Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi
3 may 2025
# 15:00

Kulis.az Narıngül Nadirin "Qoz ağacı" adlı yeni hekayəsini təqdim edir.

İnanın ki, bu kənddə ayaması olmayan adam çətin tapılar. Samanlıqda iynə axtarmaq kimi bir şeydi bu kənddə ayamasız adam tapmaq. Bunu mən deyirəm sizə. İnanmırsınız, inanmayın, öz işinizdir... Burasını da deyim, hərənin də öz xasiyyətinə, görkəminə, hansısa əlamətinə görə ayaması var. Bir tərəfdən də adama ləzzət eləyir, hərənin ayaması özünə yaraşır, rənginə, boy-buxununa, formasına qutu kimi oturur. Nəyi pisdir ki?

Bu kənddə adamın ayamasını deyəndə bilirlər, kim-kimdir? Məsələn, “ətyeməzlərin nəvəsi” gəldi, deyəndə bilinir ki, gələn kimdir.Yaxud “fırıldaqların oğlu” deyiləndə hər şey gün kimi aydın olur.

Ta mətləbə keçim, Erkək Xədicədən danışım. Erkək Xədicəni çoxdan tanıyırdım. Tanıyırdım deyəndə, lovğalıq kimi çıxır, yəni onu kənddə tanımayan yoxdu. Yox, burasını da deməsəm olmaz, bu kənddə ayamaları da əsasən kişilərə verirlər. Amma tək-tük istisnalar da var. Məsələn, biri elə Erkək Xədicə. İş burasındadır ki, Erkək Xədicə də öz adını, daha doğrusu, ayamasını kişi qızı kimi, layiqincə doğruldub.

Onu həmişə kişilərin arasında görərdin. Harda bir dava, bir kişi hap-gopu olardı, ordaydı. Baxardın ki, dayanıb ortada, əlini-qolunu ölçə-ölçə hündürdən danışır. Bəzən də söhbətlərinin sonu mübahisəyə çevrilirdi. Bu məqamda da necə lazımdır qarşısındakının cavabını verərdi. Kimin hünəri vardı, sözünün üstünə söz desin? Ay-hay! Ölmüşdü elə Erkək Xədicə! Kənddə dalaşmadığı kişi qalmamışdı.

Amma haqqı nahaqqa vermək də olmaz. Erkək Xədicə həm də qoçaqdı, işləməkdən yorulmazdı. Kənddə ən çox tütünü, baramanı o, təhvil verirdi. Həyət- bacası cənnət kimiydi. Olmayan meyvəsi, gül-çiçəyi yoxdu. Erkək Xədicə elə ki, kişi yığvasına düşdü, kişilər susub kənarda dayanır, bəziləri də abrına qısılıb səssizcə aradan çıxırdı. Bircə nəfər ona etiraz edə bilirdi, tək bir nəfər hünər sahibiydi. Kənddə çoxundan fərqli olaraq həmişə ütülü-sığallı gəzən, palçıqlanmasın deyə yağışlı günlərdə ayaqqabısının üstündən əlavə bir qaloş da geyinən, uzun illərdir kənddə müəllimlik, həm də ağsaqqallıq edən Cəfər müəllim ona baxıb asta səslə də olsa söylənir, sözünü deyirdi. Yenə sağ olsun Cəfər müəllimi. Bu məqamda kəndin kişiləri Cəfər müəllimə bir az da həsədlə baxırdılar ki, Erkək Xədicədən çəkinmir. Cəfər müəllim dodaqaltı söylənirdi ki, bunun bir yiyəsi yoxdurmu, çəkib aparsın xarabasına? Bu yerdə Erkək Xədicənin əri Lal Lətif tez aradan çıxardı ki, gedim bir az çırpı toplayım. Lal Lətifə də az danışdığına görə bu ayama verilmişdi.

Amma insafən Erkək Xədicə davakar olsa da, qonşusu Arvad Məsimlə bir dəfə də olsun davası düşməmişdi. Buna şəxsən mən özüm şahid idim. Necə deyərlər, heç vaxt bir-birinin yolunun üstünə çıxmazdılar. Bunun bir tərəfində gör qonşusu olmaqları dayanırdısa, o biri tərəfin də öz xüsusi səbəbləri vardı. Belə ki, Erkək Xədicəyə görə Arvad Məsim nə kişiydi ki, durub ona da baş qoşsun, dava-dalaşa çıxsın. Onsuz da elə adından bilinirdi kimdir. Amma Arvad Məsim də Erkək Xədicəni heç arvad hesab etmirdi. Kişi kimi bir şeydi, nə qadındı ki, onunla üz-üzə dayanıb dodaq tərpətsin, uzun-uzadı söhbətə girişin. Arvad Məsimə ona görə “Arvad Məsim” deyirdilər ki, bütün günü arvadların yanında fırlanırdı. Kənddə arvad məclisi olanda bir bəhanəylə özünü salırdı ora. Gedib biş-düş yerində arvadların çənəsinin altında dayanır, ağır qazanların qulpundan yapışır, gah arvadlarla zarafatlaşır, gah da yeməklərə nəzarət edir, göstərişlər verirdi. Evlərinə bir arvad qonağı gələndə, yavaşca nimdərini çəkib gəlib kənarda əyləşir, bir qədər sonra asta-asta söhbətə girişirdi. Ta ki, qonaq gedənə kimi əl çəkməzdi. Arvadı Sarı Güllü nə qədər göz- qaş eləsə də, xeyri yoxuydu. Güllü balacaboylu, sapsarı, gonbul arvaddı. Danışmaqla elə də arası yoxdu və elə yaxşı ki, çox danışmırdı. Çünki dili çox acıydı, hərdən bir kəlmə deyib ilan kimi adamı sancardı. Amma Arvad Məsimə hörmət qoyurdu, bir sözünün iki eləməzdi. Nə qədər olmasa, evin böyüyü, ailənin güvənc yeriydi. Kənddə belə şeylərə də xüsusi fikir verirlər. Kənd köhnə kənddi.

Dediyim kimi, Erkək Xədicəylə Arvad Məsim yaxın qonşuydular. Aralarında bir çəpər vardı, o da çox vaxt ərpiyib yerə yapışır, kolu- kosu əriyib gedirdi. İki-üç ildən bir köməkləşib ora-burasını düzəldirdilər, faydası olmurdu. Heç narahat da deyildilər. Necə deyərlər, onun toyuğu bunun samanlığında, bunun toyuğu onun samanlığında yumurtlayırdı. Bunun arxının syuy onun arxının suyuna, onunku buna qarışırdı. Qonşu kimi bir-birinin yolunu saxlayırdılar. Gəliş-gedişləri də vardı. Bişirdiklərindən bir-birinə pay verir, həyətin meyvələrindən nübarlıq göndərirdilər. Qızları toya, məclisə birlikdə gedir, tez-tez xısınlaşır, sirlərini bölüşürdülər. Oğlanları Bakıda yanaşı torpaq götürüb ev tikmişdilər. Bakı olanda nə olar, nə qədər olsa qəribçilikdi. Qərib yerdə yerli kimi bir-birinə həyan, simsar idilər.
Erkək Xədicənin Arvad Məsimlə gül kimi dolandığı vaxt birdən-birə aralarına nifaq düşdü. Səbəb də ortadakı çəpərdə bitən qoz ağacı oldu. Elə bil qəfil göydən ildırım çaxdı, sel gəldi, tufan qopdu. Onsuz da bu kəndə yağış yağmasa dünya qopar, iki gündən bir yağmalıdır. Nə isə, həmin ili o ağac yaxşı bar gətirdi. Gözlənilmədən üstü pıtraq kimi qozla doldu.

Heç qoz ağacını ora əkən, filan da olmamışdı. Hardansa arsızcasına şiv şəklində boy atıb çıxmışdı. Fikir verən olmamışdı, kol-kosun içində gizlənmişdi. Elə ki, qoz yetişdi, bir-bir tökülməyə başladı, Erkək Xədicə gördü ki, Arvad Məsim hər səhər ağacın dibində qurdalanır. İstədi fikir verməsin, sonra baxdı ki, Arvad Məsim dabanıyla xəzəlləri eşələyir, tapdığı qozu əlindəki vedrənin dibinə atır. Cin vurdu başına. Əvvəlcə cinini birtəhər boğub astadan dilləndi:

- Qonşu, nə edirsən orda? Görmürsənmi o ağac bizim tərəfdə bitib, meyvəsini də biz yığmalıyıq! Niyə haramçılıq edirsən?

Arvad Məsim də lal deyildi ki? Əlüstü cavabını verdi:

- Heç bir haramçılığı yoxdur, ağacın kökü bizim tərəfdədir. Yaxşı- yaxşı baxsan, görərsən. Hələ gözlə, bir azdan gəlib o tərəfi də yığacam!

-Onu yuxuda görərsən! Gətir yığdığnı da tök bura! Özün də ağacın dibində görünmə!

O dedi, bu dedi, xeyli dilləşdilər, amma bir nəticə hasil olmadı. Erkək Xədicə çəpəri keçib Arvad Məsimin əlindəki vedrəni alıb o tərəfə vıyıldatdı. Qalib vəziyyətdə həyətə adladı. Elə hesab etdi ki, məsələ bitdi. Bu yerdə adam onu alqışlamaq da istəyir. Amma tələsməyin.

Erkək Xədicə həyətə keçib yenicə cücələrə dən səpirdi ki, gördü Arvad Məsim hardansa bir ağac tapıb qozu çırpır. Cin yenidən, təmtəraqla qayıtdı başına.

- Qonşu, sənə söz deyildi axı! Sən, deyəsən bizi ağac oyuğu, ya da qanmaz balqabaq hesab edirsən.

Arvad Məsim də özünə görə deyildi. Bir şeydən yapışdısa əl çəkməzdi. Elə ağacın başından cavab verdi:

- Get, kor gözlərini aç, yaxşı bax! Ağacın kökü bizim tərəfdədir, gövdəsi sizin tərəfə əyilib.

Bir xeyli dilləşdilər. Sonra səsləri kəsildi. Amma başqa səs də vardı ki, əks-sədayla kənd həyətlərinə yayılırdı. Arvad Məsim şappaşapla ağacı çırpırdı. Onda Erkək Xədicə yerdən daş götürüb Arvad Məsimə tərəf atdı. Daş yuxardan qayıdıb ayağının üstünə düşdü, ufuldadı.

- Aaaz, get işinlə məşğul ol, mən sənə başqa kişilərdən deyiləm ki üstümə xoruzlanasan- Arvad Məsim ağacın başından yekə-yekə xoruzlandı. Bu yerdə çəpərin dibində özünü kölgəliyə verib, tozluqda eşələnən xoruzlar da səsə diksinib göyə boylandılar.

- Aşağı düş, görərsən! Heyif, əlim çatmır.

- Heç nə edəmməzsən, mən sənə Lal Lətif deyiləm, başımda qoz sındırasan.

- Guya kimsən ki? Elə hökmlüsənsə, get ərə getməyən, boynunu qısıb şəhərdən, arvad-uşaqlı kişidən xəbər gözləyən qızına ər tap.

Burda Erkək Xədicə Arvad Məsimi pis yerindən vurdu. Dərinə getsən, lap namərdlik də demək olar. Arvad Məsimin qızının yaşı çox olsa da, ərə getməmişdi. Əslində, gözəl- göyçək qızdı. Texnikumu bitirib kənddə kitabxanada işləyirdi. Deyirdilər, şəhərdə oxuyanda bir oğlanı sevirmiş. Oğlan da evlənib, üstəlik 3 uşağı da var. Amma qız yenə də onun yolunu gözləyərək elçilərə yox deyə-deyə evdə qalmışdı. Deyirdi, ölsəm də başqasına getmərəm.

Arvad Məsim ağacın başındaca yanıb töküldü, amma onun da deməyə sözü vardı.

- Sən də get, qaynanasını öldürən qızının dərdini çək. Gəlib oturub dizinin dibində.

Erkək Xədicənin qızı qonşu kəndə ərə getsə də, cəmi bir ilin gəlini olmuşdu. Qaynanası qəflətən pilləkəndən yıxılaraq ölmüşdü. Kənddə danışırdılar ki, arvadı gəlini itələyib yıxıb. Ərinin əlində dəlil- sübut olmasa da, deyilənlərə inanmış, qızı gətirib evlərinə qoymuşdu. Hamıya meydan oxuyan Erkək Xədicə təkcə bu işdə çar-naçar, mağmın qalmışdı.

Beləcə, bir-birilərinə olmazın sözünü dedilər. Erkək Xədicə ağacın dibində oturdu ki, Arvad Məsim yerə düşəndə vurub başını yarsın. Arvad Məsim sonuncu qozu da çırpıb yerə salsa da, gün qüruba ensə də, saatlarla ağacın başında qaldı. Sarı Güllüylə lal Lətif də işə qarışdı, qonşuları çağırdılar, hay-küy düşdü, birtəhər Erkək Xədicəni çəkib apardılar, aranı sakitləşdirdilər. Amma davaları bitmədi ki, bitmədi.

İmkan düşən kimi elə çəpərin üstündən bir-birini ilan kimi sancdılar. O ili Arvad Məsimin Bakıda olan oğlunu çağırdılar, işin içinə qatdılar. Oğlu gəlib atasına təpindi: - A kişi, nə olub, 5-10 kilo qoz yığırsan, nə dava -dalaş salmısan? İstəyirsən, mən pulunu verim, sakitləş. Amma Arvad Məsim sakitləşmədi. O ili ağacın meyvəsi dibində qaldı. Kənd o ili birtəhər yola verdi.

O biri il qoz yetişəndə yenə dava düşdü. Yenə də Arvad Məsim ağacın başında qaldı, Erkək Xədicə aşağıda yorulmadan keşik çəkdi. Bu minvalla 5 il, hər dəfə payızda Erkək Xədicəylə, Arvad Məsimin davası düşdü. Artıq qonşu kimi araları da xeyli sərinləmişdi. Qızları bir-biriylə yalnız xəlvətə salıb görüşürdülər, oğlanları bir-birindən utanıb xəcalət çəkirdilər. Gəliş –gedişlərini kəsməsələr də, əvvəlki kimi mehriban ola bilmirdilər.
Dava –dalaşın beşinci ili kəndə gələn Arvad Məsimin oğlu gecəykən qoz ağacını kəsdi. Erkək Xədicə dedi ki, səni tutduracam, tutdurmasam heç Erkək Xədicə deyiləm. Sən cinayət etmisən, ağac kəsmisən. Tumanının ətəyini əlinə yığb kəndin başında yerləşən kənd sovetinə şikayətə də getdi, amma faydası olmadı.

Həmin il kəndə möhkəm qar yağdı. Bütün dünyaya yayılan amansız xəstəlikdən bu kəndə də çatdı. Kənddə bu xəstəliyə də ayama qoşmuşdular. Adına “zibil” deyirdilər. Filankəsi də o “zibil” tutub, filankəs də o “zibilin” badına getdi, özünüzü o “zibildən” qoruyun və. s. Amma o “zibil” dedikləri xəstəlik də zarafat deyildi, insanları silib- süpürüb biryolluq aparırdı. Dünyada tüğyan edən o “zibildən" kənddə xeyli adam dünyasını dəyişmişdi. Erkək Xədicə də həmin xəstəlikdən yorğan-döşəyə düşdü, cəmi üçcə gün yatdı, rəhmətə getdi. Heç yasını vermək də mümkün olmadı.Yığışmağa icazə vermirdilər, yol-iz də bağlıydı. Beş-üç adamla aparıb dəfn elədilər. Həmin ilin yaz ağzı isə qəflətən Arvad Məsim rəhmətə getdi. Arvad Məsim rəhmətə gedəndə artıq vəziyyət xeyli düzəlmişdi. Daha yas verməyə icazə verilirdi, yol –iz açılmışdı.

Arvad Məsimin həyətində yas çadırı qurulmuşdu. Erkək Xədicənin oğlu Arvad Məsimin oğluna qoşulub kəndə yasa gəlmişdi, yas yerində onunla yanaşı əyləşmişdi. Qızlar da birlikdə əl-ayaq edir, çay, halva hazırlayır, astadan xısınlaşırdılar. Aradan qan- qada götürülmüş, əməlli-başlı mehribanlıq yaranmışdı, hər şey əvvəlki qaydasına düşürdü.

Əvvəllər kəndin naxırına, mal nobatına gedən, sonra onun –bunun ağacını çırpan, həyətlərdə əldə-ayaqda işləyən, daha sonra isə mollalığa keçən Molla Vəli məclisin başında əyləşərək ordan- burdan danışır, yası yola verirdi. Nə işdisə kəndin uşaqları Molla Vəliylə məzələnməyi çox sevirdilər. Çadırın arxasındakı baməzə uşaqlar mollanın dediklərini yamsılayıb onunla məzələnirdilər. Samovarlar pıqqapıkla qaynayır, qazanda dəmə qoyulan düyünün ətri ətrafa yayılırdı. Arvad Məsimin oğlu məclisin başında, mollanın yanında əyləşsə də, fikri əl-ayaq edən uşaqlardaydı ki, görsün süfrədə nəyisə əskik etmirlər ki? Birdən nəyisə çatdırmazdılar, ya düz etməzdilər, sonra kənddə biyabır olardı. Deyəsən, mollaya kimsə sual verdi, ya nə idisə, birdən səsini ucaltdı:

- Biri itməsə, biri bitməz, mənim balam. Yadında saxla, biri itməsə, biri bitməz!

Yası layiqincə ola verib, yasa gələn sonuncu qonağı da yola salaraq gecə yerində uzanan Arvad Məsimin oğlunun gözünə yuxu getmirdi. Gecə yarıdan keçsə, kənd mışıl-mışıl yuxuya getsə də o, yerinin içində elə hey o tərəf -bu tərəfə çevrilir, dağı arana, aranı dağa daşıyırdı. Birdən mollanın gündüz yas çadırında dediyi söz yadına düşdü: “Biri itməsə, biri bitməz!” Görəsən, bu nə söz idi? Vəlinin bu fikir hardan ağlına gəlmişdi? Arvad Məsimin oğlu yatağında bir xeyli qurcalanandan sonra nə düşündüsə birdən ayağa qalxdı. Qaranlıqda əl havasına dolabın üstündəki əl fənərini tapıb aşağı düşdü. Pilləkənin qarşısında başını qabaq pəncələrinin üstünə qoyaraq mürgüləyən alabaş da addım səsindən diksinərək tez başını qaldırdı, gəlib onun yanında dayandı, muncuq kimi parlayan qara gözlərini sahibinin üzünə zillədi.
Arvad Məsimin oğlu ürəyi döyünə-döyünə Erkək Xədicəgillə aralarındakı çəpərə yaxınlaşdı. Fənəri o tərəf-bu tərəfə fırladaraq diqqətlə çəpərə baxdı. Kol -kosun içərisində, köhnə qoz ağacının kəsildiyi yerdə, balaca, barmaq boyda bir şiv göyərirdi, daha doğrusu, parpar parıldayır, işıq saçırdı. Arvad Məmişin oğlu gözlərini şivdən çəkəmmirdi, baxdıqca baxırdı. Sanki kəndin üstünə çökmüş qara çadır qaranlıq da, qara çadır qaranlığın arasından boylanan yarım dilim ay da, üstü saxsılı damlar da-hər şey yoxa çıxmışdı. Bu dünyada təkcə Arvad Məsimin oğluyla, çəpərdəki kol-kosun arasından arsız-arsız parıldayan qoz ağacının şivi qalmışdı. Sonra birdən-birə ildırım çaxdı, kəndə payız gəldi, yağışlar yağdı, sonra fəsillər durmadan dəyişdi, hava açıldı, günəş kəndin üstünə od ələdi. Bapbalaca şiv gözünün qarşısındaca böyüdü, üstü pıtraq kimi qozla dolu ağaca çevrildi. Arvad Məsimin oğlunun başından sanki tüstü çıxdı, nəbzi bərk-bərk vurdu, az qaldı dəli olsun. Hövlənək həyətə qayıtdı, evin qarşısındakı, kəndə gələndən –gələnə maşınını saxladığı köhnə qaraja yaxınlaşdı. İçi benzinlə dolu, plasmas qablardan birini götürüb çəpərə, düz şivin üstünə qaçdı. Quyruğunu qısaraq öz seyrək ağlında nəyəsə sevinən, şən-şən atılıb düşən alabaş da dərhal onun arxasınca götürüldü.

# 337 dəfə oxunub

Oxşar xəbərlər

"Yatıb yuxumda da görməzdim ki, Vaqif nə zamansa..." - Kamal Abdulla

"Yatıb yuxumda da görməzdim ki, Vaqif nə zamansa..." - Kamal Abdulla

16:28 2 may 2025
Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

15:00 2 may 2025
Möhlət - İsi Məlikzadənin hekayəsi

Möhlət - İsi Məlikzadənin hekayəsi

18:20 1 may 2025
Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

18:24 30 aprel 2025
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

13:30 30 aprel 2025
Perseyin papağı - Həmid Herisçidən yubiley hekayəsi

Perseyin papağı - Həmid Herisçidən yubiley hekayəsi

12:00 30 aprel 2025
#
#
# # #