"Papaya" da məndən salam de" - Maya İmranın hekayəsi

"Papaya" da məndən salam de" - Maya İmranın hekayəsi
15 fevral 2023
# 17:30

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin üzvü Maya İmranın ""Papa"ya məndən salam de" adlı hekayəsini təqdim edir.

Arabir çantamı yoxlayıram, bəlkə, küncündə-bucağında bir manat da qalmış ola. Yoxdur!

Üç manat 70 qəpik pulla məni heç bir taksi evə aparmaz. Özü də bu saatda.

– Ehh..! Niyə axı mən bu saata qədər yubandım?!

Özümü günahlandırmaq bu an üçün heç nəyi dəyişməyəcək: Nəşriyyatın binasının qarşısından Lökbatan istiqamətinə işləyən bütün marşrutların iş vaxtı bitib, taksiyə isə pulum yoxdur. Yolda qalmaq, mənim üçün, belə olur. Beynimə heç bir çıxış yolu gəlmir. Hə, bir də, telefondakı proqramla taksi sifariş edə bilərəm. Heç bu ağlıma gəlməmişdi.

Son dövr üçün xeyli köhnə model hesab olunan telefonumu çantadan çıxarıram. Amma görürəm ki, o, çoxdan sönüb. Bu o deməkdir ki, ən azı bir saat elektrikə qoşulmadan, çətin işləyə.

Bu, mənim üçün sonuncu ümidin ölümü idi. Qəhərdən nəfəsim daralır. Udqunuram. Canımı bərk bir üşümə tutur. Martın ortaları olsa da, hələ qış nəfəsini hiss etdirməkdədir. Bəlkə də, yay olsa, nə burda pulsuz qalmağım, nə saatın gec olması məni bu qədər qorxutmazdı.

Əşi bunun nə aidiyyəti var?! Məgər yay olsa, Allah mənə göydən pul uzadacaqdı?! Yox, ağlım əməlli-başlı çaşır!

İndi ona görə burdayam ki, bir aydı yeni işə götürülmüşəm, amma bircə dəfə səsimi çıxarmamışam ki, mən ümumiyyətlə, bu işi gördüyümə görə pul alacam ya yox?! Hər gün evdəkilərdən bir-iki manat alıb işə gəlmək və bu saatlara qədər işləmək, hətta qanuni işçi hesab olunanlardan daha məhsuldar olmaq bəlkə kənardan hobbim kimi görünür?!

Birdən fikir verdim ki, mən bunları öz-özümə danışıram. Lap ağlım qaçıb e! Bəlkə kənardan biri məni görür?!

Görmür..

Görsə, ən azından yaxınlaşar, deyər ki, ay bala, iki saata yaxındır burda niyə dayanmısan? Bəlkə insanlıq naminə köməyim dəyər?

Görmür! Məni bu an Allahdan başqa heç kim görmür! O da ya buna layiq görür, kömək etmək istəmir, ya da ki.. Bilmirəm! Ya da ki, kömək edə bilmir. Necə etsin axı?!

Saat 12 olar. Bəlkə daha gec. Maşınların azalmağından hiss edirəm..

Nəşriyyatın pilləkanlarından bir yaşlı kişi enir. Əlindəki böyük qəzet bağlaması ağır addımlarını daha da ləngidir. On addımlıq yolu on saata qət edir. Bəlkə də, bu ağsaqqalı bu an üçün Allahın elçisi gördüyümdən gəlişini bu qədər gözləyir və addımlarının ağırlığına səbirsizlənirəm.

Əlindəki qəzet bağlamasını dayanacaqdakı oturacağa qoyub, dərindən nəfəs alır. Deyəsən, işini aşırı sevənlərin, mənfəət güdmədən çalışanların iş saatları bu vaxt bitir. Ya da artıq mənfəət üçün bu saatlara qədər qalırlar. Nəysə, bilmirəm! İndi bunları niyə fikirləşirəm axı?! Hər xırda fikir donmuş beynimə əlavə yük kimi gəlir.

-Qızım, axşamın xeyir.

-A-a-axşamınız xeyir.

Çənəm titrəyir. Dişlərimi bir-birinə bərk sıxıb titrəməni saxlamağa çalışıram, alınmır. Sümüklərimə qədər üşüyürəm. Amma, deyəsən, indilərdə sona çatacaq bu işgəncə. Deyəsən, bu ağsaqqal Allahın mənə mərhəmətidir.

-Bu saatda niyə burdasan, gözəl?

İlahi, bu nə xitabdır?!

-İşlərim uzandı, Lökbatan istiqamətinə marşrutların iş vaxtı bitibmiş. Taksi də.. Nəysə, bu gün dolaşıqlıq düşdü məndə.

Bir anda anladım ki, mən tanımadığım birinə burda olduğumu niyə incəliyinə qədər izah etməliyəm ki?! Bu insan kimdi, ümumiyyətlə?! Sanki, gecə saatları olduğunu, mənim də bu insanı ilk dəfə gördüyümü unuduram! Bunu anama danışsam məni çoxlu danlayardı, yəqin..

-Narahat olma, olan işdi. Elə mən də Lökbatan “kruqu”na getməliyəm, Salyana çıxasıyam. Yolumuz birdi, gedərsən mənimlə. Lap Salyana apararam istəsən.

İlk söhbətdə “siz”dən “sən”ə keçən insanları heç vaxt mədəni biri kimi qəbullana bilmirəm. Bəlkə də, bayağı münasibətin daxilində əhəmiyyətsiz və çox incə detala diqqət yetirirəm hazırda. Amma daha dərinini düşünəcək qədər rahat və açıq deyil beynim. Taqətsiz cismimi, kövrəlmiş ruhumu daha mənasız təxminlərlə yormağa qıymıram.

-Yox, təşəkkür edirəm. Evdəkilərdən biri gəlib götürəcək məni.

Kaş evdəkilərin, heç olmasa, xəbəri olardı düşdüyüm bu çətin vəziyyətdən. Evdəkilər deyəndə ki, evdəkilərdən 8 ildir, uzaqdayam. Anamgil rayonda yaşayır, gün ərzində bir-iki dəfə zəngləşirik, hal-xəbər tuturuq, anam yeməyimi vaxtı-vaxtında yeməyi, əynimi qalın geyinməyi bərk-bərk tapşırır, vəssalam. Ana-balalığı bundan daha isti formada etməyə vaxt və imkan yoxdu. Doğrusu, gözləntim də yoxdu. 26 yaşlı bir insan üçün hələ də valideyn nigaranlıq yaşamalıdır ki? Hər həftə göndərdikləri “tələbə azuqəsi”, cüzi xərcliklə 6 il oxumuşam, magistraturanın sonuncu semestrində işləməyə başlamışam. Ətrafımda hər kəsin az hesab etdiyi məvacib, mənim üçün kifayət edirdi. Hələ ehtiyat üçün yığırdım da. Ötən il ad günündə anam üçün palto almışdım yığdığım pulla. Çox sevinmişdi. Mən ondan da çox.

Sonra “bir addım qabağa gedim” dedim, işimi dəyişdim. Bildiyim iş üçün mənə təcrübə müddəti ayırdılar. Amma hələ ki, bu işdən mənə qalan bircə damcı “həyat təcrübəsi”dir.. O da nə zamansa işimə yarayar, ya yox, bilmirəm. Gördüyüm hər işə təriflər eşitsəm də, hələ ki, hər kəsdən biri olaraq qalırdım. Vəziyyətin yaxşılaşacağına zərrə qədər ümid yox idi. Hər gün öhdəmə düşənə daha yaxşı, lap yaxşı yerinə yetirmək istərkən, evə dönüşüm axşam saatlarına qalırdı. Anamın “televiziya qadın işi deyil” fikri isə belə günlərdə yolboyu qulağımda səslənir, məni müşayiət edirdi. Amma hələki məqsədimdən döndərə bilməmişdi..

Köhnə, amma səliqəli geyimli “qəzet işçisi” obrazında olan ağsaqqal arabir bir addım irəli keçir, boynunu qabağa uzadıb uzaqdan gələn maşınlara baxır, münasib bildiyinə əl edir.

Nəhayət, “VAZ- 2107” markalı, çirkli bir maşın bizə çatınca sürətini azaltdı, dayandı. Ağsaqqal yersiz gülüşü ilə danışmağa başladı.

-Oğul, babanla bu qəşəng qızı bu saatda yol qırağında qoymazsan, yəqin.

-Gəl otur, ağsaqqal, müsəlmançılıq döyülmü?!

Ağsaqqal mənə tərəf çevrilib, nisbətən alçaq tonla dedi:

-Di gəl, birtəhər dilə tutmuşam.

-Mən sizdən belə bir şey xahiş etdim? Xahiş edirəm, əyləşin maşına, gedin.

-Hələ çox dayanmaq istəyirsən burda? Deyəsən gözlədiyin var?

Gözlərini qıyıb irişdi. İçim titrəyir, sərt mart havası göz yaşlarımın axmasına mane olur. Amma içimdə səssizcə ağlayıram. Bu an bütün varlığımla hiss etdiyim yalnızlıq qorxumdan daha böyükdür. Hə, qorxmuram. Pişikdən qorxan mən, yazdıqlarından, oxuduqlarından heç nə öyrənməyən, çap maşınının arxasında həyatın bütün ləzzətlərinə umsuq qalan bu “qoca pişik”dən qorxmuram. Sadəcə, nifrət edirəm. Ona da, onu rastıma çıxaran həyata da.

-Di gəl görək..

Dayanacaqdakı oturacaqdan qəzet bağlamasını götürüb, mənimlə maşının arasında dayanıb, narazı siması ilə məni gözləyir.

Aramızda olan yaş fərqini, böyük-kiçik arasında olmalı bütün sərhədləri unutdum, “əl çəkin məndən, getmirəm mən! Əl çəkin, gedin!” deyə qışqıraraq, ağladım.

-Əşi cəhənnəmə get. Buna bax aa.. Mən qocayam, cavanını gözləyir, adamaoxşamaz..

Maşının içindəki də məsələdən xəbərdar halda, şaqqanaq çəkdi.

-Gəl, dayıcan, gəl. Belələri bizi neynir?

Qoca özünü birtəhər maşının ön oturacağına yıxdı.

Maşın havaya bir xeyli tüstü buraxdıqdan sonra yerindən tərpəndi. Sonra hər hansı səbəbdən siqnal verdi..

Çox üşüyürəm. Barmaqlarımı bir-birinə sıxıb, yumruq şəklində tutmuşam. Arabir buzlamış yumruğumla yanağıma süzülən yaşı silirəm. Özümü bu qədər tək hiss etdiyim yadıma gəlmir. Anamı istəyir ürəyim. Atamın məktəbdə xərclik üçün pul verdiyi zamana geri dönmək istəyirəm. Anamın yatmadığım üçün danladığı, yuxum gəlməyəndə “divara bax, yüzə qədər say, gələcək” dediyi günlərə qayıtmaq istəyirəm. Ay Allah, böyümək nə çətin imiş! Məni yenidən uşaq elə! Vallah bir də, “tez böyümək istəyirəm” deməyəcəm.

Dayanacağın dəmir oturacağında bükülüb için-için ağlayıram.

Aralıdan eşitdiyim addım səsi getdikcə yaxınlaşır. Başımı cəld qaldırıram. Nəşriyyat pilləkənlərindən üzü mənə sarı ortayaşlı kişi addımlayır. Diqqətimi ondan yayındırıb, alnımı dizimin üstünə geri qoyuram. Yorulmuş və donmuş canımı qətiyyən ümidlə həvəsləndirmirəm.

Arabir səssizcə içimi çəkirəm, hıçqırıram. Ağlamaq bəzən çarəsizlikdən deyilmiş, tək çarə imiş.

-Ağlayırsınız? Nə olub sizə?

Sanki heç eşitmədim. Növbəti qorxunc dialoqa hazır deyiləm. Ən yaxşısı eşitməmiş kimi davranım, öz-özünə danışıb yorulsun, əl çəksin məndən.

-Qızım, nədi sənin dərdin, de görüm bir.

-Olar ki, mənə görə narahat olmayasınız? Mütləq izah etməliyəm?

-Bəlkə mən kömək edə bildim? Olmazmı?

-Olmaz.

-Yaxşı.

Saatı bilmirəm, amma görünür şəhərdaxili bir-iki avtobus və arabir qaçan şəxsi maşınlar xaric, prospekt yuxuya dalıb. Mən də bu gecəyə, təkliyə təslim halda onun yuxusunu izləyirdim.

Adam xeyli müddət dayandı, şəhərdaxili iki avtobusu ötürdü, getmədi. Bunu mənim üçün etdiyini qətiyyən düşünmədim, əlbəttə. Ya onun da avtobusunun iş zamanı bitib, ya da kimisə gözləyir.

-Qızım, belə olmayacaq. Siz evinizə gedin ki, mən də rahat gedim.

Qəribədir.. Məni ilk dəfə görən adam barəmdə niyə narahatdır..? Mənimlə getmək istəmir, sadəcə, məni yola salıb, özü də rahat getmək istəyir. Bu, indilik mənə xoş niyyət kimi göründü. Sonrası hələlik məni maraqlandırmır.

-Sizdən bir kömək istəyə bilərəm?

-Əlbəttə.

-Telefonunuz var?

-Var!

-Mənə taksi sifariş verə bilərsiniz telefon vasitəsilə?

-Niyə etmirəm ki?!

-Nisbətən ucuz olar, hə? Amma sifariş verəndə deyin ki, mən gedim evə çatım, qalxım evə, ona ödənişi gətirim. Yəni, məndə indi pul yoxdur. Amma evdə var. Çox vaxtını almaram. Əgər bu şərtə razı olsa, gəlsin. Yoxsa sifariş verməyin.

-Yaxşı, yaxşı.

Adam tələsik əlini cibinə atdı, telefonda qurdalandı, “iki dəqiqəyə çatır” dedi.

Təxminən o vaxta “Kia Rio” markalı göy rəngli maşın dayanacağın qarşısında dayandı. Mən ağır-ağır ayağa qalxınca, adam maşının ön pəncərəsinə doğru əyilib, sürücü ilə salamlaşdı.

-Qardaş, mənim nömrəmi qeyd et, çatanda mənə xəbər elə. Ödənişi kartla etmişəm.

Sürücü “baş üstə” deyib, nömrəni yazdı.

-Bu da sənə kartdan əlavə nəğd ödəniş, görürəm yaxşı adamsan.

Görünür, bu, onu yaxşı adam olmağa məcbur qoyan psixoloji manevr idi. Yerində edilmiş hərəkət idi.

Arxa qapını açıb, əyləşdim. Maşının isti və yumşaq oturacağı bu an üçün ən çox ehtiyac duyduğum rahatlıq anlayışını tam əhatə edirdi. Bayaqdan üzünə baxmadığım adam ön pəncərədən arxaya- mən tərəfə çevrildi, gülümsədi.

-Qorxma, bu qardaş səni evə tez və rahat çatdıracaq, o da yaxşı adamdır.

Sonra “narahat olma” deyirmiş kimi başını astaca yellədi.

-“Papaya” da məndən salam de.

# 1663 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #