Romadan Ağdama – Anar Yaşaroğlu

Anar Yaşaroğlu

Anar Yaşaroğlu

13 dekabr 2021
# 13:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Anar Yaşaroğlunun “Romadan Ağdama” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

"Bir gün geriyə boylananda mübarizələr içində keçən günlərinizin həyatınızın ən gözəl günlər olduğunu görəcəksiniz".

Ziqmund Froyd

Əvvəllər elə bilirdim ki, yaşamı, həyatı anlamaq baxımdan çox dərrakəli biriyəm. Düşünürdüm ki, həyatımda hər şey həmişə qaydasında gedəcək. Ancaq müharibə başıma elə bir ilahi qapaz vurdu ki, bütün təkəbbür və iddiam silkələnib yerə töküldü. Sən demə, əslində, həyat haqqında heç bir qram da təsəvvürüm yox imiş. Bunu başa düşmək üçünsə mənə 44 gün lazım olacaqdı...

Magistr təhsilimi yarımçıq qoyub İtaliyadan Qarabağın ən təhlükəli döyüş bölgəsinə - Ağdama yollanmalı oldum. Bu səyahət mənim üçün qeyri-adi sürprizlər hazırlayacaqdı. Romada əlimdə tutduğum kamera öz yerini silaha verəcəkdi.

İllərdir arzusunda olduğum bu səyahət Ağdam və qismən də Tərtərin müdafiəsiylə başladı, Suqovuşanda yaşadıqlarımla səyahətin “macərası” daha da ağırlaşdı və ən axırda Kəlbəcər tərəfdə, Murovdağın yaxınlığında mövqeləndikdə bitdi.

Komandirim baş-leytenant Tahirli 15 nəfərlik xüsusi qrup yaratmışdı. Məni də həmin qrupa seçmişdi. Döyüş hazırlığımız, fiziki göstəricilərimiz, silahın xüsusiyyətlərini yaxşı bilməyimiz, onunla davranma bacarığımız bizə həmin xüsusi qrupa seçilməyimizdə kömək olmuşdu. Bəlkə də, buna ən çox səbəb olan bizim daha çılğın olmağımız idi. Həmin qrupla yeddi dəfə Ağdamdan hücum etməyə çalışdıq. Təəssüf ki, bütün cəhdlərimiz uğursuzluqla nəticələndi. Kəşfiyyatçılarımızdan ağır yaralananlar oldu. Əsgər yoldaşlarımdan Sadıqov Elşad ayağından, Hüseynov Elşad sinəsindən, ürəyinin düz üstündən ağır qəlpə yarası aldı. Xoşbəxtlikdən, onlar indi çox yaxşıdırlar. Özüm hücum cəhdlərimizdə və atışmalarda səkkiz dəfə ölümdən qayıtdım. Bir dəfə hətta güllə düz sifətimin sol yanından keçdi. Qumbaraatandan atdığım gün sağ qulağım on bir gün eşitmədi. Nədənsə hamımız elə hiss edirdik ki, bir az sonra şəhid olacağıq. Həmin vaxtlar bizə dəstək üçün köhnə döyüşçülər gəlirdi. Onlardan birinin adı Elmir (soyadını unutmuşam) idi. Bizə ailəsi ilə son dəfə söhbətindən bəhs edirdi. Deyirdi ki, bu gün son dəfə sağollaşıb gəlmişəm. Hamımız bir-birimizə yarıhəqiqi təsəlli verirdik. Ona da təsəlli vermişdik. Ancaq təsəllilərimiz boşa çıxan güllələr kimi idi. Elmir düşmən snayperinə tuş gəlmişdi...

Ailələrimiz nigaranlıqla, qorxu və təlatüm içində nə etdiyimizi, haralarda olduğumuzu, nələr çəkdiyimizi bilmirdi. Biz də mülki həyatda nələrin baş verdiyini bilmirdik. Səngərlərdə, döyüş meydanlarında olurduq. Ancaq xalqın bizə nə qədər dəstək olduğunu onların bizə göndərdikləri isti geyimlərdən, yeməklərdən, dərmanlardan görürdük.

Ən ağır günlərimiz Suqovuşanda keçdi. Orada düşmən bizi pusquya saldı. Sən demə, dağın başına kamera qoyublarmış. Yavaş-yavaş bizim yaxınlaşmağımızı gözləyirlərmiş. Biz Talışkənddən keçib Suqovuşana getdiyimiz yolda texnikaya qarşı istifadə olunan ağır artilleriya mərmilərini piyada əleyhinə başımızın üstündən yağış kimi yağdırdılar. Eyni anda iki yağışa düşmüşdük; Biri şəhidlərimizə görə buludların ağlamağı idi, digəri isə düşmənin üstümüzə yağdırdığı mərmi, güllə yağışı idi. (Şərəfsiz ermənilər bu səhnələrin videosunu hətta “Youtube” kanalına da yerləşdiriblər) Taborumuzun birinin əksəriyyəti şəhid oldu. Həyatım orada çox dəyişdi. Düşmən artilleriyası başımızın üstündən vura-vura şəhidlərimizi, yaralılarımızı çıxardanda düşüncələrim çox dəyişdi. Həyatı və ölümü sorğulamağa başladım. Çəlimsiz və cılız bədənimlə universitet koridorlarında kitablar daşıyanda qollarıma ağırlıq gəlirdi. Bu dəfə qollarımızda, çiynimizdə, kürəyimizdə apardığımız şəhidlər nəinki qollarımıza, hətta dizlərimizə, ürəyimizə - bütün bədənimizə və ruhumuza ağırlıq çökdürürdü. Yaşadıqlarımıza rəğmən bütün təlatümün içində yüzlərlə döyüşçü arasında cəmi iki nəfər gülümsəyirdi. Biri bölük komandirim baş leytenant Tahirli, döyüşü çox sevdiyi üçün, biri də mən, bir neçə saniyə sonra şəhid olacağımı düşündüyüm üçün, sevindiyimə görə. Həmin vəziyyətdə hamımız tamam başqa biri idik. Məni narahat edən sualsa içimi yeyirdi: “Şəhid qardaşlarımızın analarına nə cavab verəcəyik?!”...

Suqovuşanda gördüyüm dəhşətlər məndə posttravmatik stress sindromu yaratmışdı. Üstəgəl, həyatın paradoksallığı yenə də öz “zarafatından” qalmamışdı: Respublika natiqlik çempionatının qalibi, bülbül kimi ötən Anarın mərmi partlayışından dili tutulmuşdu. Onda biz Ağdamın müdafiəsində idik. Heç gözləmədiyimiz vaxtda mərmi bizim iyirmi metrliyimizə düşmüşdü. Yadıma gəlir ki, döyüş yoldaşım Nəbiyev Ayxan sifətimə şapalaq vurub məni çağırırdı: “İsayev, İsayev, ay İsayev, yaxşısan?”. Donub qalmışdım. Sanki film idi. Xoşbəxtlikdən, heç birimizə heç nə olmamışdı. Ancaq bir problem var idi. Kəkildəyirdim. Nitqimdə tutulmalar yaranmışdı. Bu, məni narahat etmirdi. Məni yarımçıq qalan arzum narahat edirdi. Bunun öhdəsindən necə gələcəkdim? Bəs arzularım? Bəs xəyallarım? Bu tipli suallar üçün çox çalışmalı olacaqdım. Ancaq necə?

Bir həll yolu düşünmüşdüm. Ordu sıralarından tərxis olana kimi – müharibədən sonrakı növbəti altı ay ərzində Demosfen kimi hər gün dilimin açılması, nitqimin yaxşılaşması üçün məşqlər etdim. Ağdamla Kəlbəcərin qovşağında, Murovdağ yaxınlığındakı dağlarda hər gün dayanmadan danışmağa cəhd etdim. Tərxis olandan sonra da hər həftə dəniz qırağında qışqıra-qışqıra danışmağa başladım. Yavaş-yavaş bunun öhdəsindən gəldim. Bacardım. Özüm özümə gələ bilməsəm də, nitqim özünə gəlmişdi...

Səyahət “macəralarla dolu” keçmişdi. Məsələn, su tapmayanda meşədəki yarpaqların üstündəki yağışdan qalıb donan buzcuqları, qarı əridib içdik. Qarla çox yuyunduq. Dağın başında bumbuz havada tam üç gün ac və susuz qaldığımız günlər oldu. Həftələrlə batinka ayağımızdan çıxmadı. Həftələrlə, aylarla yuxusuz qaldıq. Elə vaxt oldu ki, üç gündə qırx beş dəqiqə yatdıq. Oyaq qalmaq üçün Məlikməmməd kimi əlimizi, barmağımızı kəsdik ki, ağrıdan yatmayaq. Nə badə ki, şərəfsiz düşmən bir qarış bizim torpağa ayaq basa. Sözün həqiqi mənasında, yastığımız vətən daşı, torpaq, palçıq, beton, yorğanımızsa qar, yağış, kəsici külək zirehli gödəkçəmiz oldu. Çox ağır məşqlər elədik. Çox yorulduq. Bəzən fiziki və psixoloji olaraq çox dirəndik, ancaq heç vaxt geri addım atmadıq. Savaşdıq. Döyüşdük. Kişi kimi. Qarış-qarış qaytardıq bizim oraları. Həmişə ən qabaqda olduq. Müharibədən əvvəl də, müharibə dönəmində də, müharibədən sonra da. Soyuq əllərimizi, dodaqlarımızı bıçaq kimi kəsib, partladıb-qanadanda yenə də düşmənin qabağında qorxmadan məğrur dağ kimi dayandıq. Son nəfəsə çox yaxın olduğumuz saniyələr, dəqiqələr oldu. İndi nəfəs almağımı ikinci möcüzə kimi görürəm. Mən Ona minnətdaram.

Hər şeyə rəğmən, Romada, Florensiyada gördüyüm intibah dövründən qalma heykəllər, Da Vinçinin, Mikelancelonun sənət əsərləri Qarabağın uçuq-sökük, dağıdılmış tikililəri, tarixi qəbirləri önündə öz gözəlliyini itirirdi...

Unutmadığım anlardan biri də mənə ilk medalın verilməsi anı idi.10 noyabr mənim doğum günüm idi. 9-dan 10-na keçən gecə bizə komanda gəldi ki, mövqeləri digər döyüş yoldaşlarımıza təhvil verib Ağdamın Çullu kənd-qəsəbəsinə qayıdaq. Həftələrdi yatmırdıq. 2 saat idi ki, yatmışdıq. Bir də gecə izdihamın gurultusuna oyandım. Saat təxminən 3-ə işləmiş idi. Bütün tabor sevinirdi. Səbəbini öyrənməyə çalışırdım. Kimdən soruşurdum, cavab verən olmurdu. Mənsə heç nəyi başa düşmürdüm. Sanki hamının dili tutulmuşdu. Yerləşdiyimiz yerə televizor quraşdırılmışdı. Gözümü görməmiş kimi ora zillədim. Diqqətlə baxdım. Hər şey bitmişdi. Müharibə bitmişdi. Biz qalib olmuşduq. Düşmən dizini yerə atmışdı. Hamımız qucaqlaşıb bir-birimizi təbrik edirdik. Döyüş yoldaşlarım məni təbrik edirdi: “Anar, doğum günün qutlu olsun”. Sənə ikiqat təbrik düşür.

10 noyabr gününün axşamı təxminən saat 8 radələrində bölük komandirim məni bütün taborun - yüzlərlə adamın qarşısına çıxardı:

- İsayev Anar!

Ucadan: “Mən!”, - dedim.

- Çıx sıranın qabağına!

- Oldu!

Hərbi qaydada onun yanına addımladım. Komandirim bölüyün qarşısında üzünü mənə tutub:

- Qarşınızda gördüyünüz əsgər 12 ildə gördüyüm yeganə əsgərdir ki, ordudan getməyini istəmirəm. Nə yaxşı ki tanımışam onu. Özünə də demişəm, kaş ki ordudan getməyə. Səni çox istəyirəm, əsgərim, yaxşı ki varsan, - dedi.

Bölüyün alqış səsini eşitdim. Ardınca taborumuzun yüzlərlə döyüşçüsünün alqış səsi gəldi. Bəzən hisləri sözlərlə ifadə etmək olmur. Mən də nə hiss etdiyimi yaza bilməyəcəm...

Sonra öz boynundan xüsusi təyinatlıya aid gümüş boyunbağısını çıxarıb mənim boynumdan asdı: “Yaxşı ki varsan, İsayev”, - dedi. “Çox sağ olun, komandir”, - dedim. Bu, sonradan layiq görüləcəyim iki medaldan da üstün medal idi. İndi bu boyunbağı həmişə və hər yerdə mənə güc verir.

...Hər şey bitəndən sonra qayıtmalı idim.

Rayonun mərkəzində məni onlarla maşın gözləyirdi. Yavaş-yavaş bizi aparan taksi mərkəzə çatdı. Maşından düşdüm. Atam uşaq kimi qaça-qaça mənə tərəf gəldi. Ona ömrümdə ilk dəfə bu qədər ürəkdən və doyunca sarıldım. Ardınca onun dostları, sonra mənim dostlarım, tanışlarım. Hamıyla görüşdüm. Böyük izdiham var idi. Çox qəribə hislər keçirirdim. Kədər və sevinc duyğusu üz-üzə gəlmişdi. Bir yandan Qarabağdan ayrılmamaq istəyim, bir yandan da evə getmək istəyim məni sıxırdı. Çönüb arxaya - gəldiyim yola baxırdım. Dərin köks ötürdüm. Atam: “Nolub, oğul, yaxşısan?” – deyə soruşdu. Qəhər boğazımı sıxırdı. Səssiz idim. Həyat çox qəribə gəlirdi. Evə getməli idim. Anam məni gözləyirdi. Oturduq maşına. Getdik kəndə. Onlarla maşın siqnallaya-siqnallaya məni və atamı müşayiət edirdi. Mənimsə ağlım hələ də Kəlbəcərin, Ağdamın, bütün Qarabağın dağlarında, qoxusunda idi. Çatdıq kəndə. Sanki kəndin, rayonun ən vacib adamlarından birinə çevrilmişdim. Anam, bacım, bütün qohumlarım, tanıdıqlarım-tanımadıqlarım – hamı evimizin qabağında məni gözləyirdi. Maşından düşdüm. Anam məni görüb ağlamağa başladı. Ürəyi tutuldu. Qaçdım ona tərəf. Bərk qucaqladım. Bəlkə, on dəqiqə dayanmadan bir-birimizə sarıldıq. Həyatımda heç vaxt o qədər ağlamamışdım. O qədər təsirlənməmişdim. İlahi səsimi eşitmişdi. Səngərlərdə: “Kaş ki anama, atama bir də sarıla biləydim” - deyə etdiyim duam qəbul olmuşdu. Hə, mən evdəydim. Saçlarına qurban olduğumun qara saçları 44 gündə ağarmışdı. Bacıma da doyunca sarıldım. O da ağladı. Atalar ağlaya bilmir. Çətinlik çəkirlər. Ancaq onlar ağladısa, bu, hansısa çox dərin hüznün, ya da bir fəlakətin əlaməti olur. Amma bu dəfə fəlakət geridə qalmışdı. Hüzn geridə qalmışdı. Bu, sevinc göz yaşları idi. Üçünə də sarıldım. Ağladıq.

Mən həyatımın heç bir dönəmində o qədər təcrübə qazanmadım. Çox güman, qazanmayacam da. Çünki müharibə kobud, səbirsiz müəllim kimi mənə unudulmaz həyati təcrübələr öyrətdi. O, bizim sevdiklərimizin və yaşamın necə də dəyərli olduğunu bir daha sübut etdi.

Başlanğıcda müharibənin məni dəyişdirməyindən söhbət açmışdım. Məsələn, indi ana-atama daha çox sevgi göstərirəm, sevdiklərimə daha çox bağlanıram. Qohumlarıma, dostlarıma, tanışlarıma daha isti münasibət göstərməyə çalışıram. Vətənimizin övladlarına daha çox elm öyrətməyə çalışıram. Anladım ki, əslində, bunları başa düşmək üçün insan hansısa bir müharibənin qopmasını gözləməli deyil. Başa düşdüm ki, həyatın döyüşü son nəfəsə kimi davam edir. Dəyişən sadəcə səngərlər olur.

Həyat döyüşündə də, döyüş həyatında da bizim yanımızda yoldaşlar olacaq. Onları sevib-qorumaq lazımdır. Bəziləri bizimlə axıra kimi qala biləcək. Bəziləri isə...

Yaşadıqlarımdan sonra həyatımı iki hissəyə bölmüşəm. Müharibədən əvvəlki vaxtlar – Anar İsayev olduğum dönəmlər və indi – Anar Yaşaroğlu olduğum vaxt. İnsan yaşadıqlarının cəminə çevrilir. Həyatımda belə bir çevriliş olduğu üçün Yaşaroğluya çevrildim.

İkinci dəfə doğuldum.

Yaşamın oğluna çevrildim.

İndi italiyalı tələbə yoldaşlarımla danışanda niyə soyadımın dəyişdiyini soruşurlar.

Gülümsəyirəm...

# 4209 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #