Kulis.az Nübar Eldarqızının "Şorun gözü" hekayəsini təqdim edir.
Otuz yaşım olsa da, ailə qurmamışdım.Mamalıq təhsili almışdım, on il idi kənddə həkim məntəqəsində tibb bacısı işləyirdim. Hələ texnikuma oxumağa gedəndə çoxları fikirləşirmiş ki, Azərin elə ordan o yana gedəcək. Guya çox fərasətliyəmmiş, sevib-sevilib, birinə qoşulub gedəcəkmişəm...
Dünya gözəli deyildim, amma cəzbedici olduğumu bilirdim.
Uşaqlıqdan bədii ədəbiyyat aludəsi olduğumdan, o qədər nağıl oxumuşdum ki, gələcəklə bağlı xəyallar qurarkən özümü şahzadə qızlara bənzədirdim. Həftənin hər gününün rəngi var idi; birinci gün ağ geyərdim, ikinci gün sarı, o biri gün qırmızı, digər gün yaşıl, sonra göy və s... Təbii ki, dırnağımın lakına, sumkama, içinə qoyduğum qələmə, taxdığım sırğaya, üzüyə, dəsmala qədər hamısı eyni rəngdə, yaxud həmin rəngin çalarlarında olurdu. Geyimim kənd üçün qeyri-adi idi və diqqəti cəlb edirdi.
Gözünə girmək istədiyim bir nəfərdən başqa hamı məni görürdü və dostluq, rəfiqəlik etdiyim, işimiz gərəyi ünsiyyətdə olduğum qızların, qadınların əksəriyyəti qohumu, qardaşı üçün məni bəyənir və tez-tez "elçi stulu"nda otururdular.
Hətta üç qardaş üçün istənmək kimi istisna bir durum da vardı. Bu elçilikləri təxminən iki-üç ildən bir uşaq bağçasında işləyən Elnaz edirdi. Dediyinə görə, atası məni çox bəyənibmiş və hansı oğluna olur-olsun, almaq istəyirmiş... Elnaz gözəl deyildi, çirkin də deməzdin, atası isə kifir kişi idi. Qardaşını görməsəm də, bilirdim ki, bəyənəcəyim tip deyil. Yaşıd olardıq. Daha olğun birinə getmək istəyirəm, deyərək, xətrini bacım qədər istədiyim Elnazı incitmək istəməmişdim.
İyirmi beş yaşım olanda Elnaz ikinci qardaşının sevgi etirafını mənə çatdırdı. Əlinin dörd yaş kiçik olduğunu bəhanə eləyib yenə işin içindən çıxdım. Elnaz üçüncü dəfə mənə elçilik edəndə gic-gic gülməyə başladım:
- Vallah, deyəsən siz totem etmisiz, əvvəl məni istəyib, sonra başqasını alırsız.
Yaxşı kişmişi gülməyi vardı Elnazın:
- Dəli qız, sənin evdə qalmağına dədəmin könlü razı gəlmir də...
- Ay əzizim, ay canım, ay gözüm, adama deməzlər ki, gedirdin elə tayına, olmadı, dörd yaş kiçik olana gedərdin də, daha altı yaş balacanı niyə gözləyirdin?
- Düzünə qalsa, dedim, dədəm israr etdi, sən get, de, - dedi. - Ta neyniyim, elçiyə zaval olmaz.
- Yox, yox, yox!
Elnaz pərt halda otaqdan çıxanda yenə şitliyim tutdu:
- Bacılı, bacılı, sənin yenə qardaşın var?
Zarafata salsam da, o gedəndən sonra əməlli-başlı narahat oldum.
Kənddə yaşı iyirmi beşi keçən qızlara türklər demiş, "ikinci növ müamiləsi yapılırdı." Bizimkilərsə "yurdda qalmış" deyərdilər. Bu qızları ya dul kişilər, ya da ən tör-töküntü oğlanlar istərdi. Məndə əksinə, yaşım yuxarı qalxdıqca ətrafımda dolananlar kiçilirdi. Yəni, kəmiyyət baxımından nəzərə çarpacaq düşüş yox idi, özümü nə aldadım, keyfiyyət əməlli-başlı enmişdi. Bura təzə işləməyə gələndə müəllim, mühəndis idisə talibim, indi traktorçu, çilingər və işsizlərdi.
Bu aralar rəfiqələrimin əksəriyyəti ərə getdi, nişanlandı, mən isə hamısının toy məclisində deyə-gülə iştirak edir və buruq görünməməyə çalışırdım.
Bəzən olurdu ki, işdən çıxıb avtobus gözləyəndə təzə-təzə oğlanlar görürdüm. İş yoldaşım Səkinə ilə bir-birimizə baxıb guya nəsə məzəli şey danışırmış kimi gülərdik. O da, mən də bilirdik ki, sabahda-birigündə təzə bir elçilik "vakası" olacaq.
Səkinə məndən cəmi beş yaş böyük, qapqara gəlin idi, amma dərsə gedən üç uşağı vardı. Onların evi bizdən də o yana idi. Səhərlər işə gələndə çox vaxt bir marşrutla gəlir, gedəndə də bir gedirdik. Çox vaxt gülüb deyirdi ki, bu oğlanların məndən necə zəhləsi gedir, imkan olsa boğarlar e...
Elmir hündürboylu, arıq oğlan idi. Bir dəfə məntəqəyə gəlib mənə iynə vurdurmuşdu. Yazıq uşaq əzələ daxili iynənin yana vurulduğunu eşidəndə qıpqırmızı olmuş, daha ikinci iynəyə gəlməmişdi. Amma demək olar ki, hər gün dayanacaqda görürdüm. Əvvəl elə bilirdim harasa gedir, sonra baxdım ki, hər iki istiqamətə marşrut gəlsə də, heç birinə minmir. Səkinənin məzuniyyətə çıxması ilə Elmirin də məqsədi məlum oldu. Salam verən kimi tələsdiyindən, ya da həyəcandan dili topuq çala-çala məni sevdiyini, fikrinin ciddi olduğunu dedi.
- Sənin neçə yaşın var?
- Sizin yaşınızı bilirəm, - dedi, - amma mənim üçün fərqi yoxdur...
- Mən özümdən kiçik oğlana getmək istəmirəm, - dedim.
- Səbəb?
- Hər evlilikdə söz-söhbət olur, sonra niyə deyəsən ki, qarıyıb qalmışdın...
Sözümü tamamlamağa qoymadı:
- Qadının yaşı çox da olsa, evin böyüyü kişidir! Düşün, cavabını sonra deyərsən!
Səsinin tonu, sözünün deyilişi, siz-lə yox, sən-lə davam etməsiylə məni xeyli etkilədi.
Əgər illərdir ümidlə gözlədiyim, boyu boyuma, təhsili təhsilimə, ailəsi ailəmə, geyimi geyimimə uyğun olan "ismi-Pünhan" olmasaydı, bəlkə də Elmirə gedə bilərdim... Bir də dilim-dilim olası dilim demişdi axı, kiçiyə getmərəm, indi də öz sözüm qarşımı kəsirdi.
Pünhana olan platonik eşqimi anlada biləcəyim kimsə yox idi deyə, gündəlik yazırdım. Amma kiməsə, başa düşən, məsləhət verəcək birinə dərd danışmaq hara, cansız kağıza tökülmək hara... Evlənsə, ümidimi kəsib gözüyumulu bəlkə birini seçərdim. Bəlkə... Gözləyirdim...
Hə, az-çox diqqətimi cəlb edən Elmir mənə vaxt vermişdi axı. Hətta qaçıra biləcəyinə də işarə vurmuşdu. Qəribə bir qorxumu, həyəcanmı hiss edirdim onu görəndə. Daha yaxın gəlmirdi, uzaqdan görünür və tez də yox olurdu. Sonra bir də eşitdik ki, Elmir qız qaçırıb... Bir az pis oldum. Hə, bir də dedilər, anası məni görüb bəyənməyib.
- Harda?
Bəyənilməmək izzəti-nəfsimə çox toxunmuşdu deyə, dəqiqləşdirmək istədim.
- Sən avtobus gözləyəndə gəlib, hətta söhbət də edib ki səniynən.
Yadıma düşmədi.
- Nə deyib?
- Hardansan, nə işləyirsən-filan...
Kənndə bütün iş yerləri mərkəzdə, kolxoz idarəsinin ətrafında yerləşmişdi. Mədəniyyət evi, kitabxana, uşaq bağçası, poçt, tibb məntəqəsi, az aralıda məktəb. Hamısında kişilərlə bərabər qadınlar da var idi, hətta bəzində çoxluq təşkil edirdi.
Düşündüm ki, Şirinxanım xalanın görüb bəyənmədiyi başqa biri, bəlkə də Səkinə imiş... "Hə, hə, elə olar, işi işimə, yolu yoluma uyğun. Həm də, Elmir yaşca ondan böyük olduğumu da deyib..."
Kitabxanada işləyən Rəhimənin toyunda Elmirin anası məni göstərib "Bu qız kimdi?" - deyə soruşdu. Yenə məni gic gülmək tutdu və arvada:
- Kim olacam, bəyənmədiyin həmin qızam da! - dedim.
O da elə mənim kimi güldü və sonra gəlib üzümdən öpərək təəssüflə dedi:
- Eh, ay qızım, sən mənim oğluma üç yaş balacadı deyə gəlmədin, o da getdi özündən altı yaş böyüyün aldı... Yaxşı qızsanmış, xoşbəxt ol!
Qadın bu sözləri elə şəfqətlə dedi ki, anamı xatırladım. Kövrəldiyimi gizləməyə çalışıb gülümsədim:
- Qismət!..
*
Elnazın üçüncü qardaşı Həmidə aldıqları qız başqa rayondan, atasının uzaq qohumu idi. Çox gözəl gözlü ağbəniz qızdı, həm də tibb bacısı.
Toyda gəlini görən hər kəs təəccüb içindəydi, belə bir qız bu işsiz, meymundan az fərqli oğlanın nəyinə gəlib?..
Bir neçə aydan sonra Səkinə evlərinə yaxın xəstəxanaya keçdiyinə görə Elnazgil Aliməni onun yerinə düzəltdilər. Və bu gözəl gəlin xasiyyəti, özünü aparması ilə də hamıdan əla qiymət almağı bacardı. Dostlaşmışdıq, yavaş-yavaş sirrimizi, sözümüzü bir-birimizə etibar edirdik. Hiss edirdim ki, Elnaz narahat olur...
Kimdənsə eşitmişdik ki, Alimə əvvəl nişanlı olub. İndi də "niyə pozuluşublar"ı öyrənmək istəyirdik.
Cavabı öyrənmək üçün neçə litr çay içdik, nə qədər çörək kəsdik, axır ki, məqamı gəldi.
Alimənin gözəl gözlərində həmişə hiss olunan kədər, bu dəfə lap tündləşdi:
- Biz bir-birimizi lap uşaqlıqdan istəmişdik, o əsgərliyini bitirmiş, mən yay tətilinə gəlmişdim, ailələrimiz razılaşdı ki, üzüyü taxaq, mənim məktəbim qurtarsın, toy eləsinlər. Onsuz altı ayım qalmışdı. Miriş əmi (Orxanın atası) çox yaxşı kişi idi, məni də övladlarından ayırmırdı, neçə dəfə Bakıya gedəndə cibimə pul qoymuşdu. "Gəlinim nə istəsə, alsın."
Qəflətən söz çıxdı ki, bəs Miriş qardaşı arvadına sataşıb...
- Nə danışırsan? - dəhşətə gəldim.
Alimə kədərlə davam etdi:
- Orxangil əmisigillə qapıbir qonşu idi. Əmisi ölmüş, cavan yoldaşı iki qızı ilə qalmışdı... Söz-söhbəti eşidən kimi atam kükrəyib coşdu ki, mən binamusun oğluna qız vermərəm! Xəbər göndərdi ki, nişanı pozuram.
Orxan gecə gizlicə həyətə gəldi. Xəcalət çəkə-çəkə:
- Səni aparmağa gəlmişəm. Gedirsənsə, gəl mənimlə... qaçaq...
- Hara?
- Olduğum hərbi hissədə məni saxlayırdılar... ev də verirlər hərbçilərə...
Nə atamdan keçə bilmirdim, nə Orxandan, o qədər çarəsizdim ki...
Getsəm, nə olar, necə olar, iraq olsun, pis bir şey olsa, qayıdacaq yerimin olmaması gözümü əməlli-başlı qorxutdu. Geriyə yol yox, irəlini isə aydın görə bilmirdim deyə, arxanı seçdim...
Ağladı, mən də ona qoşulub ağladım.
- Sonra?
- Orxan baş götürüb Rusiyaya getdi və heç kəs harda olduğunu indi də bilmir...
- Heyf...
- Əsas heyfslənməli o deyil, Miriş dayının düşdüyü vəziyyət idi. Demə, yazıq kişi şərə düşübmüş.
- Nə? Necə?
- Hə... Mərhum qardaşının həyətinə gecələr kiminsə gəlib-getdiyini görüb, qardaşı arvadına təpinibmiş ki, qızların var, gələcəklərini məhv eləmə, özünü yığışdır. O da qonşuları yığıb özünü təmizə çıxarmaq üçün məlum iftiranı deyib... Düzdü, bir müddət sonra hər şey aşkara çıxdı, amma olan bizə, bir də yazıq Miriş dayıya oldu... Uzun zaman çölə-bayıra çıxmadı, "bəraət"qazananda artıq ağlı çaşmışdı...
Oxuduğum heç bir əsər məni bu qədər sarsıtmamışdı...
*
Artıq hər şeyimi bölüşəcək biri vardı deyə, işə daha həvəslə gedirdim. Əlbəttə, Aliməyə keçmişdə olan hər şeyi deyə bilməzdim... Gəlin-baldız arasında müəyyən narazılıqlar da olurdu, Elnazı da, Aliməni də çox istəyirdim, ortamı yumşaltmaq mənim işimdi. Bilirdim, ikisi də mənə inanır!
Bir dəfə işə gələndə Aliməni çox əsəbi gördüm, ağlayana oxşayırdı. Məntəqəyə xeyli gələn vardı, fikrim onda olsa da, soruşmağa macal yox idi. Arada Elnaz da gəldi, Alimənin qulağına nəsə deyib gedəndə dönüb baxdı, gözlərində qorxu və yalvarış gördüm.
Evə gedənə yaxın macal tapıb nə olduğunu soruşdum. Durub o biri otaqlara tərəf baxdı.
- Hamı gedib, rahat danışa bilərsən. De,görüm nə olub?
Alimə əzab çəkə-çəkə əvvəl aha, iniltiyə oxşayan bir səs çıxardı:
- Eeeh... Əmiynən xala (qaynatasına "əmi", qaynanasına "xala" deyirdi) imam ehsanına getmişdilər, tək idim. Səni istəyən Elmir vardı ha, onlarla qonşuyuq axı, axşamüstü qoyunları bizim həyətə keçmişdi, gəldi, dedim, get bağdan çıxar. Əkinləri əzməsinlər deyə mən də bir tərəfdə dayandım. Onda gördük ki, açıq qapıdan içəri girən kimi əmi qışqırmağa başladı:
- Əə, dəyyus, sən mənim həyətimdə nə gəzirsən?
Elmir şok oldu ki, səsi çıxmadı.
Xəcalət çəkdim:
- Ay əmi...
- Cəhənnəm ol evə, qancıq, tək qalan kimi aşna çağırmısan?
- İlahi, bir mərəkə qopdu, öldüm, öldüm, yerə girdim.
Alimə danışdıqca ağlayırdı, hiss etdiklərimi nə ilə, necə ifadə edim, bilmirdim. Təsəllimi verim, sakitləşdirməyə çalışım, söyüm, nə deyim, nə deməyim, - qərarlaşdıra bilmədim. Heç o da oralı deyildi.
Handan-hana, bəs Elmir neynədi? - deyə soruşdum. Ardınca da:
- Qaynanan?..
- Bilmirəm, necə qaçdım evə, qapını da bağlayıb, mənim canımı alsın, deyə Allaha yalvardım. Həmid gəlib qapını döyəndə bildim ki, az vaxt keçməyib.
- O nə dedi?
- Heç nə...
- Necə yəni, qaynatan səni, onu, başa düşsə, bütün ailəni biabır edib, ərin atasına heç nə demir?
Tərəddüd etdiyini görəndə bildim ki, bu söhbətin əvvəli və hətta bəlkə sonrası da var.
- Heç kəs bilməsin, ürəyim partlayır, tək sənə danışıram, qurban olum, sirrim amanatı...
Bir az vahimələndim, canımdan üşütmə keçdi sanki.
- Hə, de görüm, öldüm həyəcandan...
- Gəlin gələndən az sonra hiss elədim ki, idbar (adından belə iyrənirəm) "gəlinim, gəlinim" deyə-deyə tez-tez üzümdən öpməyə çalışır. Həmidə dedim, dedi, atadı, nə deyim, üzünü bozart, bir də mən evdə olmayanda heç vaxt qapını açıq qoyub yatma...
Həmin gecə Həmid evə lül-qəmbər gəldi, sabahı da elə, sonra da... artıq ayıq gününü görən cənnətlik...
Bir dəfə o...ğraş evdə heç kim olmayanda gəldi və çay istədi. Gətirib qoyanda əlimdən tutdu, çəkmək istəyəndə iyrənc-iyrənc güldü:
- Ay dəli, niyə qaçırsan, səni əmoğlumdan özümçün almışam də...
Eşitdiklərim inanılmazdı, insanlıqdan kənar, adamı dəli edə biləcək bir şey idi bu...
- Necə yaşayırsız bir evdə?
- Həmidə də, qaynanama da dedim, o evdə olanda mən otaqdan çıxmıram, Allahdan ya ona, ya özümə ölüm arzulamaqdan başqa əlimdən bir şey gəlmir.
- Evdən ayrıla bilməzsiz?
- Elə bilirsən Elmirlə saldığı dava səbəbsiz idi? Qoca kaftar hər şeyi düşünüb, getsək, məni pozğunluqda günahlandıracaq... Bir da atam xəstədi, bilsə, ürəyi partlayar. Onsuz hər məni görəndə "Səni mən bədbəxt elədim, qızım!" - deyir...
Aliməyə o qədər yazığım gəldi, demədim, amma ürəyimdə bəlkə bir saat deyindim:
"Sən axı bu adama niyə gəldin? Lap qoca oğraş olmasaydı da, Həmid sənin atılan dırnağına layiq deyil axı..."
Sanki ürəyimdən keçənləri bildi, dərindən bir ah çəkib dedi:
- Qismət!
Nə düşündüsə, bir də təkrar elədi:
- Qismət...
*
Bu gün gündəliyə özüm haqqında deyil, Alimə barəsində xeyli şey yazdım. Son nöqtəni qoyub dururdum ki, birdən onu vərəqləmək istədim. Zarafat deyil, on illik bir tarix vardı içində.
Rastgələ bir səhifəni açdım:
Elnaz dedi:
- Dəli qız, sənin evdə qalmağına dədəmin könlü əl vermir də...
Başıma nəsə dəydi sanki, içimdən vülkan püskürdü:
- Alçaq, binamus, biqeyrət, şorgöz...
Qapının arasından qardaşım qızının əvvəl sarı saçları göründü, sonra üzü. Kukladı maşallah! Onu görəndə hər şeyi, hətta Pünhanı da unuduram. Allah xoşbəxt eləmiş o qədər sual verir:
- Bibi, şorun içində o qara-qara şeylər vardı ha, odu şorun gözü?
- Düz deyisən, mənim balam, qara olmasına, qaradı, amma onu nəinki şora, topağa da qatmaq olmaz, hamısını murdar edər!