Qurban - Nübar Eldarqızı

Nübar Eldarqızı

Nübar Eldarqızı

8 dekabr 2021
# 15:55

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nübar Eldarqızının “Qurban” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hər şey indiki kimi yadımdadır...

Biz onda təzə evlənmişdik. Yoldaşımın musiqiçi dostu bizi evlərinə qonaq çağırmışdı. Kənddə yaşadığımıza görə şəhərli evinə gedərkən kənd payı götürmək ən təməlli adətlərimizdən olduğu üçün, bütün günü bağa gedib gəldim. Merdən-meyvədən, tərəvəzdən, ağartıdan, göyərtidən o ki, varsa yığıb bir neçə bağlama hazırladım.

Böyük övladım yanımda, ikincisi qarnımda, hazırladığım pay-püşkə ilə birgə evdə qalanların narazı baxışları altında köhnə, ağ 06-mıza minib həyətdən çıxdıq.

Yolda yoldaşım soruşdu:

- Nə götürmüsən?

Saydım.

- Hə... yaxşıdır...

Bu dəfə mən sual verdim:

- Səlim evlidir?

- Hə, təzə toyu olub. Atasıgilnən bir yerdə yaşayırlar. Bilirsən onun atası kimdi?

- Kim?

- O demaqoq, işveren Əbdüləli deyirdilər ha, bax, o!

Danışırlar ki, qoluna qırmızı bağlayıb "drujinnikəm"deyib "zavmağ"lara qan uddururmuş ... (Bu arada zavmağlar da camaatın başına corab hörürdü o zamanlar).

- Onda bizim onlarda nə işimiz var?

- Yox, Səlim yaxşı oğlandır!

Evlərində bir o!

- Başqa kimi tanıyırsan onlardan?

- Böyük qardaşı Alik, maşın ustasıdır, əlləri qızıldır, amma heyf ki, alkaşdı... Bir bacıları da var, ərdədi, onun da yeri pisdi deyirlər... Hə, bir də kiçik qardaşı Səməd...

Atəş Səməd haqqında heç nə demədi, mən də maraqsız olduğuna görə soruşmadım.

Səlim bizi həyətdə qarşıladı. Atəşlə öpüşüb mənə əl uzatdı:

- Bacı, xoş gəlmisən!

Ay maşallah, nə gözəl baladı, əmisinin qızı!

- Siz Allah, bu nə xəcalət verməkdi, bunlar nədi? Bu qədər şeyi 5-ci mərtəbəyə çıxarmaq var e...

- Keçin, keçin siz öndən gedin.

Qızımın əlindən tutub yavaş-yavaş yuxarı çıxmağa başladım. Qapıda bizi Səlimin atası, anası və təzə gəlin olan həyat yoldaşı qarşıladı.

Eynən bizim kimi üç otaqlı evdə üç ailə yaşayırdılar. Səlimin böyük qardaşıgil evdə deyildilər.

Amma evin bir otağı onların ixtiyarında olduğundan, biz iç-içə iki otağı gördük. Çox basırıq idi otaqlar. Səlimin atasıgilin otağında oturduq. Kişilər kişilərlə, qadınlar qadınlarla tez dil tapdı. Qızım isə artıq otaqları qarışdırmağa başlamışdı...

Yemək yeyilərkən Səməd gəldi.

Gəldi, nə gəldi!..

- Açar hanı? - atasından elə tonla soruşdu ki, sanki ata o, atası uşaq idi.

Sonra bildim, Əbdüləli kişinin köhnə "Qaz-21"-inin açarını istəyirmiş.

Səlim rəng verib, rəng alırdı. Yoldaşı Pəri həyəcanla qaynanasına baxdı:

- Mama...

Hərə bir tərəfdən Səmədi sakitləşdirməyə çalışırdı.Hətta Atəş: -Açar istəyirsən al mənim maşınımın açarın,-deyib aranı sakitləşdirmək istədi.

Səmədin hərəkətləri evdə zəlzələ etkisi yaratmışdı. Hələlik Əbdüləli kişi özünü sakit aparmağa çalışır, içkinin təsirindənmi, ya nədənsə, lağ edərcəsinə gülümsəyirdi. Bu isə Səmədi daha da qızışdırırdı.

Səməd atasını o qədər divara dirədi ki, axır o dəhşətli şey baş verdi.

Əbdüləli ayağa durdu, üzünü qibləyə tutub əllərini açdı:

-Ya Allah! Səni and verirəm öz böyüklüyünə, Səmədi mənim əlimdən al, gələn il bu vaxta qurban kəsərəm!

Hamı donub qalmışdı.Atəş rəngi avazımış halda durub hələ də səsini kəsməyən, qışqıra-qışqıra atasından açar tələb edən Səmədi zorla həyətə apardı. Səlim də onların ardınca getdi.

Təxminən yarım saat keçərdi, Atəş və Səlim qayıtdılar. Səməd yox idi...

Stola çay gətirdilər, amma ağzımızın dadı çoxdan qaçmışdı...

Ev sahibləri də, biz də, utana-utana sağollaşıb ayrıldıq.

Mənim ikinci övladım doğulanda Səlimgil bizə gəldilər. Baldızlarım lazımi hər şeyi hazırlamışdılar. Gələn qonaqlarla yeyib-içmək fəsli bitəndən sonra, Pəri ilə bizim otağa keçib xeyli söhbətləşdik.

Səməd haqqında heç nə soruşmasam da, Pəri sanki o hadisəni aydınlaşdırmağa çalışırdı:

- Əslində pis uşaq deyil, papanın (qaynatasını nəzərdə tuturdu) özünə oxşayıb. Deyirlər o da cavanlığında çox dəli-dolu imiş. Hətta mama (qaynana) danışır ki, hind kinoları dəbdə olanda, hansı kinoyasa baxıb gəlib, almanı qoyub qadının başına, bıçaq atırmış...

Pəri ilə söhbətimiz həmişə tutub.

İş elə gətirdi ki, hardasa bir ilin içərisində, şəhərdə ev alan bir qohumumuz ev alanacan qalaq deyə, - öz evini bizə təklif etdi. Biz də yığışıb köçdük Şirvana. Səlimgil də həmin binada kirayə ev tutdular və beləliklə qonşu olduq. Demək olar ki, hər gün ya biz onlara, ya da onlar bizə, gedib-gəlirdik. Hamıdan, hər şeydən danışırdıq, təkcə Səməd haqqında soruşmaq həmişə mənə çətin gəlirdi.

Bu, o illərdi ki, ermənilərlə torpaqlarımız uğrunda dava edirdik. Könüllülər dəstə-dəstə cəbhəyə gedirdi. Yollardan cavanları tutub birbaşa müharibəyə aparırdılar. Ata-analarımızın "Biz gördük, siz görməyin!" dedikləri dəhşətləri biz də gördük...

Və bir gün yenə Səlimgildə oturub dərdləşirdik ki, qapı açıldı, Əbdüləli kişi rəngi qapqara boğulmuş halda içəri girib salamsız-kəlamsız dedi:

- Səməd müharibəyə getdi!

Hamı susdu. Bir azdan özümü toparlayıb ilk mən dilləndim:

- Salamat gəlsin!

- Amin!

- Amin!..

Səmədin getməyi ilə qayıtması az çəkdi. Cəmi bir aydan sonra xəbər gəldi ki, Səməd Əbdüləli oğlu Cavadov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub...

Əbdüləli kişinin qurbanı qəbul olunmuşdu...

# 2656 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #