Bu gün görkəmli italyan yazıçı Alberto Moravianın doğum günüdür.
Kulis.az onun "Püşk" hekayəsini təqdim edir.
Bazar günləri dördümüz – Remo, Ettore, Luici və mən çox vaxt bir yerə yığışırdıq. Adətən, San-Paulu darvazalarının arxasındakı kinoklubun həndəvərində görüşürdük. Bu klubda filmlər artıq tez-tez göstərilirdi, ancaq əksər hallarda bilet almağa pulumuz olmazdı.
Onda on səkkiz yaşımız vardı – dördümüz də bekar, işsiz-gücsüz yeniyetmələr idik, necə deyərlər, qəpiyə güllə atan vaxtlarımız idi. Daha doğrusu, hərdən cibimizdə bir neçə soldi olurdu, amma o pulu siqaret üçün saxlayırdıq – hər halda, siqaret kinodan daha vacib idi. Siqareti də qənaətlə işlədirdik. Bir yerə toplaşıb adama bir qullab almaqla eyni siqareti ötürə-ötürə çəkirdik.
Adətən, bazar günləri hamı küçəyə özünün ən yaxşı kostyumunu geyinib çıxır. Bizim yaxşı paltar adlandırdığımız isə qardaşlarımızın, yaxud atamızın geyilməkdən yararsız hala düşmüş köhnə-kürüşü, nimdaşları olurdu; məsələn, mənim geyindiyim kostyum qardaşımdan qalmışdı, şalvarın ətəyini, pencəyin qollarını evdə əynimə uyğun kəsib qısaltmışdılar, amma çiyinləri gen olduğundan pencək sallanırdı. Yaxşı ki pencəyin altından geyinməyə qırmızı fufaykam vardı. Dik yaxalıqlı bu fufayka mənə yaman yaraşırdı: çünki sarışınam, gözlərim də mavi. O biri üç dostun qiyafəsi də mənimkindən fərli deyildi: nə biçimsiz şalvarları əyinlərinə düz-əməlli otururdu, nə gödəkcələri, nə də idman maykaları.
Bizi bir-birimizə dost edən kasıblıq, ümumi arzularımız, gerçəkləşməyən xam xəyallarımız idi. Hasara dırmaşıb futbol oyunlarına bir yerdə tamaşa edirdik (bilet almağa, əlbəttə ki, pulumuz yox idi); yayda açıq səma altında göstərilən kinoya Luicinin pəncərəsindən birlikdə baxırdıq; özümüzü hansısa divar dibində gözdən iraq yerə verib kart oynayırdıq (düzdür, ortalıqda pul əvəzinə xırda daşlar, ya da düymələr olurdu).
Belə bazar günlərinin birində, adətimiz üzrə, yenə həmin yerdə görüşdük. Onu da demək lazımdır ki, Remo kinoteatrın cavan sahibi olan cantaraq Alfredo ilə tanış idi və hərdən salonda boş yer qalanda o bizi içəri biletsiz də buraxırdı. Amma həmin gün sözünü bəri başdan dedi:
– Uşaqlar, bu gün sizi biletsiz buraxa bilməyəcəm.
Və kassanın üzərində asılmış elanı göstərdi: “Kontra¬mar¬ka¬lara giriş qadağandır”.
Remo onu dilə tutmağa başladı:
– Qulaq as… bizi iki-iki burax... iki nəfəri indi, iki nəfəri də o biri seansa.
Amma Alfredo gözünü bilet kitabçasından ayırmadan başını buladı. Bununla belə, aralanmaq istəmirdik və odur ki afişalara və kinoya gələn adamlara baxa-baxa yaxınlıqdakı talvarın altında eləcə dayanıb durmuşduq. Budur, iki qız bir qədər tərəddüdlə afişalara yaxınlaşır. Qızlardan biri qaraşın, o biri sarışındır. Qaraşının əynində bir az sürtülmüş qara məxmər jilet, yüngül parçadan tikilmiş qırmızı ətək var. Geyimi çirkli, əzik-üzük olsa da, nədənsə qız o saat ürəyimə yatdı: qaraçı qızları kimi günəşdən qaralmış sifəti, qırmızı dodaqları, yekə ağzı, qıvraq, biçimli bədəni vardı. Yanları da sinəsi kimi enli və yayğın olan sarışın qız isə əksinə, qəti xoşuma gəlmədi. Onun əynində hörümçək toruna bənzər qəhvəyi don, kök ağ ayaqlarında yamaqlı corab vardı. Enli, qırmızı sifəti tüklü şaftalıya bənzəyirdi. Sarışın qız çantasız idi, qaraşının qara rəngli məxmər çantası isə elə hamar və nazik idi ki, içində hətta burun dəsmalının da olmadığına rahatca and içə bilərdin.
Dirsəyimlə Remoya toxunub, göz-qaşla işarə edirəm, Remo da him-cimi göydə tutub baxışlarıyla məni ruhlandırır. Onda mən qızlara yaxınlaşıb deyirəm:
– Sinyorinalar icazə verərmi, onları kinoya dəvət edək?
Qaraşın qız sərt şəkildə geri dönür:
– Yox, sağ olun, biz adam gözləyirik.
– Kimi gözləyirsiniz? Olmaya sevgililərinizi? – kinayə ilə soruşuram.
Qız mənə saymazyana cavab verir:
– Niyə də yox? İnanmırsınız ki, bizim sevgilimiz ola bilər?
– Elə söz deyən olmadı, – cavab verirəm, – əgər toyuq qaqqıldayırsa, deməli, yumurtlayıb.
– Sözünüzdən belə çıxır ki, biz toyuğuq?
– Əlbəttə.
– Deməli, onda siz də xoruzsunuz?
– Belə çıxır.
– Siz sarıdimdik cücələrsiniz...
– Bu nədi, bizi ələ salmaq fikrindəsiz?
– Bunu ağlımıza da gətirmirik, – qız qəfildən qərara gəlib qəti cavab verir. – Əksinə, əgər kinoya dəvət etmək istəyirsinizsə, lap yaxşı, biz razıyıq.
Bunu deyəndən sonra hər iki əliylə ətəyinin qıraqlarından tutub yüngül bir reverans edir. Yəni buyurun, dəvət edin!
Karıxıb qaldım. Susqunluq buzunu əridib aranı açmaq üçün bu kino söhbətini özüm salmışdım. Amma cibimizdə nəinki bu qızlara, heç özümüzə də bilet almağa pul yox idi.
Nəhayət, belə cavab verdim:
– Düzünü deyim: bizim bilet pulumuz yoxdu. Elə-belə dedim, sözgəlişi.
Qaraşın qız gülməyə başladı; ağzında iki cərgə qəşəng, ağappaq dişləri görsəndi.
– Biz çoxdan anlamışdıq!
Bu vaxt sarışın qız rəfiqəsinin qulağına nəsə pıçıldadı. Amma o, iti baxışlarla məni süzə-süzə çiyinlərini çəkdi. Sonra da belə dedi:
– Eybi yox. Biz sizi pulsuz da bəyənirik. Kinoya getmək vacib deyil. Bəlkə, bir az gəzişək?
– Məmnuniyyətlə.
Və biz afişaların yanından aralanıb San-Paulu darvazalarının arxasındakı boş küçəyə çıxdıq, hasar boyu aşağı addımladıq. Qaraşın qabaqda gedirdi, biz də onun böyür-başında dolanır, çalışırdıq yanından kənarda olmayaq. Çünki bu qızın o biri üç nəfərin də xoşuna gəldiyini dərhal sezmişdim. Sarışın isə qaşlarını çatıb arxada tək addımlayırdı. Qaraşın naz-qəmzə sata-sata bizimlə zarafatlaşır, yeridikcə qırmızı ətəyi hər addımda bayraqtək yellənirdi. Bir-birimizin sözünü kəsə-kəsə dördümüz də onun qılığına girmək istəyirdik, sarışınla isə kəlmə kəsən yox idi. Dediyim kimi, qaraşın yamanca ürəyimə yatmışdı, amma o biri üç nəfər hər addımda mənə mane olurdu. Onlar ağına-bozuna baxmadan özlərini irəli dürtüb qızın nazıyla oynayır, bu isə məni dəhşətli dərəcədə qıcıqlandırırdı. Mən qızın qolundan tutan kimi Remo, Ettore, yaxud Luici keçib o tərəfdən qoluna girdi; elə ki qızın sifətinə baxıram – onlardan hansısa tez qabağa qaçıb gözünü qızın gözünə zilləyir, elə ki qıza kompliment deyirəm – cəld özlərini yetirib qulaqlarını şəklə¬yir¬lər. Axırda səbir kasam doldu, aramızda ən pintimiz olan Luiciyə bozardım:
– Əl çəksənə ondan… Sən niyə axı gedib Elizaya qoşulmayasan?
Eliza ağzındakı ot saplağını çeynəyə-çeynəyə kirimişcə azca kənarda addımlayırdı. Qaraşın qız bunu görüb gülə-gülə dedi:
– Doğrudan da, siz Elizanı tək qoymusuz.
– Mənim köməyə-filana ehtiyacım yoxdur, – Eliza acıqlı-acıqlı dilləndi. – Mənimçün tək də yaxşıdır.
– Bəlkə, özün gedib Elizaya qoşulasan? – Luici cavabında mənə məsləhət gördü.
– Doğru deyir, – qaraşın qız gülməyinə ara vermədi, – siz niyə gedib Elizaya qoşulmursunuz?
Bu yerdə səbir kasam daşdı və qıza belə cavab verdim:
– Bilirsiz nə var… bir sümüyün üstünə gör neçə köpək düşüb… Nə olar, mən gedib Elizaya qoşularam, sizsə burda öz kefinizdə olun…
Və tərəddüd eləmədən, qəti addımlarla Elizaya tərəf yönəldim, qızın qoluna girib dedim:
– Deməli, adınız Elizadır… Lap yaxşı, barışdıqmı?
– Biz dalaşmamışdıq da, – Eliza təmkinlə cavab verdi.
Beləcə, divardakı qüllənin yanından ötüb tozlu yolla addımladıq. Tezliklə başa düşdüm ki, manevrim alınıb. Doğrudan da, qaraşın qız artıq bayaqkı qədər şən deyildi, gah gülə-gülə, gah nazlana-nazlana arxadan gələn Eliza ilə məni öz qısqanc nəzərləriylə daha tez-tez süzməyə başlamışdı.
– Sənin rəfiqənə nə lazımdır? – Elizadan soruşdum. – O nə istəyir axı?
– Xoşlayır ki, bütün oğlanlar onun nazını çəksin.
– Onda mən də sənin nazını çəkəcəm, – qıza dedim. – İstəyirsən?
Eliza heç nə demədi. Utancaq olduğundan qızardı və mənə əl uzatdı.
Beləcə, küçənin sonunadək gedib çatdıq, sonra geri qayıtdıq. Gülüşə-gülüşə, zarafatlaşa-zarafatlaşa təzədən kinoteatrın yanına gəldik. Birdən qaraşın qız dönüb nə desə yaxşıdır:
– Ey, qulaq asın. Düz bir saatdı bizi bu tozun içində obaş-bubaşa getməyə məcbur edirsiniz, bəlkə, nəsə ayrı bir təklifiniz var? Yox, əgər təklif etməyə başqa nəsə yoxdursa, onda yaxşısı budur, ayrılaq…
Qoluna girməyimdən özünü göyün yeddinci qatında hiss edən Eliza qəfildən cəsarətlə dilləndi:
– Bizə təklif edirlər ki, onların dəstəsinə qoşulaq.
Qaraşın qız ona məhəl qoymadan sözünə davam etdi:
– Qulaq asın, ağlıma bir fikir gəlib... Sizin dördünüzdə, heç olmasa, iki nəfər üçün bilet pulu olar?
Bir-birimizin üzünə baxdıq. Mən dedim:
– Yəqin, olar… hə, Remo?
– Əlbəttə, – Remo təsdiqlədi.
– Lap yaxşı. Onda mən sizin adınızı ayrı-ayrı dörd kağıza yazacam. Sonra kağızları birinizin kepkasına qoyub hərəmiz bir püşk çıxararıq. Kim udsa, ikimizdən birimizi seçib qalan üçünün əvəzinə onunla kinoya getsin. Razısız?
Yenə bir-birimizə baxdıq. Bir tərəfdən təklif çox şirnikdirici idi, çünki qaraşın qız hamımızın xoşuna gəlirdi və yaxşı bilirdik ki, püşkü kim udsa, əlbəttə, onu seçəsidir, o biri tərəfdən isə heç kəsin ürəyincə deyildi ki, pulunu özgəsinin kef-damağı üçün biletə versin.
– Mən razıyam, – nəhayət, dilləndim.
Məcbur qalıb o birilər də razılaşmalı oldular.
– Çox gözəl, – qaraşın qız sevincək dedi, – mənə pul, kepka, bir də yazmağa karandaş verin.
Ciblərimizin astarını üzünə çevirib iki biletin pulunu candərdi də olsa, bir yerə cəmləyəsi olduq, hələ bir az artıq da qaldı. Remo kepkasını verdi, Luici də karandaş qırığı tapdı.
Qaraşın qız pulu götürüb tapdığı köhnə qəzet parçasından dörd zolaq kəsdi, sonra da uçuq-sökük divarın yanına qaçıb uzaqdan bizə qışqırdı:
– Di tez eləyin, adlarınızı deyin!
Bir-bir adımızı söylədik, o da kağıza yazıb kepkanın içinə qoydu, yaxşı-yaxşı qarışdırdı və rəfiqəsinə yaxınlaşıb dedi:
– Çək, Eliza!
Eliza kağızların birini götürüb açdı və adı ucadan səsləndirdi:
– Culio.
Culio mənəm.
– Deməli, mən uddum, – yaxınlaşıb dedim və tərəddüd etmədən barmağımı qaraşın qıza tuşladım. – Onu seçirəm.
Qaraşın qız ucadan güldü və sonra yaxınlaşıb qoluma girdi.
Hər şey bircə anda baş verdi. İndi qaraşın qız yanımda, kinoteatr da küçənin o üzündə idi. Sarışın qız isə əlində kepka, çaşqın halda gözünü döyürdü.
Birdən Remo qışqırdı:
– Nəsə şübhəlidir… O istəyirdi, Culio udsun, elə də oldu.
O biri də ona qahmar çıxdı:
– Yox, bu sayılmır!
– Niyə sayılmır? – tez işə qarışdım. – Biz püşk atmışıq.
Onda Remo öz kepkasını götürüb içindəki o biri üç kağız parçasını da açdı və dəli kimi çığırdı:
– Sayılmır, sayılmır… Kağızların hamısında “Culio” yazılıb.
– Hardan bildin?
– Al özün bax.
Düz deyirmiş. Amma qaraşın qız heç kəsi vecinə almadan sırtıqcasına gülə-gülə dedi:
– Artıq iş-işdən keçib, gecdir daha, biz kinoya gedirik, xudahafiz.
Remo qətiyyətlə irəli keçib yolumuzu kəsdi.
– Onda pulları qaytar!
– Mən pulu sizə sabah qaytararam.
– Sabah nədi… sən pulu elə indi qaytaracaqsan!
Qaraşın qız astadan qulağıma pıçıldadı:
– Təslim olma!
Mən artıq ruhlanmış halda hücuma keçib Remoya bozardım:
– Sabah qaytararam, başa düşdün? İndi isə çəkil, rədd ol burdan!
Söz ağzımdan çıxar-çıxmaz əvvəl Remo, ardınca o biri ikisi üstümə cumdu. Tutaşdıq, artıq dördümüz də yerdə süpürləşirdik. Qol gücünə qalanda hamısından üstünəm, amma üç nəfərdilər, mənsə tək... Əgər polis təsadüfən burdan keçməsəydi, gec-tez onsuz da məni üstələyəcəkdilər.
Polis başımızın üstünü kəsdirib amiranə tərzdə qışqırdı:
– Ey, yaramazlar!.. Harda olduğunuzu bilirsiniz?.. Sizinləyəm…
Üst-başımız toz-torpaq içində, tövşüyə-tövşüyə ayağa qalxdıq. Remo hiddətlə qışqırdı:
– Qaytar deyirəm pulu!
Ancaq iti ağlını işə salan qaraşın qız qətiyyətlə polisin üstünə gedib nə desə yaxşıdır:
– Sinyor polis, biz adaxlıyıq... Burda gəzişirdik, bunlar üçü bayaqdan dalımızca düşüb bizə sataşırlar… Xahiş edirəm, deyin, əl çəksinlər... Axı nə istəyirlər bizdən? Kimdir axı onlar?.. Biz rahat gəzmək istəyirik.
İnanın ki, qızın bu həyasızlığı nəinki uşaqları, hətta mənim özümü də mat qoydu. Polis isə üzünü onlara tutub hirslə dedi:
– Di tərpənin! Haydı, gedin burdan, yoxsa…
Və uşaqlar gözlərini bizdən çəkmədən çaşqın halda çıxıb getdilər.
Kinoteatr yaxınlıqda, küçənin o biri tərəfində idi. Mən qaraşın qızın qoluna girib onu o üzə keçirdim.
Remo kənardan mənə qışqırdı:
– Səninlə haqq-hesabı sabah çəkərik!
İndi isə heç biri tərpənməyə cürət etmirdi. Yazıqlar nə edə bilər, axı polis yaxındadır.
Kassaya yaxınlaşıb Alfredoya dedim:
– Parterə iki bilet ver.
Qaraşın qız pulu kassirin qabağına qoydu.
Biz zala daxil olanda qız dedi:
– Hər halda, onların dərsini verdik.
– Sənin adın nədir? – soruşdum.
– Assunta, – cavab verdi.
Tərcümə: Mahir N. Qarayev