Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi
4 oktyabr 2024
# 10:31

Bu gün yazıçı Babək Məmmədlinin doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun "Sevgi şəhəri" hekayəsini təqdim edir.

Sofiye səhər ertədən bişirdiyi südlü sıyığı götürüb evdən çıxdı. Gedəcəyi yerlə aralarında vur-tut iki ev vardı. Yuxudan durandan canını bürümüş vəsvəsəni bircə ehtimal “yemləyirdi” – onun cəsədi ilə qarşılaşmaq.

Ünvana çatıb dayandı, dizlərinin əsməsi də dayandı, yalnız ürəyi ilə bacarmadı – hələ də uçunurdu. Xaç çevirə bilmədi, əlləri boş deyildi. Dodaqlarının arasında nəsə pıçıldayaraq dəmir dəstəyi dirsəyi ilə əyib küçəyə baxan qapını yançağı ilə itələdi. Mancanaqları illərdir yağlanmayan dəmir qapının “cırıltı”sı ona vəhy kimi gəldi, tez içəri təpilib qapını dabanıyla bərk itələdi. Sayğısızlıqdan "hiddətlənmiş" qapı elə zərblə çırpıldı ki, şaqqıltıdan boynunu qısdı, sağ qulağındakı güyültü yenidən oyandı. Gətirdiyi yeməyi az qala dəhlizə dağıdacaqdı, birtəhər mətbəxə qoyub qorxa-qorxa zala daxil oldu.

Sümüyü çıxmış barmaqları sinəsinin ortasında bir-birinə kilidlənmiş Luiza Lamaşvili bu şaqqıltıdan xəbərsiz, ölü kimi sakit uzanmışdı. Yuxulu gözləri məchula yol çəkirdi. Otağa hökm edən sükutu pozmağa əzəmətli divar saatı da cürət etmirdi –kəfkirini quyruq kimi sağa-sola səssizcə bulayırdı... Qadının cansız görkəmi elə də vahiməli deyildi: üzünün işığı qaçmamışdı...

Sofiye addım-addım yaxına gəldi və Luiza Lamaşvilinin sinəsinin yüngülcə dəbərdiyini görüb sevindi. Ürəyi yerinə gəldi. Bundan əvvəl də bir dəfə belə qorxutmuşdu onu qoca Luiza...

– Bu nə artistlikdir edirsiniz, qalbatone İza? – Sofiyenin ağzındakı taxma dişləri ağardı, canındakı vəsvəsəsi keçib getdi.

Luiza heysiz əlini sinəsindən güclə qaldırıb tez də endirərək qonşusunun salamını cavabsız qoymadı. Qarışıq dərmanların qoxusu içərinin havasını ağırlaşdırmışdı. Sofiye pəncərələri açdı.

– Sənin birinci dərmanın havadı, İza, təmiz hava... Bir də sıyıq. Öhö...öhö... Təbii ki, mənim bişirdiyim sıyıq, – ara yerdə lovğalanmağı da unutmadı.– Yatağa düşəndə oktyabrın sonları idi, yadındadır, İliya son süzümdən sənə qan kimi Saperavi göndərib "içsin, hemoqlabinləri rəqs eləsin” demişdi?! Onda deyirdin, qışdan çıxmayacağam. Buyur, növbəti payız da gedir, sən isə hələ də yaşayırsan,– nazik uzun barmağı ilə Luizanı gülə-gülə hədələdi: – Falın düz çıxmadı, gopçunun biri!

Qonşusunun zarafatından Luiza bir az da canlandı, xəstəliyi yendiyinə inandı.

Sofiye masaya əl gəzdirdi: dərmanları səliqəli şəkildə bir kənara yığdı.

– Bu rəvayəti bilməmiş olmazsan, İza... Kilsə rəssamının yeniyetmə qızı bərk azarlayır. Şəhərin məşhur loğmanı xəstəni yoxlayıb onun qışa çıxmayacağını atasına deyir, lakin həmin sözləri qız da eşidir. Loğmanın söylədiklərindən onsuz da dünyası başına uçan atasına qız "yaz bitir, yay girəcək, sonra payız gələcək. Və qışda mənim hekayəm bitəcək” deyib köksünü ötürür. Kişinin yarasına lap duz basır. Acizliyindən özünü asmaq istəyirmiş biçarə rəssam... Zaman qum kimi süzülür, yayın canı üzülürmüş. Bir azdan Tanrı dağlara, meşələrə süpürgə çəkəcəkdi... – Sofiye nağıl kimi danışdığı şirin söhbətinə ara verib mətbəxə keçdi, çox keçmədən isə bir boşqab sıyıqla geri döndü. Luizanın yastığını düzəldib onu dikəltdi, ardınca da kətili özünün iri budlarının altına çəkərək qadını uşaq kimi yedirtməyə başladı.

– Hə, İza... Kişinin ağlına bir fikir gəlir. Bir gecə yarısı, qız yuxuda ikən onun pəncərəsinə yay rəsmi çəkir. Nə gözlərini bərəldirsən?! Yəni yaşıl yarpaqlı ağaclar, aydın səma... Özü də elə ustalıqla çəkir ki, rəsm naturadan seçilmirmiş. Beləcə, yeniyetmə qız qışı yay bilib sağ-salamat ötürür, həqiqi yay yetişəndə isə xəstəliyə qalib gəlir.

Luizanın eyni bir az da açıldı, axırıncı qaşıqdakı sıyığı da içib bu lənətə gəlmiş çarpayıdan qalxacağına ümidləndi, intəhası, özünü o yerə qoymadı:

– Ağzında yeniyetmə deyirsən, mənim isə yaşım səksəni haxlayıb. Yoxsa, sən də pəncərəmə şəkil çəkmək fikrinə düşmüsən? Ondansa pəncərələri arada sil, Alazanini görə bilim.

Sofiye qonşusunun dediklərindən bir şey anlamadı, bununla belə, Luizanın sıyığı axıradək yeməsinə çox sevindi. Əbəs deyil ki, biş-düş işlərində məharətinə görə əri İliya onu hər yerdə tərifləyir...

Sofiye boşqabı masaya qoyub ovcunda sıxıb saxladığı salfetlə qonşusunun ağzını sildi. Sonra onun yastığa dağılmış yosun saçlarını üç barmağı ilə darayaraq yaxasına sərdi. Dodaqlarının arasında qədim bir meqrel mahnısını kilsə duası kimi oxumağa başladı:

Dxa do serit mopirudi ma,
skani çiri ma,
nana nana nanaio,
nana nana nananio naaaa...

– Bəsdir, bayquş kimi uladın, – Luiza Lamaşvili əzabkeş çöhrəsini bir az da büzüşdürdü. Sofiye onun donquldandığını görüb oxumağını kəsdi və soruşdu:

– Hə, indi necəsən?

Luizanın cavab verməyə həvəsi yox idi. Di gəl, Sofiye sualını təkrarladıqda ağır-ağır dillənməli oldu:

– Sofi, səni and verirəm Müqəddəs Ninoya , məni rahat burax. Bilmək istəyirsənsə, bu dünyadan həm də sənin bu axmaq suallarından başımı götürüb qaçmaq istəyirəm.

“Qaçmaq" sözü qarının ürəyində qəribə duyğular oyatdı: elə bildi, bu dəqiqə durub qaçacaq...

Sofiye dinməyib hələ də hədsiz diqqətlə qonşusunun ağzını güdürdü. Luiza nəfəsini dərib bir az da amiranə tərzdə:

– Əlbəttə yaxşı deyiləm, səy meqrel. O zavallı İliyaya yazığım gəlir, sənə bu vaxta qədər necə dözüb? Daraqla dara saçımı, daraqla, Sofi! – deyib pəncərəni işarə vermək niyyətilə qanı qaçmış, çəngələ bənzəyən əlini yuxarı qaldırdı, az qaldı Sofiyenin gözünə soxsun.

Son cümləsi son nəfəs kimi çıxdı ağzından, bədəni boşalıb süst düşdü.

Sofiye yanını kətildən aralayıb pəncərənin önündəki darağı götürəndə gözü "Müqəddəs Georgi" kafedral kilsəsinin dumanı deşib çıxan sivri uclu qülləsindəki xaça sataşdı. Sağ əlinin çeçələ və üzük barmaqlarını ovcuna büküb qalan üç barmağını da bir-birinə sıxaraq ardıcıllıqla alnına, göbəyinə, sağ-sol çiyninə toxundurub xaç çəkdi.

Sofiye soyuqdan istiyə düşmüşdü deyə çilli, gombul yanaqları pörtüb sobadan yenicə çıxan kömbəyə bənzəyirdi. Kefi durulmuşdu əməlli-başlı.
Axşam əcnəbi bir turist Pirosmanişvilinin "Kaxetdə üzüm yığımı” ilə bərabər onun özünün də "Alazanidə payız" akvarelini almışdı, bu isə bütün əzablarını unutdurmuşdu ona: "Sənətin məbədində – Avropada daha bir evin divarından mənim əsərim asılacaq, tablonun aşağısında, küncdə də Sofiye Paçuliya imzası. Gürcü rəssamlığından söz düşəndə adım Pirosmaniylə yanaşı çəkiləcək, – qadın qonşusunun saçlarını daraya-daraya dedi və axırıncı cümlədən sonra ürəyində “Bəlkə də...” söyləməyi unutmadı: – Hərçənd ki, o bədbəxtin də qiymətini çox gec bildilər. "Kar musiqiçi" olubsa, "kar rəssam" niyə olmasın? Mənə elə belə də deyəcəklər... Desinlər də, bu məni qətiyyən narahat etmir, İza, eşidirsən? Onlar bir gün məni tanıyacaqlar. Siqnaixini də, Alazanini də tanııyacaqlar. Bax onda turistlər də daha çox axışacaq bura... Qoy gəlsinlər, heç olmasa, başımız qarışar qonaqlara. Yoxsa, bu bozluq sənin qan xəstəliyin kimi həyatımızda olan-qalan rəngləri da udacaq...

Qonşusunun saçlarını daraya-daraya onunla sevincini bölüşürdü Sofiye... O sevinci ki, dünən axşam iş yeri sayılan “Yori” parkından evə dönüb satdığı tabloların pulunu borclarının bir hissəsini ödəmək üçün ərinə verəndə həmin sevinci ilk olaraq onunla bölüşmək istəmişdi. Ancaq utanmışdı, qüruru buna icazə verməmişdi. İliya bilə-bilə ki, arvadı həmin parkda saatlarla dayanıb məşhur rəssamlardan plagiatlarla yanaşı, özünün də müəllifi olduğu rəsmləri satır, bircə kəlmə də soruşmamışdı – Sofiye bu gün hansı rəssamın hansı əsərini kimə satıb?; eləcə siqaretin tüstüsü gözünü yandıra-yandıra pulu sayıb cibinə dürtmüşdü. Ərinin etinasızlığı Sofiyeni məyus eləsə də, onun sevgisini yenidən qazanmaq üçün usanmaq bilmirdi bu iri cüssəli qadın; qoynundakı bir cüt sulu Surxandır yemişini top kimi göyə tuşlayıb taleyinə meydan oxuyurdu. Dəqiq bilirdi ki, İliyanı xoşbəxt etmək üçün çoxlu pul lazımdır...

– Neçəyə satdın, Sofi? Nə çəkmişdin?

Luiza belə deyib o dəqiqə də anladı ki, qonşusu sözlərindən bir şey başa düşmədi. Ona görə də sualını hecalayaraq təkrarladı ki, Sofiye bu dəfə, heç olmasa, dodaqlarından nə demək istədiyini oxuya bilsin...

– Nə çək-miş-din, So-fi?

– Alazanini çəkmişdim... vadini, – Sofiye başı ilə pəncərədən bayırı işarə elədi. Bu zaman Luiza dikəlib Alazanini görmək istədi. Artıq üç gün idi ki, vadiyə çən gəlmişdi. Alazaninin üzü qaynara düşmüş süd kimi elə köpüklənmişdi ki, qaşığını sal, yığ...

Luiza dikəlsə də, heç nə görmədi, yenidən məyusluqla yerinə çökdü.

Bir neçə il əvvəl əri İliyanın odun kimi yoğun əlindən açılan sillə Sofiyenin sol qulağının pərdəsini dağıtmışdı, sağ qulağı isə arabir küyə düşüb güyüldəyirdi. İndi də həmin güyültü getdikcə gücləndiyindən Luizanın suallarını onun dodaqlarından oxumalı olurdu.

– “Müqəddəs Georgi” məbədini də çəkmişdin? – Luiza könülsüz-könülsüz soruşdu. – Bodbeni necə?

– Dmitriy yunanın eyvanından Bodbe monastırı görünmür axı?

– Əlbəttə görünməz, Dmitriy yunanın evi bizdən iki küçə aşağıdadır, bizim eyvandan çəksəydin hər ikisi görünərdi... Axı heç demədin, rəsmləri neçəyə satdın? – xəstə Luiza qadınlara xas maraq hissi ilə yenidən soruşdu, üstəlik, bununla kifayətlənməyib ovcunu açaraq havada sağa-sola yellətdi.

Sofiye qadının ondan dünənki qazancı barədə öyrənmək istədiyini anladı.

– Pirosmaninin rəsmini yüz lariyə, özümünkünü iki yüz əlliyə... – öz rəsminin qiymətini əlli lari şişirtdiyi üçün utandı.

– Bodbeni çəksəydin, bəlkə, üç yüz əlli də verərdilər. O, daha əzəmətli görünür, üstəlik, Müqəddəs Nino hamıya kömək edir!

Sofiye sağ qulağını əli ilə qapayıb yenidən açdı ki, güyültü keçsin, ancaq alınmadı. Ağzını bir neçə dəfə yumub açandan sonra, nəhayət, güyültü azacıq çəkildi.

– Nə deyirdin, İza? Eşidə bilmədim.

– Deyirəm ki, Müqəddəs Nino hamıya kömək edir, ona görə də gərək “Bodbe“ni çəkəydin, yaxşı pul verərdilər.

Bu sualdan sonra Sofiye ərinin laqeydliyini yenidən xatırladı. Yenidən məyus oldu və bu məyusluq onun səbrini daşırdı:

– Bodbe, Bodbe! Riyakarlıq eləmə, İza! O binəvanı, – ərin Qriqoru deyirəm, – ildırım vurmağı indiki kimi yadımdadır, tanınmaz hala düşmüşdü, odur ki kilsədə yazığın tabutunu açmağa icazə vermədilər, bəs onda hardaydı sənin Müqəddəs Ninon? Pələng kimi cüssəli oğlun Levan Rusiyada əyyaşlığa qurşanaraq illərlə sürən səfillikdən serroza tutulub yarımcan halda sənin üstünə qayıdanda, qollarındaca canını tapşıranda, bəlkə, yalvarışlarını eşitmişdi Nino xanım?!

Sofiyenin bu sözlərindən qorxub təlaşlanan Luizanın gözləri alacalandı.

– Bircə onda bəxtin gətirdi ki, sonbeşiyin Anzor türmədədir. Arxayın ol, yoxsa Ukrayna ilə müharibədə o da Putinə qurban gedəcəkdi.

Bu dəfə Luiza iki barmağını ovcuna sıxdı, üç barmağını birləşdirib xaç çevirdi.

– İsanın mərhəmətinə sığın, Sofi. Tanrının qəzəbinə tuş gələrsən!

– Dayan, qarı! Bəs indi bu halına nə deyirsən? Niyə səni, kimsəyə zərəri dəyməyən, indiyədək qarışqanı belə tapdamayan köməksiz bir qocanı çarpayıya yıxıb? Yaxşı, yıxıbsa, barı oğullarından yarıdaydı səni, biri gəlib qulluğunda durardı. Hələ öz İliyamı demirəm, – Sofiye yaylığını jaketinin cibindən çıxarmağa macal tapmadan hönkürdü. Burnunu silib elə hönkürə-hönkürə davam elədi: – İndiyədək çəkdiyim iztirablar az idi, Tanrı mənə durmadan əzab göndərir... Ağlım kəsəndən onun səmimi duaçısı olmuşam, əvəzində heç nə istəməmişəm, ancaq indi, ömrümün tən yarısında, ondan bunu ummağa haqqım var! Axı mən çox şey istəmirəm, bircə İliya içkidən, qumardan uzaqlaşsın, vəssalam! Bu gün-sabah nəvəmiz doğulacaq, ancaq gör mən hələ də nəyə ümid edirəm!

Sonuncu cümlədən sonra toxdadı, burnunu yaylığa silib susdu. Araya bir neçə saniyəlik sükut çökdü. Ardınca Sofiye yenidən hönkürdü.

– İliya artıq məni sevmir, İza, qətiyyən sevmir! Məni fahişə kimi istismar edir. Gündüz ev işlərindən macalım yoxdur, yalnız gecələr vaxt edib çəkdiyim rəsmlərin, az qala, hamısı onun və parazit dostlarının qarnına gedir, anlayırsan, qarı?!

Bu dəfə Luiza da ona qoşuldu – ağlayıb sakitləşdilər. Qarı qəlbinin dərinliyində qonşusunun dedikləri ilə, əlbəttə ki, birəbir razı idi, həm də lap çoxdan! Oğlu Levanın Rusiyada içkiyə qurşandığını eşidəndə, hər gün Bodbeyə gedib şam yandırmış, boynunu büküb imdad diləmişdi. Lakin nə faydası... Bir zamanlar Kapadokyadan yola çıxıb İsanın müjdəçisi kimi şəhər-şəhər, kənd-kənd gəzərək sonda bu balaca şəhərə gəlib çıxan, burada canını tapşıran Müqəddəs Ninodan inciklik onun ürəyində elə o vaxtdan yuva salmışdı...

Yaxşı xatırlayırdı: hamının “erməni Qriqor” çağırdığı əri Alazaniyə enən yolun qaşındakı evlərinin təmirini təzəcə tamamlamışdı. Oğulları Levan və Anzoru evləndirəcəkdilər, "qarmon Nika", "klarnet Samson" və "dəf Aşot"a toy çaldıracaqdılar, əri bu həvəslə vadiyə baxan uzun eyvanın düz o başında öz əlləri ilə qırmızı kərpicdən göz oxşayan manqal tikmiş, tüstü borusunun üstünü də ağ kərpiclə səliqəli şəkildə hörmüşdü. Qriqor həmin manqalın başında ilin dörd fəsli qohum-qonşulara, dost-tanışlara yaxşı məclislər düzəltdi, ailəsi ilə birgə bu eyvanda oturub gələcəklə bağlı nə qədər gözəl arzular qurdular, bu arzuların gerçək olacağı günlərin şərəfinə qollarını bir-birinə keçirib kəl buynuzunda şərab içdilər... Axırı da belə?!

Qriqorun eyvanından baxdıqda qədim şəhər qalasının "Çin səddini" xatırladan hasarı vadinin dərinliyinə doğru qıvrılıb gözdən itirdi. Siqnaxiyə “Sevgi Şəhəri” deyirlər. Bir “Nigah Evi”dir, bir də “Şakronun şərab evi” – axşamdan səhərəcən xidmət göstərir. O "Nikah evi"ndə sevgilərini rəsmiləşdirənlər gəlib bu balaca “meyxanə”də həyatlarının ən gözəl günlərini qeyd edirdilər. Yöndəmsiz Şakro isə xoşbəxt cütlükləri “hədiyyəsiz” yola salmırdı – qaltanlı səsi ilə bir-iki ağız ucadan oxuyurdu. Hər sübh çağı əl-ələ verib həyatlarının ən gözəl günlərini bu cür mənalandıran cütlüklərlə addımbaşı qarşılaşa bilərsən Siqnaxidə, bu balaca qala-şəhərdə...

Qriqor vadinin füsunkar mənzərəsinə açılan eyvanı tikib ərsəyə gətirən vaxtlarda Luiza hələ də gözəgəlimliydi, şaxı sınmamışdı. Yeriyərkən yanları xalatını sağa-sola dartırdı, döşləri sinəsinə sığmırdı – sanki yaxasından qurtulmaq üçün bir himə bənd idilər... Evin yır-yığışı bitən kimi eyvanda süfrə qurulardı. Hələ onda ailə pərən-pərən düşməmişdi, hər kəs süfrə ətrafına toplaşardı – əri, özü və iki yeniyetmə oğulu... Sirli Alazan vadisini seyr edib, gündəlik qayğılar barədə danışdıqdan sonra gələcəklə bağlı əvəlik kimi yamyaşıl xəyallar hörərdilər.

Qriqor oğullarının toyuna niyyət etdiyi Rkaçiteli üzümündən hazırlanmış iki küp ağ turş şərabı eyvanın yerə saplanmış dəmir ayaqlığının düz dibində basdırmışdı. Hardasa bir ay öncə Sofiyeyə küplərin yerini nişan verən Luiza ona bərk-bərk tapşırmışdı: ”Levanın yasında özümü itirmişdim, yadıma düşmədi. Qonşular sağ olsun, hərə öz çaxırından gətirdi. Torpağı yüngül olsun Qriqorun. Uzaqgörən kişiydi. Əsl ömür-gün yoldaşıydı. Binəva hansı niyyətlə basırmışdı bu çaxırları, axırda mənim ehsanıma qismət olacaq... Küplərdən birini mütləq Anzorun toyuna saxla! O əyyaş İliyanı da gözdən qoyma, yoxsa çaxırın dibinə çıxacaq”.

Luiza tədbirli qadın idi, hətta dəfn pulunu da vermişdi Sofiyeyə:

– Burda üç min laridir, özün də say... Qalanını Anzorum qayıdanda evin açarı ilə birgə ona verərsən...
İtin pişiyə dəymədiyi sakit bir gündə göy Tanrısı Zevsin qəzəbinə tuş gəldi – odlu qamçısı ilə Qriqoru bir göz qırpımındaca külə döndərdi və beləcə Luizanın ailəsinə ilk bədlik üz verdi. Həmin gündən qadının göz yaşı qurumadı.

Düzü, Luizaya əvvəllər elə gəlirdi ki, Qriqoru sevmir. Daha doğrusu, "Şakronun şərab evi"ndə səhərədək həyatlarının ən gözəl anını əbədiləşdirən xoşbəxt cütlüklər qədər sevmədiyini düşünürdü. Lakin Qriqorun yoxluğunu bütün varlığı ilə dərk etməyə başlayanda Luiza, əslində, ona necə ürəkdən bağlandığının da fərqinə vardı.

Qriqor sakit təbiətli, təmkinli biri idi. Əlləri “qızıl” idi. Bacarmadığı iş, demək olar, yox idi. Arvadını isə yeniyetməliyindəki kimi sevirdi. Məhz ona görədir ki, bir çoxları Luizanı hədsiz xoşbəxt hesab edir və bu xoşbəxtliyə həsəd aparırdılar.

Arabir Luiza ərini mükafatlandırmaq istəyər, boynundakı xaçı çıxararaq öpüb kənara qoyar, lüm-lüt yatağa girərdi. Qriqor da işi başa düşüb uşaq kimi sevincək halda yekə, donqar burnunu onun qoynuna soxar, döşlərini buzov anasını əmən kimi əmərdi. Luiza o ehtiras dolu gecələri xatırlayıb indi havası boşalan şar kimi əzik-üzük döşlərindən utandı. Sonra da: ”Yaxşı ki Qriqor məni belə görmədi!” deyə düşünüb sakitləşdi...

Ərinin qəfil yoxluğundan sonra Luizaya növbəti bədbəxtliklər üz verdi: böyüyüb qazanc dalınca Rusiyaya yollanan oğullarından Anzor çox keçmədən Rostovda “ilişib” on il “iş” aldı, indi "Belıy Lebed"də dustaqdır. Böyük oğlu Levanın aqibəti isə daha betər oldu: içkiyə qurşandı. Bu müddətdə Luiza başını saxlaya bilmək üçün evin istifadəsiz qalan iki otağını turistlərə günlük kirayə verməklə dolandı.

Bir neçə ildən sonra Levan yarımcan halda qayıtdı, anası artıq əldən düşmüşdü. Yazıq qadınmın tetri-tetri yığıb övladlarının toyuna saxladığı pulları "içib" tükətdi. Rusların “zapoy” dediyi xəstəliyə tutulmuşdu; elə olurdu, günlərlə evin yarımzirzəmisindən çölə çıxmırdı, arabir divarlardan tuta-tuta özünü birtəhər tualetə çatdırırdı. Heysiz, xəstə Luiza ayaqlarını sürüyə-sürüyə gecələr zirzəmiyə enirdi ki, oğlunun nəbzini, nəfəsini yoxlasın – birdən keçinər... Belə gecələrdə o, Levanın cod saçlarını asta-asta tumarlayıb onun, Anzorun uşaqlığını xatırlayardı. Levanın yaxşı musiqi duyumu vardı, pianoda hansı musiqini çalırdısa, uzağı üç günə öyrənmişdi. İndi hər dəfə özünə və anasına söz verəndə ki, bir daha içməyəcək, gedib çökərdi anasının miskin görkəmli cehizlik “Belarus”un üstünə və Şopendən çox sevdiyi "Yağışlı vals"ı çalardı. Xəstəlikdən şişmiş barmaqlarını pianonun dillərində çox ehtiyatla, sanki qadın bədənində gəzdirərdi. Pianonun səsini mətbəxdə eşidən Luiza isə bir vaxtlar oğlunun sevdiyi qızı – gözəlliyi dillər əzbəri olan Marqonu (Marqaritanı) xatırlayar, şəhərin adlı-sanlı diş həkiminin qarasınca asıb-kəsərək vaysınardı: "Özünü bəyənmiş dəli keçi, hər şey sənin ucbatından oldu. Oğlumu divanə edib çöllərə salmasaydın, Levanım bu günlərə qalmazdı”...

Luiza birdən Anzoru düşündü: görəsən, onun halı necədir? Salamatdırmı? Üç ay olar, əl boyda kağız belə yazmır. Sonuncu dəfə hər şeyin qaydasında olduğunu, Yeni il qabağı amnistiyaya düşə biləcəyini xəbər eləmişdi. “Yox, balam bircə müharibə vaxtı çıxmasın türmədən, yoxsa, Sofi dediyi kimi, Ukraynadakı savaşa göndərərlər..." Belə fikirləşib bərk qorxdu və fikirdən ayıldı.

Sofiye çoxdan getmişdi...

***
Səma tutqun olduğundan Siqnaxiyə toranlıq da həmişəkindən tez düşdü.

Sofiye rəsmləri burub bir-birinin içinə yerləşdirəndən sonra malbertini də qatlayıb qoluna vurdu. "İş yerini" – parkı tərk eləmək vaxtı idi, həm axşama az qalırdı, həm də çisək başlamışdı.

Evə çatıb əridilmiş donuz yağına azacıq üzüm sirkəsi ilə sarımsaq əzib qatdı ki, qarı içərkən ürəyi qalxmasın. İliya ilə özünə şam yeməyi hazırlayandan sonra hazırladığı məcunu götürüb Luizaya apardı.

Artıq əməllicə yağış yağırdı. Qatı çəndən əsər-əlamət qalmamışdı.

Luiza gözlərini tavana zilləmişdi, baxışlarında donuqluq, keylik vardı. Çat-çat olmuş nazik dodaqları aralanmışdı. Ağır nəfəs alırdı. Pəncərəni döyəcləyən yağış Luiza Lamaşvilini payıza qoşulub getməyə həvəsləndirirdi. Elə Sofiyenin də əvvəlki günlərdəki qorxusundan əsər-əlamət yox idi – indi qadının evinə gələrkən çox ürəkliydi, hətta ağlından keçirdi ki, gedib Serafim atanı çağırsın, qoy gəlib İza üçün psaltır oxusun...

Sofiye nənəsinin canvermə səhnəsini xatırladı. Uzaq Sibirdəki oğlunun şəkilini sinəsinə qoyan kimi arvadın əzabları bitmişdi.

Sofiye divardakı ailə şəkilini götürüb arxası üstə Luizanın sinəsinə qoydu. Qarı gözlərini tavandan çəkməyərək Sofiyenin əlini axtarıb tapdı, lakin sıxmağa gücü çatmadı. O, Sofiyeyə bu cür təşəkkür edirdi.

Sofiyenin gözündə girdələnib sonra da yanağı aşağı sürüşən bir damcı yaş dodağının qırağında paraşüt kimi asılıb qaldı, ta ki, növbəti damcı onu vurub salana kimi... O, çoxdandır divardan asılan fotoya ilk dəfə bu qədər diqqətlə baxırdı. Qıvrım saçlı, durnaboğaz Qriqor dizinin üstündə üç yaşlı Anzoru, yanında əyləşən Luiza isə beş yaşlı Levanı oturdub. Dördü də şəndir... Sofiyeyə bir anlıq elə gəldi ki, uşaqlar indi şəkildən sürüşüb evin döşəməsinə düşəcək, sonra da o tərəf-bu tərəfə qaçışacaqlar.

Fotonun altında qırmızı rəngli hərflər və rəqəmlərlə “May, 1979” yazılmışdı.

Luiza indiyədək bu şəkilə baxıb az ağlamamışdı. Şəkil sovet zəhmətkeşlərinin 1 May paradı zamanı Zaalinin foto-atelyesində çəkilmişdi. Qoca Zaali uşaqların diqqətini cəkmək üçün qısa və gombul barmaqları ilə qəribə heyvan fiqurları cızırdı...

...Sofiye çöldəki qəfil gurultuya diksindi, ardınca gənclərin çığırışmaları onu lap urpətdi. Alazani bir anlıq işığa qərq oldu. Fişəngin rəngbərəng sayrışmalarında şəhər qalasının hasarı vadinin dərinliklərinə sürünən nəhəng ilana bənzədi.

“Bəxtəvərlər” – Sofiye pıçıldadı.

# 1506 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

14:01 9 noyabr 2024
"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

11:16 9 noyabr 2024
İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

11:00 9 noyabr 2024
Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
#
#
# # #