Qısa hekayə: Yanğın

Qısa hekayə: Yanğın
30 iyul 2021
# 16:23

Kulis.az Simran Qədimin “Yanğın” hekayəsini təqdim edir.


Ekstremal halla üzləşəndə, adətən, iki hal olur: adam ya özünü itirdiyindən yerindəcə donub qalır, ya da əksinə, sanki ona güc-qüvvət gəlir, dərhal, bir anın içindəcə qərar verə bilir. Canının hayına düşdüyündən elə bil bütün bədəni ən son hüceyrəsinəcən səfərbər olub vəziyyətdən çıxmağa çalışır...


Qəfil yuxudan ayılanda mən də belə bir duruma düşdüyümü gördüm: üçotaqlı, birmərtəbəli kiçik həyət evim çırtaçırt yanırdı, hər yanı od-alov, tüstü-duman bürümüşdü. Tək bir yol vardı: əvvəlcə otaqdan, sonra isə evdən çıxıb canımı qurtarmaq!


Evdə tək-tənha yaşayırdım, ailəm, valideynlərim, uşaqlarım yox idi ki, kiminsə hayına qalam. Bəs, mən neylədim, hansı addımı atdım? Beyni də, bədəni də keyiyib donanlardan idim, ya çox cəld, çevik tərpənənlərdən?


Əlbəttə ki, ikincisindən!


Tez, ildırım sürətiylə yerimdən qalxdım, qasırğa kimi od-alovun, tüstü-dumanın içindən keçərək əvvəlcə dəhlizə, sonra evin həyətinə, ardınca isə darvazadan çölə çıxdım. Sağ-salamat idim, qurtara bilmişdim quru canımı!


Lap yol tamam bağlansa, alovun içindən keçmək mümkün olmasaydı belə, özümü itirməzdim: hamam otağına girər, dəsmalları yaş edib qapının künc-bucaqlarını tutar, su dolu vannada gizlənərdim. Sakitcə yanğınsöndürənlərin gəlib məni xilas etmələrini gözləyərdim.


...Aman Allah, mən hələ də key-key, mat-mat yanğına, alov dilimlərinə baxıb bunları düşünürəm; çarpayıdaca donub qalmışam, heç yerimdən qımıldanmamışam da. Tərpənmək əvəzinə, fikrə getmişəm, öz-özümə xəyallar qururam, sadəcə. Niyə hərəkətə keçə, qalxıb düşündüklərimi reallaşdıra bilmirəm axı?! Qorxularıma əsir olub yerimdəcə qurumuşam, yanğın isə get-gedə şiddətlənir.

# 4998 dəfə oxunub

Oxşar xəbərlər

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

15:00 25 avqust 2026
"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

17:30 24 avqust 2026
"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

16:30 24 avqust 2026
Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

15:00 24 avqust 2026
Arabaçı - Sabir Əhmədlinin hekayəsi

Arabaçı - Sabir Əhmədlinin hekayəsi

11:30 23 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər