Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - İkinci hissə

Qaranquş səsli sevgili -  Zahid Sarıtorpağın povesti - İkinci hissə
17 mart 2024
# 10:00

Kulis.az Zahid Sarıtorpağın "Qaranquş səsli sevgili" adlı povestinin ikinci hissəsini təqdim edir.

Birinci hissə burada

Evin yiyəsi Narınc nənəyə kirayə haqqını ödəməliydi, maaş almağa isə bir həftə vardı. Həsənağaya zəng elədi. O: “Sabah Bakıda olacam. Görüşərik”, – dedi. Həsənağanın işi çox yaxşıydı. Diş texniki idi. Pula pul demirdi. Atası rəhmətə gedəndən sonra, elə ki, Simran çıxıb gəldi Bakıya, o, anasını tamamilə öz himayəsinə aldı. Elə Simran da ona arxayın olmasaydı, yəqin ki, anasını tək qoyub şəhərə yığışmazdı.

Bax, beləcə, başı xırda-para işlərə qarışmışdı – həyat ürəyicə olmasa da davam edirdi. Özü də bilmədən, sanki qolları bağlı bir əsir-yesirə dönmüşdü, başına torba keçirilmiş bir dustağa oxşayırdı, elə bil onu harasa aparırdılar, yolun nə vaxt bitəcəyini gözləyirdi. Hərdən də elə bilirdi ki, balaca, həm də dəcəl bir uşaqdır, quşatanla bir sərçəni qanadından vurub, yaralayıb, yazıq quşcuğaz düşüb qalın bir otluğa, ha axtarır, tapa bilmir... Bircə şeydən qorxurdu ki, çıxıb getsə, ac pişiklər tapıb onu yeyəcək. Ona görə də aləmi qatmışdı bir-birinə, içində ağlaya-ağlaya düzü-dünyanı söyə-söyə hər yanı ələk-fələk eləyirdi... Əslində vəziyyət heç də xəyalında quraşdırdığı kimi deyildi. O, ağlayırdımı, yəni? Qətiyyən! Getdikcə daha da sərtləşirdi. Getdikcə özünə qapılmaq nədi, daha da soyuqqanlı olurdu. Yaralı sərçəni axtaran o uşaq-filan bir illüziyaydı, bekarçılıqdan uydurmuşdu, əslində onun özünü vurub yaralamışdılar, özünü axtarırdı. Ən azından, özü demişkən, Pəri adıbatmış indi əliçıraqlı gəzirdi onu.

Həsənağa gələnəcən başından əlli fikir keçdi. O gəlib, həm kirayə pulunu, həm də özünə cibxərcliyi verdi. Verdiyi əlavə pulu götürmək istəməsə də üzünü turşutdu, bildi ki, ona dirəniş göstərməyin xeyiri yoxdu.

– Simran, “Jiquli”ni sənin adına keçirmək lazımdır. Arada vaxt edən kimi gəl rayona, düzüb-qoşaq. Götür onu da gəl Bakıya, burda maşınsız çətindi, şəhər yeridir.

“Jiquli” atasının idi. Atası insult olub yatağa düşəndən bəri, o maşını sürən yoxuydu, qarajlarında “yatıb” qalmışdı. Kişi rəhmətə gedəndən sonra isə, o maşın barədə heç düşünməmişdi. Amma Həsənağanın dediyi ağılabatan idi.
– Çalışaram.
– Hə, tez gəl.

Getməyinə gec getdi, amma işi yoluna qoydular. Bir xeyli əlləşib-vuruşub maşını adına keçirə bildilər. İli köhnə olsa da özü saz idi.

Yəni, hələ ki, problemi yoxuydu, yaxşıydı. Belə götürəndə, alman, yapon, fransız maşınlarının daha çox olduğu şəhərdə “Jiquli” yetim bir çocuğa bənzəyir, tünlükdə adamın üstünə yüyürən qaraçı uşaqlarına oxşayır, bir qədər də sırtıq görünürdü. Bəlkə də ona belə gəlirdi. Amma atasının yadigarı olduğuna görə satmaq fikri yox idi. Elə bilirdi, satsa, atasının ruhuna xəyanət edər. Bunlar kiməsə gülməli görünə bilər, amma neyləməli, o da belə bir tip idi. Hərdən öz-özünə deyirdi ki, “dünyanın ən əclaf adamı mən olsam da, içimdə belə paklıqlar da var. Ölərəm, amma atamın yadigarını satmram!” Yaxud da: “Pəri, qurtardıq səninlə! Vəssalam, şüt-tamam! – təpəmə güllə də çaxsalar, geriyə addım yoxdur! Bu, mənəm: Simran! Sanço! Anam demişkən, tərs kopoyoğlu! Yəni dediyim odur ki, “Jiquli”nin bəxti gətirib, ölüncə mənimlədi”.

Şəhərdə yazın gəlişi qəti hiss olunmurdu. Kirayələdiyi o balaca evin həyətində bir dənə də ağac deyilən şey yox idi. Buralara bir dənə də olsun quş səkmir. Pəncərəni açır. Noolsun? İçəri təmiz hava dolur, amma gül ətri gəlmir, quş səsi eşidilmir. Burda cəmi bircə fəsil var – sıxıntı fəsli. İçi güllü də ola bilər, nəğməli də, eşqli də, həsrətli, dərdli də. Lap şair kimi düşünürdü. Əslində on beş–on altı yaşında olanda şeir də yazmışdı. Sevgi şeirləri. Pəriyə yox, o zaman Pəri filan yox idi həyatında! Gülnara yazmışdı – ilk məhəbbətinə! Onu tale çox erkən aldı əlindən. Atası ailəsini də yığışdırıb getdi Rusyətə. Elə o gedəndirlər, onlardan heç bir xəbər-ətər yoxdu bu günəcən. Çox-çox sonralar eşitdi ki, Gülnar həmyerlisi olan bir biznesmenlə ailə qurub, Moskvada yaşayır. Bu xəbəri eşidəndə hansı hisslər keçirdiyini bir özü bildi, bir də o vaxtlar hər gecə gözünün yaşını süzdüyü yastığı. Onun gedişi bütün fəsilləri Simranın üzünə qapadı. Heç institutda oxuyanda da gözü-könlü açılmadı. Gülnarın yerində bircə dediyi o sıxıntı fəsli qalmışdı ki, onu da bir özündən başqa heç kim duymurdu. Duya da bilməzdi! Çünki Simran da Simran idi.

Eşitdiyinə görə, işlədiyi reklam şirkətinin rəhbərliyi onunla axır vaxtlar ciddi maraqlanıb, hansısa filiallarına mühasib göndərmək istəyirmiş. Rayondakı keçmiş iş yerimə sorğu göndərib haqqında məlumatları dəqiqləşdirmək istəyiblər, amma oradan məqbul cavab almayıblar. Növbədə olanda bunu ona şirkətin bir işçisi çatdırdı, dedi ki, bəs imkanın varsa, get keçmiş iş yerinin rəhbərliyindən xahiş et, qoy sənin barəndə müsbət fikir bildirsin. Çox yüksək maaş alacaqsan. Sənin tərbiyəli, ciddi işçi olmağından şirkət rəhbərinin xoşu gəlir, həm də ali savadlı birisinin mühafizəçi işləməsi yaxşı hal deyil.

Düşündü ki, indi neyləsin? Bəlkə gedib Eldar müəllimə xahiş-minnət eləsin? Bəlkə artıq Pəri ona nəsə çatdırıb, əlindən zənçir çeynəyir? Hə, görünür o, artıq işdən xəbərdardır, yoxsa niyə reklam şirkətinin sorğusuna cavab verməsin axı?

Çaxırın qapağını açdı, çappa stəkanı doldurdu; bircə anlıq gözlərini qaldırıb tavana dikdi; dərindən bir nəfəs alıb “hüfff...” elədi və içkini çəkdi başına... “Sorğuya cavab... Yox bir! Ölmüşdü xandadaş... Eldar müəllim heç cavab verər?.. İmkanı olsa, məni tutdurar, qoymaz gözümü açam. Baş mühasib Ərşad müəllim deyirdi ki, sənin işdən çıxmaq haqqında yazdığın ərizəyə o, baxmadan qol çəkibmiş, sən demə elə bilib məzuniyyətə gedirsən. Üstündən xeyli sonra, eşədəndə ki, işdən çıxmışam, Ərşad müəllimin başına oyun açıbmış. Bir sözlə, yaxşı qurtulmuşam; demə, mənim də baxtım-naxışım varmış”.

İçsə də elə bil sərxoş deyildi, məsələni götür-qoy edib fikirləşirdi: “Axı bu nə deməkdir? Nə sorğubazlıqdır? Ürəyindən keçirsə, götür məni işə. Sabah gələcəm, gələcəm yanına, müdir! Söhbətimiz alınar – çox yaxşı, alınmaz – yenə də eybi yox, yola davam edərik...”

* * *
Qapının zəngi çalınanda ağlına heç kimi gətirə bilmədi, çünki gözləyəcəyi bir adam yox idi. Cəftəni burub qapını açınca gözü kəlləsinə çıxdı, bircə kəlmə “bıyy...” dedi. Bu, Həsənağaydı, üz-gözündən zəhirmar yağırdı. Dodaqlarını elə sıxmışdı ki, elə bil, dişi bağırsağını kəsirdi. Bir xeyli üzünə marıdıb acıqlı-acıqlı başını yellədi, təzədən eşiyə çıxıb “Tfu! Lənət sənə kor şeytan!” deyib getdi. Gedərəkdə geri qanrıldı: “Gedib qəhbənə yiyə durarsan, kişi qırığı!... Donbalmış qarnını gətirib ananın gözünə soxur ki, muştuluğumu ver, nənə olcaqsan...”

Yerindəcə quruyub qaldı. Həsənağanın xasiyyətinin tünd olmağına ovcunun içi kimi bələd idi, amma bu dərəcədə yox. Bir sözlə, öldü yerə girdi. Ağzını açıb bir kəlmə də danışa bilmədi. Otağa qayıdıb ağzıquylu yatağa sərələndi. Başının içində ilanlar qaynaşırdı. Çox götür-qoy elədi, barama qurdu kimi bu dərd qılafının içindən çıxış yolu tapa bilmədi. Amma barama qurdundan fərqli, o, ipək yox, kələf hörmüşdü özünə. “Getmək! Ancaq rədd olub buralardan getmək! Daşürək olmaq, daşürək!” – yolu bircə budur, başqa heç nə.
İndi fikirləşir ki, həyatdı, belə şeylər hamının başına gələ bilər. O vaxt necə xilas olduğunu danışsa, yəqin inanan olmaz. Kim bilir, bəlkə də... Amma onun da Allahı varmış.

Rayona yola düşdü. Özlüyündə Pərini söyüb yamanlayırdı. Söyürdü, söyürdü, axırda da özünü tuturdu qarğış-nifəyə. Həm də içini qəribə bir fikir bürümüşdü: fikirləşirdi ki, yaxşı, tutalım, hamının gözündə Pəri pisdi, axı o qarnındakı körpənin nə günahı var? Nə günahı var o körpənin? Niyə ölüm diləyirdi ona? Niyə abort olmasını istəyirdi? Rayona getməyinin əsas səbəblərindən biri də bu suallara cavab tapa bilməməsi idi. Odla su arasında qalmışdı...

Bir də sükan arxasında yerin-göyün sahibinə yalvardığı o idi ki, yolda qəza törətməsin. Amma nəfəsi necə daralıb, necə qurumuşdusa, sinəsi xırıldayırdı, nəsə olacağından qorxurdu. Rayona on beş–iyirmi kilometr qalmış, köhnə sinif yoldaşı Etibarın yolqırağı kafesində – “Çinarlıq”da maşını saxladı. “Çay içib gedərəm” düşündü. Adam az idi. Simranı görcək, Etibar gülümsəyə-gülümsəyə mətbəxdən çıxıb yanına gəldi.

– Haralardasan, əə? Xoş gördük.
– Xoş gördük, Eti.
– Noolub? Gözümə birtəhər dəyirsən.
– Heç... Rayona gedirəm. Susamışdım. Dedim bir stəkan çay içərəm.
– İndi deyəcəksən ki, acdığın-zadın yoxdu, həə? – Əlini onun çiyninə qoydu, ofisianta səsləndi: – Denən ordan iki şiş kabab qoysunlar: bir tikə, bir lülə.
– Ay Etibar... qardaş, yeməyəcəm, vallah, əziyyət vermə heç kimə.
– Yeyəcəksən. Mən də səniynən yeyəcəm. Yekə oğlansan, ayda-ildə bir dəfə gəlirsən buralara.

Ardınca da stulu çəkib onunla üzbəüz oturdu. Ofisiantlar əl-ayağa düşdülər, stolun üstünü cürbəcür salatlarla, soyuq qəlyanaltılarla doldurdular. Etibar balacaboy ofisiantı yanına çağırdı:
– Bir dənə də ondan gətir. Özün bilirsən hansından.

Simran hələ özünə gələ bilmirdi. Çox narahat idi:
– Ay Etibar, ruldayam ee, içən deyiləm onsuz da.
– Eybi yoxdu, özüm içəcəm. – Ardınca da ofisianta qışqırdı: – denən kababı dörd eləsinlər.

Düşündü ki, əməlli-başlı ilişib. Kim bilir, bəlkə də fələyin hökmü beləydi. Amma hələ ki, fələk yox, Simran saydığını sayırdı.

Yemək süfrəyə gələnə qədər Etibar ordan-burdan söhbət salıb elə bil onu sınağa çəkirdi. Sözarası bir kəlmə Pəri barədə soruşdu, dinmədi, əlini yellədi. Pəri onların qonşuluğunda yaşayırdı.

Sonra qədəhlərə araq süzüb qımışdı:
– Simran, Bakıda yaşayırsansa, belə çıxır ki, ta ondan xəbərin yoxdu?
– Yox. Noolub ki?– Ə, sənin o gülməşəkərin kef imiş ee. Bu dəyqə bütün rayon ondan danışır....

Simran elə bildi üstünə qaynar su tökdülər, səksənən kimi oldu. Amma özünü toparladı, soyuqqanlıqla soruşdu:
– Noolub axı?

Etibar onun içmədiyini görüb, qədəhini qaldırdı:
– Götür içək. Sən oğulsan, vaxtında ayrıldın ondan. Sənin sağlığına!

Məcbur olub qədəhini qaldırdı, amma içməyib yerə qoydu.
– İç, gör sənə nələr danışacam – o, yenidən qımışdı. – Qorxma iç, bu gün trasda QAİ postunda əmioğlum Faiqdi, zəng eləyəcəm sənə dəyən olmayacaq.

Nə isə... “Lənət şeytana!” deyib qədəhi çəkdi başıma.

Etibar yenə araq süzdü. Simran bildi ki, bu xəmir hələ çox su aparacaq. “Nə olacaq – olacaq...” fikrinə sığındı...
– Simran, bilirsən də dünən Pərini qoydular dəlixanaya.
– Hara?
– Dəlixanaya. Eldar müəllim təşkil eləyib apartdırdı. O kişi də biabır olmuşdu, vallah. Deməli, – üzüm ayağının altında, bağışla sən Allah, – uzunsov bir şarı şişirdib, donunun altından qarnına bağlayıb rayonda gəzirdi, çatana göstərirdi ki, guya boyludu... Bilmirsən, yəni?
– Yox... – Simranın səsi güc-bəla çıxdı.
– Hə, hamıya da deyirmiş ki, uşaq Simrandandı. Axırda qohum-qonşu onun havalandığını başa düşüb yeganə arxa-dayağına – dayısı Eldar müəllimə xəbər çatdırıblar. Eldar müəllimin də arvadı həkim rəfiqəsilə gedib, Pərini dilə tutub, donunun ətəyini qaldırıb baxıblar, görüblər ki, hamilə zad deyil, qarnına şar bağlayıb...
– Yaxşı, qurtar, Eti, bəsdi! Mən getmək istəyirəm...
– Yox ee, axırına qulaq as, gör nə deyirəm. Onu dəlixanaya aparanda, qapıdan oynaya-oynaya çıxıb, sancağı qarnına basıb şarı partladıb, qışqırıb camaata deyib ki, “Sançoya deyin, qoymadım körpəsi əllərə düşə...” Vallah, doğrusunu sən bilərsən, amma deyəsən, uşaq dəlisiymiş yazıq...

Elə bil, Simranı tok vurdu:
– Bəsdi! Bəsdi! – bağırdı.

Etibar yenə qımışdı:
– Vallah, əjdahasan. Vaxtında qırıldın ondan...

Durmaq istədi, amma Etibar qolumdan bərk-bərk yapışdı:
– Otur, qardaş, otur.

O, qədəhləri yenə doldurdu. Bu dəfə Simran onun nə deyəcəyini gözləməyib, içdi. Etibar isə üzünə qəribə tərzdə baxdı.
– Qağa, bilirsən ki, Pəri bizim qonşumuzdu. Vallah, ərini – mantyor Rüstəmi cərəyan vurub öldürəndən sonra, onun adı təkcə səndən başqa heç kiminlə çıxmayıb. Bilirsən yəqin.
– Bunları mənə niyə danışırsan?

O gəyirdi, sözlü-sözlü dostuna baxıb qədəhləri doldurdu.
– Danışıram ki, biləsən. İndi camaatın arasında bilirsən nə söz gəzir? Deyirlər, o bədbaxt... o biçarə bədbaxt sənin dərdindən dəli olub...

Simran nə sənə, nə mənə – yerindən qalxdı, düz maşına sarı yortdu. Arxasınca Etibarın səsi astadan gəldi:
– Sən əjdahasan, Sanço...

Kefli deyildi. Amma ürəyi ağzından çıxırdı. Bilmirdi neyləsin.
Kafedən on kilometr aralanardı, ya yox, maşını saxladı. Alnını puçur-puçur tər basmışdı. Arağın da təsiri bir yandan yavaş-yavaş, necə deyərlər, iməkləyirdi canında.
– Pəri!!! Pəri!!! Pəri!!!
Bağırdı... Bağırdı var gücüylə. Özü də dəfələrlə. Bağırdıqca da sükanı döyəclədi, yumruğunu panelə çırpdı. “Yox, rayona getməməliyəm. Qayıtmalıyam geri, qayıtmalıyam mütləq...”

* * *

Təzəlikcə pəncərənin üst tərəfində qaranquşlar yuva qurub bala çıxarmışdı. Oradan başlarını çıxardan sarıdimdik ətcəbalalar ağızlarını açıb cikkildəşirdi; görünür acmışdılar, analarının yem gətirməsini gözləyirdilər. Simranın prizmasından baxılsa, əslində, bu civildəşən ətcəbalalara görə, sıxıntı fəsli getmiş olmalıydı işinin dalınca. Amma belə də olsa, məsələ tərsinəydi.

Bu gün də tərs kimi Narınc nənə eşikdə durub həyəcanla onlara baxırdı. Simranı görcək, gülümsündü:
– Ayağın yüngüldü, ay bala, birinci dəfədi bizim həyətdə quş yuva qurur. Allah xeyirə calasın...

Dillənmədi. Çünki özündə deyildi. Ağlı təmiz qarışmışdı. Özünü kandardan içəri saldı.

Qadın arxasınca səsləndi:
– Bala, Simran, səndən gözüm su içmir... Nəsə bir şey olub?

Keçərəkdə zülümlə dilini sürüdü:
– Yox... Narınc nənə, narahat olma...

Sonra yenə nəsə dedi. Artıq eşitmədi. Çünki ayaqqabılarını soyunub otağa girməyilə özünü ağzıquyulu çarpayıya yıxıb başını qucaqlamışdı.
O gün, gündüzü, gecəni necə keçirdiyini bir Allah bilir. “Pəri... sevgi... havalanmaq... saxta hamiləlik... dəlixana...” Bunları özlüyündə nə qədər götür-qoy etsə də günahları içində eşələnib bir yana çıxa bilmirdi. Ancaq canında gizli bir sevinc işartısı da vardı ki, bu da çocuq məsələsinin yalan olmasına görə idi, buna şükür eləyirdi. Şükür elədikcə də elə bil qurtuluşu olduğunu anlayırdı. Lap o qaranquş balaları kimi arxayın idi ki, həyanı var və gəlib onu alacaq öz qanadı altına. Amma kim? nə? təkcə çocuq məsələsinin yalan çıxmasımı? – kim bilir... Bütün bunlar içini bürüyən çox qəribə, çox çalpaşıqlı bir yaşantıydı.

Səhərisi ev günü idi. Tezdən gedib iki şüşə litirlik çaxır aldı. Qayıdan baş gördü ki, aşağı məhəllədə bir qapıya mafə qoyulub. Yanından keçəndə, mafənin içindən ildırım sürətiylə bir qaranquş uçdu və dərhal da gözdən itdi. Deyəsən, orada yığışıb bir-birilə söhbət eləyən adamlar onu görmədi. Əti ürpəşdi...

Evə gəldi, həyətdə Narınc nənə qəmli-qəmli deyinirdi. Onu görüncə, elə bil dərdi təzələndi:
– A bala, Simran, qaranquşun balalarından biri yuvadan düşüb ölüb...

Nə deyəcəyini bilmədi. Təsadüf? Ya nə? Yerindəcə quruyub qaldı.

Nə baş verirdi? Anlaya bilmirdi.

– Mən neyləyə bilərəm, nənə?

O, deyinə-deyinə kandara sarı getdi:
– Heç nə, bala, heç nə...

Yazıq arvad, elə bil, umudunu ona bağlamışdı. Yəqin cavabından dilxor oldu. Görünür, başa düşdü ki, ölmüş qaranquş balasını o necə dirildə bilər axı?

O ağlamsınırmış kimi içini çəkdi:
– Salehə dedim bayaq, zalım oğlunun heç vecinə də gəlmədi. – Ardınca da əlavə elədi: – O bizdədir. Səni gözləyir...

Salehlə çaxırdan vura-vura xeyli dərdləşdilər. O, yaxşılıq etməyi bacaran, çox etibarlı bir oğlan idi. Yanında baş kəs, orada da qalasıydı. Ancaq bir qədər ağırtaxtaydı, həm də bərkdə əli olmadığından bir az səbirsizliyi də vardı.

Keflənmişdilər. Tələbəlik illərindən danışırdılar. Sonra nəyə görəsə Simran hirsləndi və “Pəri! Pəri!” qışqırdığını indi güclə xatırlayır. Saleh isə üz-gözünü turşutdu, iki dəfə masaya yumruq ilişdirdi və getdi. Biçarə Simran geyimli-kecimli yerinə haçan ağzıquylu sərələndiyini sonra heç cürə yadına sala bilmirdi.

Nəyə görəsə telefonu səssizə qoymuşdu. Dünyadan xəbəri yox idi. İş yerindən bəlkə on dəfə zəng etmişdilər. Axı bu gün növbədə olmalıydı. Saata baxdı: artıq günortaydı. “Bu da belə... Çıxarıb işdən atacaqlar bayıra... Sənə nə deyim, Pəri?!.. Lənətə gələsən!..” Sonra da onun dəlixanada olduğu düşdü yadına, özündən ixtiyarsız ürəyi üzüldü...

Neyləyəcəyini bilmirdi. Əl-üzünü yuyub evdən çıxdı. Maşını iş yerinə sürdü.

Növbəsini əvəz edən iş yoldaşı Tofiq onu görən kimi qaşqabağını tökdü:
– Hardasan? Müdir səni axtarır.

O, hər şeyi gözünün önünə almışdım. “Nə olar olar” deyib girdi müdirin qəbuluna. Müdir ciddi bir qadın idi. Əlliyə yaxın yaşı olardı. Eşitdiyinə görə çox sanballı bir vəzifə adamının yaxın qohumuydu. Buranı da şərikli işlətdiklərini deyirdilər.
Simranın üzünə bir xeyli baxıb:
– Otur, – dedi. – De görüm mühasib köməkçisi kimi işləyə bilərsən?
– Bəli. – Səsi çox pis xırıldadı.
– Soyuqlamısan?

Utandı. Heç nə demədi, başımı aşağı saldı. – Demişəm əmrini hazırlasınlar. Yaxın vaxtlarda təzə işinə başlayacaqsan.
– Çox sağ olun, Almaz xanım.

O, nootbukda nəsə eşələryirdi. Hərdən də harasa zəng edib tapşırıqlar verirdi. Bəzən də başını qaldırıb Simranın üzünə baxır, qəribə tərzdə onu süzürdü. Hardasa on–on beş dəqiqə beləcə oturub gözlədi. Sonra:
– Gedə bilərsən, – dedi.

Dərindən nəfəs alıb “şükür, hər şey yaxşı qurtardı...” düşüncəsilə qapıya sarı yönəldi, o arxadan səslədi:
– Bir dəqiqə...

Hə, hər şey də elə ondan sonra başladı...

O Simranın təvəllüdünü soruşdu. Bir qədər başını yellədi. Evli olub-olmamağıyla maraqlandı. Qaşlarını çatıb dodağını büzdü. Axırda kabinetinin pəncərələrini göstərib dedi ki, hər ikisinin çərçivəsinin üstündə, yəni damın artırmasının altında hansısa quşlar yuva qurub. Pəncərə altlıqlarını, həm də şüşələri batırıb yaman günə qoyurlar. Növbə yoldaşınla birlikdə ya o quşları bir yolla buradan qovmalısız, ya da yuvalarını dağıtmalısız ki, birdəfəlik perikib getsinlər.

Simran yaxınlaşıb pəncərələrə baxdı. Yaman gündəydi.
– Oldu... – deyib kabineti tərk elədi.

“Bu işi mənə niyə tapşırır? Mən xadiməyəm, ya təsərrüfat işçisiyəm?”

İdarələri ikimərtəbəli yaraşıqlı bir binada yerləşirdi. Həyətə çıxdı. Bu gün onu əvəz edən növbə yoldaşına üzrxahlğını bildirdi. Qaşqabaqlı olsa da: “Eybi yoxdur , – dedi. – Lazım olanda, bir dəfə də sən məni əvəz eləyərsən”

Sonra quş yuvalarıyla bağlı müdirin tapşırdıqlarını söylədi. Dilxor oldu.
– Xəbərim var, – dedi. – Amma ərizəmi yazıb çıxaram, gəl ki o quş yuvalarını uçurmaram... İçləri ətcə balalarla doludu ee. – Ardınca da qəti şəkildə başını yellədi: – Yox! Mənlik deyil. Körpələrim var...

O, Simranın üzünə doğma, məhrəm bir adama baxırmış kimi göz yetirdi, astadan pıçıldadı:
– Zibilə düşmüşük, vallah. Xasiyyətini bilirsən də zalım qızının. Yox desək, çıxardıb atacaq işdən. Nağayraq bəs?

Simran nə cavab verəydi? Heç nə. Çaşıb qalmışdı. Başını qaldırıb gözucu pəncərələrə baxdı. Hər iki pəncərənin üst çərçivəsindən yuxarıda, dam örtüyünün novalça vurmaq üçün kənara çıxarılmış artırmasının altında bir neçə quş yuvası vardı. Diqqətlə baxıb bunların qaranquş yuvaları olduğunu gördü. Yəqin ki, içləri ətcə balalarla doluydu. Bir də onu gördü ki, bir qaranquş uçaraq gəldi, pəncərələrdən birinin çərçivəsinə qondu. Qonmağıyla da batırmağı bir oldu və zili şüşəyə töküldü. Sonra yuvaya sarı pırıldayıb civildəşən balalardan hansınasa dimdiyində gətirdiyi yemi verdi, ildirim sürətiylə də uçub gözdən itdi. Hər iki pəncərə müdirin kabinetinin idi.
Tofiq bir də dedi:
– Nağayraq bəs?
– Bir şey fikirləşərik.
– Nə fikirləşəcəyik? Dünən mənə deyiləndə, “uzun nərdivan lazımdır, ora çıxmağa, – dedim. Razılaşdılar”. Bu gün soruşsa ki, bəs nooldu? Bilmirəm nə cavab verəcəm... Ancaq and olsun, işdən çıxartsalar da mən o yuvaları uçuran deyiləm.

Maşını işə salıb ordan aralandı, birbaşa evə sürdü. Bu qaranquş yuvası məsələsi lap onu çaşdırmışdı. Qəfil ağlından keçdi ki, yaxşı, qaldığı otağın da pəncərəsi üstündəki qaranquş yuvasıdır axı. Bəs niyə şüşələr tər-təmizdir? Doğrudan da niyə onlar tər-təmizdir elə? Həə, birdən yadına düşdü ki, axı həmin pəncərənin yuxarı çərçivəsi üstünə dam dəmirindən günlük vurublar. Yəqin ona görə təmiz qalıb. Qəfil sevindi və maşını geri sürdü.
– Günlük!.. Tofiq, günlük lazımdı vurmaq. Vəssalam. Ondan sonra nə pəncərə şüşələri batıb-bulanacaq, nə də altlıqları. Nə də yuvaları uçurmağa ehtiyac olacaq.

Tofiqin üzünə elə bil gün doğdu. Pəncərənin ölçüsünü götürmək lazım gəldi. Bundan ötrü müdirin kabinetinə girməli oldular. Məsələni ona danışdılar. Razılaşdı.
– Yaxşı, – dedi. – Elə edin səliqəli olsun.

Sonra o, idarənin xəzinədarını çağırdı, dəmir almaq və günlük düzəltdirmək üçün onlara pul verməyi tapşırdı.

Ölçünü götürüb, pulu alıb idarədən çıxdılar. Simran dəmirçi sexinin yerini Tofiqdən öyrənib getdi. Bir günün içində məsələ həll olundu. Hətta, pul bir qədər artıq qaldığından günlükləri pəncərələrin üstünə vurdurmaq üçün usta da tapdılar. Amma...

Hə, “amma”sı qəliz oldu bu məsələnin. Günlüklər vurulanda, qaranquşlar səs-küydən necə qorxub perikmişdilərsə, bir də yuvalarına geri dönmədilər. Çox keçmədi ətcə balaların bəzisi özünü yuvadan günlüyün üstünə atdı, oradan da sürüşüb yerə düşərək öldü. Bəziləri isə bütün günü elə yuvadaca civildəşə-civildəşə qaldı. Axırda da aclıqdan, həm də görünür, ana hərarətinə tamarzı qaldıqlarına görə soyuqdan onlar da həmişəlik susdu.

Tofiq bu məsələyə Simrandan da qat-qat həssas yanaşdı. Aradan bir həftə keçməmiş: “Özümə başqa yerdə iş tapmışam, burdan gedəsi olacam. Burda xeyir-bərəkət olmaz.” – dedi və işdən çıxdı. O, işdən çıxdı, Simranınsa təzə işə əmrini vermədilər. Ürəyinə gəldi ki, bəlkə Tofiqin yerinə mühafizəçi tapılana qədər işini ləngidirlər. Nə isə, şübhəsi, dilxorçuluğu birə-beş artdı.
Axşam Narınc nənədən çıxmayan iş, – bir qab meyvə götürüb ona baş çəkməyə gəlmişdi. Xeyli oturub, söhbətləşdilər. O, maraqlı, həm də təhsilli insan idi. Dərhal hiss olunurdu ki dünyagörmüşdü. Uzun illər poliklinikalardan birində ginekoloq işləmişdi. Özü isə lap uşaq kimiydi, hiss olunurdu ki, çox incə qəlbi var. Niyə evlənməməyini utana-utana soruşdu. “Beş il bundan qabaq Saleh də istəmirdi evlənə. Dilə tutub güc-bəla evləndirdik. İndi bir körpəsi də var. Bala, yaşın da bir həddi var, sən də evlən. Yəqin anan da səbirsizliklə o günü gözləyir”. Narınc nənə danışdıqca, Simran həm utanırdı, həm də gülümsəməklə pörtüb-qızarmağını ört-basdır edirdi. O gedəndən sonra, Pəri yadına düşdü. Halı çöndü. Əslində o heç yadından çıxmamışdı. Sadəcə bu vaxta qədər ailə qurmamağının səbəbkarı Pəri olduğuna görə Narınc nənənin söhbəti içində bu dərd-sər ocağını yenidən körükləmişdi...

Ardı var...

# 3661 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #