüyü haqqında üzü göyə söylədikləri nəğmələrini dinlədi.
Xoşbəxt gecəydi! Amma Tamerlan yenicə şirin yuxuya getmək istəyirdi ki, çadırın zülmətini iri, gözəgörünməz bəbəyin bəyaz şüaları yardı. Şüa çadırın divarlarını axtarıb dilləndi: “Burdadılar!” – Sonra söndü.
Tamerlanın ürəyi düşdü. “Gözümə görünüb”, - fikirləşdi. Amma xoşagəlməz öncəduyum qəlbini bürüdü, gözlərini yuma bilmədi. Bəyaz şüa yenidən parıldadı, çadırın divarlarını bir də dolaşıb yox oldu. Sonra şüa hardasa, həyətdə göründü, Tamerlan kiminsə səsini eşitdi:
— Burdadılar, şüvüllərin üstündə yatırlar. Sən əlində fənər qapıda dur, buraxma, mən hamısını bir-bir tutacağam.
— Yaxşı, amma tez qurtar, yatmaq istəyirəm, - başqa səs cavab verdi.
Sonra da elə bir hadisə baş verdi ki, onu nə təsvir eləmək, nə söyləmək mümkündü. Çadıra soxulan kimsə iri əlilə Tamerlanı qamarladı, qoltuğunun altında səxıb qeyzlə dəbdəbəli libasını soyundurmağa, quyruğunu – Tamerlanın xüsusi qürur duyduğu, bütün aləmin də həsəd apardığı o gözəl quyruğunu yolmağa başladı.
Tamerlanın ürəyi dayandı, nəfəsi tutuldu. Sonra pipiyi göyərdi, gözləri qanla doldu. Əgər dözülməz ağrı olmasaydı, baş verənləri səfeh yuxu kimi qəbul eləyərdi. Amma təəssüf ki, yuxu deyildi! Üstəlik, həmin iri, güclü əl bir qəqiqədən sonra onu – azca nəfəsini dərmiş, yarıçılpaq Tamerlanı – çadıra tulladı, zərblə divara dəyən Tamerlan ikinci səsi eşitdi:
— Sən neylədin ana! Axı bu Tanmerlandı!
— Hə? Niyə vaxtında demədin, fənəri sən tutursan axı? Bu qaranlıqda necə ayırd eləyim Tamerlan hansıdı, Çingizxan hansıdı? – Əsas divantutanın səsi cavab verdi.
“Necə? Bütün bunlar səhv üzündən, kiminsə diqqətsizliyinə förə başıma gəlib?!.” – Bədbəxt Tamerlan fikirləşib az qala huşunu itirdi, amma sonra baş verənlər gözlədiyi bütün pislikləri kölgədə qoydu: həmin güclü əl təzədən çadıra soxuldu, indi də arvadlarının canına düşdü.
Cəhənnəm düz yarım saat davam elədi. Rəhmsiz əl Tamerlanın zərif, mehriban, gənc arvadlarının köynəklərini və alt paltarlarını soyundurdu. Ağlagəlməz səs-küydən, qaqqıltıdan, ağlartı və iniltidən çadırın divarları titrəyirdi. Tanerlan iki dəfə havadarlıq eləməyə cəhd göstərdi, amma hər dəfə elə çırtma aldı ki, fikrindən əl çəkməli oldu, taleyinə boyun əyib çadırın küncünə qısıldı.
— Buna bax, gör bu gic necə dimdikləyir! – Cəza verən əlin sahibi qəzəblə dilləndi, De-Da-Linin büzdümündən axırıncı lələyi qoparıb onu çadırın altına buraxdı.
Araqvi dərəsi üzərində nzülmət və qatı sükut hökm sürürdü.
***
— Nodar, bir ora bax, gör Nutsa nə oyun çıxarıb! – Nanuli məni çağırıb yolunmuş toyuqları göstərdi. – Heç olmasa, yazıq xoruza rəhmi gələydi! – O, həyətin bir küncündə büzüşmüş Tamerlana baxa-baxa gülüşünü zorla saxlayırdı.
— Doğrudan da pis çalışmayıb... – Mən də gülümsündüm.
— Görünür, qaranlıqda toyuqla xoruzu ayırd eləyə bilməyib. Eybi yoxdu, bir müddət sonra əvvəlki kimi gözəl olacaq.
***
Qadınlar bədbəxtliklərə kişilərdən tez alışırlar.
Deyəsən, quşlar aləmində də belədi. Sonrakı gün Tamerlanın arvadları utanıb qızarmadan çadırdan eşiyə çıxdılar, elə bil, heç yolunmamışdılar. Deyəsən, hətta geyimlərindəki dəyişiklik xoşlarına da gəlmişdi – hər halda özlərini yetərincə şəkə-çəkə gəzişirdilər.
Üçüncü gün sürücüm Tristanla fərqinə vardıq: Tamerlan hindən çıxmırdı. Tristan Tamerlanı zorla həyətə qovdu. Elə həmin məqamda da möcüzə baş verdi: arvadları öz hökmdarlarına sarı baxmadılar. Tamerlansa nə nə dənə, nə suya yaxın getdi. Tristan hinin qapısından aralanan kimi, Tamerlan ora cumub qaranlıq küncə soxuldu. Hinə baş çəkdim, mənə elə gəldi ki, Tamerlan zar-zar ağlayır.
— Ona nə olub? – Tristan soruşdu.
— Xanımlardan utanır!
— Eh, siz də söz danışdınız! – Tristan əlini yellədi.
— Sənə deyirəm ki, utanır, ya da təhqir olunub.
— Artıq iki gün keçib, yenə də yadında saxlayır? Necə də olsa, xoruzdu axı.
— Görünür, unuda bilmir. Bilirsən, onların arasında da bu cür qürurluları var...
***
Tamerlanın məğrurluğu hətta mənim gözlədiyimdən də artıq oldu. Beş gen hindən çıxmadı. Altıncı gün pomidorları sulayanda kiçik nəvəm Levan qaça-qaça gəldi, tələsə-tələsə dilləndi:
— Babacan, Tamerlan ölür!
Körpənin çənəsi əsir, yanaqlarından göz yaşı axırdı.
Hinə sarı getdim. Tamerlan yerdə uzanmış, gözləri şüşəyə dönmüşdü, tir-tir əsir və... gözləyirdi.
— Ona kömək elə, babacan! – Balaca Levan yalvardı.
...Tamerlan uzanıb gözləyirdi.
Təəccüblənməyin: Tamerlanın gözlərində nə yalvarış, nə qınaq, nə də lənət gördüm – o gözlərdə yalnız arzuladığı ölümün intizarı vardı.
1982-ci il iyulun 14-ü günortaüstü saat 6-da Tamerlan canını tapşırdı...
***
Yüzminlik ordu qəflətən vəfat etmiş Günəş timsallı əmirini Səmərqəndə, son mənzilə yola salırdı.
Atlardan enmiş minlərlə süvari matəm içində yəhəri alınmış, lacivərd rəngli ipək çulla örtülmüş löhrəm atların yüyənindən tutub gedirdi. Üç yüz nəfər ayaqyalın, üzögözlərini cırıq-cırıq eləmiş, ağ kəfənə bürünmüş arvadı hökmdarın ölümünə ağı deyirdi. Onlarda on iki ən süvimlision iki qara qulun çiyinlərində uyuyan, qızılı rəngli parçaya bürünmüş gümüş tabutun arxasınca dizin-dizin sürünürdü – həmin on iki sevimli qadınını Tamerlanla birgə məzara gömməli idilər...
Salnamələr belə deyir.
Onlara inanmayın!
Nə yüzminlik qoşun, nə də üz-gözlərini, sinələrini cırıq-cırıq eləmiş üç yüz arvad vardı. Qızılı rəngli parçaya bükülmüş tabut da yoxudu.
Tristanla qəzetə bükülüb sellofan torbaya qoyulmuş qanlı tiranı vələs budaqlarının altında basdırdıq. Arvadlarından biri də öz hökmdarının arxasınca məzara getmək istəmədi. Məzar-filan nədi! Hətta Si-Si-Li hamının qulağı eşidə-eşidə bildirməyi özünə rəva gördü:
— Onsuz da o artıq məndən ötrü çoxdanın ölüsüydü!
— Səsini kəs, bədbəxt, Allaha ağır gedər! – Mömin Yana Kuritsa boşboğaz Si-Si-Lini dimdiklədi. Bəssalam. Qalanları heç qəbrə sarı da baxmadı.
Amma bir məsələni qeyd eləmək lazımdı: bilmirəm vicdan əzabı çəkdiyindənmi – hər necə olur-olsun, onların əriydi, - yoxsa təsadüf üzündənmi, yaxud başqa hansı səbəbdənsə, Tamerlanın basdırıldığı gün onun dul arvadlarından heç biri yumurtlamadı.